Məhkəmə qərarları › İş №1(101)-1635/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1635/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1635/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əyyub adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 may 2021-ci il tarixdə sonuncunun satış məqsədi ilə göndərdiyi ümumilikdə təmiz çəkisi 1260,860 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 792 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq kirayəşin yaşadığı ünvan 2 ünvana daşımış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin 100,860 qram hissəsini 01 büküm halında ayıraraq satış məqsədilə üzərində saxlamış, 27 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:50-də Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 189 saylı binanın qarşısında saxlanılaraq Baş idarəyə aparılmış və həmin tarixdə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 100,860 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin 01 bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyataxtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanında videoçəkiliş aparılmaqla baxış keçirilən zaman mənzilin giriş hissəsindən sol tərəfdə yerləşən qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 01 ədəd bağlamada təmiz çəkisi 1160 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 548 qram və 244 qram olmaqla ümumi təmiz çəkisi 792 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə saxladığı 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotiki vasitə istifadəçisidir, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanda taxta dolabın içərisində saxlamış, saxladığı narkotik vasitəni həm özü istifadə etmiş, həm də satmışdır. 27 may 2021-ci il tarixdə saat 18:50 radələrində kirayə yaşadığı ünvanın qarşısında piyada hərəkət edən zaman 4-5 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edərək, orada üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etmək təklif olunmuş, daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 2000 manat pulu Səttar adlı polis əməkdaşı cibindən götürmüş və yerinə 130 manat pul qoymuşdur. Üzərindən narkotik vasitə aşkar edilməmiş, lakin o, evində narkotik vasitə olduğunu bildirmişdir. O, sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, tanışı vasitəsilə İsmayıl adlı şəxsdən əldə etdiyini, mənzilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvana getmiş, həmin mənzilin girişindən sol tərəfdə olan qonaq otağındakı taxta konstruksiyalı dolabda saxladığı 1 bükümdə narkotik vasitə heroin, 2 bükümdə psixotrop maddə metafetamin və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 143 qram olmuş, metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 779 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər müvafiq qaydada götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, gün ərzində 6-7 qram narkotik vasitə istifadə etmiş, 1 qram narkotik vasitəni 25 manata tanımadığı şəxslərə satmış, tərəzini çəkini müəyyənləşdirmək üçün evdə saxlamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq pul əldə etmək fikrinə düşmüşdür. Bu minvalla o, bundan əvvəl cəzaçəkmə müəssisəsində adını xatırlamadığı şəxsin vasitəsi ilə sonuncunun qohumu İran İslam Respublikası vətəndaşı Əyyyub adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaratmışdır. Əyyub adlı şəxs ona 500 manat pul müqabilində narkotik vasitələri və psixotrop maddələri əvvəlcədən dediyi ünvandan götürüb daha sonra dediyi ünvana aparıb çatdırmağını təklif etmişdir. 22 may 2021-ci il tarixdə Əyyub adlı şəxsin əvvəlcədən ona “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə atdığı ünvandan yəni, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində işıq dirəyinin aşağı hissəsindən sonuncunun deyəcəyi ünvana çatdırmaq üçün narkotik vasitə heroini və psixotrop maddə metafetamini götürmüşdür. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aparıb kirayədə yaşadığı ünvan 4 ünvanda taxta dolabın içərisində gizlətmişdir. 27 may 2021-ci il tarixdə saat 18:50 radələrində kirayə yaşadığı ünvanın qarşısında piyada hərəkət edən zaman 3 (üç) nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi, 130 (yüz otuz) manat pul, 01 (bir) ədəd açar və astma xəstəliyinə qarşı nəfəs aparatı, həmin şalvarın sol arxa cibindən 01 (bir) ədəd qara rəngli “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Sonra 01 (bir) bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 110 (yüz on) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi hallar ona izah olunduqdan sonra 01 (bir) ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, 130 (yüz otuz) manat pul, 01 (bir) ədəd açar və astma xəstəliyinə qarşı nəfəs aparatı ona geri qaytarılmışdır. O sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Əyyub adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanına getmişlər. Həmin mənzilin girişindən sol tərəfdə olan qonaq otağındakı taxta konsturksiyalı dolabda saxladığı 01 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə kristalşəkilli, ağ rəngli, psixotrop maddə metafetamin və 02 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 143 qram olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 779 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. O narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Əyyub adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində gizlədilən işıq dirəyinin aşağı hissəsindən götürdüyünü, narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası ərazisinə hansı yolla gətirilməsi barədə heç bir məlumatının olmadığnı, 130 manat pulun özünə məxsus olduğunu, həmin pulun narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilmədiyini bildirmişdir. Həmçinin o, narkotik vasitələri və psixotrop maddələri müxtəlif vaxtlarda satdığı şəxsləri şəxsiyyəti barədə heç bir məlumatı olmamış və külli miqdarda narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri Suraxanı rayonu ərazisindən götürməsi barədə əvvəlcədən İran İslam Respublikası vətəndaşı Əyyub adlı şəxs ona “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə fotoşəkil atmışdır. Lakin narkotik vasitəni və psixotrop maddəni götürən zaman saxlanılacağından qorxduğu üçün həmin fotoşəkilləri öz mobil telefonunun yaddaşından silmişdir (cild 1, iş vərəqi 68-70). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə raportla məruzə etmiş, Baş İdarənin əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid1 iştirakları ilə 27 may 2021-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında keçirdiyikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Baş İdarənin xidməti otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddəni çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun üzərindən şəxsiyyət vəsiqəsi, 130 manat pul, 1 ədəd açar, astma xəstəliyinə qarşı nəfəs aparatı, 1 ədəd qara rəngli mobil telefon aşkar olunmuşdur. Bir ədəd bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 110 qram olmuş, həmin kütlə qablaşdırılmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 130 manat pul, 1 ədəd açar və astma xəstəliyinə qarşı nəfəs aparatı sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, o, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı Əyyub adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Əyyub adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, narkotik maddələrdən istifadə etdiyini, əlavə olaraq Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvana baxış və götürülmə aparılması üçün həmin mənzilə gedilmiş, baxış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sol tərəfdə olan qonaq otağındakı taxta konstruksiyalı dolabda saxladığı 1 bükümdə narkotik vasitə heroin, 2 ədəd bükümdə psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı Əyyub adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, İran İslam Respublikası vətəndaşının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamış, təqsirləndirilən şəxsin üzərində 2000 manat pul aşkar olunmamış, o, Gündüzün cibindən 2000 manat pul götürməmiş, tərəflərindən Gündüzə qarşı hər hansısa psixi və fiziki təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 145-147). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.05.2021-ci il tarixli, 008-3792-1221 saylı raportdan görünür ki, xx xxxxx 1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.05.2021-ci il tarixli, 146 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Nəsimi rayonu ərazisində qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27.05.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:10da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynindəki cins şalvarın sol yan cibindən 1 (bir) ədəd "Kedmi" markalı mobil telefon, 1 (bir) ədəd açar, 130 (yüz otuz) AZN pul aşkar olunmuşdur. Sonra 1 (bir) ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 110 (yüz on) qram olmuşdur. Həmin büküm, 1 (bir) ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi mənzilə baxış və götürmə aparılması haqqında 27.05.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 21:15də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, mənzil 4 ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sol tərəfindəki qonaq otağındakı dolabda saxladığı 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 2 (iki) bükümdə psixotrop maddə metamfetminə bənzər kütlələri və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 1 kq 143 qram, metamfetminə bənzər kütlələrin ümumi çəkisi 779 qram olmuşdur. Həmin kütlələr və elektron tərəzilər müvafiq qaydada götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əyyub adlı şəxs vasitəsilə Suraxanı rayonu ərazisində əldə etdiyini, Əyyub adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 37-39). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materalların məhkəmə ekspertizasının 28.05.2021-ci il tarixli, 6/2117 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." sözləri olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 100,860 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "...Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş..." və sair yazılar olan paketdə bir ədəd bağlamada təmiz çəkisi 1160 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 548 qram, 244 qram, ümumi təmiz çəkisi 792 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir, bir ədəd səthi göy rəngli elektron tərəzinin səthində psixotrop maddə metamfetaminin izləri, bir ədəd səthi gümüşü rəngli elektron tərəzinin səthində heroinin izləri vardır. İz hissəcikləri cüzi miqdarda olduğu üçün çəkilərinin və eyniləşdirmə üzrə tədqiqatının aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroin kütləsi kimyəvi tərkiblərinə görə fərqlidirlər. Həmin şəxsin mənzilindən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 44-49). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 16.08.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***- **-** saylı GSM nömrələrinin 01 yanvar 2021-ci il tarixdə 28 may 2021-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə keçirilmiş baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur: 30-03- 2021 20:59:37 1.1.**********03 1.1.**********98 Qaqa pati düzeldi..? 31-03-2021 14:06:56 31-03-2021 14:06:56 1.1.**********03 1.1.**********98 Qaqa patin var..? 31-03-2021 14:52:37 1.1.**********03 1.1.**********98 Qapa gör yari pati neca ekiya bilirik..? 03-04- 2021 02:39:31 1.1.**********98 efonu X9 X4. X6 Ferq Elemir? indi X7. X10 X8? X5 Rahat Ol. 06-04-2021 22:26:55 1.1.**********76 1.1.**********98 BİR YERDE KOLADA PATİDA VAR7SENE LAZİMDİ DUZUM KOWUM KOTUR! 08-04-2021 02:25:44 1.1.**********00 1.1.**********98 Qaqa duzelmedi 10 dene pat. 23-04-2021 12:47:52 1,1.**********65 1.1.**********98 Qaqa salam mənə zapcast lazımdı. 24-04-2021 18:00:03 1.1.**********65 1.1.**********98 Qaqa yaxşı kola var kötürmək isdiyərsən qəşənk koladı. 25-04-2021 16:54:22 1.1.**********65 1,1,**********98 Qaqa nətərsən mənə 20 dənə kola lazımdı surocnu Qaqaş pulu atdırmışam sənin kartına özümdə ölürəm lomkadan mən hara. 29-04-2021 00:12:16 1.1.**********00 1.1.**********98 Qaqa bu ne demekdi verirsen ver vermirsede denen vermirem meni arxeyin eledin indide telefonu acmirsen ozunde bilirsen bu yemek deyil deyim bu gecede ac. 28-04-2021 14:53:30 1.1.**********00 1.1.**********30 Qaqa 1 dene aynoyun ver agwamda 5 6 dene goturecem. 30-04-2021 22:08:19 1.1.**********03 1.1.**********30 Brat mene 150 eded lazimdi 1.1.**********03 1.1.**********30 Brat mene bir cav ver balaxanidaki menim dostum yanima gelib qaqas bu isi yeri varsa yoluna qoy 200 eser lazim gele mene...? 03-05-2021 15:30:02 03-05- 2021 16:37:32 03-05-2021 16:55:57 1.1.**********65 1.1.**********30 Qaqa mənə 25 dən 4 dənə kola lazımdı patıda lazımdı nefcilərdəyəm. 03-05-2021 20:04:05 1.1.**********72 1.1.**********30 Ay brat mene 4 teker 2 sot torpax birde daw amanat temizdi (cild 1, iş vərəqi 131-141). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30.08.2021-ci il tarixli, 3153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticələsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 155- 156). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 13.08.2021-ci il tarixli 1792 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 154). İşdə olan maddi sübut kimi tanıma və saxlanca təhvil vermə haqqında 18.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş 1260,860 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 792 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamin, bir ədəd səthi göy rəngli elektron tərəzi, bir ədəd səthi gümüşü rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 1259,760 qram çəkidə heroin, 791,90 çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi saxlanılmasından ötrü Bakı şəhəri Nəsimi RPİnin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 110-111). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 02.09.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Əyyub adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 189-190). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən də narkotik vasitə aşkar edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.07.2008-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.11.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.07.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirli bilinib CM-in 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 02.01.2008-ci il tarixdən hesablanmış, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən 10.06.2014-cü il tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etdiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib CM-in 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2017-ci il tarixli qərarı ilə 5 (beş) ay 15 (on beş) gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur (cild 1, iş vərəqi 95-96, 113-119). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu iul tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.11.2014-cü il tarixli hökmü ilə hökmlərin məcmusu üzrə təyin edilmiş cəzadan azad edildiyi gündən altı ildən az vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, əvvəllər törətdiyi ağır cinayətə görə onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyi səbəbindən onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 29 may 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 90-94). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1259,760 qram çəkidə narkotik vasitə heroin, 791,90 çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1259,760 qram çəkidə narkotik vasitə heroin, 791,90 çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Fikrət Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar