Məhkəmə qərarları › İş №1(101)-1627/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1627/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1627/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı3, Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1971-ci il tarixdə Sabirabad rayonu, Yastıqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Yastıqobu kəndində qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni qəsəbə, döngə 1, yeni tikilidə yaşamış, 03 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 605 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 03 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin (bundan sonra: RPİ, PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 18:00 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən təmiz çəkisi 605 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, narkotikdən istifadə etmiş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. 03 may 2022-ci il tarixdə, saat 17-18 radələrində Nəsimi rayonunda 4 nəfər polis əməkdaşı tərəfindən tutulmuşdur. Onu yerə yıxmış, üzərini axtarmış, heç nə tapa bilməmişlər. Belə ki, üzərində narkotik olmamışdır. Bundan sonra onu bölməyə gətirmişlər. Səhəri gün stolun altından narkotik çıxarıb stolun üstünə qoymuşlar. Sonra həmin narkotiki gödəkcəsinin cibinə qoyub, zəncirbəndini bağlamışlar. Onu videoçəkiliş zamanı onların dedikləri kimi narkotiki çıxarıb verməsi ilə bağlı təlimatlandırmışlar. O, bunu etmək istəməmiş, bundan sonra onu bölmədə döymüşlər. Kurtkasını başına dolayıb, başını ayağına əyib, bağlamışlar. Nəticədə acılara dözə bilməyib, əl çəkmələri üçün razılaşmış, təlimatlandırıljdığı kimi ona verilən narkotik vasitəni özünükü kimi təqdim etmişdir. Onu 4 nəfər polis tutsa da, videoçəkiliş zamanı onların sayı 5 olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o narkotik satmamış, tutulduğu zaman onda ümumiyyətlə narkotik olmamışdır. Bölmədə polislər tərəfindən döyüldükdən sonra vəkil gəlmişdir. Döyülsə də üzərində xasərətlər olmamış, nə də təsir və təzyiqlərə görə heç bir orqana şikayət etməmişdir. May ayın 5-ində sanksiyaya çıxarıldığı zaman hakimə narkotikin ona məxsus olmadığını demiş, lakin döyülməsini deməmişdir. Tutulandan 3 gün sonra təcridxanaya aparılane zaman tibbi müayinədən keçirilmiş, onda yara izləri, xəsarətlər aşkar olunmamışdır. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, təxminən 2 ildir ki, narkotik vasitə istifadə etmişdir. 03 may 2022-ci il tarixdə, səhər saat 11 radələrində yaşadığı yerin yaxınlığında, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanıdığı Əli adlı şəxsdən «kokos» deyilən narkotik vasitə heroinin bir bükümünü öz şəxsi istifadəsi üçün 80 manata almışdır. Həmin bükümü, yəni narkotik vasitə heroini aldıqdan sonra əynindəki qara rəngli gödəkcəsinin sol iç cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində Nəsimi rayonu, Dəmir yolu vağzalının yaxınlığında olarkən yolda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmişdir. Polis şöbəsinə gələrkən polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində də narkotik vasitə vardır. Sonra həmin polis əməkdaşları polis şöbəsində üzərində axtarış aparacaqlarını və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini ona bildirmişlər. O da buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları dövlət hesabına vəkil istəyib-istəmədiyini soruşmuşlar. O da vəkil istədiyini demişdir. Onlar qarşısına vəkillərin siyahısını qoymuşlar və o, növbədə olan vəkili istəmişdir. Sonra vəkil dəvət olunmuş, ona təqdim edilmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı vəkil şəxsi axtarışda iştirak etməmiş, o da buna etiraz etməmiş, həmçinin bununla bağlı ərizə də təqdim etmişdir. Şəxsi axtarış zamanı o, qara rəngli gödəkcəsinin sol iç cibində içərisində narkotik vasitə heroin olan bir bükümü təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq həmin heroini «Əli» adı ilə tanıdığı şəxsdən 80 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamış, sadəcə üzərində olan bir ədəd «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, narkotik vasitə heroin qəbul etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 605 qram çəkidə narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunan mobil telefonu 1-2 gün əvvəl almış, faktiki olaraq həmin mobil telefon üçün GSM kart almamışdır. «Əli» adlı şəxsdən ilk dəfə narkotik vasitə almışdır. «Əli» adlı şəxsin soyadı, atasının adı, yaşadığı ünvan, istifadəsində olan mobil telefon nömrəsi barədə onda məlumat olmamışdır. «Əli» adlı şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamış, onun bank hesabı da olmamışdır (iş vərəqə: cild İ, səh. 83-84). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 may 2022-ci il tarixdə xidmətdə olarkən «Əfqan» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, 22-ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə əldə etdikləri məlumat əsasında saat 17:30 radələrində ünvan 3 ünvanın qarşısında özlərinə mövqe seçib gözləməyə başlamışlar. Saat 18:00-da həmin ünvanda «Əfqan» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, «Əfqan» adlı şəxsi Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Orada olarkən «Əfqan» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-yə gəlmişdir. Polis şöbəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid1 daha sonra ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamış, yalnız bir ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nə olması soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini Binəqədi rayonu, Biləcəri qəsəbəsində «Əli» adı ilə tanıdığı şəxsdən 80 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq mobil telefonla birlikdə götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı dəfələrlə əməliyyat məlumatları əldə etmiş, sonuncu dəfə 03 may 2022-ci il tarixdə bununla bağlı məlumat daxil olduqda Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və fakt öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 və PŞ-nin sahə inspektoru Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (iş vərəqə: səh. cild İ, səh. 48-55). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan baxış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan CD diskə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə aparılması barədə protokola uyğundur (iş materiallarına əlavə olunmuşdur). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 04 may 2022-ci il tarixli, 6\2556 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №190» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada təmiz çəkisi 605,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: cild İ, səh. 64-68). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2022-ci il tarixli, 4168 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 128-129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ambulator məhkəməpsixiatrik ekspertizasının 01 avqust 2022-ci il tarixli, 2025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli tördərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: cild İ, səh. 130-132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Nəsimi RPİ-nin 22-ci PŞ-nin cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin «Əli» adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirir, bununla bağlı dəfələrlə əməliyyat məlumatları əldə olunmuş və məhz sonuncu dəfə daxil olmuş qərəzsiz məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir (iş vərəqə: cild İ, səh. 124). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 605 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 604,95 qram narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 142-149; 162). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş “Əli” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 151-152). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən 302 dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, təqsirləndirilən şəxs Qasımov X2 rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh 118-120). Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən yaranan məhkumluğu ödənilmiş və onun bu məhkumluğunun ödənilməsi Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2022-ci il tarixli, 4168 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Azərbaycan Respublikası DİN-in Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 604,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 604,95 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar