Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1636/2021 01.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2021-ci il tarixdə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 26 sentyabr 2021-ci il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılanadək dəyişdirilmədən saxlanılmış, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)- 1636/2021 saylı cinayət işi daxil olmuş, Azərbaycan Respublikası CPM-nin 298.2-ci maddəsinə əsasən həmin iş üzrə məhkəmənin hazırlıq iclası 23 sentyabr 2021-ci il tarixə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası DİN-nin BŞBPİ-nin Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı İslam Mürsəlov tərəfindən başlanılmış, 07 may 2021-ci il tarixdə həmin Polis İdarəsinin İŞ-nin müstəntiqi polis kapitanı X2 icraatına qəbul edilmiş, sonuncu tərəfindən ibtidai istintaq davam etdirilməklə tamamlanmışdır. Cinayət işi üzrə 04 sentyabr 2021-ci il tarixdə tərtib olunan ittiham aktı 08 sentyabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Məhəmməd adlı şəxs tərəfindən göndərilmiş, təmiz çəkisi 18,742 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 25 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, 26 aprel 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:15-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 18,742 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatət qaldıraraq cinayət işinin məhkəməyədək icraatı mərhələsində Azərbaycan Respublikası CPM-nin 303.3.1 (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması) və 303.3.8-ci (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması) maddələrində nəzərdə tutulan və məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verildiyini məhkəmənin nəzər diqqətinə çatdırmış və yol verilmiş həmin pozuntuların aradan qaldırılması məqsədilə cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxsla bağlı Azərbaycan Respublikası CPM-nin 303.3.1 (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması) və 303.3.8-ci (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması) maddələrində nəzərdə tutulan kobud prosessual pozuntulara yol verildiyi təsdiq olundu və məhkəmə dövlət ittihamçısı tərəfindən qaldırılan vəsatəti müzakirə edib, proses iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, yol verilmiş həmin pozuntuların aradan qaldırılması məqsədilə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, işdə olan 31 avqust 2021-ci il tarixli sənədlərdən görünür ki, cinayət işini istintaq etmiş Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ülvi Hadıyev və Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhər 14 saylı Vəkil bürosunun vəkili Şöhrət Allahmanov 31 avqust 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olub həmin müəssisədə həbsdə saxlanılan Təqsirləndirilən şəxsla görüşmüş, müstəntiq təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə 31 avqust 2021-ci il tarixdə «təqsirləndirilən şəxsin prokurora etiraz etmək hüqunun izah edilməsi barədə», «ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə», «təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək barədə» protokollar tərtib etmiş, lakin qeyd olunan həmin protokollar müstəntiqin özü və Təqsirləndirilən şəxs müdafiəçisi Şöhrət Allahmanov tərəfindən imzalansa da, təqsirləndirilən şəxs tərtib edilmiş həmin protokolları imzalamaqdan imtina etmişdir. Bundan başqa, müstəntiq təqsirləndirilən şəxsin imzalamaqdan imtina etdiyi «təqsirləndirilən şəxsin prokurora etiraz etmək hüqunun izah edilməsi barədə» protokolda «vəsatət və etirazı yoxdur», «ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə» protokolda «cinayət işinin materialları ilə bu gün tanış olmaq istyir. Maddi sübutlarla tanış olmaqdan imtina etdi. Özünü təqsirli bilmədiyi üçün heç bir sənədi imza etməyəcək», «təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək barədə» protokolda «cinayət işinə əlavə edilmiş maddi sübutlar – bir ədəd mobil telefon və narkotik maddə heroin», həmçinin «narkotik vasitəni satmaq məqsədi olmamışdır, narkotik vasitə istifadəçisidir. Özünü təqsirli bilmədiyi üçün imza etməkdən imtina etdi» kimi qeydlər aparmış, hətta sonuncu protokolda təqsirləndirilən şəxsin cinayət işi ilə İ cild 250 vərəqədə, İİ cild 124 vərəqədə tanış olmasını, cinayət işinin materialları ilə tanışlığın 31 avqust 2021-ci il tarixdə, saat 12:35-də başlanıb həmin gün saat 13:55-də başa çatmasını da qeyd etmişdir. Hansı ki, Azərbaycan Respublikası CPM-nin 285.1 -ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Azərbaycan Respublikası CPM-nin 286.1-cı maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.2 və 286.4-cü maddələrinə əsasən Cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Lakin məhkəmə hazırlıq iclası mərhələsində verilmiş 16 sentyabr 2021-ci il tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmtinin Bakı İstintaq Təcridxanasından verilmiş 22.09.2021-ci il tarixli, 6590 saylı cavabdan görünür Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ülvi Hadıyev və Bakı şəhər 14 saylı Vəkil bürosunun vəkili Şöhrət Allahmanov 31 avqust 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmamış və Təqsirləndirilən şəxsla görüşməmişlər, yəni müstəntiq Ülvi Hadıyev Cinayət-Prosessual Qanunvericiliyinin ona verdiyi hüquq və vəzifələrə qəsdən zidd olaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsi ilə müəyyən olunan müdafiə hüquqlarını pozmuş, 31 avqust 2021-ci il tarixdə onun saxlanıldığı İstintaq Təcridxanasında olmadığı və təqsirləndirilən şəxslə görüşmədiyi halda, qərarın əvvəlki abzasında qeyd olunan protokolları saxta olaraq tərtib etmiş, həmin protokollarda obyektiv həqiqətə sığmayan, real olmayan qeydlər aparmışdır. Bundan başqa, müəyyən edildi ki, müstəntiq Ülvi Hadıyev iş materiallarına əlavə etdiyi, reallığı əks etdirməyən 31 avqust 2021-ci il tarixli saxtalaşdırılmış protokolların həqiqiliyinə ibtidai apraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru və məhkəməni inandırmaq məqsədilə təqsirləndirilən şəxs tərəfindən deyil, özü tərəfindən aparılan təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iş materialları ilə tanış olması (?) prosesində təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi və prosessual sənədləri imza etməkdən imtina etməsi barədə qeydlərini vəsatət kimi qiymətləndirərək təqsirləndirilən şəxsin vəsatətlərinin rədd edilməsi barədə 31 avqust 2021-ci il tarixli formal qərar qəbul etmiş, həmin qərarın surətini real olaraq təqsirləndirilən şəxsə təqdim belə, etməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələblərinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddəsinin tələblərinin pozulması ciddi prosessual pozuntu olmaqla təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsində nəzərdə tutulan müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin: - 91.5.13-cü maddəsinə əsasən etirazlar etmək və vəsatətlər vermək; - 91.5.17-ci maddəsinə əsasən təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək; - 91.5.18-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; - 91.5.19-cu maddəsinə əsasən iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; - 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; - 91.5.29-cu maddəsinə əsasən hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, …… habelə ittiham aktının, ….. surətlərini almaq; - 91.5.30-cu maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək qanunla təqsirləndirilən şəxsə verilmiş hüquqlardır. Həmin Məcəllənin 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qeyd olunan məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verildiyindən cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar, həmçinin bu Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması hallarında çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Dövlət ittihamçısı, həmçinin qaldırdığı vəsatətdə məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına yol verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının vəsatətini bu hissədə də müzakirə edib belə nəticəyə gəlmişdir ki, məhkəməyədək icraat mərhələsində müstəntiqin məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına yol verilməsi cinayət işinə baxılmasına xitam verilməsinə və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına səbəb olduğundan vəsatət bu hissədə də əsaslı hesab edilməli və təmin edilməklə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2021-ci il tarixdə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, bundan sonra həbsdə saxlama müddəti 26 sentyabr 2021-ci il tarixədək uzadılmış və cinayət itşi baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixdə keçirilmiş hazırlıq iclası təxirə salınıb 01 oktyabr 2021-ci il tarixə təyin edildiyindən Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 26 sentyabr 2021-ci il tarixdə bitəcəyi nəzərə alınmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri üzrə onun həbsdə saxlama müddətinin başa çatması, həbs növündə qətimkan tədbiri seçilməsinə əsas vermiş səbəblərin aradan qalxmadığı nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti qərar qəbul edildiyi tarixdən bir ay müddətində, yəni 01 noyabr 2021-ci il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.8, 306.2, 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Nəsimi rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasının yekun qərarının çıxarıldığı 01 oktyabr 2021-ci il tarixdən bir ay müddətində, yəni 01 noyabr 2021-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına yol verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində proses iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1636/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1636/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver