Məhkəmə qərarları › İş №1(101)-1636/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1636/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1636/2023 01.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Məcidov X17 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Bürosunun vəkili X6, fərdi fəaliyyət göstərən vəkil X5, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi 24 iyun 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Cinayət işinin ibtidai istintaqı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X13 tərəfindən 17 iyun 2023-cü il tarixdə tamamlanmış, ittiham aktı Bakı şəhəri Suraxanı Rayon Prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən 19 iyun 2023-cü il tarixdə təsdiqləndərək cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1066,652 (1 kq 66,652 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində və idarə etdiyi avtomobildə saxlamış, həmin narkotik maddədən 22 dekabr 2022-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs2 5 manat ödəməsi qarşılığında 01 ədəd bükümdə təmiz çəkisi 1,169 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin satmış və 22 dekabr 2022-ci il tarixdə saat 15:15 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2da yerləşən Suraxanı RPİ-yə gətirilərək, inzibati binada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən üzərində “Opel” yazısı həkk olunmuş qutunun içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,205 qram, 3,408 qram, 3,357 qram, 2,767 qram, 3,126 qram, 2,320 qram və 0,081 qram olmaqla ümumi təmiz çəkisi 19,264 qram, öz aralarında və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Picanto” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış zamanı həmin avtomobilin əlcək qutusundan 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,311 qram, 1,378 qram, 1,820 qram və 1,710 qram olmaqla, ümumi təmiz çəkisi 6,219 qram və həmin avtomobilin arxa yük yerindən 01 ədəd bağlamada təmiz çəkisi 1040,0 qram, öz aralarında, öz üzərindən aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq 22 dekabr 2022-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs1 5 manat ödəməklə 01 ədəd bükümdə təmiz çəkisi 1,169 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 dekabr 2022-ci il tarixdə saat 15:15 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2da yerləşən Suraxanı RPİ-nə gətirilmiş və inzibati binada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,169 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilməklə aparıldığından cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı 22 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 müdafiəçi kimi təyin edilmiş və müvafiq prosessual hərəkətlər qeyd olunan müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Daha sonra fərdi qaydada fəaliyyət göstərən vəkil X12 istintaq orqanına 28 dekabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək (ərizə müvafiq qaydada dəftərxana qeydiyyatına alınmadığından hansı tarixdə daxil olduğunu müəyyənləşdirmək mümkün deyil) Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün müqavilə bağladığını bildirmiş, ərizəyə müvafiq olaraq orderin əslini, habelə xidməti və şəxsiyyət vəsiqələrinin surətini əlavə etmiş və qanuna uyğun tədbirlər görülməsini xahiş etmişdir (cild 01, i/v 174-176). Buna baxmayaraq 07 aprel 2023-cü il tarixinədək (ərizə ilə müraciət edildiyi tarixdən 3 ay müddətində) vəkil X12 Təqsirləndirilən şəxs1 təqdim edilməmiş və müdafiəçi işə buraxılmamışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxsə təqdim olunmayan və işə buraxılmayan vəkil X5 təqsirləndirilən şəxsin təkrar dindirilməsinə dair vəsatətinə baxılmış və müstəntiq X9 30 mart 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmişdir (cild 01, i/v 191-195). Yalnız 07 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 imtina etdiyini, hüquqlarının X7 tərəfindən müdafiə edilməsini istədiyini bildirmiş, həmin tarixdə təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinə dair protokol tərtib edilmiş və eyni tarixli qərarla vəkil X2 müdafiəçi qismində iştirakına xitam verilmişdir (cild 01, i/v 200-203). 07 aprel 2023-cü il tarixli qərarla vəkil X2 müdafiəçi qismində iştirakına xitam verilsə də, müqavilə üzrə müdafiəçi X7 təqsirləndirilən şəxsə təqdim olunmamış, təqsirləndirilən şəxsin həmin müdafiəçiyə etiraz etmək hüququ ona izah edilməmiş, həmçinin müdafiəçi X4 işə buraxılmasına dair qərar qəbul olunmadan o, sonrakı prosessual hərəkətlərdə müdafiəçi kimi iştirak etmişdir. Belə olan təqdirdə, istintaq dövründə Təqsirləndirilən şəxs1 müdafiə hüququnun pozulması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu da İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Belə ki, adı çəkilən plenumun qərarının 1-ci bəndinin izahına görə, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: - hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır; -hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının həmin maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtda və imkana malik olmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsinə əsasən isə şübhəli şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.2-ci və 91.5.4-cü maddələrində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsinin təmin edilməsini cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biridir. Bu Məcəllənin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.13-cü maddəsinə görə təqsirləndirilən şəxsin etirazlar etmək və vəsatətlər vermək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 114-cü maddəsinə görə, müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən cinayət təqibi üzrə icraatda hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi; hakim, prokuror, müstəntiq və ya təhqiqatçı vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi hallarından başqa); qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi; qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq hüququnun olmaması hallarından hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən müdafiəçiyə, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsinə etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir. Bundan başqa, cinayət işinin materiallarında 01-ci cild 121-123-cü səhifələrdə olan Təqsirləndirilən şəxs1 dindirilməsi haqqında 24 dekabr 2022-ci il tarixli protokolun son səhifəsinin iki müxtəlif versiyada olduğu müəyyən edilmişdir. Belə ki, qeyd olunan dindirmə protokolunun iki müxtəlif son səhifəsinin olduğu, hər iki səhifənin eyni rəqəmlə- 123 rəqəmi ilə nömrələndiyi, qeyd olunan son səhifələrin məzmununda da fərqlilik olduğu, yəni səhifələrdən birində “Sual: siz ilkin izahatınızda avtomobilinizdən aşkar edilmiş narkotik maddənin sizə məxsus olmadığını bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bildirirəm ki, avtomobildən aşkar edilmiş narkotik maddə də mənim özümə məxsus olmuşdur” cümləsi qeyd olunduğu halda, sonrakı səhifədə həmin sual və cavabın öz əksini tapmadığı müəyyən edilmişdir. Həmin protokolun hər iki versiyada olan sonuncu səhifəsi həm Təqsirləndirilən şəxs1, həm də müdafiəçisi Eldar Əliyarov tərəfindən imzalanmışdır. Başqa sözlə, təqsirləndirilən şəxsin dindirmə protokolunda dəyişiklik aparılmış, ifadənin hər iki məzmunu da cinayət işinin materiallarına əlavə edilmiş və qeyd olunan səhifənin hər ikisi eyni rəqəm altında nömrələnmişdir. Azərbaycan Respublikası CPM-nin 234.1-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin hər bir dindirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilir və həmin protokolda aşağıdakı məlumatlar göstərilməlidir: dindirmənin aparıldığı tarix, vaxt və yer; müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; şübhəli və ya təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer, onun vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; şübhəli və ya təqsirləndirilən şəxsin məhkumluğu, dövlət təltifləri və şübhəli və ya təqsirləndirilən şəxsi səciyyələndirən və iş üçün əhəmiyyətli olan digər məlumatlar; şübhəli və ya təqsirləndirilən şəxsə onun hüquqlarının və vəzifələrinin izah edilməsi barədə qeyd; şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsinin xüsusiyyətləri, xüsusən dindirmə zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; şübhəli və ya təqsirləndirilən şəxsə verilmiş suallar və onun bu suallara cavabları, habelə şübhəli və ya təqsirləndirilən şəxsin işin hallarının mahiyyəti üzrə ifadələri. Həmin maddənin 2, 4 və 5-ci bəndlərinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin ifadələri və onun verilmiş suallara cavabları birinci şəxs adından mümkün qədər hərfi şəkildə qeyd edilir. Dindirmə qurtardıqdan sonra müstəntiq şübhəli və ya təqsirləndirilən şəxsi protokolla tanış edir. Dindirilən şəxslər protokolda əlavələrin və düzəlişlərin edilməsini tələb etmək hüququna malikdirlər. Onların düzəlişləri və əlavələri mütləq protokola daxil edilməlidir. Protokol şübhəli və ya təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən ayrıca imzalanır. Yuxarıda qeyd olunan qanunun tələbinə görə, dindirmə protokoluna əlavə və düzəliş edildiyi halda, bu, tərtib olunmuş protokola daxil edilməli və həmin əlavə və düzəlişlərlə birlikdə təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır. Halbuki, hazırki cinayət işi üzrə 24 dekabr 2022-ci il tarixli dindirmə protokolunun sonuncu səhifəsi iki müxtəlif məzmunda tərtib edilmiş, hər iki müxtəlif məzmun həm təqsirləndirilən şəxs, həm onun müdafiəçi, həm də müstəntiq tərəfindən imzalanmışdır. Belə olan halda təqsirləndirilən şəxsin hansı ifadəsinin düzgünlüyünü təsdiq etdiyi anlaşılmaz qalmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması barədə protokolda Təqsirləndirilən şəxs1 01-ci cild 255 vərəqədən, 2-ci cild 51 vərəqədən, Təqsirləndirilən şəxs2 01-ci cild 255 vərəqədən, 2-ci cild 52 vərəqədən ibarət materialda təqdim edilsə də, faktiki olaraq həmin protokollara qədər cinayət işinin 01-ci cildi 258 vərəqədən, ikinci cildi isə təqsirləndirilən şəxsin hər birinə mütənasib olaraq 53 və 54 vərəqədən ibarət olmuşdur. Belə ki, cinayət işində bəzi vərəqələr 143, 143A, 144, 144A, 2-ci cild üzrə 22, 22A, 25, 25A kimi nömrələnmiş, yuxarıda qeyd olunan dindirmə protokolunun son səhifəsi isə iki dəfə 123 rəqəmi ilə nömrələnmişdir. Başqa sözlə, cinayət işinin 2-ci cildində 51 və 52-ci vərəqələri ilə nömrələnmiş 12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsləri və müdafiəçiləri cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 01-ci cild 255 vərəqədən, 2-ci cild 51 vərəqədən, Təqsirləndirilən şəxs2 01-ci cild 255 vərəqədən, 2-ci cild 52 vərəqədən ibarət cinayət işinin materialları ilə tanış olmuşlar. Lakin, cinayət işinin yanlış sıra sayları ilə nömrələnməsini, həmçinin, cinayət işi materiallarında olan bir sıra vərəqələrin eyni nömrə ilə təkrar nömrələnməsini nəzərə aldıqda müəyyən olunur ki, əslində cinayət işi materialları 01-ci cild 255 vərəqədən, 2-ci cild 51 və 52 vərəqədən ibarət deyil, faktiki olaraq 01-ci cildi 258 vərəqədən, ikinci cildi isə təqsirləndirilən şəxsin hər birinə mütənasib olaraq 53 və 54 vərəqədən ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 52.3-ci maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Azərbaycan Respublikası CPM-nin 286.3-ci maddəsində qeyd edilmişdir ki, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Azərbaycan Respublikası CPM-nin 303.3 və 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kimi kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bundan başqa, Təqsirləndirilən şəxs1 08 aprel 2023-cü il tarixdə təkrar dindirilmiş, o, təkrar dindirmə zamanı ilkin ifadələri ilə tamamilə fərqli məzmunda ifadələr vermiş, həmçinin 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə aralarında keçirilmiş üzləşmə zamanı da sonuncu ifadəsinin məzmununa uyğun ifadələr vermiş, digər Təqsirləndirilən şəxs2 da ilkin ifadələrini təsdiq etmədiyini bildirmişdir. İstintaq zamanı hər iki təqsirləndirilən şəxsin yeni məzmundakı ifadələri üzrə heç bir araşdırma aparılmamış, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdikləri dəlillərin yoxlanılması üçün heç bir sübut toplanmamış və onların ifadələrində göstərdikləri xüsusatlara heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə qeyd olunan halların məcmusunu da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntusu və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması olaraq qiymətləndirir. Bundan başqa, cinayət işinin materiallarında 01-ci cild 75-ci səhifədə olan “Avtomobilə baxış və götürmə aparılması” haqqında 22 dekabr 2022-ci il tarixli protokol şübhəli şəxs Təqsirləndirilən şəxs1, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, həmin bölmənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin bölmənin rəisi polis mayoru Şahid3 iştirakı ilə tərtib olunsa da, qeyd olunan protokol iştirakçı Şahid1 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinə əsasən, baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: baxışın aparıldığı vaxt, tarix və yer; müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. Həmin maddənin 7-ci bəndinə əsasən protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Bundan başqa, ittiham aktında cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxslərin hər ikisinin məhkumluğunun olmadığının müəyyən edildiyi qeyd olunsa da, cinayət işinin materiallarına yalnız Təqsirləndirilən şəxs2 barəsində olan tələbnamə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 aid tələbnamə isə cinayət işinin materiallarına əlavə edilməmişdir. İttiham aktında cinayət işinin materiallarında mövcud olmayan tələbnaməyə istinad edilməklə (Bax cild 1, vərəqə 214 qeyd olunmuşdur) Təqsirləndirilən şəxs1 məhkumluğunun olmadığı və onun cəzasını ağırlaşdıran halın olmadığı qeyd olunsa da, cinayət işinin həmin vərəqəsində Təqsirləndirilən şəxs2 məxsus tələbnamə tikilmiş, ittiham aktında Təqsirləndirilən şəxs2 məxsus tələbnamənin cild 1 vərəqə 215-də olması qeyd olunsa da, cinayət işinin həmin vərəqəsində 14 aprel 2023-cü il tarixli vəsatət tikilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3-cü maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin maddənin 5-ci bəndinə əsasən, ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3 və 303.3.6-cı maddələrinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, işin bu halları ətraflı araşdırılmalı, nəticəsindən asılı olaraq buna müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, işin istintaqı zamanı yuxarıda göstərilən kobud qanun pozuntuları aradan qaldırılmalı, habelə gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir məsələnin həlli təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X13 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, sonuncu dəfə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 12 iyul 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, yəni Təqsirləndirilən şəxs1 faktiki həbsdə saxlama müddəti başa çatmış və o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmaqdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Azərbaycan Respublikası CPM-nin 159.7.3-cü maddəsinə əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq 10 (on) aydan artıq ola bilməz. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddətini nizamlayan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri onun barəsində pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədən qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 01 avqust 2023-cü il tarixdən 1 (bir) ay, yəni 01 sentyabr 2023-cü il tarixədək uzadılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamn qətimkan tədbiri dəyişdirilməməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 10 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Bürosunun vəkili X10 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.3.1, 303.3.6, 303.3.8, 306.2, 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 01 avqust 2023-cü il tarixdən 1 (bir) ay müddətində, yəni 01 sentyabr 2023-cü il tarixədək uzadılsın.

3. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin.

4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X13 barəsində xüsusi qərar çıxarılsın.

5. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Bürosunun vəkili X10 60 (altmış) manat məbləğində pul ödənilsin.

6. Qərarın surəti proses iştirakçılarına və Təqsirləndirilən şəxs1 şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

Sədrlik edən hakim Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar