Məhkəmə qərarları › İş №1(101)-1626/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1626/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1626/2021 03.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Qanuni nümayəndə: Mehrəliyev Bayram Kərəm oğlunun Zərərçəkmiş şəxsin hüquqi varisi: Qədimov Məhərrəm Mahmud oğlunun, Müdafiəçi: Talıbov Telman Məhəmməd oğlunun iştirakları ilə, 19 uyun 2005-ci ildə ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Mehrəliyev Bəhruz Bayram oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mehrəliyev Bəhruz Bayram oğlu mərhum əmisi Mehrəliyev Bəhrəm Kərəm oğlunun rəsmi nikahda olduğu arvadı Mehralıyeva Mərcan Kamal qızının ərinin ölümündən bir il keçməmiş evlərində usta işləyən Qədimov Elnar Məhərrəm oğlu ilə nikahdankənar münasibətə girdiyini bildikdən sonra bunu ailəsinin, o cümlədən mərhum əmisinin namusunun ləkələnməsi, həmçinin şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edib Elnar Qədimovu qəsdən öldürməklə qisas almaq qərarına gəlmiş və 12 iyul 2021-ci il tarixdə saat 21 radələrində ailəsi və Mərcan Mehralıyeva ilə birgə yaşadığı ünvan 1 ünvanında əmisinin ölümünün ildönümünə həsr olunmuş yas mərasiminə Qədimov Elnar Məhərrəm oğlunun gəlib Mərcan Mehralıyeva ilə qaş-göz etməsini gördükdən sonra yatdığı otağa getmiş və orada saxlanılan soyuq silah hesab olunmayan məişət təyinatlı qatlanan turist bıçağını götürüb hazır vəziyyətə gətirdikdən sonra şalvarının bel nahiyəsinə qoyub Elnar Qədimovun əyləşdiyi masaya yaxınlaşaraq sonuncunu qisas niyyəti ilə qəsdən öldürməyə əlverişli məqam gözləmiş, cinayətkar niyyətini həyata keçirməyə maneçilik törədə biləcək hər hansı kənar təsirin olmadığına əmin olduqdan sonra sağ əli ilə əvvəlcədən hazırlayıb şalvarının bel nahiyəsinə qoyduğu bıçağı çıxararaq həmin vaxt taxta skamyada oturmuş Elnar Qədimovun boğazına bir dəfə bıçaqla vurmaqla sonuncunun ölümünə səbəb olmuş, həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən boyun nahiyəsinin yuxarı 1/3-nin sağ-yan səthində sağ xarici yuxu arteriyasının kəsilməsi və qida borusunun zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş xəsarət yetirərək, Qədimov Elnar Məhərrəm oğlunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mehrəliyev Bəhruz Bayram oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Elnarı o öldürmüş, çünki mərhum əmisinin arvadı Mərcanla Elnar arasında olan münasibət onun adına ləkə gətirirdi. Elnarla Mərcan arasında münasibətin olmasından xəbəri var idi, lakin atasıgilə bu barədə məlumat verməmişdi. Hadisənin olduğu gündən əvvəllər də ilk dəfə Mərcan Elnarı ona taksi sürücüsü kimi tanıtmışdı. Sonralar onlar arasında telefon danışıqlarından ona məlum oldu ki, onlar münasibət qurublar. Hətta onlarla birgə dəniz kənarına da getmişdi. Orda ona daha aydın oldu ki, onların arasında münasibətlər daha da yaxınlaşıb. Bundan sonra dəfələrlə bu münasibətə son vermələri barədə Elnara xəbərdarlıq etdi, lakin o, ona uşaq olduğunu deyərək, onu yola verirdi. Lakin buna baxmayaraq o heç vaxt Elnarı öldürmək istəməmişdi. Hadisə olduğu gün Elnar mərhum əmisinin ölüm il dönümünə gəlmişdi. Onun utanmadan ora gəlməsi onu əsəbləşdirdi. Elnarı evin qapısının yanında olarkən, hələ içəri daxil olmazdan əvvəl xəbərdar edərək, onun niyə gəlməsini soruşduqda, o da ona cavab olaraq Mərcanı sevdiyini dedi və içəri daxil olaraq, əmisinin il dönümünə gəlmiş digər şəxslərin yanında oturdu. Onun bu davranışı onu olduqca əsəbiləşdirdi, o da yataq otağına daxil olaraq orada olan bıçağı götürüb, Elnarın yanına yaxınlaşdı və ona “sənə xəbərdarlıq etmişdim deyərək” bıçaqla sağ tərəfindən boğazından bir dəfə zərbə yetirdi. Həmin vaxt qan axdığını gördü və özünü itirərək, arxaya geri çəkildi, onun Elnarı öldürmək məqsədi olmayıb əgər belə məqsədi olsaydı, bir dəfədən artıq zərbə vurardı, o sadəcə Elnarı cəzalandırmaq istəyirdi, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qədimov Məhərrəm Mahmud oğlu ifadəsində göstərmişdir ki, mərhum Elnar onun oğludur. O, evli idi və iki uşağı var idi, arvadı da əlildir. Elnar 4-5 ay idi ki, tanımadığı və sonradan oğlunu öldürməsi ilə əlaqədar tanıdığı Bəhruzun yaşadığı evdə təmir işi ilə məşğul olurdu. Elnara onlar guya özlərini şəhid ailəsi kimi təqdim edərək, ondan istifadə edirdilər. Hətta Elnar öz mağazalarından pulsuz olaraq təmir işləri üçün mal-materialla onları təmin etmişdi. Onların oğluna 4.000-5.000 manat borcu var idi və onlar Elnarın pulunu verməkdən imtina edirdilər. Elnarla onlar arasında telefon danışıqları da var. Bir dəfə Bəhruzun nənəsi oğuna telefonda dedi ki, iyulun 15-i gələrsən pulunu verəcək. Oğlu da öldürüldüyü gün məhz öz pulunu almaq üçün Bəhruzgilin evinə getmişdir. Oğlu onunla yaşayırdı. Hadisə günü səhər evdən çıxdıqdan sonra evə qayıtmadı, axşamüstü gəlini Elnara zəng vurub dedi ki, uşaqları gəlib parka aparsın. Elnar da deyib ki, “bir yerdən pul alacağım var, gedim onu 20 dəqiqəyə alım gələcəyəm”. Axşam saatlarında oğlunun evində usta kimi işlədiyi bir şəxs ona zəng edib dedi ki, oğluna zəng vurmuşdu, başqa şəxs götürüb deyib ki, Elnar bıçaqlanıb. Bununla onun oğlunun bıçaqlanmasından xəbəri oldu. Oğlu Mərcan adlı qadınla münasibəti olmayıb, onu buna görə öldürməyiblər, bu böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qədimova Balaxanım Musa qızı ifadəsində göstərmişdir ki, oğlu Elnar ona demişdi ki, bir yerdə usta kimi işləyir və pulunu almaq üçün oraya gedəcək. Elnarın öldürüldüyü gün saat 19 radələrində Elnarın arvadı ona zəng edib ki, evə gəlsin. Elnar da gəlininə deyib ki, “pul alacağım var onu alım gələcəyəm”. Bundan sonra axşam 24 radələrində eşitdilər ki, oğlu Elnarı öldürüblər, bir dəfə gəlini Şirinbəyim ona demişdi ki, Elnarın başqa qadınla münasibətinin olmasından şübhələnir. O da bu barədə Elnardan soruşmuşdu və Elnar belə bir halın olmadığını demişdi. Elnarın Mərcan adlı qadınla münasibəti olmasından xəbəri yox idi. O, həmin qadının evində bildiyi qədərilə usta kimi işləyib Məhkəmə iclasında şahid qismində dindirilmiş Təmirova Leyli Təhər qızı ifadəsində göstərmişdir ki, o Bəhruzun nənəsidir. Hadisə olduğu vaxt o orada deyil, evin içərisində idim. Çölə çıxdıqda yerə qan axdığını gördü. Sonra məlum oldu ki, Bəhruz Elnarı öldürüb. Baş verənlərdə günahkar gəlinidir. O, Elnarı onlarla tanış etdi. Nəvəsi Bəhruz Mərcanla Elnarın davranışlarına görə məcbur olub Elnarı öldürüb. Hadisədən bir neçə gün əvvəl o Mərcanla Elnar arasında münasibət olmasını hiss etmişdi. Bir gün Elnar evdə təmir işi görən zaman o Mərcanı nə isə bir əşya gətirməyə göndərmişdi, lakin Mərcan telefonda yazışdığı üçün heç bir yerə getmədi, mesaj yazdıqdan bir dəqiqə sonra Elnar telefonu əlinə aldı, nə isə yazdı, bu zaman Mərcan gülümsəyirdi. Gəlinindən kiminlə danışdığını soruşduqda o, əmisiqızı ilə danışdığını dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mehrəliyeva Kəmalə Qurban qızı ifadəsində göstərmişdir ki, qaynanasıillə onların evləri ayrı-ayrı olmaqla eyni həyətdə yerləşir. Hadisə olduğu gün saat 9-10 radələrində stolun üzərini yığışdırırdılar. onunla bacısı qaynanası gilin mətbəxindən çölə çıxanda bacısının həyat yoldaşı Zülfuqarın stoldan qalxıb qışqıraraq “Sən neylədin?” dediyini eşitdilər. Əvvəlcə elə bildi ki, dava düşüb, sonra gördü ki, Zülfuqar Bəhruzu qısnayaraq əlindən bıçağı alır. Həmin an özündə deyildi. Mərcanın başqa şəxslərlə münasibəti olduğunu bilmirdi və eşitməmişdi. Bəhruz Mərcanla Elnar arasında şəxsi münasibətlərin olduğunu ona deməmişdi. Bir dəfə Mərcan telefonla Elnara yanında zəng edərək, guya onun Elnarı işlərini görməsi üçün çağırdığını dedi. Mərcan telefon vasitəsilə Elnarı usta kimi tapmışdı. Bəhruzun Elnarı necə bıçaqladığını görməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abasov Zülfuqar Hacıbala oğlu ifadəsində göstərmişdir ki, o işdən çıxıb baldızıgilə yas mərasiminə gəlmişdi. Onların qapısının qarşısında o avtomobildən düşdükdən sonra tanımadığı Elnar adlı şəxs də arxasınca avtomobili ilə gəldi, o evin həyətinə daxil oldu və həyətdə olan stolda digər şəxslərin yanında oturdu. Bundan sonra Elnar da gəlib yanında oturdu. Bir müddət sonra mərhum Bəhrəmin azyaşlı uşağı qaçaraq gəlib Elnarın qucağına oturdu və buna görə də elə bildi ki, Elnar onların qohumudur. O qarşındakı başqa şəxslə çay içərək, söhbət edirdi. Bəhruzdan xahiş etdi ki, ona çay gətirsin, o da gətirib ona çay verdi və o da söhbətinə davam edirdi. Bundan təqribən 10-15 dəqiqə sonra hadisə baş verdi. Bəhruz Elnarı bıçaqla vurduqdan sonra dedi ki, “axı, sənə deməmişdim ki, buraya gəlmə”. O gəldikdən təqribən 10-15 dəqiqə sonra hadisə baş verdi, Bəhruzun Elnarı necə vurduğunu görmədi. Elnar stolun qurtaracağında onun yanında oturmuşdu, o Elnarı tanımırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qafarova Elmira Nəbi qızı ifadəsində göstərmişdir ki, Bəhruz onun qonşusu Leylinin nəvəsidir, onu kiçik yaşlarından tanıyır. Hadisə olduğu gün Bəhruzun əmisinin ölümünün il dönümü idi. O bacıyla birgə idi və o rayona getdiyi üçün onu yola salırdı. O bacısını yola saldıqdan sonra gördü ki, Bəhruzgilin evinin qapısının ağzına çoxlu adam yığışıb, kimsə yerə uzanıb və onun boğazından qan axırdı. Sonra Bəhruzun balaca bacısını ağlayarkən gördü və o ona dedi ki, qardaşı Bəhruz Mərcana görə Elnar adlı şəxsi bıçaqlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Valeh Novruz oğlu ifadəsində göstərmişdir ki, Bəhruz onun qonşusu Bayramın oğludur, onu kiçik yaşlarından tanıyır. 12 iyul 2021-ci il tarixdə Bəhruzun əmisinin ölümünün ildönümü idi, bu səbəbdən onların evində mərasim təşkil olunmuşdu. O qonşu kimi axşam saatlarında, təqribən saat 18-19 radələrində başsağlığı vermək məqsədilə mərasimə getdi. Bundan sonra Bəhruzun atası Bayrama başsağlığı verdi, darvazanın yaxınlığında olan masaya əyləşərək çay içirdi. Həmin zaman Bəhruz çay verirdi. O Bayramın bacanağı Zülfüqarla üzbəüz əyləşərək söhbət edirdi. Bu vaxt gördü ki, o biri tərəfində olan tanımadığı oğlanı Bəhruz bıçaqla boğazından vurdu. Bəhruz onlara hər gecə yuxusuna əmisini mərhum Bəhrəmin girdiyini və ona namuslarını qoru dediyini dedi. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 13 iyul 2021- ci il tarixli, 131 saylı rəyindən görünür ki, Qədimov Elnar Məhərrəm oğlunun meyitində boyun nahiyəsinin yuxarı 1/3-nin sağ-yan səthində sağ xarici yuxu arteriyasının kəsilməsi və qida borusunun zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara aşkar olunmuşdur. Yara kanalının istiqaməti sağdan-sola, öndən-arxaya və bir qədər aşağıdan-yuxarıya doğrudur. Qeyd olunan xəsarət həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdir. Qədimov Elnar Məhərrəm oğlunun meyitində aşkar olunmuş xəsarət boyun nahiyəsinin sağ-yan səthinin sağ xarici yuxu arteriyasının kəsilməsi və qida borusunun zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Qədimov Elnar Məhərrəm oğlunun meyitində aşkar olunmuş boyun nahiyəsinin sağ-yan səthinin deşilmişkəsilmiş yarası göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın) deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Qədimov Elnar Məhərrəm oğlunun meyitində aşkar olunmuş xəsarətin onun öz boyu hündürlüyündən yıxılaraq deşici- kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Qədimov Elnar Məhərrəm oğlunun meyitində insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən və eləcə də qarşılıqlı mübarizə nəticəsində əmələ gəlməyə xarakterik xəsarət aşkar olunmadı. Qədimov Elnar Məhərrəm oğlunun meyitində aşkar olunmuş xəsarətin lokalizasiyasını və yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onun sağ-yan və ya arxa tərəfində dayanmış vəziyyətdə ola bilərdi. Qədimov Elnar Məhərrəm oğlunun ölümünə səbəb sağ xarici yuxu arteriyasının kəsilməsi və qida borusunun zədələnməsi ilə müşayiət olunan boyun nahiyəsinin sağ-yan səthinin deşilmiş- kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə Qədimov Elnar Məhərrəm oğluna yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Qədimov Elnar Məhərrəm oğlunun Ölümü meyitin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Qədimov Elnar Məhərrəm oğlunun meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-tibbi kriminalistik və məhkəmə- kriminalistik ekspertizasının 28 iyul 2021-ci il tarixli, 367-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Qədimov Elnar Məhərrəm oğluna məxsus şalvar, alt tumanı, köynək, mayka və Mehrəliyev Bəhruz Bayram oğluna məxsus şalvar və köynək üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair məhkəmətibbi bioloji ekspertizasının 06 avqust 2021-ci il tarixli, 535/2021-MTBŞ saylı rəyindən görünür ki, Qədimov Elnar Məhərrəm oğlunun ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(l). Ekspertizaya təqdim olunmuş Qədimov Elnar Məhərrəm oğluna məxsus uzunqol köynək, şalvar, qolsuz mayka, tuman və qol saatı, Mehrəliyev Bəhruz Bayram oğluna məxsus qısaqol köynək və şalvar, hadisə yerindən götürülmüş əski parçası, adyal, iki ədəd pambıq topasına hopdurulmuş nümunə və qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Qədimov Elnar Məhərrəm oğluna məxsus uzunqol köynək və qolsuz mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(l) qrupu şəxslə, o cümlədən Qədimov Elnar Məhərrəm oğluna məxsus ola bilər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 06 avqust 2021-ci il tarixli, 5/779 saylı rəyindən görünür ki, təqdim olunmuş bir ədəd sensor ekran və “Android 10“ əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 8" markalı “M1908C3İG” modelli “**********06817", “**********06825“ imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunmuş “Xiaomi Redmi 8” markalı “M1908C3İG” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu. Təqdim olunmuş “Xiaomi Redmi 8” markalı “M1908C3İG” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş hesabata əsasən “WhatsApp” proqram təminatına aid pozulmuş məlumat mübadiləsi müəyyən olunmadı. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli, 1633 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğlunda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğlu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğlu ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Mehrəliyev Bəhruz Bayram oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Mehrəliyev Bəhruz Bayram oğlunun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Mehrəliyev Bəhruz Bayram oğlunun əqliintellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Mehrəliyev Bəhruz Bayram oğlu ünsiyyətçilik, inadkarlıq, özünəməxsus prinsiplərə malik olmaq, emosionallıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədən zaman Mehrəliyev Bəhruz Bayram oğlunun psixi-emosional sferasında hirslilik, gərginlik halı yaranmış, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur. Mehrəliyev Bəhruz Bayram oğlu ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan 13 iyul 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön tərəfi qara, arxa tərəfi göy rəngli olmaqla “Xiaomi Redmi” markalıdır. Mobil telefonun ön və arxa kameraları vardır. Ön aşağı hissəsində və arxa kameranın alt hissəsində “Redmi” loqotipi əks etdirilmişdir. Telefon qoruyucuya keçirilməmiş, ümumi vəziyyəti qənaətbəxşdir, üzərində hər hansı zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, sağ orta düyməni basmaqla işlək vəziyyətə gətirilir. İşlək vəziyyətə gətirildikdə ekranın arxa fonunda Mərcan Mehralıyevanın fotoşəkili görünür. Menyuya daxil olmaq üçün barmağını sürüşdürdükdə mobil telefon şifrə və ya barmaq izi tələb edir. Mobil telefonun şıfrəsinin “2019” olduğu müəyyən edilir və həmin rəqəm daxil edildikdən sonra telefonun menyusuna daxil olunur. Menyuda “TikTok”, “İnstagram”, "WhatsApp”, “Telefon” və “Qalereya” kimi mobil tətbiqləri vardır. “TikTok” və “İnstagram” mobil tətbiqlərinə daxil olduqda istifadəçi hesablarda əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilmir. Eləcə də, “WhatsApp" mobil tətbiqində qısaməzmunlu ümumi söhbətlərin olduğu, “Telefon” tətbiqində isə iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olmadığı müşahidə olunur. Eyni zamanda “Qalereya” tətbiqinə baxış keçirilərkən ailə-məişət xarakterli fotoşəkillər aşkar edilsə də, tətbiqin "Zibil qutusu” bölməsini nəzərdən keçirdikdə burada müxtəlif kişi cinsli şəxslərin, o cümlədən Qədimov Elnar Məhərrəm oğlunun fotoşəkillərin olduğu müşahidə olunur. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal müəyyən olunmadı. Bununla da telefona baxış sona çatdı. Cinayət işində olan 20 iyul 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön tərəfi qara, arxa tərəfi tünd göy rəngli olmaqla “Xiaomi Redmi” markalıdır. Mobil telefonun ön və arxa kameraları vardır. Telefonun arxa tərəfinin alt hissəsində “Redmi" loqotipi əks etdirilmiş, ortasında boz rəngli yumru işarə vardır. Telefon qoruyucuya keçirilməmiş, ümumi vəziyyəti qənaətbəxşdir, üzərində hər hansı zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, sağ tərəfində yerləşən orta düyməni basmaqla işlək vəziyyətə gətirilir. İşlək vəziyyətə gətirildikdə ekranın arxa fonunda qala şəkli görünür. Menyuya barmağını sürüşdürməklə daxil olunur. Menyuda “TikTok", “WhatsApp”, “Telefon”, “Mesajlar” və “Qalereya” kimi mobil tətbiqlər vardır. “Telefon” mobil tətbiqinə daxil olduqda burada Elnar Qədimovun müxtəlif şəxslərlə telefon danışığı aparması görünür. Tətbiqin “Kontaktlar” bölümündə “Fayton" adı altında ***-***-**- ** saylı mobil nömrə qeydə alınmışdır. İş materiallarına əsasən həmin nömrə Mehrəliyevə Mərcan Kamal qızına məxsusdur. “TikTok” və “Mesajlar” mobil tətbiqinə daxil olduqda istifadəçi hesabında əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilmir. Eləcə də, “Qalereya" tətbiqinə baxış keçirilərkən ailə-məişət xarakterli fotoşəkillər aşkar edilir. Bununla yanaşı “WhatsApp” mobil tətbiqinə daxil olduqda burada Elnar Qədimovun bir sıra istifadəçilərlə, o cümlədən adı “Fayton” kimi qeydə alınmış istifadəçi ilə yazışmaları müşahidə olunur. “Fayton” adlı kontaktla yazışmaları nəzərdən keçirdikdə Elnur Qədimovun həmin istifadəçiyə 11 iyul 2021 -ci il tarixdə saat 19:29-da “Ölmüş netersen” və “helooo” tipli mesajlar, 12 iyul 2021-ci il tarixdə saat 10:51 “Salam sabahın xeyir ömürüm Allah rəhmət eləsin awqim" və “Allah səbir versin", saat 16:02- də “Awqim”, “Netersen” və “Ömürüm”, saat 17:14-də “Awqim”, “Heyatim” və “Bir tanem” tipli sevgi xarakterli mesajları göndərməsi müşahidə olunur. Qeyd olunan mesajlar istifadəçi tərəfindən 12 iyul 2021-ci il tarixdə saat 19:52-də oxunmuşdur. “Fayton" adlı istifadəçinin hesab şəkilinə baxdıqda burada Mehralıyeva Mərcan Kamal qızının şəkilinin olduğu müəyyən olunur. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal müəyyən olunmadı. Bununla da telefona baxış sona çatdı. Cinayət işində olan 21 iyul 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön və arxa tərəfləri göy rəngli olmaqla “Samsung” markalıdır, ön və arxa kameraları vardır. Ön tərəfinin yuxarı hissəsində və arxa kameranın alt hissəsində “Samsung” loqotipi əks etdirilmişdir. Telefon qoruyucuya keçirilməmiş, ümumi vəziyyəti qənaətbəxşdir, üzərində hər hansı zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, sağ orta düyməni basmaqla işlək vəziyyətə gətirilir. İşlək vəziyyətə gətirildikdə ekranın arxa fonunda kino şəkil görünür. Ekran üzərində barmağını sürüşdürdükdən sonra telefonun menyusuna daxil olunur. Menyuda “TikTok”, “İnstagram", “WhatsApp”, “Telefon” və “Qalereya” kimi mobil tətbiqlər vardır. “TikTok” və “İnstagram" mobil tətbiqlərinə daxil olduqda istifadəçi hesablarda əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilmir. “WhatsApp" mobil tətbiqində qısaməzmunlu ümumi söhbətlərin olduğu, “Telefon” tətbiqində isə iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olmadığı müşahidə olunur. Eyni zamanda “Qalereya” tətbiqinə baxış keçirilərkən ailə-məişət xarakterli fotoşəkillərdən savayı, burada iki ədəd avtomobilin oturacaq hissəsindən çəkilmiş dəniz kənarda kişi ilə qadının birlikdə vaxt keçirməsini əks etdirən fotoşəkil müşahidə edilir. Fotoşəkillər 01 iyul 2021-ci il tarixdə saat 14:34-də çəkilmişdir. Qeyd olunan fotoşəkillər Bəhrəm Mehrəliyevin ifadəsində sübut toplamaq məqsədilə hadisədən təqribən 15 gün əvvəl Mərcan Mehralıyeva ilə Elnar Qədimovun dəniz kənarında fotoşəkillərini çəkdiyini göstərməsi ilə üst-üstə düşməklə sonuncuların yaxın münasibətdə olmasına dəlalət edir. Göstərilənlərdən başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal müəyyən olunmadı. Bununla da telefona baxış sona çatdı. Cinayət işində olan21 avqust 2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş disk çəhrayı rəngli olmaqla üzərində “nar" sözü və “210046052" rəqəmi həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 8 ədəd faylın olduğu müəyyən edilir. Qədimov Elnar Məhərrəm oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən çıxan və həmin nömrəyə daxil olan SMS-lərə nəzər yetirdikdə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə 07 fevral 2021-ci il tarixdən etibarən mütəmadi olaraq sevgi xarakterli yazışmaların aparıldığı müəyyən olunur. Belə ki, ***-***-**-** saylı mobil nömrədən Elnar Qədimovun mobil nömrəsinə “Aşkım”, “Ürəyim”, “Mənim nəfəsim", “Aşkım səni sevirəm ürəyim mənim” və digər bu tipli SMS-lərin göndərilməsi görünür. Həmçinin məlum olur ki, qeyd olunan mobil nömrədən E.Qədimova “Arvad düz böyrümdə ona görə aça bilmədim”, “Tək deyiləm ona görə açmadım”, “Bəhruza de heç nə deməsin, özün de arvada” məzmunlu mesajlar göndərilmişdir. Eyni zamanda Elnar Qədimovun öz mobil nömrəsindən qeyd edilən mobil nömrəyə “salam sen hardasanki sene zeng catmir mesaj catmir mene xebersiz hara getmisen”, “behruzada yigram acmir teleni yeniki lazim deyil bele etmek yaxwi kakires bir soz de”, “irdim xaw eliyrem taa mene demeki bilmirem comuwdu yada yatmiwdim aciq sozunu deee xaw edirem belkede fikirin ayrlmaqdir bilmirem ammaki bele etme”, “cetralindayam seni gozluyrem", “awqim ureyim seni sevirem awqim”, “omurum yaxwi heyatim”, “awqim nefesim ureyim bir tanem”, “ele bil uwagam oturub orda kamalenin yanda menen ele daniwma hormetsizlik eleme", “yeni sabah goruwe bilmiyecik", “behruz evde” və digər bu tipli mesajların göndərilməsi aşkar edilir. Zənglərin məxsusluq tarixçəsinə əsasən, ***-***-**-** saylı mobil nömrə Təmirova Leyli Təhər qızının adına rəsmiləşdirilmişdir. Bundan başqa zənglərin detallaşmasını təhlil etdikdə aydın olur ki, Qədimov Elnar Məhərrəm oğlunun istifadəsində olan ***-***-**-** saylı və Mehralıyeva Mərcan Kamal qızının istifdəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 2021-ci ilin iyun-iyul ayları ərzində çoxlu sayda uzunmüddətli danışıqlar aparılmışdır. Elnar Qədimovun mobil nömrəsi ilə həmçinin Təmirova Leyli Təhər qızının adına olan ***-***-**-** saylı mobil nömrə arasında da 2021-ci ilin fevral-iyun aylarında gündəlik uzunmüddətli danışıqlar olmuşdur. Cinayət işində olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət işində olan “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 13 iyul 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Mehrəliyev Bəhruz Bayram oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olan cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 13 iyul 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə təqsirləndirilən şəxs Mehrəliyev Bəhruz Bayram oğlunun yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Mehrəliyev Bəhruz Bayram oğluna məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni nümayəndəsinə, “Xiaomi Redmi 8” markalı mobil telefon sahibi olan Mehralıyeva Mərcan Kamal qızına, Qədimov Elnar Məhərrəm oğluna məxsus “Xiaomi Redmi” markalı mobil telefon isə Elnar Qədimovun hüquqi varisinə qaytarılmalı, hadisə yerindən götürülmüş iki ədəd qan nümunəsi, yorğan və əski parçası, cinayət aləti olan bıçaq, Qədimov Elnar Məhərrəm oğluna məxsus ağ rəngli uzunqol köynək, tünd göy rəngli cins şalvar, ağ rəngli qolsuz köynək, göy və qırmızı zolaqlı qara rəngli alt tumanı və qol saatı, Mehrəliyev Bəhruz Bayram oğluna məxsus üzərində canavar şəkili olan qara rəngli qısaqol köynək və açıq boz rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Mehrəliyev Bəhruz Bayram oğlunun yetkinlik yaşına çatmayan şəxs olduğundan onun məhkəmə məsrəfini ödəməyə imkanı olmadığını nəzərə alıb, o iş üzrə ekspertiza xərci təşkil edən 53 (əlli üç) manat, 65 (atmış beş) qəpik tutulmasından azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384 və 435-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Mehrəliyev Bəhruz Bayram oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Mehrəliyev Bəhruz Bayram oğluna məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni nümayəndəsinə, “Xiaomi Redmi 8” markalı mobil telefon sahibi olan Mehralıyeva Mərcan Kamal qızına, Qədimov Elnar Məhərrəm oğluna məxsus “Xiaomi Redmi” markalı mobil telefon Elnar Qədimovun hüquqi varisinə qaytarılsın, hadisə yerindən götürülmüş iki ədəd qan nümunəsi, yorğan və əski parçası, cinayət aləti olan bıçaq, Qədimov Elnar Məhərrəm oğluna məxsus ağ rəngli uzunqol köynək, tünd göy rəngli cins şalvar, ağ rəngli qolsuz köynək, göy və qırmızı zolaqlı qara rəngli alt tumanı və qol saatı, Mehrəliyev Bəhruz Bayram oğluna məxsus üzərində canavar şəkili olan qara rəngli qısaqol köynək və açıq boz rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Mehrəliyev Bəhruz Bayram oğlu iş üzrə ekspertiza xərci təşkil edən 53 (əlli üç) manat, 65 (atmış beş) qəpiyin dövlət büdcəsinə ödəməsindən azad edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar