Məhkəmə qərarları › İş №1(101)-1628/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1628/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1628/2022 05.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1983-cü il iyulun 11-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda yeddi ədəd bükümdə ümumi təmiz çəkisi 12,561 qram olan naroktik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 2022-ci il aprelin 22-də saat 21:25 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaşadığı evin qarşısında saxlanaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən külli miqdarda yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,949 qram, 1,604 qram, 1,537 qram, 1,660 qram, 1,811 qram, 2,480 qram və 1,520 qram olmaqla ümumi təmiz çəkisi 12,561 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2022-ci il aprelin 22-də saat 21:25-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaşadığı evin qarşısında olan vaxt mülki geyimli polis əməkdaşları onu şübhəli şəxs qismində saxlamaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edildikdən sonra o, geyindiyi qara rəngli şalvarın sağ yan cibindən könüllü olaraq yeddi ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, içərisində qəhvəyi rəngli maddə olan narkotik vasitə heroini özünə məxsus olmaqla həmin tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı iranlıdan «onlayn» üsulla 100 manata alaraq istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, yaşadığı evdə baxış keçirilərkən heç nə tapılmamış, üzərində şəxsi axtarış aparılması ilə bağlı tərtib edilən protokolu imzası ilə təsdiq etmişdir. Ona qarşı heç bir zor və ya təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il aprelin 22-də polis bölməsinə qərəzsiz mənbədən daxil olan məlumatı yoxlamaqdan ötrü onun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldıqda göstərilən tarixdə saat 21:25 radələrində onunla əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhələnilən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanıb iş yerinə gətirilmiş və orada xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən könüllü surətdə çıxararaq təqdim etdiyi yeddi ədəd şəffaf sellofan bükümün içərisində olan özünə məxsus narkotik vasitə heroini tanımadığı İran vətəndaşından «onlayn» üsulla öz şəxsi istifadəsi üçün 100 manata alıb üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Aşkarlanan narkotik vasitə heroinə bənzər kütlələr zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkar olunmamışdır. Tərtib edilən protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanan zaman və polis bölməsində heç bir zorakılığa və ya təsirə məruz qalmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 22 aprel tarixli raportlarından, eyni tarixli Ə40-098-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarından və məktublarından, əməliyyat qrupunun yaradılması barədə qərarından və protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında daxil olan məlumatı yoxlamaq üçün əməliyyataxtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il aprelin 22-də saat 21:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaşadığı evin qarşısında saxlanaraq bölməyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın surətləri Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna və Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 4-12). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il aprelin 22-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:25-dən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun anasına məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 30). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 22 aprel tarixli razılıq ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 24 aprel tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən yeddi ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bükümlərdə olan narkotik vasitə heroini 2022-ci il aprelin 22-də tanımadığı İran İslam Respublikasının vətəndaşından onlayn üsulla öz istifadəsi üçün 100 manata alıb üzərində gəzdirdiyini bildirmiş, aşkarlananlar zərfə qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 34-37 və 73). İş materiallarındakı X1 2022-ci il 23 aprel tarixli razılıq ərizəsindən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, sonuncuya məxsus olan, bacısı oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkar olunmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 39-42). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 23 aprel tarixli 6/2316 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər» yazısı və imzalar olan zərfdəki yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,949 qram, 1,604 qram, 1,537 qram, 1,660 qram, 1,811 qram, 2,480 qram və 1,520 qram olmaqla ümumi təmiz çəkisi 12,561 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonrakı qalığı 12,351 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 48-50). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 24 aprel tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 61 və 63-64). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 24 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 22-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 87-89). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyunun 17-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2014-cü il 23 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrumetmə və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 20 may tarixli amnistiya qərarının 1.2.-ci bəndinə müvafiq olaraq cəzanın qalan hissəsindən azad edilmişdir (1-ci cild, iş vərəqi 98-100). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 03 iyun tarixli 098-9358-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən hansı məqsədlə əldə etməsini, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını və narkotik vasitələrdən istifadə edibetməməsini müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 101). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 21 iyul tarixli 3987 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 105-106). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasına dair 2022-ci il 16 iyul tarixli 1850 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncu hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 108-110). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 04 avqust tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.ci, 234.4.1.-ci və 234.4.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin təqdiqatdan sonrakı 12,351 qram çəkidə qalığı saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 111-119 və 121-122). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yeddi ədəd bükümdə ayrı-ayrılıqda 1,949 qram, 1,604 qram, 1,537 qram, 1,660 qram, 1,811 qram, 2,480 qram və 1,520 qram, ümumilikdə 12,561 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımasını, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 12,351 qram çəkidə qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 32 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il aprelin 22-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il aprelin 22-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 12,351 qram çəkidə qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar