Məhkəmə qərarları › İş №1(101)-1631/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1631/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1631/2022 05.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)-547/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,мящкцмлуьу юдянилмямиш, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 9,831 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 20:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq DİN-in ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib orada həmin gün saat 21:40-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda ümumilikdə 9,831 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bağlama içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 2,224 qram, 1,243 qram, 0,358 qram və 6,006 qram olmaqla 04 ədəd şəffaf sellofan bükümlər halında Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71 mənzil 14-də yaşayır. Seymur adlı dostu da onun yaşadığı evə yaxın yerdə kirayədə yaşayır. O, narkotik vasitənin istifadəçisidir. Hərdən bir Seymurun yaşadığı evə gedib birlikdə narkotik vasitədən istifadə etmişlər. O, 02 iyun 2022-ci il tarixdə axşam saatlarında tanışı Seymurun kirayədə yaşadığı evin qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxslərin Seymurun yaşadığı evdən çıxdıqlarını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Müubarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Ona bildirmişlər ki, Seymurun yaşadığı evdən narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitənin ona məxsus olmasını boynuna almalıdır. Seymurla uşaqlıq dostu olmuşdur. Bir yerdə böyümüşlər, münasibətləri həmişə yaxşı olmuşdur. Lakin, Seymurun istifadəsində olan telefon nömrəsi yadında deyil, onun anket məlumatlarını bilmir. Ona görə də o razılaşıb həmin narkotik vasitənin və tərəzinin ona məxsus olmasını bildirmişdir. Bundan sonra müdafiəçi dəvət edilmiş, üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanılmış, həmin vaxt ona verilən narkotik vasitəni təqdim edərək ona məxsus olmasını bildirmişdir. Əslində isə həmin narkotik vasitə və tərəzi ona məxsus olmamışdır. Seymur dostu olduğu üçün boynuna almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Seymurun evindən çıxmamış, həyətdə olarkən polislər Seymurun evindən çıxıb ona yaxınlaşmışlar. Seymurun yaşadığı evdə narkotik vasitə olmasını bilməmişdir. Seymur dostu olduğu üçün razı olub boynuna götürmüşdür. O, Seymurun yanına gedirmiş ki, bir yerdə narkotik vasitə qəbul etsinlər, o evə qalxmamış, polislər Seymurun evindən çıxmışlar. Elan olunmuş cinayət işinin 27-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, narkotikin və tərəzinin ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-34-cü vərəqələrində olan izahatında, 61-64,73-77 və 185- 188-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...02 iyun 2022-ci il tarixdə saat 20:30-da mən yaşadığım Sumqayıt şəhərində 2-ci mikrorayon, Sülh küçəsində piyada gəzdiyim zaman kənardan mənə tərəf 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq məni saxladılar, həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirdilər və məndən anket məlumatlarımı soruşdular. Sonra polis əməkdaşları mənim narkotik vasitə və psxiotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağım barədə özlərində məlumat olduğunu bildirib məni qərarla tanış etdilər. Həmçinin, məndən üzərimdə bu kimi maddələr olub-olmadığı soruşdular, mən də səmimi şəkildə bildirdim ki, üzərimdə özüm qəbul etmək üçün saxladığım bir qədər kokos maddəsi, yəni narkotik maddə heroin var. Bundan sonra polislər məni özləri ilə Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirdilər. Mənə idarədə üzərimə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlandı, mənə təklif olundu ki, üzərimdə olan əşyaları, eləcə də qanunsuz saxladığım narkotik vasitə və psixotrop maddələr varsa çıxarıb təqdim edim. Mən də üzərimdə kakos kimi tanıdığım narkotik vasitə heroin, eləcə də elektron tərəzi olduğunu etiraf edərək əynimdə olan qara rəngli şalvarımın sağ yan cibindən 01 ədəd elektron tərəzini, .alvarımın sol yan cibindən içində 04 büküm heroin olan 01 ədəd sellofan bağlamanı çıxarıb masanın üzərinə qoydum. ...Sorğu sual zamanı mən üzərimdə saxladığım həmin 04 ədəd büküm heroinin özümə məxsus olduğunu, öz istifadəm üçün saxlamışam, həmin heroin bükümlərini bir gün qabaq, yəni, 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Ceyranbatan adlanan ərazidən Pərvin adlı tanımadığım şəxsdən öz istifadəm üçün 100 manata almışam. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, düz deməmişdir. Narkotik vasitə Seymurun olmuş, onda tərəzi və narkotik olmamışdır. Pərvin adlı şəxsdən narkotik vasitə almamışdır. O, narkotik vasitənin istifadəçisidir. İfadəsində də özünü 234.1-ci madəsi ilə təqsirli bilməyini bildirmişdir. İstintaq zamanı ona təzyiq və təsir olmamış, Seymur dostu olduğu üçün o özü razılaşıb boynuna götürmüş və ifadələrinə imza etmişdir. O, 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Barəsində Sumqayıt Şəhər Məhkəməsində hökm çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyir. 02 iyun 2022-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71, mənzil 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib saxlaması, üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə Baş İdarənin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, yəni 02 iyun 2022-ci il tarixdə saat 20:30-da ünvan 2 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edib saxlamışlar, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sorğu zamanı həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Samirə saxlanılma səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmışdır və Təqsirləndirilən şəxs üzərində bu kimi qanunsuz hər hansı maddələrin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs səmimi şəkildə hazırda üzərində bir qədər narkotik maddə olan «kakos» adı ilə tanınan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Samir etiraz etməyib onlarla gəlmişdir. Baş İdarənin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs Baş X2 təhqiqatçısı İslam Mürsəlov tərəfindən şübhəli şəxs qismində tutulmuş, Samirin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl videoçəkilişlə hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əvvəlcə şəxsi axtarış və götürmə aparılması barədə qərarla da tanış edilmişdir. Samirə təklif olunmuşdur ki, üzərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxlanılan hər hansı əşya və ya predmet, maddə varsa özü çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs öz üzərində «kakos» adı ilə tanınan narkotik vasitə heroin, həmçinin elektron tərəzi olduğunu bildirib əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə bir ədəd sellofan bağlamanı, həmçinin 31 manat 20 qəpik nağd pulunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin sellofan bağlamanın içərisinə baxış keçirilərkən 04 ədəd kiçik şəffaf sellofan bükümlərdə şübhəli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin hər birinin içində «kakos» adı ilə tanınan heroin olduğunu bildirmişdir. Həmin 04 ədəd şəffaf sellofan bükümlər təhqiqatçı İslam Mürsəlov tərəfindən açılıb baxışa təqdim olunmuş, həmin bükümlərin hər birinin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş elektron tərəziyə də baxış keçirilmişdir. Üzərində hər hansı bir yazı olmayan sadə elektron tərəzi olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, özü təxminən 2 ilə yaxın müddətdir ki, narkotik maddələrdən istifadə etməklə qəbul edir, həmin 04 ədəd bükümlərdə olan heroini də özü istifadə etmək üçün bir gün qabaq Ceyranbatan adlı ərazidə dəqiq tanımadığı, anket məlumatlarını bilmədiyi hansısa Pərvin adlı şəxsdən 100 manat pul müqabilində satın almışdır, elektron tərəzini isə üzərində o məqsədlə saxlamışdır ki, həmin narkotik maddəni satın alanda çəkisini özü üçün müəyyən etsin. Həmçinin bildirmişdir ki, həmin narkotik maddədən heç kimə verməmiş, istifadə etməmişdir. Narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, aşkar edilmiş 31 manat 20 qəpik pul isə öz şəxsi puludur, narkotik və ya psixotrop maddələrin dövriyyəsinə aid pul deyildir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya və ya predmet, maddə aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə olan həmin 04 ədəd sellofan bükümlər və 01 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Pul əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sonra isə həyata keçirilmiş bu prosesə və aşkar edilənlərə dair təhqiqatçı İslam Mürsəlov tərəfindən protokol yazılaraq iştirakçılara ucadan oxunmuşdur. Təqsirləndirlən şəxs və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, tərəzini Pərvin adlı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, yanında heç kim olmamışdır. Sonradan da əldə etdikləri əlavə əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində bu kimi maddələri satan şəxs kimi xarakterizə edilmişdir. Seymur adlı şəxs tanımır. Seymur adlı şəxsin evində olmamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər olmamışdır. İdarədə videoçəkilişlə baxış keçirilərkən özü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 02 iyun 2022-ci il tarixli raportundan görünür ki, Samir adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 02 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satış məqsədilə əldə edərək özündə saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 5(005)-703/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 02 iyun 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 02 iyun 2022-ci il tarixli, Ə161-007-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satış məqsədilə əldə edərək özündə saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 27-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində kakos kimi tanıdığı narkotik vasitə və elektron tərəzi olduğunu bildirərək, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzini, şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamanı, 31 manat 20 qəpik pulu təqdim etmişdir. 01 ədəd sellofan bağlamaya baxış keçirildikdə, içərisində 04 ədəd şəffaf bükümlər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə kakos kimi tanıdığı narkotik vasitə olduğunu, 2 ildir istifadə etdiyini, 04 ədəd bükümün özünə məxsus olduğunu, həmin bükümləri dünən, yəni, 01 iyun 2022-ci ildə saat 20 radələrində Ceyranbatan adlanan ərazidə şəxsi istifadəsi üçün Pərvin adlı şəxsdən 100 manata aldığını, tərəzini narkotiki alan zaman çəkisini müəyyən etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş elektron tərəzi və 04 ədəd bağlama qablaşdırılaraq götürülmüşdür. 31 manat 20 qıpik pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı Sony markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 6/3119 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,224 qram, 1,243 qram, 0,358 qram və 6,006 qram - ümumi təmiz çəkisi 9,831 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 132-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 01 iyul 2022-ci il tarixli, 288\MEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən əldə edilmiş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 193-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik leytenantı X1 11 avqust 2022-ci il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Pərvin adlı şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, üzərində aşkar edilmiş narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmadığını, dostu Seymur adlı şəxsə aid olduğunu, dostuna görə həmin narkotik vasitəni öz üzərinə götürdüyünü bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 74.2.2-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 74.2.2-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Maddənin məzmunundan göründüyü kimi, cinayəti təşkil edən sonuncu epizod həm bütöv cinayətin törədildiyi yeri, həm də cinayətin başa çatdığı anı müəyyən edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunduğundan, müvafiq olaraq davam edən cinayətin başa çatma anı da son əməlin törədildiyi vaxtla müəyyən edilməlidir. Belə ki, cinayət işi materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanılsa da, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərində BMCM İdarəsində baxış keçirilmiş və baxış zamanı üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi yurisdiksiyası üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 167-168-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)- 547/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş 04 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)- 547/2022 saylı hökmü 0 oktyаbr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırki əməlləri Təqsirləndirilən şəxs oğlu Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)-547/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməzdən əvvəl törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini Сumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)-547/2022 saylı hökmündən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməli və həmin maddə ilə müəyyən edilmiş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmçinin, həmin Plenum qərarında qeyd edilmişdir ki, cinayətlərin məcmusuna görə cəza təyinetmə qaydaları Cinayət Məcəlləsinin 66-cı maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Сumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)-547/2022 saylı hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 14 iyul 2022-ci il tarixli, 6363 saylı мəktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 130-cu vərəqəsində olan 14 saylı MKS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 135-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 16 iyun 2022-ci il tarixli, 1975\K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Müayinə zamanı sidik nümunəsi götürmək mümkün olmamışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 03 iyun 2022-ci il tarixli 2964 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 02 iyun 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 02 iyun 2022ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 88-92-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli 4(005)-646/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq 9,631 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(060)-547/2022 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra ümumilikdə qalıq 9,631 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar