Məhkəmə qərarları › İş №1(101)-1632/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1632/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1632/2022 26.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, N.ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 73 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, 221.3-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 04 may 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 73 ünvanda yerləşən “Renı” gözəllik salonunun qarşısından qeyri-rəsmi arvadı Şahid2 keçərkən həmin məhəllədə yaşayan Zərərçəkmiş şəxs guya küçədə ünvansız nalayiq ifadələr işlətməsini və onun bu sözlərini yaxınlıqdan keçən Şahid2 eşitməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə vuraraq xuliqanlıq etmiş və sonuncuya qarının ön divarının sağ yarısının ön qoltuq xətti ilə orta körücük xətti arasında qabırğaaltı nahiyyədən qarın boşluğuna nüfuz edən, qalxan çənbər bağırsağı və müsariqəni zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 400 ml-dək qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, körpə vaxtlarında onu himayə edib böyütmüş baba və nənəsi ilə birgə yaşamışdır. Belə ki, kiçik yaşlarında olarkən atası X7 Federasiyasına getmiş, anası isə ona baxa bilmədiyindən baba və nənəsi onu himayəyə götürmüşlər. Atasının üzünü görməmiş, sonradan eşitdiyinə görə atası Rusiya Federasiyasının hansısa cəzaçəkmə müəssisəsində cəza çəkərkən vəfat etmişdir. Xərçəng xəstəsi olan anası X4 rayonu Gülbəyi kəndində tək yaşayır. Anası toyuq-cücə və başqa ev heyvanları saxlamaqla özünün, bəzi hallarda isə onun da maddi təminatını qarşılamağa çalışır. O, 2012-ci ildə İmişli şəhərindən çıxıb Bakıya gəlmiş, həmin vaxtdan başlayaraq sonrakı illərdə oğurluq, xuliqanlıq, sağlamlığa az ağır zərər yetirmə kimi cinayətlər törətdiyinə görə azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında azadlığa buraxıldıqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayıb fərdi işlərlə məşğul olmuşdur. 2021-ci ilin oktyabr ayında Şahid2 ilə qeyri-rəsmi ailə qurmuş və onlar 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 73 ünvana kirayə köçərək orada yaşamağa başlamışlar. 04 may 2022-ci il tarixdə saat təxminən 18 radələrində yuxudan oyanıb arvadının evdə olmadığını görmüş və onun yaxınlıqdakı marketlərdən birindən çörək almağa getdiyini etimal edərək onu qarşılamaq üçün evdən çıxmağa hazırlaşmışdır. Evdən çıxarkən masanın üzərində olan qatlanıb-açılan bıçağı əynindəki gödəkçənin çibinə qoyaraq özü ilə götürmüşdür. Həmin anda arvadı Əfsanəni çörək almaqdan qayıtmış və yoldan keçərkən bir neçə nəfər şəxsin öz aralarında nalayiq ifadələr işlətdiyini demişdir. Özü-özlüyündə qeyzlənmiş və küçədən qadın keçən vaxtda kimlərinsə nalayiq ifadələr danışmaları onu hirsləndirmişdir. Küçəyə çıxmış və təxminən 35-40 yaşlarında, əlində kiçik araq butulkası, yaxud enerji içşkisi olan, sonradan adının Cavid olduğunu bildiyi şəxsin hərəkət etdiyini görmüşdür. Cavidin qarşısına çıxan iki nəfər tanımadığı adamların ünvanına, eləcə də ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin vaxt bir nəfər şəxs Cavidə yaxınlaşaraq ona irad tutmuş, Cavid isə həmin şəxsə “əcəb edirəm” deyə cavab vermişdir. Cavidin belə hərəkətini, yəni ətrafda olan qadını, uşağı nəzərə almadığını görərək ona yaxınlaşmış və öz arvadının da məhəllədən keçdiyini deyərək nalayiq ifadə işlətməsini eşitdiyini deyib belə hərəkət etməməsini xahiş etmişdir. Cavid ona “əcəb edirəm, öz küçəmdir, nə istəsəm onu edə bilərəm”deyə cavab verdikdə o, bundan bərk əsəbləşmiş və sağ ayağı ilə bir dəfə onun sifətinə zərbə vurmuşdur. Həmin vaxt tanımadığı oğlan müdaxilə edərək onları aralayan zaman Cavid əlindəki enerji içki qabı ilə onun sifətinə bir dəfə zərbə vurmuşdur. O, Cavidə qarşılıq vermək istədikdə həmin şəxs təkrar müdaxilə edərək buna imkan verməmişdir. Həmin vaxt Cavid əynindəki qara gödəkçəsini çıxarıb daşın üstünə atmış və poluverinin qollarını çırmayıb onunla dava etməyə hazır olduğunu nümayiş etdirərək ünvanına nalayiq ifadələr işlətmişdir. O, Cavidə tərəf getdikdə sonuncu həmin yerdə park edilmiş qara rəngli avtomobilin ətrafında dövrə vuraraq ondan qaçmış və yenidən onun ünvanına nalayiq ifadə işlədərək oradan uzaqlaşmışdır. Hadisə yerində olan tanışı Qismət, Osman və bir neçə tanımadığı şəxs ondan çıxıb getməsini xahiş etdiklərinə görə o, gödəkçəsini qolu üzərində tutub evinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt Cavid pol taxtasına oxşar taxta ilə ona doğru gələrək yaxınlaşan kimi onu taxta ilə vurmuşdur. O, sağ qolunu qabağa uzadıb zərbənin qarşısını alsa da taxta parçası başının ənsə nahiyyəsinə dəymişdir. Cavidin bu hərəkətindən əsəbləşərək az əvvəl evdən çıxarkən cibinə qoyduğu bıçağı çıxardıb onun qarnına bir dəfə vurmuşdur. Cavid əlini qarnına sıxaraq “məni vurdunmu?”deyə bildirmiş və onu söyə-söyə yaxınlıqdakı taksiyə tərəf gedərək sürücüdən onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, məhəllədə yaşayan həmin yaşlı taksi sürücüsünü tanıdığından onun da Cavidi tanıdığına və onu xəstəxanaya aparacağına əmin olduğundan evə getmişdir. Evdə Cavidə xəsarət yetirdiyi bıçağı masanın üzərinə atdıqda arvadı Əfsanə əlinin qanlı olduğunu görüb nə baş verdiyini soruşaraq çox həyəcanlanmışdır. Əli qanlı olduğundan və bıçağı masanın üzərinə atdığından baş verənləri arvadından gizlədə bilmədiyi üçün küçədə söyüş söyən bir nəfər şəxslə aralarında mübahisə baş verdiyini, guya həmin şəxsin qoluna yüngül xəsarət yetirdiyini və onu taksi ilə xəstəxanaya yola saldığını bildirmişdir. Əfsanə onun qolunda və çənəsində xəsarət izlərini görüb polisə müraciət etmək lazım olduğunu demişdir. O isə Əfsanəyə onu atasının yaşadığı Mehdiabad qəsəbəsindəki evə aparıb qoyduqdan sonra polisə gedəcəyini bildirmiş və arvadından atasının evdə olub-olmamasını öyrənmək üçün ona zəng etməsini xahiş etmişdir. Əfsanə atasına zəng edib onun evdə olduğunu dəqiqləşdirdikdən sonra onlar taksi ilə qaynatası Şahid1 evinə getmişlər. O, qaynatasına da hadisəni arvadına danışdığı kimi danışmışdır. Qaynatası onun polisə müraciət etməli olduğunu deyərək şəxsə xəsarət yetirdiyi bıçağın harada olduğunu soruşmuş, o da həmin vaxt bıçaq üstündə olduğundan onu qaynatasına vermişdir. Bundan sonra polisə gedəcəyini deyərək arvadını qaynatasıgildə qoyub çıxmışdır. O, sənədlərini götürmək üçün kirayədə qaldıqları ünvana getmiş, lakin polis əməkdaşlarının orada olmasından ehtiyat edib yaxınlaşmağa cürət etməmişdir. Səhərə kimi ətrafda gəzib dolaşmış, sonra isə bıçağı qaynatasından götürüb polisə təqdim etmək qərarına gəlmişdir. Bu məqsədlə 05 may 2022-ci il tarixdə qaynatasıgilə getmiş, həmin ünvana gəlib onu axtaran polislərə təslim olmuş və qaynatasına verdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Binəqədi rayon Pois İdarəsinin 4-cü Polis Şöbəsinə aparılmış və orada hadisəni olduğu kimi etiraf etmişdir. Zərərçəkmiş şəxsla aralarında əvvəllər heç bir düşmənçilik olmamışdır. O, Cavidi xuliqanlıq niyyəti ilə vurmamış, sonuncu küçədə nalayiq ifadələr işlətdiyinə görə ona irad bildirərkən aralarında mübahisə baş vermiş və nəticədə bıçaqlamışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş, ətrafdakı müxtəlif şəxslər bu hadisənin şahidi olmuşlar, bəziləri də müdaxilə edib onları ayırmağa çalışmışlar. Məhkəmədən bütün bu halları, törətdiyi əməldən peşman olmasını, xuliqanlıq etməməsini, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, qeyrirəsmi münasibətdə olsa da, yəni rəsmi nikahları olmasa da faktiki həyat yoldaşının 9 aylıq hamilə olmasının nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, anası, arvadı və iki oğlu ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Uzun müddət Bakı və Sumqayıt şəhərlərində “Kapital bank”ın filial müdiri vəzifəsində çalışmış, 2011-ci ildən işsiz olmuş, fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır. 04 may 2022-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evin yaxınlığındakı məhəllədə yerləşən “Nihad” marketə gedərək 2 ədəd pivə və 1 ədəd enerji içkisi almış və marketin ətrafında gəzişərək pivələri içmiş, sonra isə enerji içkisini içə-içə məhəlləyə doğru hərəkət etməyə başlamışdır. “Reni” gözəllik salonunun qarşısındakı ərazidən məhəlləyə doğru gedərkən “Potuş” ləqəbli Tamerlan adlı tanıdığı oğlanla qarşılaşmış və onunla söhbət etməyə başlamışdır. Bu zaman əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Telman adlı şəxs ona yaxınlaşmış, buradan bir az əvvəl onun arvadının keçdiyini deyərək niyə arvadı yaxınlıqdan keçərkən guya nalayiq ifadələr işlətdiyini deyib niyə belə etməsini soruşmuş və gözlənilmədən təpiklə onun sol çiyin nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. O, həmin şəxsin hərəkətinə qarşılıqlı cavab vermək istəsə də Tamerlanın müdaxiləsi ilə sakitləşmişdir. Buna baxmayaraq Telman adlı şəxs onun ünvanına uca səslə, ətrafdakıların eşitdiyi bir vəziyyətdə ağır söyüşlər və nalayiq ifadələr işlətməkdə davam etmişdir. O, Telmana cavab qaytardığından aralarında yenidən mübahisə baş vermiş və əlbəyaxa olmuşlar. Həmin vaxt o, əlindəki enerji içkisinin qabını Telmanın sifətinə vurmuş, lakin Tamerlan müdaxilə edərək birtəhər onları aralamışdır. Bundan sonra Telman əynindəki ağ rəngli idman gödəkçəsini soyunub daş hasarın üzərinə ataraq onunla dava etməyə hazırlaşmış, o da öz növbəsində qorxub qaçmağın ətrafdakılardan ayıb olacağını düşünərək əynindəki gödəkçənin qollarını geri çirmələyib sanki özünün də qarşılıq verməyə hazır olduğunu nümayiş etdirmişdir. Halbuki, ümumiyyətlə dava etmək istəməmiş, birtəhər Telmanın ondan uzaq olmasına nail olmağı fikirləşmişdir. Lakin, həmin an Telmanın gözlənilmədən cibindən bıçaq çıxarıb onun üzərinə gəlmiş, bunu görüb qorxaraq məhəlləyə doğru qaçmışdır. Telmanın onun ardınca gəldiyini gördükdə özünü müdafiə etmək üçün orada əlinə keçən taxta parçasını götürmüşdür. Buna baxmayaraq Telman əlində bıçağı tutmuş vəziyyətdə onun üzərinə gəlməyə davam etmişdir. Buna görə özünü müdafiə etmək məqsədilə əlindəki taxta ilə Telmanın çiyin, ya da baş nahiyyəsinə vurub qorxutmağa çalışsa da sonuncu ona əhəmiyyət vermədən yaxınlaşıb bıçaqla onun qarnından bir zərbə vurmuşdur. O, əli ilə qarnının kəsilmiş hissəsini tutub aşağı əyilmiş və kolların dibində oturmuşdur. Həmin vaxt orada olan, faktiki baş verənləri görən Qismət, Tamerlan və başqa məhəllə uşaqları yaxınlaşıb ona kömək etmişlər. Onu Osman adlı taksi sürücüsünün avtomobili ilə 1 saylı Kliniki Şəhər Xəstəxanasına aparmışlar və o, xəstəxanada əməliyyat olunmuşdur. Müəyyən müddət xəstəxanada müalicə aldıqdan sonra onu evə buraxmışlar. Təqsirləndirilən şəxsla aralarında əvvəllər heç bir düşmənçilik olmamış, onu əvvəllər tanımamışdır. O, Telmanı və arvadını tanımamış, heç vaxt bilərəkdən hər hansı qadının yanında nalayiq ifadələr işlətməmiş və kiminləsə qəsdən konflik yaratmaq niyyətində olmamışdır. Telmanla aralarındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt Qismət, Tamerlan və Osman adlı məhəllə sakinləri, habelə tanımadığı başqaları hadisənin şahidi olmuşlar. Ona xəsarət yetirən Təqsirləndirilən şəxs elə onun yaşadığı məhəllədə kirayədə qaldığını sonradan öyrənmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs anası onun yanına gəlib üzrxahlıq etmişdir. O, hazırda Təqsirləndirilən şəxs bağışlamış və barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bütün bu haları, həmçinin Təqsirləndirilən şəxs cavanlığının, həyat yoldaşının hamilə olmasının, anasının ağır xəstə olmasının nəzərə alınaraq ona mümkün olan ən yüngül cəza təyin edilməsini, əgər mümkündürsə həbsdən azad olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, ünvan 6 ünvanda atası Şahid1 və anası Güllü Novruzova ilə birlikdə yaşamış, 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxsla qeyri-rəsmi olaraq ailə qurmuş və 13 aprel 2022-ci il tarixdən Telmanla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 73 ünvandakı fərdi evə kirayəyə köçərək orada yaşamağa başlamışlar. 04 may 2022-ci il tarixdə saat 19 radələrində əri Telman evdə yatdığından o özü yaxınlıqdakı “Gəncə Təndiri” deyilən dükandan çörək almağa getmişdir. Çörək alıb evə qayıdarkən bir nəfər tanımadığı, hərəkət və danışıqlarından sərxoş olduğu hiss olunan və əlində içki butulkası tutmuş 35-40 yaşlı bir nəfər şəxsin ünvansız formada nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin söyüşlərin onunla heç bir əlaqəsi və aidiyyəti olmadığından əhəmiyyət verməyib yoluna davam etmiş, evə çatanda Telmanın onu qarşılamaq üçün evdən çıxmağa hazırlaşdığını görmüşdür. Telmana yoldan keçərkən kiminsə küçədə ünvansız olaraq nalayiq ifadələr işlətməsini danışmışdır. Telman ona evə keçməsini tapşırmış, özü isə küçəyə doğru hərəkət edib getmişdir. Həmin vaxt Telmanın Qismət adlı dostunun da oraya doğru yaxınlaşdığını görmüşdür. Bundan sonra o, evə getdiyi üçün hadisəni görməmişdir. Təxminən 5-10 dəqiqə sonra Telman əlləri qanlı və sol əlində bıçaq tutmuş halda tələsik evə gəlmiş və mətbəxdə istifadə etdikləri özlərinə aid bıçağı əsəbi halda masanın üzərinə atmışdır. O, nə baş verdiyini soruşduqda Telman həyəcanlı şəkildə ”atan evinə gedə bilərikmi? atana zəng et qonaq qəbul edirmi?”deyə soruşmuşdur. O, atasına zəng edərək evdə olduğunu öyrənmiş və bundan sonra onlar taksi ilə Mehdiabad qəsəbəsinə atasının evinə getmişlər. Orada atası Ayaz nə baş verdiyini soruşduqda Telman bir nəfər şəxsi küçədə söyüş söydüyünə görə bıçaqla vurduğunu, sonra isə həmin şəxsi taksi ilə xəstəxanaya yola saldığını bildirmişdir. Atası bıçağın harada olduğunu soruşduqda Telman bıçağı cibindən çıxarıb ona vermişir. Atası bıçağı alaraq polisə təqdim edəcəyini demiş, Telmana da özünün polisə gedib təslim olmasını təklif etmişdir. Telman isə polisə getməzdən əvvəl kirayədə qaldıqları evə gedəcəyini və oradan əşyaları götürərək atasının evinə gətirdikdən sonra polisə gedəcəyini bildirmişdir. Axşam Telman evə qayıtmadığından onun artıq polisdə olduğunu düşünsələr də 05 may 2022-ci il tarixdə Telman evə qayıtmışdır. Həmin vaxt atası narazılığını bildirərək Telmanı evdən buraxmayacağını, polisə zəng edib onu polisə təslim edəcəyini bildirmiş və onu həmin vaxt evlərinə gəlib axtaran 4-cü Polis Şöbəsinin əməkdaşlarına təslim etmiş, həmçinin Telmandan aldığı bıçağı da polis əməkdaşlarına təqdim etmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu şəxsən onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Fərzah oğlu göstərdi ki, 04 may 2022ci il tarixdə axşam saatlarında qızı Şahid2 və sonuncunun əri Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 6 ünvana gəlmişlər. Onların qabaqcadan zəng edərək gəlmələri onda nigarançılıq yaratdığından nə baş verdiyini soruşmuşdur. Həmin xaxt Təqsirləndirilən şəxs kirayə yaşadıqları ünvanda Əfsanə yolla keçdiyi vacxtda bir nəfər şəxs nalayiq ifadələr işlətdiyi üçün ona iradını bildirdiyini, bununla bağlı aralarında yaranmış mübahisə nəticəsində həmin şəxsə bıçaqla xəsarət yetirdiyini və onu taksi ilə xəstəxanaya göndərdiyini bildirmişdir. O, Telmandan nəyə görə polisə deyil, onun evinə gəldiyini soruşaraq iradını bildirmişdir. Telman isə kirayədə yaşadığı evdəki əşyaları və sənədlərini götürdükdən sonra polisə gedəcəyinə söz verərək onun evini tərk etmiş və gedərkən şəxsə xəsarət yetirdiyi 1 ədəd şabalıdı dəstəkli, açılıb-bağlanan bıçağı polisə təqdim etməsi üçün ona vermişdir. Növbəti gün səhər saatlarında Telmanı axtaran 4-cü Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəldikdə o, Təqsirləndirilən şəxs ona verdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Az sonra həmin ünvana qayıtmış Təqsirləndirilən şəxs da könüllü olaraq polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs körpə yaşlarından babasının və nənəsinin himayəsində böyümüş, atasını görməmişdir. Belə ki, Telman körpə yaşlarında olarkən atası Rusiyaya getmiş və sonradan eşitdiyinə görə orada hansısa cəzaçəkmə müəssisəsində ölmüşdür. Özü xərçəng xəstəsidir, kənddə fərdi təsərrüfatla məşğul olur. Telman təxminən 2012-ci ildə Bakı şəhərinə gəlmiş, həmin vaxtdan başlayaraq müxtəlif cinayətlər törətdiyinə görə uzun illər məhkumluq həyatı sürmüş və 2020-ci ilin dekabr ayından azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra bir müddət sonra Telman Əfsanə adlı qızla qeyri-rəsmi ailə həyatı qurmuş və onlar kirayədə yaşamağa başlamışlar. O, özü də Telmanın kirayə pulunu ödəməsinə, həmçinin dolanışığına azda olsa maddi dəstək olmağa çalışmışdır. 04 may 2022-ci il tarixdə axşam saatlarında gəlini Əfsanə ona zəng edərək Telmanın kiminləsə dava edərkən onu bıçaqla vurduğunu deyərək Bakı şəhərinə gəlməsini xahiş etmişdir. O, əgər Telman həqiqətən kiməsə bıçaqla xəsarət yetirmişsə polisə gedib könüllü təslim olmasını təklif etmişdir. Əfsanə də onunla razı olduğunu, bu barədə Telmana dediyini, sonuncunun təslim olmaq üçün polisə getdiyini bildirmişdir. O, oğlundan və baş vermiş hadisədən nigaran olaraq Bakı şəhərinə getmiş və orada ona məlum olmuşdur Telman 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin polis şöbəsinə aparılmışdır. O, bir daha Əfsanədən nə baş verdiyini soruşduqda sonuncu 04 may 2022-ci il tarixdə çörək almaqdan qayıdarkən bir nəfər sərxoş şəxsin nalayiq ifadələr işlətməsini eşitdiyini, Telmana bu barədə danışandan sonra sonuncunun gedib həmin şəxsə irad bildirdiyini, buna görə aralarında mübahisə yarandığını, hadisənin bilavasitə şahidi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanda yaşayır. Təqsirləndirilən şəxs hadisədən təxminən 15-20 gün əvvəl məhəllədə kirayədə yaşayan şəxs kimi tanımış və bir neçə dəfə onun dəvəti ilə kirayə yaşadığı evdə olmuşdur. 04 may 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində siqaret və çörək almaq üçün evdən çıxaraq yaxınlıqdakı “Nihad” marketə gedərkən Osman adlı qonşunun və Telmanın ayrı-ayrılıqda mağazaya tərəf getdiklərini görmüşdür. Həmin vaxt uşaqlıqdan tanıdığı məhəllə uşağı Cavidin əlində içki yolun sağındakı “Reni” gözəllik salonunun qarşısındakı meydança ilə onlara tərəf gəldiyini görmüş və nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bu zaman adını bilmədiyi “Potuş” ləqəbli oğlan Cavidə yaxınlaşaraq irad tutmuş, Cavid isə iradı qəbul etməmişdir. Buna görə yaxınlıqdan keçən Telman da Cavidə irad tutaraq ətrafda qız-gəlin olduğunu demiş və danışığına fikir verməsini xahiş etmişdir. Cavid isə Telmana “əcəb edirəm” deyə cavab verdiyindən sonuncu sağ ayağı ilə Cavidin sifətindən bir dəfə zərbə vurmuşdur. “Potuş” ləqəbli oğlan müdaxilə edərək onları aralamışdır. “Potuş” ləqəbli şəxs kənara çəkilən kimi Telmanla Cavid arasında söz mübahisəsi yaranmış və Cavid əlindəki içi dolu olan enerji içkisinin qabını Telmanın sifətinə vurmuşdur. Bu dəfə də “Potuş” ləqəbli oğlan müdaxilə edərək onları aralamışdır. Telman kənara çəkilib uzaqlaşdıqdan sonra Cavidin üzərinə getmiş, sonuncu da Telmanın gəlişini görərək əynindəki qara gödəkçəsini soyunub daşın üztünə atmış və qollarını çırmayıb davaya hazır olduğunu nümayiş etdirmişdir. Buna baxmayaraq Telman ona yaxınlaşdıqda Cavid orada saxlanılan qara rəngli “Mersedes” markalı avtomobilin ətrafında dövrə vurub Telmandan qaçmışdır. Həmin vaxt bu vəziyyətə görə ətrafa xeyli cavan uşaqlar, yoldan keçənlər, məhəllə sakinləri toplaşmağa başlamışdır. Cavid oradan uzaqlaşıb getdiyinə görə Telman da gödəkçəsini soyunub qolunun üzərinə ataraq evinə doğru hərəkət etməyə başlamışdır. Ətrafa toplaşan cavan oğlanlarda da Telmanla birlikdə evə doğru gedərkən gözlənilmədən Cavidin əlində pol taxtasına bənzər taxta ilə Telmana tərəf gəldiyini görmüşdür. Cavid nalayiq ifadələr işlətməklə Telmanın üzərinə gəlmiş və taxta ilə ona zərbə endirmişdir. Telman özü əli ilə zərbənin qarşısını alsa da o və digər şəxslər müdaxilə edərək onları ayırmışlar. Cavidin təkrar nalayiq ifadə işlətməsini eşidən Telman əlində bıçaq olduğunu etimal etdiyi aləti tutaraq nümayiş etdirməklə onun üzərinə hücum çəkmişdir. Cavid yaxınlıqdakı zibil tullantıları qutusunadək qaçmış və gözlənilmədən qarın nahiyəsini tutaraq yerə oturmuşdur. Cavid Telmanın ünvanına “məni vurdunmu?” deyərək nalayiq ifadələr işlətmiş və ayağa qalxıb “Nihad” marketə doğru hərəkət etmişdir. Telman isə evinə doğru getmişdir. O da Telmanla birlikdə onun evinədək getmiş və hərəkətlərinə irad bildirmişdir. Telman isə arvadı oradan keçən zamanı Cavidin nalayiq ifadə işlətdiyini, edilən irada baxmayaraq onun da ünvanına söyüş söydüyünə görə onu vurduğunu bildirmişdir. Nə ilə vurduğunu bilməsə də Telman Cavidi vurduğunu dedikdə o, dərhal Cavidə kömək etmək lazım olduğunu təklif etmişdir. Telman ondan Cavidin xəstəxanaya gedib-getmədiyini öyrənməsini xahiş etmişdir. O, hadisə yerinə qayıtmış və orada Cavidin taksi ilə xəstəxanaya yollandığını öyrənmişdir. Geri qayıtdıqda Telmanın kirayə qaldığı evin qapısının bağlı, işığının sönülü olduğunu görmüşdür. Az sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarına hadisə və Telman barədə, hətta Telmanın qaynatasının Mehdiabad qəsəbəsində evinin olması barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə 4-cü Polis Şöbəsinə getmişdir. Növbəti gün Telmanın saxlandığını eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Dürsunəli oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən korpus 73 ünvanda yerləşən “Nihad” marketin arxası, “Reni” cehiz aləmi və gözəllik salonunun qarşısı ilə məhəlləyə doğru hərəkət etdiyi və bir nəfər 30-32 yaşlı kişi cinsindən olan, istintaq zamanı ləqəbinin “Potuş”, adının Tamerlan olduğu bilinən şəxsin ona doğru hərəkət edib nəsə danışdığı və həmin anda iş üzrə Təqsirləndirilən şəxs ona doğru iti addımlarla yaxınlaşaraq sağ ayaq zərbəsi ilə - təpiklə Zərərçəkmiş şəxs sinəsinə zərbə vurduğu, Tamerlan adlı şəxsin müdaxilə edib onları ayırdığı, onların birinin digəri üzərinə təkrar getdiyi, Cavidin əlindəki enerji içkisi ilə Telmanın sifətinə vurması, Tamerlanın təkrar müdaxilə edib onları araladığı, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli idman gödəkçəsinin sağ yan cibindən sağ əli ilə bıçaq çıxararaq Cavidin üzərinə getdiyi, sonuncunun isə ona müqavimət göstərmək üçün əynindəki gödəkçəsini çıxarıb qarşılamağa hazırlaşarkən Telmanın əlində bıçaq olduğunu görərək yaxında park edilmiş qara rəngli avtomobilin ətrafında dövrə vurduğu, Telmanın isə bıçaqla onu qovmağa başladığı, sonra isə Cavidin oradan uzaqlaşdığı müşahidə edilir. Orada Cavid və Telmandan başqa daha 4 nəfər şəxsiyyətləri istintaqa məlum olmayan cavan oğlanların olduğu, Tamerlan adlı şəxsdən başqa onlardan münaqişəyə müdaxilə edənin olmadığı görünür. Bundan başqa 1,15 saniyəlik ikinci fraqmentə baxdıqda artıq hadisə yerinə əlavə cavan, orta yaşlı kişi və oğlanların həm hadisə yerində həm də təxminən 10 metrə hasar tini, məhlə daxili istiqamətində ikinci toplum şəklində şəxslərin toplaşdıqları, “Reni” cehiz aləmi və gözəllik salonu qarşısında toplaşanlar ikinci toplumun olduğu yerə qaçdıqları, orada Telmanın hasar tinindən çıxaraq əlində bıçaqla Cavidin üzərinə hücum çəkdiyi və qarın boşluğuna bir dəfə zərbə vurduğu, toplaşan şəxslərin onun qarşısını almağa çalışdıqları, Cavidin əlini qarın nahiyyəsindən tutub oradan uzaqlaşdığı müşahidə edilir (cild 1, iş vərəqə 117-118). Əşyanın könüllü təqdim olunması haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qaynatası Şahid1 cinayət aləti olan bıçağı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqə 12- 13). Bıçağa baxış keçirilməsi haqqında protokoldan görünür ki, bıçaq tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 200 mm, çəkisi 192,12 qramdır, qatlanıb açılan bıçaqdır, tiyəsində “Olen” sözü yazılmış, dəstəyinin şabalıdı rəngli plasmas hissəsində maral şəkilləri həkk olunmuş, bıçağın ümumi uzunluğu 20 sm təşkil edir (cild 1, iş vərəqə 12-13, 117-118). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 47-50). Əşyanın tanınması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş bıçaqların arasından Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı onun qatlanıb-açılan olmasından, tiyəsinin üzərində “olen” yazılmasından, şabalıdı dəstəyin üzərində maral şəkillərinin həkk olunmasından tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 51-53) Əşyanın tanınması protokolundan görünür ki, Şahid2 ona təqdim olunmuş bıçaqların arasından əri Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə əli qanlı vəziyyətdə evə gətirib masanın üzərinə atdığını bıçağı tanıyaraq həmin bıçağın mətbəxdə istifadə etdikləri bıçaq olduğunu, bıçağı qatlanıb-açılan olmasından, tiyəsinin üzərində “olen” yazılmasından, dəstəyin şabalıdı rəngi olmasından və üzərində maral şəkillərinin həkk olunmasından tanıdığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 61-63) Ambulator məhkəmə psixiatrik ekspertizasının 21 iyun 2022-ci il tarixli 1620 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəsssisələrinə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən ediİməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyim dərk etmək iqtidarındadır, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 140-142). Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2021-ci il tarixli 31/1218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər qarının ön divarının sağ yarısının ön qoltuq xətti ilə orta körpücük xətti arasında qabırğaaltı nahiyyədən qarın boşluğuna nüfuz edən, qalxan çənbər bağırsağı və müsariqəni zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 400 ml-dək qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 may 2022-ci il tarixdə qeyd olunan nahiyəyə deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqə 143-146). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 09 avqust 2022-ci il tarixli 395/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli, ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 1, iş vərəqə 149-153). Zərərçəkmiş şəxs ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək, həm də məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 55). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 19 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci və 221.3cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə onun üzərində 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 03 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 155-157,158-166). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü, 221.3-cü və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, 221.3-cü və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbimn olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini , Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 31-32, 96-100). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 may 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq məhv edilməli, hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq məhv edilsin; - Hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar