Məhkəmə qərarları › İş №1(101)-1629/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1629/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1629/2021 25.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 2002-ci ildə Cəlilabad rayonu, Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 75, mənzil 24-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə, saat 00:10 radələrində ünvan 1 ünvanında yerləşən “Cənnət Flowers” adlı gül mağazasının qarşısında Zərərçəkmiş şəxs tərs baxmasını ona irad bildirməsi və yumruq atması səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan, lakin istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs qəsdən 2 (iki) dəfə vuraraq, sonuncuya belin sol bayır səthinin peritonarxası sahəyə nüfuz edən böyrəyi zədələyən 1 (bir) ədəd, belin sağ bayır səthinin periton boşluğuna nüfuz edən qalxançənbər bağırsağı və nazik bağırsağın seroz qişasını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə müddətdir ki, qaydasız döyüş idman növü ilə məşğul olur. Rəhman, Ramin və Emil adlı şəxslər onun dostlarıdır. O, həmin şəxslərlə birlikdə idmanla məşğul olur. 21 may 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində o, Rəhman, Ramin və Emillə birlikdə idman etmişdir. Sonra Rəhman, Emil və Ramin “Həzi Aslanov” metro stansiyasının yaxınlığına getmişlər. 22 may 2021-ci il tarixdə, təxminən saat 00:10 radələrində o, bibisi oğlu Elxan ilə birlikdə idmandan çıxmış və Rəhmangillə “Həzi Aslanov” metro stansiyasının yanında görüşmüşdür. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Cənnət” adlı gül mağazasının qarşısında yerləşən oturacaqda oturub söhbət etməyə başlamışlar. Orada cəmi 1 (bir) oturacaq olduğundan və hamı üçün oturacaqda yer olmadığından o, ayaq üstə dayanmışdır. Həmin vaxt Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi istiqamətindən gələn təxminən 4 (dörd) nəfər tanımadığı şəxs onların yanından keçdiyi zaman o, arxaya çevrilib həmin şəxsləri tanıyıbtanımamasını bilmək üçün həmin şəxslərə baxmışdır. O, həmin 4 (dörd) şəxsi tanımadığından yenidən geri çevrilmişdir. Həmin 4 (dörd) nəfər şəxs onlardan təxminən 40-50 metr irəli getdikdən sonra yenidən onların yanına geri qayıdaraq yaxınlaşmışlar və Azər “tanış gəlirik, nə olub?” sözlərini demişdir. O da Azərə sadəcə tanıyıb-tanımadığını bilmək üçün baxdığını bildirmişdir. Həmin vaxt onların arasında sözlü mübahisə baş vermiş və mübahisə zamanı Azər ona yumruqla zərbə vurmuşdur. Onların arasında yaranmış sözlü mübahisəyə səbəb Azərin ona qarşı kobudluq və təhqir etməsi, eləcə də ona yumruqla zərbə vurması olmuşdur. O, Azərə qarşı heç bir kobudluq etməmişdir. Lakin Azər onu təhqir etməyə davam etmiş və bundan sonra onların arasında yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrilmişdir. O, Azər ilə əlbəyaxa olduqda Azərin yanında olan şəxslər onun və dostlarının üzərinə gələrək əl-qol atmışlar. Həmin vaxt o, Azərgilin ondan və dostlarından yaşca böyük və güclü olduqlarından Azərgilin ona və dostlarına xəsarət yetirəcəklərindən qorxmuşdur. Çünki Azər və yanında olan şəxslər ondan və dostlarından yaşca çox böyük və fiziki cəhətdən güclü olmuşlar. O, bütün bunları görüb özünü qorumaq məqsədi ilə əynində olan şalvarın sağ cibində saxladığı açılıb-bağlanan, qara rəngli tutacağı olan bıçağı çıxarmış və həmin bıçaqla Azəri 2 (iki) dəfə bel nahiyəsindən vurmuşdur. O, Azərə bıçaqla xəsarət yetirdikdən sonra Azər geri çəkilərək yerə yıxılmışdır. O, bunu görüb çox qorxmuşdur. Onun həmin vaxt yaşı 18 yaş olduğundan bu hadisə ona çox pis təsir etmiş və ona görə də o, həmin vaxt hadisə yerindən qaçıb getmişdir. Həmin vaxt o, özündə olmamışdır. Sonra o, yaşadığı evə getmiş və paltarlarını dəyişmişdir. O, paltarlarını dəyişdikdən sonra Cəlilabad rayonunda yerləşən evlərinə getmişdir. Daha sonra polis əməkdaşları onunla əlaqə saxlamışlar və o, polis əməkdaşlarına törətdiyi cinayət əməlini etiraf etmişdir. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərinə qayıtdıqdan sonra 36-cı Polis bölməsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi əməldən çox peşman olduğunu, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyini, zərərçəkmiş şəxslə barışdığını, onun valideynləri tərəfindən müalicə xərclərinin zərərçəkmiş şəxsə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, cavan olduğundan hövsələsiz davrandığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, habelə həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 21 may 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində tanışı Kamran, Fazil və Natiqlə görüşmüş və onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Relax” adlı çay evinə getmişlər. Onlar bir qədər çay evində oturduqdan sonra oradan çıxaraq yaşadıqları məhəlləyə doğru getmişlər. Onlar Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Cənnət” adlı gül mağazasının qarşısına yaxınlaşan zaman orada təxminən 5-6 nəfər tanımadığı şəxslərin oturduğunu görmüşlər. O və dostları həmin şəxslərin yanından keçən zaman ayaq üstə dayanmış Seyidağa arxaya, yəni onlara tərəf çevrilib baxmışdır. Həmin vaxt o, Seyidağaya heç nə deməmişdir. Onlar Seyidağa və sonuncunun dostlarından bir qədər uzaqlaşdıqdan sonra Seyidağanın baxması ona pis təsir etmiş və o, dostları ilə birlikdə Seyidağanın yanına qayıdaraq sonuncuya yaxınlaşıb “tanış gəlirik, nə olub?” demişdir. Həmin vaxt Seyidağa onları tanıyıb-tanımadığı üçün baxdığını bildirmişdir. O, bundan sonra Seyidağanı söymüşdür. Bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı ilk olaraq o, Seyidağanı 1 (bir) dəfə yumruqla vurmuşdur. Bundan sonra onların arasında yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrilmiş və onlar qarışlıqlı şəkildə dalaşmağa başlamışlar. Həmin vaxt o, sol bel nahiyəsində ağrı hiss etmiş və Seyidağanın əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt o, başa düşmüşdür ki, Seyidağa ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra o, özünü itirib yerə yıxılmışdır. O, özünə gəldiyi zaman artıq xəstəxanada olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin özünü yaxşı hiss etdiyini, təqsirləndirilən şəxslər barışdığını, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin valideynləri tərəfindən onun müalicə xərclərinin ödənildiyini, habelə baş vermiş cinayət hadisəsinə səbəbin onun Seyidağaya qarşı kobudluq edərək təhqir etməsi və Seyidağanı yumruqla vurması olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınması və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, qaydasız döyüş idman növü ilə məşğul olur. Təqsirləndirilən şəxs onun dayısı oğludur. 21 may 2021-ci il tarixdə, saat 23:00 radələrində o, Seyidağa və tanışları Rəhman, Ramil, Emil ilə birlikdə idman etmişdir. Sonra Rəhman, Emil və Ramin oradan çıxaraq “Həzi Aslanov” metro stansiyasının yaxınlığına getmişlər. 22 may 2021-ci il tarixdə, saat 00:10 radələrində o, Seyidağa ilə birlikdə idmandan çıxaraq Rəhmangilin olduğu yerə getmişdir. Sonra onlar hamısı birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Cənnət” adlı gül mağazasının qarşısında olan oturacaqda oturub söhbət etməyə başlamışlar. Həmin vaxt “Ukrayna” dairəsi istiqamətindən onun tanımadığı 4 (dörd) nəfər şəxs onların yanından keçmişlər. Bu vaxt Seyidağa arxaya çevrilib həmin şəxsləri tanıyıbtanımadığı üçün baxmışdır. Həmin vaxt heç bir hadisə baş verməmişdir. Onların yanından keçən şəxslər 40-50 metr irəli getdikdən sonra geriyə qayıdaraq onlara yaxınlaşmışlar. Bundan sonra həmin şəxslərdən biri, yəni Azər Seyidağaya “tanış gəlirik, nə olub?” sözlərini demişdir. Seyidağa da Azərə sadəcə Azərgili tanıyıb-tanımadığı üçün baxdığını bildirmişdir. Həmin vaxt Azərlə Seyidağa arasında sözlü mübahisə baş vermiş və mübahisə zamanı Azər qəflətən Seyidağaya yumruq zərbəsi vurmuşdur. Bundan sonra Azərlə Seyidağanın arasında yaranmış mübahisə əlbəyaxa davaya çevrilmiş və Azər Seyidağanın üzərinə getmişdir. Həmin vaxt o, kiminsə bıçaqlandığını eşitmiş və dönüb baxan zaman Azərin yerdə olduğunu görmüşdür. O, Azərin bel nahiyəsindən qan axdığını görüb sonuncunu tanışları ilə birlikdə ayağa qaldırmış və Azəri oradan keçən taksi ilə xəstəxanaya yola salmışdır. Bundan sonra Seyidağa ona Azəri bıçaqladığını demişdir. Sonra onlar hadisə yerindən qaçaraq oradan uzaqlaşmışlar. Sonra da Seyidağa tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. 21 may 2021-ci il tarixdə, saat 23:00 radələrində o, Seyidağa, Elxan, Rəhman və Emil ilə birlikdə idman etmişdir. Sonra Rəhman və Emil “Həzi Aslanov” metro stansiyasının yaxınlığına getmişlər. 22 may 2021-ci il tarixdə, saat 00:10 radələrində o, Seyidağa və Elxan ilə birlikdə idmandan çıxaraq Rəhmangilin yanına getmişdir. Sonra onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Cənnət” adlı gül mağazasının qarşısında olan oturacaqda oturub söhbət etməyə başlamışlar. Həmin vaxt “Ukrayna” dairəsi istiqamətindən gələn təxminən 4 (dörd) nəfər şəxs onların yanından keçən zaman o, əlində olan boş şüşəni yaxınlıqda yerləşən zibil qutusuna atmaq üçün kənara çəkilmişdir. O, geri qayıdan zaman həmin şəxslərin Seyidağa, Elxan, Rəhman və Emilə yaxınlaşıb söhbət etdiklərini görmüşdür. O, onlara yaxınlaşan zaman artıq həmin şəxslərin arasında sözlü mübahisə yaranmış və mübahisə zamanı Azər Seyidağaya yumruq zərbəsi vurmuşdur. Bundan sonra Azərlə Seyidağa arasında yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrilmişdir. O, Seyidağanı və Azəri sakitləşdirmək istəmiş və ona görə də onları əli ilə tutmağa başlamışdır. Həmin vaxt o, kiminsə bıçaqlandığını eşitmiş və dönüb baxan zaman Azərin yerdə olduğunu, sonuncunun bel nahiyəsindən qan axdığını görmüşdür. O, Azərin tanışları ilə birlikdə oradan keçən taksi ilə Azəri xəstəxanaya yola salmışdır. Sonra Seyidağa ona Azəri bıçaqladıgını demişdir. O, baş vermiş hadisədən qorxduğundan qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs kürək nahiyəsindən daxilə nüfuz edən 2 (iki) bıçaq yarası ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 8-13) görünür ki, cinayət hadisəsi - ünvan 2 ünvanında yerləşən “Cənnət Flowers” gül mağazasının qarşısında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 44-45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 54-58) görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan ünvan 2 ünvanında yerləşən “Cənnət Flowers” gül mağazasının qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 76) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və cinayət nəticəsində ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-223/2021 saylı qərarından (cild 1, iş vərəqə 100-104) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay 28 (iyirmi səkksiz) gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin əvvəli onun tutulduğu vaxtdan, yəni 24 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 124) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 1270 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 145-147) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 435 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 137-139) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 636 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 140-144) görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan - belin sol bayır səthinin peritonarxası sahəyə nüfuz edən böyrəyi zədələyən 1 (bir) ədəd, belin sağ bayır səthinin periton boşluğuna nüfuz edən qalxançənbər bağırsağı və nazik bağırsağın seroz qişasını zədələyən 1 (bir) ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilmiş 22 may 2021-ci il tarixdə bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər. Dərəcəsinə görə hər biri ayrıayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 148-161) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29,120, 126.2.4, 221 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 may 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl, yəni 22 may 2021-ci il tarixdə, təxminən saat 00:00 radələrində Təqsirləndirilən şəxs dostları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Cənnət Flowers” adlı gül mağazasının qarşısında yerləşən oturacağın yanında olmuş və onlar həmin vaxt söhbət etmişlər. Gül mağazasının qarşısında cəmi 1 (bir) oturacaq olduğundan Təqsirləndirilən şəxs dostları həmin oturacaqda oturmuşlar. Seyidağaya isə həmin oturacaqda yer olmadığından o, ayaq üstə dayanmışdır. Seyidağa öz dostları ilə söhbət etdiyi vaxt onların yanından 4 (dörd) nəfər şəxs keçmişdir. Təqsirləndirilən şəxs həmin şəxsləri tanıyıbtanımadığını aydınlaşdırmaq üçün həmin şəxslərə doğru çevrilərək baxmışdır. Lakin Təqsirləndirilən şəxs həmin şəxsləri tanımadığından geri çevrilmiş və yenidən öz dostları ilə söhbət etməyə davam etmişdir. Təqsirləndirilən şəxs onların yanından keçən 4 (dörd) nəfərə heç bir söz atmamış, habelə sonunculara qarşı hörmətsizlik etməmişdir. Təqsirləndirilən şəxs hərəkəti yalnız Zərərçəkmiş şəxs və sonuncunun yanında olan şəxslərə bir anlıq baxaraq həmin şəxsləri tanıyıb-tanımadığını müəyyən etməkdən ibarət olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və sonuncunun yanında olan şəxslərə qarşı qanunsuz və əxlaqsız hərəkətlərə, o cümlədən cəmiyyətdə bərqərar olmuş hər hansı bir neqativ hərəkətə yol verməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxs öz dostları ilə Seyidağagilin yanından keçdiyi vaxt onların arasında heç bir söz-söhbət və təmas olmamışdır. Zərərçəkmiş şəxs öz dostları ilə Seyidağagildən bir qədər uzaqlaşdıqdan sonra buna hər hansı bir səbəb və əsas olmadığı halda yenidən Seyidağagilin yanına gəlmişdir. Bu vaxt Azər Seyidağaya müraciət edərək “tanış gəlirik, nə olub?” sözlərini demişdir. Seyidağa isə həmin vaxt Azərə heç nə olmadığını və Azərgilə baxmaqda məqsədinin sonuncuları tanıyıb-tanımamasını aydınlaşdırmaqdan ibarət olduğunu bildirmişdir. X3ra (Azərgilə) baxmasını özünə təhqir kimi qəbul edərək Seyidağa ilə sözlü mübahisə etməyə başlamışdır. Halbuki, Seyidağa Azərə və sonuncunun yanında olan şəxslərə qarşı özündə hörmətsizliyi ehtiva edən hərəkətlərə yol verməmişdir. Azər səbəbsiz yerə Seyidağa ilə sözlü mübahisə etdiyi zaman qəflətən özündən yaşca təxminən 18 yaş kiçik olan Seyidağaya yumruqla zərbə vurmuşdur. Bundan sonra onların arasında yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Tərəflər arasında yaranmış sözlü mübahisənin və əlbəyaxa davanın yeganə səbəbi Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri olmuşdur. Məhkəmə belə nəticəyə gələrkən iki məsələni əsas tutmuşdur. Bunlardan biri ondan ibarətdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşca xeyli böyük olduğundan (təxminən 18 yaş) və təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər hansı neqativ hərəkətə yol verilmədiyindən o, özünü təmkinli aparmaq əvəzinə, əksinə buna heç bir əsas olmadan aqressiv şəkildə təqsirləndirilən şəxsə haqsız irad bildirmiş, bundan sonra sonuncu ilə mübahisə etməyə başlamış, onların arasında sözlü mübahisə yarandıqdan sonra isə yumruqla təqsirləndirilən şəxsə zərbə endirmişdir. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxsin həm haqsız iradını, həm sözlü mübahisəyə yönəlmiş hərəkətlərini, həm də fiziki güc tətbiq etməsini qanunsuz hərəkətlər kimi qəbul edir. İkinci məsələ isə təqsirləndirilən şəxsin bu məsələlərdəki davranışından ibarət olmuşdur. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə haqsız yerə irad bildirdiyi vaxt, təqsirləndirilən şəxs özündən yaşca böyük olan zərərçəkmiş şəxsə - ona (zərərçəkmiş şəxs) tərəf baxdıqda məqsədinin yalnız sonuncunu və sonuncunun yanında olan şəxsləri tanıyıb-tanımadığını müəyyən etməkdən ibarət olmuşdur. Bu cavab zərərçəkmiş şəxsi qane etməmiş, əksinə o, bundan sonra təqsirləndirilən şəxslə sözlü mübahisə etməyə başlamışdır. Tərəflər arasında sözlü mübahisə yarandığı zaman buna heç bir əsas olmadan zərərçəkmiş şəxs qəflətən təqsirləndirilən şəxsə yumruqla zərbə vurmuşdur. Məhz bundan sonra onların arasında yaranmış sözlü mübahisə real dava-dalaşa çevrilmiş və nəticədə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə iki dəfə bıçaqla xəsarət yetirmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. Bundan başqa, Azərlə Seyidağa dava edərkən Seyidağa ondan yaşca xeyli böyük və fiziki cəhətdən qat-qat güclü olan Azərə gücünün çatmayacağını başa düşmüşdür. Həmçinin, Azərin qəflətən yumruqla Seyidağaya zərbə vurması sonuncuda qorxu hissi yaratmışdır. Təqsirləndirilən şəxs həmin vaxt Azərdən qorxması həm məntiqli, həm də ağlabatandır. Ağlabatanlıq isə Təqsirləndirilən şəxs çox cavan olmasında (19 yaş), mübahisənin gecə vaxtı (təxminən 00:15 radələrində) baş verməsində, zərərçəkmiş şəxs Azərin ondan az qala 20 (iyirmi) yaş böyük və fiziki cəhətdən güclü olmasında, habelə Azərin Seyidağaya yumruqla vurduğu zərbənin Seyidağa üçün gözlənilməz olmasında ifadə olunur. Bütün baş verənlərdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gücünün çatmayacağını görüb şalvarının cibində olan bıçaqla Zərərçəkmiş şəxs bel nahiyəsinə 2 (iki) dəfə xəsarət yetirmişdir. Nəticədə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə belə nəticəyə gəlir ki, baş vermiş cinayət hadisəsinə yeganə səbəb Zərərçəkmiş şəxs ondan yaşca xeyli kiçik olan Təqsirləndirilən şəxs qarşı sərgiləmiş olduğu qanunsuz hərəkətlər, yəni Azərin Seyidağaya əsassız yerə irad bildirməsi, bundan sonra Azərin Seyidağanı təhqir edərək söyməsi, nəhayət Azərin Seyidağaya qəflətən yumruqla zərbə vurması olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarəti məhz sonuncunun qanunsuz hərəkətlərinin təsiri altında yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 may 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən səmimi peşman olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə hələ ibtidai istintaqın ilkin mərhələsində barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətin zoraki cinayətə aid olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus təqsirləndirilən şəxs tərəfindən cinayətin məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə ibtidai araşdırmanın hələ ilkin mərhələsində barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən səmimi peşman olmasını, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən onun çox cavan olmasını (19 yaş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunu əsas tutmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən halların təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Eyni zamanda məhkəmə hesab edir ki, 19 yaşında olan bir cavan təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, ona elə bir həcmdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Başqa sözlə, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, habelə onun normal bir şəxs kimi cəmiyyətə inteqrasiya etməsinə maneə ola bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ev düstaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və onun cəzasının əvvəli 24 may 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddə üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs ev düstaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar