Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1632/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) – 1632/2021 BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında Qərar 13 oktyabr 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti X10, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Dövlət ittihamçısı vəsatətlə müraciət edərək göstərmişdir ki, iş materiallarından görünür ki, narkotik vasitələrin kultivasiyası, saxlanması, satışı və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə, saat 19:30 radələrində Yeni Suraxanı qəsəbəsi, Tağıyev küçəsi ev 7-də saxlanılmış və həmin gün saat 20:30 radələrində Suraxanı rayon polis idarəsinin inzibati binasına gətirilmişdir. İş materiallarında olan “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” 07.05.2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən tərtib edilmiş həmin protokol Bakı şəhəri, Suraxanı RPİ-nin CAŞ-nin rəis müavini, Şahid1, həmin idarənin əməkdaşları X7, Şahid3 və Şahid4, Azərbaycan Milli Elmlər X1 baş aqronom vəzifəsində işləyən X18 və vəkil X8 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə qeyd edilən protokolu imzalamaqdan imtina etmişdir. “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” istintaq hərəkəti 07 may 2021-ci il tarixdə, saat 19:30-dan 20:20-dək davam etmiş və bu barədə protokol isə həmin gün saat 20:35-dən 20:45-dək tərtib edilmişdir. (i.v 38-39) Cinayət işinin 34-cü vərəqində olan kompüterdə tərtib edilmiş Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətova ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən həyətyanı sahəsi və mənzilində polis tərəfindən axtarış keçirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan 07 may 2021-ci il tarixli “Axtarış aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək ünvan 2 ünvanında yerləşən yaşadığı ünvanda saxlanılmış və həmin ünvanda axtarışın aparılması qərarı alınmışdır. Qeyd edilən qərarla tanış edilmə zamanı Təqsirləndirilən şəxs imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” 07.05.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş diskə baxış zamanı ümumiyyətlə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılması haqqında hər hansı qərarla tanış edilməsi, habelə onun belə axtarış aparılmasına razılıq verilməsi barədə ərizə verməsi müəyyən edilmir. Bu isə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmasına etiraz etməməsi barədə tərtib edilmiş ərizənin sonradan tərtib edilməsi barədə haqlı şübhələrə səbəb olur. Cinayət işinin 15-ci vərəqində olan Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X9 ünvanlanmış Təqsirləndirilən şəxs adından tərtib edilmiş ərizədən görünür ki, sonuncu maddi imkanı olmadığı üçün dövlət hesabına vəkilin təqdim edilməsini xahiş etmişdir. Lakin həmin ərizənin qeydiyyat tarixi 07 may 2021-ci il kimi göstərilsə də, cinayət işinin qeydiyyat nömrəsi ilə (2********) qeydə alınması və Təqsirləndirilən şəxs ümumiyyətlə ərizəni imzalamaması, cinayət işinin isə yalnız 1 gün sonra, yəni 8 may 2021-ci il tarixdə başlanması, qeyd edilən ərizənin formal olaraq tərtib edilməsi haqqında əsaslı şübhələrə səbəb olur. İş materiallarında olan “Vəkil dəvət edilməsi haqqında” 07 may 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən AR CM-nin 234.1 və 237.1-ci maddələri ilə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüqunu təmin etmək məqsədi ilə Bakı şəhəri, 9 saylı vəkil Bürosundan pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilməsi qərara alınmışdır. Lakin həmin qərarın təsviri-əsaslandırıcı hissəsində isə cinayət əməli törətməkdə şübhəli bilinən şəxsin X12 olduğu qeyd edilmişdir. (i.v 17) İş materiallarında olan “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokoldan görünür ki, 07 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən AR CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə şübhəli bilindiyi üçün saxlanılmış Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 000980 nömrəli order əsasında Bakı şəhəri, 9 saylı vəkil Bürosunun vəkili X8 təqdim edilmişdir. Qeyd edilən protokolun ikinci abzasında göstərilmişdir ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim olunan vəkil X2 tərəfindən cinayət prosessində hüquqlarının müdafiə olunmasını istəyir”. Həmin protokol təhqiqatçı Suad Həmzəyev, müdafiəçi P.Əliyeva tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs isə imzalanmaqdan imtina etməsi qeyd edilmişdir. (i.v 21) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə, saat 20:30-da Suraxanı RPİnin inzibati binasında müdafəçi X3 iştirakı ilə tutulmuşdur. Yuxarıda qeyd edilən prosessual sənədləri Təqsirləndirilən şəxs imzalamaqdan imtina etməsi qeyd edilmişdir. (i.v 22-23) Yuxarıda qeyd edilən prosessual sənədlərə əsasən, Təqsirləndirilən şəxs ona görə tutulmuşdur ki, 07.05.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da yaşadığı ünvan 5 ünvanda saxlanılaraq yaşadığı mənzilə və həyətyanı sahəsinə keçirilmiş baxış zamanı həyətyanı sahəsindən 33 ədəd yaş vəziyyətdə ümumi çəkisi 46,840 qram narkotik tərkibli çətənə bitkiləri, mənzilində isə 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3100 qram və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 46,811 qram, ümumilikdə 3146,811 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən kütlənin narkotik vasitə və bitkilərin narkotik tərkibli bitkilər olması ehtimalı ilə əlaqədar şübhəli şəxs kimi tutulduğundan ona müdafiəçi təyin edilməlidir. Şübhəli şəxsin hüquqlarının müdafiəsi vəkil P.Əliyevaya həvalə edilmiş və ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqları sonuncu tərəfindən müdafiə edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən və fərdi yaşayış otağından narkotik vasitəyə bənzər kütlənin və narkotik tərkibli bitkilərin götürülməsindən sonra o, şübhəli şəxs qismində cəlb edilmiş və ona hüquqlarının müdafiəsinin təmin edilməsindən ötrü müdafiəçi təyin edilmişdir. Ancaq Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən və fərdi yaşayış otağından narkotik vasitə və narkotik tərkibli bitkilərin götürülməsi zamanı tərtib edilmiş protokolu imza edən şəxslərdən biri onun ibtidai istintaq zamanı hüquqlarının müdafiəsini təmin edən vəkil P.Əliyeva olmuşdur. Vəkilin qeyd edilən predmetlərin götürülməsindən sonra həmin əməl üzrə şübhəli şəxsin hüquqlarının müdafiəsindən ötrü müdafiəçi qismində cəlb edilməsi müdafiə hüququnun real olaraq pozulması qənaətini qaçılmaz edir. Çünki baxış və götürmə zamanı vəkil faktiki olaraq şahid qismində iştirak etmişdir ki, şahidin hüquqi statusu ilə vəkilin cinayət işi üzrə müdafiəçi qismində cəlb edildikdən sonra hüquqi statusu fərqli olur ki, şahid qismində iştirak edən şəxsin sonradan həmin əmələ görə şübhəli və təqsirləndirilən şəxs qismində cəlb edilən şəxsin hüquqlarının müdafiəsinə cəlb edilməsi qanuni və məntiqi hesab edilə bilməz. Şahid qismində iştirak edən vəkilin, sonradan həmin əməlin nəticəsində ittiham olunan şəxsə səmərəli hüquqi yardım göstərib-göstərməməsinə dair sualların yaranmasını qaçılmaz edir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsində müdafiəçinin iştirakı, müdafiəçi qismində işə buraxılmazdan əvvəl tərtib edilmiş prosessual sənədlərdə müdafiəçinin ad və soyadının yer alması, müdafiəçinin həmin sənədləri imzalaması təqsirləndirilən şəxsin tutulduğu andan müdafiəçi ilə təmin edilməli olması barədə CPM-nin tələbinə əməl edilməsinin formal olaraq, görüntü yaratmaq üçün sənədləşdirilməsi barədə qənaətə gəlməyə əsas verir. Bundan başqa, cinayət işinin 31-ci vərəqində olan “Mütəxəssis təyin edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Milli Elmlər X1 baş aqronom vəzifəsində işləyən X18 mütəxəssis qismində təyin edilmişdir. Yuxarıda da, qeyd edildiyi kimi, mütəxəssis X18 “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” 07.05.2021-ci il tarixli istintaq hərəkətində iştirak edərək bu barədə rəy vermişdir. CPM-nin 107,109 və 117-ci maddələrinin tələblərinə əsasən cinayət prosesi zamanı cəlb edilmiş mütəxəssis etiraz edilə bilən prosessual şəxslər siyahısına daxil edilmişdir. İş materiallarında olan “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” 07.05.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş diskə baxış zamanı mütəxəssis X13 Təqsirləndirilən şəxs təqdim edilməsi, ona etiraz etmə hüququnun izah edilməsi və bu barədə hər hansı prosessual sənədin tərtib edilməsi görünmür. Habelə, bu barədə sonradan da hər hansı prosessual sənədin tərtib edilməsi iş materiallarında müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər X1 baş aqronom vəzifəsində işləyən X13 tərtib edərək təqdim etdiyi “Təqdim olunmuş bitkilərə baxış keçirilmkəsi barədə” rəyin qeydiyyat tarixi və qeydə alınma nömrəsindən görünür ki, həmin rəy 07 may 2021-ci il tarixdə tərtib edilmiş və həmin tarixdə də Suraxanı RPİ-də qeydə alınması barədə ştamp vurulmuşdur. Lakin həmin ştampda qeydə alınma nömrəsi kimi hələ bir gün sonra başlanacaq cinayət işinin (2********) nömrəsi vurulmuşdur. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasıdır. Bundan başqa, CPM-nin 285-ci maddəsinin tələbinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin məcəllənin 286-cı maddəsinin tələbinə görə müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. İş üzrə 30 avqust 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş maddi sübutlarla – ümumi təmiz çəkisi 3146,811 qram narkotik vasitə olan qurudulmuş marixuana, 33 ədəd yaş vəziyyətdə təmiz çəkisi 46,480 qram narkotik tərkibli çətənə bitkisi və 02 ədəd elektron tərəzi ilə tanış olmasının təmin edilməsi məqsədi ilə cinayət işi materiallarında qeyd edilən maddi sübutların prosessual hərəkətin yerinə yetirildiyi ƏN Penitensiar Xidmətin Müalicə Müəssəsində keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Cinayət işinin 150, 155-ci vərəqlərində olan “Təqsirləndirilən şəxs və onun müdafiəçisini ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” və “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokollarından görünür ki, Təqsirləndirilən şəxs və Pürzə Əliyevaya ibtidai istintaqın qurtarması və iş materialları ilə tanış edilməsi üçün 30.08.2021-ci il tarixdə məlumat verilmiş, 02 sentyabr 2021-ci il tarixdə isə onlar ƏN Penitensiar Xidmətin Müalicə Müəssəsində iş materialları ilə tanış olmuşlar. P.Əliyeva həmin protokolları imzalasa da, Təqsirləndirilən şəxs həmin protokolları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Eyni zamanda 30 avqust 2021-ci il tarixli “Təqsirləndirilən şəxs və onun müdafiəçisini ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” protokolda iş materialları ilə 02 avqust 2021-ci il tarixdə saat 13:00-da ƏN Penitensiar Xidmətin Müalicə Müəssəsində tanış ola biləcəyi qeyd edilmişdir. Həmçinin cinayət işinin 155-ci vərəqində olan “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda 1 cild 160 vərəqdən ibarət olan iş materialları ilə müdafiəçi və təqsirləndirilən şəxsin tanış olduğu qeyd edilmişdir. Bu da tanış etmə protokolunun formal olaraq tərtib edilməsini göstərir. Həmçinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssəsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi P.Əliyeva 30.08.2021-02.09.2021-ci il tarixlərdə müəssisəyə daxil olmamış və eyni zamanda maddi sübutlar müəssisəyə keçirilməmişdir. Göründüyü kimi, müstəntiq tərəfindən kobud pozuntuya yol verilməklə təqsirləndirilən şəxsin hüquqları əsassız surətdə məhdudlaşdırılmışdır. Beləliklə də, iş materiallarının, o cümlədən maddi sübutların təqsirləndirilən şəxsə təqdim olunmaması onun müdafiə hüquqlarını pozmaqla, habelə onun iş materialları ilə tanış olması hüququ pozulmuşdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Göstərilənlərə əsasən, xahiş edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin. Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X6 və Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılsın. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. CPM-nin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X6 və Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 barələrində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.1 və 303.3.8-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X6 və Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 barələrində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev İş № 1(101) –1632/2021 BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Həbs qətimkan tədbirinin uzadılmasına dair Qərar 13 oktyabr 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti X10, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı X5 vəsatətinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən qaytarılmışdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada, eyni zamanda, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Dövlət ittihamçısı vəsatətlə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılsın. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 4(010)-492/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 27 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-1632/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174, 298-300 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə-13 noyabr 2021-ci il tarixədək uzadılsın. Qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1632/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1632/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver