Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1624/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi Əbdürəhim oğlunun iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Ləkin kəndində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində və avtomobilində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə külli miqdarda - ümumilikdə 9,908 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdardan artıq miqdarda - 1,392 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində və avtomobilində saxlayaraq daşımış, 08 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.Qarayev küçəsində “AL Market”in yaxınlığında idarə etdiyi “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmiş və üzərinə baxış zamanı şalvarının cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,903 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerindən 9 ədəd sellofan bükümlərdə çəkiləri 0,897 qram, 4,155 qram, 0,421 qram, 0,811 qram, 0,465 qram, 0,918 qram, 0,462 qram, 0,452 qram, 0,424 qram olmaqla, ümumi təmiz çəkisi 9,005 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 03 ədəd sellofan bükümlərdə 0,456 qram, 0,471 qram, 0,465 qram çəkilərdə təmiz çəkisi 1,392 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi, üzərində heroin izləri olan 01 ədəd 1 ml həcmli şpris və 1 ədəd şüşə ampula aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilərək göstərdi ki, o, iki ildən artıqdır ki, inyeksiya yolu ilə damara vurmaqla narkotik vasitələrdən, «şüşə» kimi deyilən metamfetamindən istifadə edir. Həmin heroini və «şüşə»ni həmişə həyat yoldaşının qohumlarının yaşadığı Yardımlı rayonunun Zevin kəndinə gedərək sərhəddən gələn tanımadığı İran vətəndaşlarından ucuz qiymətə şəxsi istifadəsi üçün alıb gətirir. Müntəzəm istifadə onu tam asılı vəziyyətə salmış və bu səbəbdən gündəlik qəbul etdiyi doza təxminən 2 qram həddinə çatmışdır. Bədənində yaranmış dözülməz ağrıları bu dozanı qəbul etməklə sakitləşdirmişdir. Tutulmzdan təxminən bir il əvvəldən isə müntəzəm şəkildə heroin və «şüşə» aldığından satıcıların onu aldatmamaları üçün özünə bir ədəd elektron tərəzi də almış, «mal» alarkən həmişə tərəzi ilə yoxlamışdır. Həmin tərəzini də bir qayda olaraq maşınında saxlamışdır. Sonuncu dəfə 06 may 2021-ci il tarixində özünə məxsus “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yardımlı rayonunun Zevin kəndinə gedərək yenə eyni qaydada axşam saatlarında tanımadığı İran vətəndaşından 60 manat müqabilində 10 ədəd sellofan bükümlərdə heroin və 03 ədəd sellofan bükümlərdə metamfetamin almış, heroinin bir qismini elə rayonda şüşə ampulanın içində bişirib damarına vurmaqla qəbul etmiş, bükümün birini şalvarının cibində saxlamış, qalan 12 ədəd bükümlərdə olan heroinləri və metamfetaminləri isə eynək qabının içində avtomobilinin saxlanc yerinə qoymuşdur. 08 may 2021-ci il tarixdə Şüvəlan qəsəbəsində yaşadığı evin yaxınlığındakı “Al market” mağazasının yanında idarə etdiyi maşından düşərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını izah edərək avtomobili ilə birlikdə Polis İdarəsinə gətirmişlər. Orada ona şübhəli şəxs qismində tutulmağı, şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş və onun üçün vəkil də çağırılmışdır. Daha sonra videoçəkiliş aparılmaqla baxış keçirilmiş və ona üzərində qanunsuz predmetlər varsa təqdim etməsi təklif olunmuş, o da şalvarının cibindən 1 ədəd sellofan bükümdə heroini təqdim etmişdir. Həmçinin, gödəkçəsinin cibindən pul qabı, şalvarının ciblərindən “Samsung J2” markalı mobil telefonu və 60 manat pulu aşkar edilmişdir. Sonra pul özünə qaytarılmışdır. O, bundan əlavə avtomobilində 12 ədəd bükümdə heroin və “şüşə” olmasını bildirmişdir. Bundan sonra onun avtomobilinə Polis İdarəsinin həyətində baxış aparılmağa başlanmış, avtomobilində olan qanunsuz əşyaları və ya sənədləri varsa könüllü verməsi təklif edilmişdir. Bu təklifdən sonra onun göstərməyinə əsasən avtomobilin salonunda qabaq hissədə olan saxlanc yerindən ağ rəngli sellofan torba götürülmüş, həmin torbanın içindən 1 ədəd eynək qabı, 1 ədəd elektron tərəzi, 1 ədəd şüşə ampula və 1 ədəd şpris aşkar edilmişdir. Eynək qabının içərisindən isə heroin və “şüşə” metamfetamin aşkar edilmişdir. O, 1 ədəd elektron tərəzini narkotik vasitə və metamfetaminin çəkilərini ölçüb yoxlamaq üçün aldığını, heroin və metamfetamini şəxsi istifadəsi üçün 06 may 2021-ci il tarixdə Yardımlı rayonunda tanımadığı İran vətəndaşından 60 manat müqabilində aldığını etiraf etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən və avtomobilindən aşkar edilmiş narkotikləri, metamfetamini öz istifadəsi üçün əldə etmişdir. Ona görə də bütün halların, əməlindən səmimi peşman və narkoman olmasının, himayəsində 3 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Ə.Qarayev küçəsində “Al- Market”in yaxınlığında idarə etdiyi “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə müəyyən edilərək saxlanılmışdır. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək Xəzər rayon Polis İdarəsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərinə baxış və götürmə aparılmış, üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olmasını və 06 may 2021ci il tarixdə Yardımlı rayonunda tanımadığı İran vətəndaşından 60 manata aldığını, bundan əlavə 12 ədəd bükümlərdə avtomobilində heroin və “şüşə” aldandırılan metamfetamin də olmasını bildirmişdir. Üzərindən götürülmüş 01 ədəd bükümdəki heroin qablaşdırılaraq götürülmüş, zərfə qoyulmuş və imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobilinə idarənin həyətində baxış və götürmə aparılmağa başlanılmış, Təbrizə avtomobilində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən avtomobilin salonunda qabaq hissədə olan saxlanc yerində ağ rəngli sellofan torba götürülmüşdür. Həmin torbanın içindən 01 ədəd qəhvəyi rəngli eynək qabı, 01 ədəd elektron tərəzi, 1 ədəd içində qəhvəyi ləkələr olan şüşə ampul və 1 ədəd şpris aşkar edilmişdir. Həmin eynək qabı açıldıqda içərisində 01 ədəd nisbətən böyük sellofan bükümdə və 8 ədəd kiçik sellofan bükümlərdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr, 03 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəkilli maddələr aşkar edilmişdir. Sorğu zamanı o, həmin elektron tərəzini narkotik vasitə və metamfetamini alarkən çəkilərini ölçmək üçün aldığını, avtomobilində gəzdirdiyini, aşkar edilmiş 9 ədəd bükümlərdəki qəhvəyi rəngli maddələrin heroin olmasını, 3 ədəd sellofan bükümlərdəkinin isə metamfetamin olmasını və şəxsi istifadəsi üçün 06 may 2021-ci il tarixdə Yardımlı rayonunda tanımadığı İran vətəndaşından 60 manat müqabilində alaraq avtomobilində daşıdığını bildirmişdir. Aşkar edilmiş 09 ədəd sellofan bükümlərdə olan heroinə bənzər maddələr, 03 ədəd ağ kristal formalı sellofan bükümlərdəki metamfetaminə bənzər maddələr, 01 ədəd şüşə ampul, 01 ədəd spris zərfə qoyularaq üzəri möhürlənmişdir. Həmçinin, avtomobilindən aşkar edilmiş 01 ədəd elektron tərəzi də götürülmüşdür. Tərtib edilmiş protokolu, habelə zərfi digər iştirakçılarla birgə imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları mövcud olmuş, amma keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun satışla bağlı əlaqələrinin, satmağı planlaşdırdığı konkret şəxslərin dairəsinin və digər halların müəyyənləşdirilməsi mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış və götürmə aparılması haqqında 08 may 2021-ci il tarixli və həmin istintaq hərəkətinin keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi haqqında 09 may 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində heroinə bənzər maddənin olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin heroin olduğunu, bu narkotik vasitəni 06 may 2021-ci il tarixdə səhər saatlarında Yardımlı rayonunda tanımadığı İran vətəndaşından öz şəxsi istifadəsi üçün 60 manata, digər 9 ədəd sellofan bükümdə olan heroin və 3 ədəd sellofan bükümdə isə “şüşə” adlandırılan metamfetaminlə birlikdə öz istifadəsi üçün almasını, daha sonra həmin narkotik və psixotrop maddələri idarə etdiyi “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindəki saxlanc yerində eynək qabında saxladığını bildirmiş, üzərindən aşkar edilən bir ədəd bükümdəki heroinin isə bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etmək üçün şalvarının cibinə qoyaraq üzərində saxlamışdır. 08 may 2021-ci il tarixdə saat 20:00 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.Qarayev küçəsində “Al Market”in yaxınlığında Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış zamanı gödəkçəsinin sol cibindən sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi olan pul qabı, şalvarının sol yan cibindən 01 ədəd “Samsung J2” markalı mobil telefon, sağ yan cibindən 3 ədəd 20 manatlıq əskinas, cəmi 60 manat pul aşkar edilmişdir. Həmin 60 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılması zərurəti yaranması izah edilmiş və o, baxış və götürmə aparılmasına etiraz etməmişdir (cild 1, iş vərəqə 31-32, 59-60) Nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında 08 may 2021-ci il tarixli və həmin istintaq hərəkətinin keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi haqqında 09 may 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs göstərməsinə əsasən “VAZ 21043” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq hissədə olan saxlanc yerində ağ rəngli sellofan torba götürülmüşdür. Həmin torbanın içindən 01 ədəd qəhvəyi rəngli eynək qabı, 01 ədəd elektron tərəzi, 1 ədəd içində qəhvəyi ləkələr olan şüşə ampul və 1 ədəd şpris aşkar edilmişdir. Həmin eynək qabı açıldıqda içərisində 01 ədəd nisbətən böyük sellofan bükümdə və 8 ədəd kiçik sellofan bükümlərdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr, 03 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəkilli maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd elektron tərəzini narkotik vasitə və metamfetaminin çəkilərini ölçmək üçün aldığını, avtomobilində gəzdirməsini, aşkar edilmiş 9 ədəd bükümlərdəki qəhvəyi rəngli maddələrin narkotik vasitə olan heroin olmasını, 3 ədəd sellofan bükümlərdəkinin isə psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün 06 may 2021-ci il tarixdə Yardımlı rayonunda tanımadığı İran vətəndaşından 60 manat müqabilində alaraq avtomobilində daşımasını bildirmişdir. Aşkar edilmiş 09 ədəd sellofan bükümlərdə qəhvəyi rəngli maddələr, 03 ədəd ağ kristal formalı sellofan bükümlərdəki maddələr, 01 ədəd şüşə ampul, 01 ədəd şpris zərfə qoyularaq üzəri «Zərflər üçün» 43 saylı möhürlə möhürlənərək ekspertizaya təqdim edilmək üçün qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd elektron tərəzi də sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Avtomobilə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqə 33-34,57-58) Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2021-ci il tarixli 6/1879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N43” dairəvi formalı möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxsnün üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,903 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi... avtomobildən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,456 qram, 0,471 qram, 0,465 qram ümumi təmiz çəkisi 1,392 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər, 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,897 qram, 4,155 qram, 0,421 qram, 0, 811 qram, 0,465 qram, 0,918 qram, 0,462 qram, 0,452 qram, 0,424 qram ümumi təmiz çəkisi 0,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahsına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Bir ədəd 1 ml həcmli şprisdə və 1 ədəd şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 9,508 qram, metamfetaminin qalıq çəkisi 1,272 qram təşkil etmişdir (cild 1, iş vərəqə 43- 48). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 iyul 2021-ci il tarixli 2344 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 122-123). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 may 2013-cü il, 23 may 2014-cü il və 15 fevral 2018-ci il təvəllüdlü üç azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 18 avqust 2021-ci il tarixli, 6920 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 160). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 98). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə əldə etməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün şəxsi istifadə ilə bağlı verdiyi həmin ifadəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, gənc olmasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 81-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 may 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,508 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 1,272 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 01 ədəd şüşə ampula məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş sms yazışmalarını və telefon danışıqlarının statistik açıqlamalarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44,201). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə mərhələsində isə “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi Əbdürəhim oğlu tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Əbdürəhim oğlunun vəkil işlədiyi “Verdiktum” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 190,201). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,508 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 1,272 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 01 ədəd şüşə ampula məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş sms yazışmalarını və telefon danışıqlarının statistik açıqlamalarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına X3 üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Verdiktum” Vəkil Bürosunun hesabına Müdafiəçi Əbdürəhim oğlu üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1624/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1624/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver