Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1627/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx xxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Kıma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "Atef" Şirkətlər Qrupunda anbardar işləmiş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Kıma kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində 3 ay müddətə həbs qətimkan qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti həmin məhkəmənin 25 avqust 2021-ci il tarixli qərarı ilə 30 sentyabr 2021-ci il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən, həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və həbs qətimkan tədbirinin müddətinin axımı 23 sentyabr 2021-ci il tarixdən dayandırılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, 31.05.2021-ci il tarixdə saat 00.30 radələrində ünvan 2 ünvanında kirayədə yaşayan yüngül həyat tərzi keçirən tanışı Zərərçəkmiş şəxs yaşadığı evə cinsi əlaqədə olmaq məqsədilə gəlib birlikdə spirtli içki qəbul edərkən, Zərərçəkmiş şəxs çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14700 manat məbləğində pulu ona göstərdikdən sonra sonuncu ilə cinsi əlaqədə olub yatdıqda, gecə radələrində həmin pul məbləğini ələ keçirməyi qərarlaşdırıb planlaşdıraraq tamah məqsədi ilə ələ keçirmək niyyəti ilə səhər saat 09.30 radələrində oyanıb uzandıqları çarpayının üzərində Zərərçəkmiş şəxs üzərinə hücum edib əlləri ilə boyun üzvlərini sıxaraq canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan boyunun ön və yan səthlərinin yumşaq toxumalarının qançır və sıyrıqları ilə müşaiyət olunan geniş ölçüdə hematoması xəsarəti yetirdikdə, sonuncunun müqavimət göstərməsi səbəbindən evin döşəməsinə yıxılıb müqavimətinin davam etdiyini görüb, cinayətkar əməlini davam etdirərək əlləri ilə sağ təpə və sol təpə-gicgah nahiyələrinin yumşaq toxumalarına qansızma, sağ gicgah, burun və sol çənə nahiyələrinin, döş qəfəsinin ön səthinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun və saidin, hər iki diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ əlin 1, 2 və 4-cü, sol əlin 2-ci barmağının dırnaq yatağının səthi əzilmiş yaraları ilə müşaiyət olunan canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi olmayan xəsarətlər yetirdikdən sonra çarpayının kənarındakı sərinkeşin naqili ilə boğmağa davam edərək, boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin stranqulyasıya şırımı, stranqulyasıya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma xəsarətləri yetirib, mexaniki asfiksiyaya səbəb olaraq, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlər yetirərək öldürmüş, yəni digər şəxsi tamah məqsədilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli iclasında Dövlət ittihamçısı yazılı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələrinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-nin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanında kirayədə yaşayan və yüngül həyat tərzi keçirən tanışı Zərərçəkmiş şəxs yaşadığı evə cinsi əlaqədə olmaq məqsədilə gəlmiş və sonuncunun gecə ona göstərdiyi 14.700 manat pul vəsaitlərini ələ keçirmək məqsədilə saat 09:30 radələrində Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə əlləri, sonra isə sərinkeşin naqili ilə boğaraq öldürmüş, qeyd olunan pul vəsaitlərini götürərək evi tərk etmişdir. Belə olan halda, dövlət ittihamçısının qənaətinə görə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi (tamah məqsədilə qəsdən adam öldürmə) ilə tövsif edilməsi düzgün olmamışdır. İstintaq orqanı əsassız olaraq o qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin yaşadığı evə basqın edilməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş ilə cinsi əlaqədə olmaq məqsədilə gəlmiş və zərərçəkmişin ona göstərdiyi 14.700 manat pul vəsaitlərini ələ keçirmək üçün tamah məqsədilə sonuncunu qəsdən öldürmüşdür. Dövlət ittihamçısının vəsatətinə görə, işin faktiki hallarından isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq məqsədilə gəldikdən sonra sonuncunun ona göstərdiyi 14.700 manat pul vəsaitini ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs hücuma məruz qoyaraq, sonuncunun həyatı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, quldurluqla ələqədar qəsdən adam öldürmə cinayətini törətmiş və həmin pul vəsaitini ələ keçirmişdir. Bu halda isə, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələrinin əlamətləri mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında 12.12.2002-ci tarixli Qərarının 15-ci bəndinə əsasən, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə, bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də, təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 9-cu bəndinə müvafiq olaraq, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında 03.03.2005-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Banditizm işləri üzrə məhkəmə təcrübəsi” haqqında 07.06.1996-cı il tarixli Qərarının 9-cu bəndinə əsasən, zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətkar nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə yaratmağa yönəldilmiş hərəkətlər basqın etmə kimi qiymətləndirilməlidir. Qeyd olunanlardan müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi (tamah məqsədilə qəsdən adam öldürmə) ilə düzgün tövsif edilməmiş, onun törətmiş olduğu əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Verilmiş vəsatətə münasibət bildirən müdafiəçi və təqsirləndirilən şəxs onu əsassız hesab etdiklərini qeyd etdilər və vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyərək və müvafiq sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, verilmiş vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyinin müddəlarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyun 2021-ci il tarixdə onun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddəti müvafiq məhkəmə qərarı əsasında ibtidai istintaq müddətinə uyğun olaraq 30 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi məhkəməyə daxil olduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmçinin həbs qətimkan tədbirinin müddətinin axımı məhkəmə hazırlıq iclasının qərarının çıxarıldığı 23 sentyabr 2021-ci il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvinə və ya dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin axımı məhkəmə hazırlıq iclasının qərarı ilə dayandırıldığından, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar, hazırkı qərarın qəbul edildiyi gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddət axımı bərpa olunmaqla həbs qətimkan tədbiri bir ay müddətinə, yəni 14 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək uzadılmalıdır. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən belə bir qərarın qəbul edilməsi ilə əlaqədar baxılan iş üzrə ibtidai istintaqı aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəşəri Sabunçu şəhər prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin axımı bərpa olunsun, həbs qətimkan tədbiri bir ay müddətinə, yəni 14 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək uzadılsın.
3. Qərarın surəti cinayət prosesinin tərəflərinə və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi və icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov