Məhkəmə qərarları › İş №1(101)-1625/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1625/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1625/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında bacısı Zərərçəkmiş şəxs Şahid1 ilə rəsmi nikahla evli və üç azyaşlı uşağı olduğu halda ərinin xəbəri olmadan əldə etdiyi mobil telefonun “Whatsapp” ani mesajlama sistemi ilə istintaqa məlum olmayan başqa kişi cinsli şəxslərlə yazışıb münasibət qurduğunu bildiyindən Zərərçəkmiş şəxs etdiyi hərəkətin evliliyinə uyğun olmadığını izah edərkən sonuncunun peşman olmaq əvəzinə ona nalayiq ifadələr dediyindən aralarında ailə münasibətləri-qısqanclıq zəminində baş vermiş mübahisə zamanı evdə masanın üzərindən götürdüyü istintaqa məlum olmayan deşici-kəsici xassəli əşya (alət) ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısından bir dəfə və arxa səthindən iki dəfə qəsdən vurub ona “kəskin qanitirmə ilə, sol tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), dalağın və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 1 ədəd, döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən 2 ədəd (cəmi 3 ədəd) deşilmişkəsilmiş yaraları xəsarətləri ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Yasəmən onun bacısıdır. Bacısı Keşlədə yaşamışdır, ailəlidir, 3 uşağı var. O isə ayrı yaşamışdır. Hadisə baş verən ərəfədə bacısının həyat yoldaşının xahişi ilə o, sonuncunun evinə gedib bacısının yoldaşı ilə görüşmüşdür. Bacısının yoldaşı ona bacısının başqa adamlarla sevgi məzmunlu yazışmalarını göstərmişdir. Sonra bacısı onun yaşadığı evə gəlmiş, o və bacısı mətbəxdə mübahisə etmişdir. Mübahisə zamanı bacısı yaxşı elədiyini demişdir. O, çox əsəbi olmuş və özündə olmamış, mətbəx bıçağını götürüb bacısına 2-3 dəfə bıçaq zərbəsi endirmişdir. Sonra kömək üçün təcili yardım çağırmışdır. Təcili yardım çağırandan sonra gedib polisə təslim olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə baş verən mənzil atasının mənzili olduğunu, bacısını evə dəvət etmədiyini, atasının bacısını əvvəlcədən evə gətirdiyini, hadisə olan vaxt evdə özünün, atasının və bacısının olduğunu, bacısının uşaqlarının Keşlədəki evdə, öz atalarının yanında olduqlarını, hadisə baş verən zaman atasının mətbəxdə olmadığını, bıçaq zərbələrinin bacısının döş boşluğuna, kürək nahiyəsinə vurduğunu, bacısını bıçaqlayanda hər hansı məqsədinin olmadığını, sadəcə əsəbi olub özündə olmadığı üçün etdiyini, təcili yardıma özünün zəng etdiyini, təcili yardım gəlməmiş evdən çıxıb 12-ci Polis bölməsinə gedərək təslim olduğunu, orada cinayət törətdiyini dediyini, bıçağı özü ilə aparmadığını, harasa atdığını, hal-hazırda bacısı ilə barışdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həyat yoldaşı 8 ildir ki, Rusiyada yaşayır. O, qayınanası ilə bir yerdə qalır və 3 uşağa baxır. Əri iş adı ilə getsə də, ortada heç nə yoxdur. Yəni əri Emin ona heç vaxt pul göndərməmiş, nə vaxt pul istəsə “yoxdur” demişdir. Uşaqlarına baxmağa atası və qardaşı kömək etmişdir. Onlar evli olsalar da, ailə kimi yaşamamışlar. Bu hadisə olmamışdan əvvəl yoldaşı Rusiyadan nəsə bir problem çıxdığı üçün 10 günlük gəlmiş, onun telefonda bir kişi ilə yazışmalarını görmüşdür. Həmin yazışmalar sevgi məzmunlu olmuşdur. Daha sonra yoldaşı onun telefonuna baxanda mesajları görmüş, bu barədə atası və anasına xəbər vermişdir. O da atasının Sabunçudakı evinə gəlmişdir. Qardaşı Yasər ondan niyə gəldiyini soruşanda, o, səbəbini deməmişdir. Daha sonra əri qardaşını çağırıb mesajları sonuncuya göstərmişdir. Qardaşı ondan niyə belə hərəkət etdiyini soruşmuş, o, qardaşına 8 ildir ki, əri Eminin burada olmadığını, ailəsi ilə maraqlanmadığını, pul göndərmədiyini bildirmiş, belə olan halda “nə olmalı idi?” deyə qardaşından soruşmuşdur. Qardaşı da onu qınamadığını, amma el içində belə hərəkətin yol verilməz olduğunu bildirmiş, daha sonra onlar mübahisə etmiş, qardaşı çox əsəbi olmuş və özündə olmamışdır. Qardaşı sonra mətbəx bıçağını götürüb onun kürək nahiyəsindən ona 2-3 dəfə zərbə endirmişdir. O, taxtın üstündə uzanmış, Yasər isə təcili yardım çağırdıqdan sonra təslim olmağa getmişdir. Atası və anası onu xəstəxanaya aparmışlar. Daha sonra nə olduğu yadında deyil, çünki özündə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs hadisənin mətbəxdə baş verdiyini, bu zaman otaqda özü və təqsirləndirilən şəxsin olduğunu, atasının həyətdə oturarkən səsi eşidib içəri gəldiyini, uşaqlarının yoldaşının yanında olduğunu, hal-hazırda yoldaşı ilə birlikdə yaşamadığını, boşanmaq üçün ərizə verdiklərini, boşanma məsələsinə Nizami Rayon Məhkəməsində baxıldığını, müalicə ilə bağlı bütün xərcləri atası və qardaşının ödədiyini, qardaşı ilə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ayın 17-si gecə vaxtı yoldaşı mətbəxdə olarkən arvadı Yasəmənin telefonda başqa bir kişi ilə yazışdığını görmüş, yoldaşından bu barədə soruşduqda sonuncu ona həmin kişi ilə münasibəti olduğunu bildirmişdir. O da artıq bu ailənin olduğu kimi qala bilməsinin mümkünsüzlüyünü, Yasəmənə atasına zəng etməsini və atası ilə anasının gəlib Yasəməni aparmasını sonunsuya demişdir. Elə gecə ikən ata-anası gəlib Yasəməni aparmışlar. 2 saat sonra Yasəmənin qardaşı Yasər gəlmiş, o, Yasərə olanları izah edib bundan sonra Yasəmənlə ailəli ola bilməsinin mümkünsüzlüyünü başa salmışdır. Daha sonra Yasərin Yasəmənə xəsarət yetirdiyi ona deyilmiş və o, istintaqa çağırılmışdır. O gedib istintaqa ifadəsini vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Qasımov X5 birgə nikahdan 3 uşaqlarının olduğunu, əvvəllər həyat yoldaşının başqa bir kişi ilə danışdığının şahidi olmadığını, Rusiyada olanda ailəsinə yardım göstərib pul göndərdiyini, öz ailəsini özünün saxladığını, pulu göndərdiyinə dair çeklər olduğunu, axırıncı dəfə Rusiyadan sentyabr ayında gəldiyini, gecə evdə olarkən yoldaşının qulağında qulaqcıq ilə telefonla danışdığını gördükdən sonra sonuncunun telefonuna baxıb mesajları gördüyünü, bu barədə yoldaşından soruşduqda isə ona münasibətdə olduğu bir kişinin olduğunu dediyini bildirdi. Yaxın qohumu olan oğluna qarşı ifadə verməmək hüququndan istifadə edən təqsirləndirilən şəxsin atası Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızı, X7 isə onun doğma oğludur. Yasər evli olmuş, iki uşağı ilə birlikdə onunla yaşamışdır. Yasəmən 2009-cu il tarixdə Şahid1 ilə rəsmi nikahla ailə qurmuş və birlikdə Bakı şəhəri Nizami rayonunda yaşamışlar. Yasəmənin Eminlə nikahından üç uşağı doğulmuşdur. Emin işləyib pul qazanması üçün mütəmadi olaraq Rusiya Federasiyasına gedib qayıtmışdır. Emin sonuncu dəfə Rusiya Federasiyasından 2022-ci ilin sonlarında qayıtmışdır. Yasəmənlə Eminin arasında əvvəllər xırda ailə-məişət zəminində mübahisə olsa da, aralarında ciddi hadisə baş verməmişdir. 18 yanvar 2023-cü il tarixdə axşam saatlarında Yasəmən anası Rəfiqəyə zəng edərək onları yaşadığı evə çağırmışdır. O, arvadı Rəfiqə ilə birlikdə Yasəmənlə Eminin birlikdə yaşadığı evə getmişlər. Emin Yasəmənin başqa şəxslə münasibət qurub xəyanət etdiyini, Yasəməndən boşanacağını, birlikdə yaşamaq istəmədiyini demişdir. O, Rəfiqə ilə birlikdə Yasəməni götürüb yaşadığı evə aparmışdır. Onun oğlu X8 münasibətinin pisləşdiyini və aralarında baş vermiş hadisəni bilmişdir. Lakin, həmin gün Yasər Yasəmənə heç bir söz deməmişdir. 19 yanvar 2023-cü il tarixdə gün ərzində Yasər işdə olmuş və saat 22 radələrində evə gəlmişdir. Həmin vaxt o, arvadı Rəfiqə ilə birlikdə evin həyətində olmuşlar. Yasər evə daxil olduqdan təxminən 5-10 dəqiqə sonra evdən səs eşitmişdir. O, Rəfiqə ilə birlikdə dərhal evə daxil olmuş, Yasəmənin yataq otağında çarpayının üstündə uzanıqlı vəziyyətdə olduğunu, xəsarət aldığını, qanın içində olduğunu görmüşdür. Yasər bıçaqla Yasəmənə bədən xəsarəti yetirdiyini demişdir. Sonra onlar Yasəmənə kömək edərək bədənindən axan qanı dayandırmağa çalışmışlar. Yasər təcili tibbi yardım avtomobili çağırmış, ambulans avtomobili gəldikdən sonra o, Rəfiqə ilə birlikdə Yasəməni Sabunçu xəstəxanasına aparmışlar. Yasəmən cərrahiyyə əməliyyatı olunmuş və bir neçə gün müddətində müalicə olunmuşdur. Yasər həbs olunmuşdur. Yasəmən qardaşı Yasərin qısqanclıq zəminində Yasəmənə xəsarət yetirdiyini, bu səbəbdən Yasəri bağışladığını demiş və şikayətinin olmaması barədə ərizə yazmışdır (cild 1 iş vərəqə 99-103). Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Yaxın qohumu olan oğluna qarşı ifadə verməmək hüququndan istifadə edən təqsirləndirilən şəxsin anası Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində eyni məzmunlu ifadələr verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 104-108). Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 19 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində, 3 saylı Şəhər Kliniki Xəstəxanasından tibb bacısı Sabunçu rayonu, Yefim Saratov ünvanında Zərərçəkmiş şəxs bıçaq xəsarəti aldığını bildirmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmədə tədqiq edilmiş şəxsin könüllü gəlməsi haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü gələrək bir az əvvəl yaşadığı ünvanda bacısı Zərərçəkmiş şəxs qısqanclıq zəminində bıçaqla bədən xəsarəti yetirdiyini, əməlindən peşman olduğunu, özü könüllü olaraq polis şöbəsinə gəldiyini, bıçağı xatırlamadığı ünvanda küçəyə atdığı üçün təqdim edə bilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1/212 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri hesab olunan ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında bacısı Zərərçəkmiş şəxs ailə münasibətləri-qısqanclıq zəminində evdə masanın üzərindən götürdüyü istintaqa məlum olmayan əşya ilə bədən xəsarəti yetirmiş, hadisə zamanı evdə onlardan başqa heç kim olmamış, valideynləri evin həyətində olmuş, hadisədən sonra evə gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyi əşyanı aşkar etmək mümkün olmamış və götürülməmişdir (cild 1, iş vərəqi 10-13). İşdə olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid1 istintaqa təqdim etdiyi, onun arvadı Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “Whatsapp” bölməsində Zərərçəkmiş şəxs ***********4 saylı nömrə ilə tanışlıq-sevgi münasibətləri ilə bağlı yazışmanın olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 82-84). İşdə olan və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 86-87). İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs qardaşı Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur (cild 1, iş vərəqi 98). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 228 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs kəskin qanitirmə ilə, sol tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), dalağın və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 1 ədəd, döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən 2 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 111-113). İşdə olan və məhkəmədə tədqiq edilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin şöbənin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qısqanclıq zəminində bədən xəsarəti yetirmiş, hadisə evdə baş vermiş, başqa şahid olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi deşici-kəsici xassəli əşyanın (alətin) yerini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 131). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 134-135). İşdə olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etmişdir (cild 1, iş vərəqi 195-196). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 132-133). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, onun könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, himayəsində 2 azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə yaxın qohum olmaqla barışıq əldə etməsi, könüllü gəlib təqsirini boynuna alması, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən səmimi peşman olması, himayəsində azyaşlı övladlarının olması halları nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 21 yanvar 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmış, 29 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 08 iyun 2023-cü il tarixədək fasiləsiz olaraq ev dustaqlığında saxlanılmış, 08 iyun 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 25, 65-69, 122-123, 185-187). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar