Məhkəmə qərarları › İş №1(101)-1626/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1626/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1626/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ikinci on günlüyünün axırlarına yaxın günlərdə şəxsiyyəti istintaqa məlum olmayan «Baba» ləqəbli «iranlı Əmir» adlı və digər şəxslərlə bərabər istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri satıb qazanc etmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər. Razılaşmaya əsasən o, həmin vaxtı qrupun digər üzvü olan «Baba» ləqəbli «iranlı Əmir» adlı şəxsin mobil telefonla «whatsapp» proqramı ilə vermiş olduğu tapşırıq əsasında 1 (bir) ədəd üzərində «Original Levis» sözləri yazılmış göy rəngli polietilen bağlamada ümumi təmiz çəkisi 1035, 452 qram (İ kq 35,452 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 1 bükümdə təmiz çəkisi 30,423 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddəmetamfetamini Bakı şəhəri Binəqədi rayonu,Hökməli kəndi ərazisində müəyyən olmuş yerdən təhvil götürməklə əldə edərək yaşadığı ünvan 1 ünvanına daşıyaraq gətirmiş və evində həmin 1 (bir) ədəd üzərində «Original Levis» sözləri yazılmış göy rəngli polietilen bağlamada ümumi təmiz çəkisi 1035, 452 qram (1 kq 35,452 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə özündə olan «gümüşü» rəngli elektron tərəzidə çəkib ölçməklə 25,452 qram və 1010 qram şəklində bölərək ayrı- ayrılıqda büküm halında qablaşdırmış, ardınca həmin narkotik vasitə heroinlərlə bərabər 1 (bir) ədəd bükümdə təmiz çəkisi 30,423 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini evində qaldığı otaqda gizlədərək saxlamış və 18 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində həmin ayrı-ayrılıqda bölərək qablaşdırdığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 25,452 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 30,423 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini, 1(bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 1010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini qrupun digər üzvləri ilə razılaşdırdığı qaydada satış məqsədi ilə müəyyən olmuş digər məkana daşımaq üçün bir ədəd «gümüşü» rəngində elektron tərəzisi ilə bərabər üzərində götürüb saxlayaraq evindən çıxıb piyada yola düşərkən həmin vaxtı yaşadığı ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirilib həmin şöbənin əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirildikdə əynindəki qara rəngli gödəkcəsinin içəri sol tərəfində satış məqsədi ilə əldə edərək saxlayıb daşıdığı həmin 1 (bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 1010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmin gödəkcəsinin sağ yan cibində satış məqsədi ilə əldə edərək saxlayıb daşıdığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 25,452 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 30,423 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin, habelə həmin gödəkcəsinin sol yan cibində saxladığı bir ədəd «gümüşü» rəngində elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Niyətulla oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək ünvan 1-da ailə üzvləri ilə birlikdə yaşamışdır. Himayəsində iki azyaşlı uşağı var. Fərdi sifarişlər əsasında ev tikməklə məşğul olub ailəsinin dolanışığını təmin etmişdir. 5-6 ildir ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. Hər gün təxminən 2 qrama yaxın narkotik vasitə heroin qəbul etmişdir. Bir neçə dəfə metamfetamini heroinə qatmaq yolu ilə istifadə etmiş, sonradan ona pis təsir etdiyindən daha istifadə etməmişdir. Narkotik vasitələrdən istifadə etdiyi barədə ailəsinin məlumatı olmuş və bununla bağlı ona irad bildirilmişdir. 3-4 il Maştağada stasionar müalicə alsa da, narkotik vasitəni tərgidə bilməmişdir. 18 aprel 2022-ci il tarixdə axşam saat 4-5 arası Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları onun yaşadığı evə gəlib, onu bölməyə aparmışlar. Həmin vaxt o, narkotik vasitənin təsiri altında olsa da üzərində narkotik vasitə olmamışdır. Polislər evdə axtarış aparmış, şkafın üstündə saxladığı ona məxsus cəmi 23 qram narkotik vasitə heroini aşkar edib götürmüşlər. Lakin evdə başqa narkotik vasitə, psixotrop maddə və elektron tərəzi olmamışdır. Həmin narkotik vasitə heroini tutulmamışdan 2-3 gün əvvəl tanıdığı şəxsdən qramını 15 manatdan əldə etmişdir. İki gün polis bölməsində təzyiqlərə məruz qalmış, polislər dediklərini boynuna almasa qardaşını da tutacaqlarını bildirmişlər. Bundan sonra razılaşıb videoçəkiliş zamanı ittihamda göstərilən narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını demişdir. Təzyiqə məruz qalması barədə heç bir orqana şikayət etməmişdir. Heç kimlə əlbir olmamış, heç bir İİR vətəndaşını tanımır. Yaşadığı məhəllədə ondan əvvəl bir nəfər tanışı polis əməkdaşları tərəfindən tutulmuş, həmin şəxsin telefonundan onun nömrəsi aşkar edilmişdir. Hesab edir ki, onu da həmin səbəbə görə tutmuşlar. Narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, pul müqabilində heç kimə satmamışdır. Bəzən dostları ilə aralarında narkotik vasitəni bölüşmüşlər. Özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-nin Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsində polis mayoru rütbəsində cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Şöbəyə Binəqədi qəsəbəsi Nizami Gəncəvi küçəsi, ev 9-da yaşayan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərliyin icazəsindən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və onun rəhbərliyi altında Binəqədi RPİnin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü ilə birlikdə 18 aprel 2022-ci il tarixdə saat 19:30-da Binəqədi rayonu Binəqədi qəsəbəsi, Nizami Gəncəvi küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, birlikdə ona yaxınlaşıb özlərini təqdim edib, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etdikdən sonra, onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 11 saylı vəkil bürosundan vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan üzərində axtarış aparılmağına etirazı olmadığını bildirmişdir. Xidməti otaqların birində onun, şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şəhliyar Hacıyevin, əməliyyat qrupunun üzvü Şahid2, Binəqədi RPİ-nin KTQ inspektor kriminalisti, polis mayoru X3 iştirakı ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içərisindən üzərinə «Original Levis» yazısı həkk olunmuş göy rəngli sellofanı, daha sonra həmin gödəkçənin sağ yan cibindən 2 ədəd şəffaf sellofanlarda olan bükümləri, sol yan cibindən bir ədəd elektron tərəzi, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərinə «argo» yazısı həkk olunmuş, içərisində siqaret dənələri olan siqaret qutusunu və sağ yan cibindən bir manatlıq pul əskinazını çıxarıb təqdim etmişdir. Həmin 2 ədəd bükümlərə baxıldıqda 1 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər şəffaf sellofana bükülmüş tünd boz rəngli rezin ilə ağzı bağlanmış bükülüyə baxan zaman isə içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin içərisindən çıxardığı bükülüyə baxış zamanı narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümləri 17 aprel 2022-ci ildə adını «Baba» kimi tanıdığı İran İslam Respublikası vətəndaşı tərəfindən Binəqədi rayon Hökməli qəsəbəsində qoyduğu yerdən götürdüyünü, İİR-sı vətəndaşı tərəfindən ona pay olaraq üzərindən aşkar olunmuş bir büküm metanfetamini verdiyini, həmin bükülüdən şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, qalan bükümü həmin şəxs üçün aparıb qoyub qarşılığında 400 manat pul alacağını, həmin bükülünü aparıb gizlətmək istədiyini, lakin, polis əməkdaşları tərəfindən saxlanıldığından bunu edə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı bükümlərin birinin narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə olan metamfetamin olduğunu, iç cibindən çıxardığı bükümün isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üzərinə «argo» yazısı həkk olunmuş siqaret qutusu və bir manatlıq pul əskinazı ona qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş həmin kütlələr qablaşdırıldıqdan sonra möhürlənmişdir. Tədbir nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, ünvan 1-da ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Sonuncu 18 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılmışdır. Kamran tutulana qədər usta işləmişdir. Özü isə fərdi qaydada toy və yas məclisləri üçün yemək bişirməklə məşğul olduğundan gündüz vaxtları evdə olmur. Kamranın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. Kamran ondan mobil telefon istəməmiş və o, özünə məxsus «Samsung» markalı mobil telefonu istifadə etmək üçün ona verməmişdir. Kamranın narkotik vasitə istifadə etməsi və saxlamasından məlumatı olmamışdır. Çox vaxt işdə olduğu üçün Kamranın nə işlə məşğul olmasından xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs tutulana qədər ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Özü üç ildən çoxdur ki, ***-***-**-** saylı mobil nömrəni işlədir. İşin 33-35-ci vərəqələrindəki 18 aprel 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, sonuncu əynində olan qara rəngli gödəkçənin içərisindən üzərinə «original Levis» yazısı həkk olunmuş göy rəngli sellofanı, daha sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd şəffaf sellofanlarda olan bükümləri, sol yan cibindən bir ədəd elektron tərəzi, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərinə «argo» yazısı həkk olunmuş içərisində siqaret dənələri olan siqaret qutusunu və sağ yan cibindən bir manatlıq pul əskinazını təqdim etmişdir. Həmin 2 ədəd bükümlərə baxdıqda 1 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər şəffaf sellofana bükülmüş tünd boz rəngli rezin ilə ağzı bağlanmış bükülüyə baxan zaman isə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin içərisindən çıxardığı bükülüyə baxış zaman isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı bükümlərin birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu, iç cibindən çıxardığı bükümün isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üzərinə «argo» yazısı həkk olunmuş siqaret qutusu və bir manatlıq pul əskinazı sübuti əhəmiyyətə malik olmadığından özünə qaytarılmışdır. Daha sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmişdir. İşin 191-193-cü vərəqlərindəki «Diskə baxış keçirilməsi haqqında» 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd diskə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin baş təhqiqtaçısı, polis mayoru Şəhliyar Hacıyev tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Binəqədi RPİ-nin 4-cü PŞ-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Binəqədi RPİ-nin 4-cü PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Binəqədi RPİ-nin KTQ inspektor kriminalisti, polis mayoru X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl, ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içərisindən üzərində «original Levis» yazısı həkk olunmuş göy rəngli sellofanı, daha sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd şəffaf sellafonlarda olan bükümləri, sol yan cibindən bir ədəd elektron tərəzini, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərinə «argo» yazısı həkk olunmuş içərisində siqaret dənələri olan siqaret qutusunu və sağ yan cibindən bir manatlıq pul əskinazım təqdim etdi. Həmin 2 ədəd bükümlərə baxdıqda 1 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər şəffaf sellofana bükülmüş tünd boz rəngli rezin ilə ağzı bağlanmış bükülüyə baxan zaman isə içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin içərisində çıxardığı bükülüyə baxış zamanı narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri 17 aprel 2022-ci il tarixində adını «Baba» olaraq bildiyi İran İslanı Respublikası vətəndaşının Binəqədi rayonu Hökməli qəsəbəsindəki qoyduğu yerdən götürdüyünü, İran İslam Respublikası vətəndaşının ona pay olaraq üzərindən aşkar olunmuş bir büküm metanfetamini verdiyini, həmin bükülüdən şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, qalan bükümü həmin şəxs üçün aparıb qoyub, qarşılığında 400 manat pul alacağını, həmin bükülünü aparıb gizlətmək istədiyini, lakin, polis əməkdaşlarının onu saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmişdir. Videofayldan istintaq hərəkətinin nəticələrinə dair tərtib olunmuş protokolun üzəri iştirakçılar tərəfindən imzalandığı görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videokadrda görüntülənən şəxsin özü olduğunu təsdiq etmişdir. İşin 196-198-ci vərəqələrindəki 24 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələrindən onun kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü "xxxx" MMC-dən alınmış 1 ədəd diskə Təqsirləndirilən şəxs və vəkili X2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 07 aprel 2022-ci il tarixdə, saat 18:12:42-də ***-***-**- ** saylı mobil nömrəsinə «Qaqaş gözdə yarım saata verirəm ağrıya bilməzsən dünənnidene atmisansa eybi yox bu günün seheride var birde qaqaş zəhmət olmasa 50ver» məzmununda, 07 aprel 2022-ci il tarixdə, saat 18:17:03-də ***-***-**-** mobil nömrəsinə «Qurban olum yarım saata dərmanı verirəm arxayın ol» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 12 aprel 2022-ci il tarixdə, saat 00:06:14-də ***-***-**-** saylı mobil nömrəsinə «Rasim sənə kiçiyi qaqaş olmuşam amma mənə düşmür nəşə atmaq» məzmununda, 12 aprel 2022-ci il tarixdə, saat 00:15:08-də ***-***-**-** saylı mobil nömrəsinə «Rasim yığma qayı tutub pepexe çağırır yığma poxa dusersen» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 12 aprel 2022-ci il tarixdə, saat 16:21:32-də ***-***-**-** saylı mobil nömrəsinə «Əmioğlu salam duranda yığ ata ölmüşəm şəhərecen qaqas bu neden oldu mene pati çox düşmür pis oluram eve yola saldin meni bax onda bis basdadi gerey çıxmazdım sizden Evdeyem heç yana cixmiram ata bu dərmanlar saxlamır cavid düz digir» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 12 aprel 2022-ci il tarixdə, saat 17:15:47-də ***-***-**-** saylı mobil nömrəsinə «Elşən bawva donum bu günə qalib yüz faiz verəcəm menliy olan şey deyil Namiqin işi həmişə belə olub mənim işim həmişə srazi alınıb dünən hər iü düzəldi bu alınmadı kuryer telefonu sondu pulu qaytardı» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 13 aprel 2022-ci il tarixdə, saat 02:13:30-da ***-***-**-** saylı mobil nömrəsinə «Dede hardasan pati verimde yadımdan cixib» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 15 aprel 2022-ci il tarixdə, saat 22:12:47-də ***-***-**-** saylı mobil nömrəsinə «Eybi yox Namiq dimediy bir söze ozvi ele apardinki guya dimisem enurunda sikecem neşe isdədim vermedin yada bir söz dimedin eybi yox Namiq pis günün ömrü az olar bir söz diyen kimi atravanin usdune atma men dayı fıkirden ölmeye öyrəşmişəm hamısı qardaşı ilə ele qəşəng dolanır bidene mənəm seni başa düşmürəm hamıynan ele can dıyırsen mene çatanda ele bil götnen daışırsa eybi yox Namiq meni çox ağlatdın çox sağ qardasim Verirsen mene neşe 50 manat verim sabah yox biri gün goturecem onda men sene verərəm» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 16 aprel 2022-ci il tarixdə, saat 19:37:29-da ***-***-**-** saylı mobil nömrəsinə «pizirika görə yeriyə bilseydim getirərdim piziriku birdeki men qisqirmisam sentirda qehbe mənəm sen qisqirmisan ged yaşa cırıg qabağa çox şey ataram amma sen gijdedun qoy Namiq gelsin əvəzindən. Adam bele elem geldim aldım duzu amma yeriye bilmirəm ne olardı beyem yola verende az yola vermemisen o nedi yazırsan. Eşidirsən isdiyirsen me yigim amma qaqaş sen beldeki necə isdiyir ürəyin o cürde ele amma bu sözü sen yazdın mene niye mala göre gormursenki yeri bilmirem bir yanda xala zibilini çıxartdı diyir mayaki kamrani niye qoyursan mal satsın o bir qırağa diyirki yaxşıda nazir zad deyil düşdü ki evde. Yatmirsansa viziv at gelim size isim var peşman olmazsan.» məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 11 aprel 2022-ci il tarixdə saat 21:29:23-də ***-***-**-** saylı mobil nömrəsindən «Hardasan? dərmanın 2 denesini tez goturmey isdiyirem heyox di» məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 12 aprel 2022-ci il tarixdə saat 22:18:16-da ***-***-**-** saylı mobil nömrəsindən «Qaqaş hasardan Verde həyətdə gozdiyirem» məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 14 aprel 2022-ci il tarixdə saat 16:43:50-də ***-***-**-** saylı mobil nömrəsindən «Kamran qaqaw blokdayam men 20 verim 3 dene derman alinar sene qurban» məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 17 aprel 2022-ci il tarixdə saat 00:27:08-də ***-***-**-** saylı mobil nömrəsindən «Ay qəhbə götürdə telefonu 15 m var nese elhye bileruy?» məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 16 aprel 2022ci il tarixdə saat 18:44:25-də ***-***-**-** saylı mobil nömrəsindən «Ay qəhbə götürdə telefonu 15 m var nese elhye bileruy?» məzmunlu «sms» və 17 aprel 2022-ci il tarixdə saat 00:27:08-də ***-***-**-** saylı mobil nömrəsindən «indi 2 min bawin dalinda pul var atdanib düwürsen soyuw sovursen mal virmirsan getirdiyin zibil kulokunda» məzmunlu «sms» yazışmalarının olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə və həmin nömrədən narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə bağlı, eləcə də iş üçün əhəmiyyət kəsb edən hər hansı bir sms yazışmasının olmadığı aşkar edilmişdir. İşin 40-45-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli 6/2217 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs Niyətulla oğlu» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 25,452 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 30,423 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metanfetamindir və 1 (bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 1.010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin paketdə olan bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə və bir ədəd bağlamadakı heroinin ümumi təmiz çəkisi 1.035,452 qram (1 kq. 35,452 qr) təşkil edir və həmin heroinlər xarici əlamətləri və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metanfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. İşin 179-cu vərəqindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 20 iyun 2022-ci il tarixli 3373 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 181-184-cü vərəqələrindəki Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 24 iyun 2022-ci il tarixli, 1675 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 126-129-cu vərəqələrindəki 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.035,452 qram (tədqiqatdan sonrakı çəkisi 1.035,152 qram) olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, ümumi təmiz çəkisi 30,423 qram (tədqiqatdan sonrakı çəkisi 30,323 qram) olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd tərəzi maddi sübut kimi tanınmış və həmin narkotik vasitə və psixotrop maddənin tədqiqatdan sonrakı qalıq hissələri və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 1 (bir) ədəd tərəzi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşin 203-223 vərəqələrindəki 25 iyul 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, üzrə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı GSM mobil nömrələrlə bağlı məlumatları özündə əks etdirən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən alınmış 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 145-146-cı vərəqələrindəki Azərbaycan Respublikası DİN-yi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 22-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 sentyabr 2017-ci il təvəllüdlü Pirverdiyeva Rüqəyyə və 22 sentyabr 2018ci il təvəllüdlü Əli Pirverdiyev adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Niyətulla oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs Niyətulla oğlu məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək yaşadığı evdən şəxsi istifadəsi üçün saxladığı cəmi 23 qram narkotik vasitə heroin aşkar edildiyini bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Niyətulla oğlunun əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Niyətulla oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Niyətulla oğlunun himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Niyətulla oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Niyətulla oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.035,452 qram (tədqiqatdan sonrakı çəkisi 1.035,152 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 30,423 qram (tədqiqatdan sonrakı çəkisi 30,323 qram) olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd disk və onun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı GSM mobil nömrələrlə bağlı məlumatları özündə əks etdirən "xxxx" MMC-dən alınmış 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs Niyətulla oğlundan dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Niyətulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Niyətulla oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Niyətulla oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.035,452 qram (tədqiqatdan sonrakı çəkisi 1.035,152 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 30,423 qram (tədqiqatdan sonrakı çəkisi 30,323 qram) olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 (bir) ədəd disk və onun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı GSM mobil nömrələrlə bağlı məlumatları özündə əks etdirən "xxxx" MMC-dən alınmış 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs Niyətulla oğlundan dövlət nəfinə tutulmalıdır. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar