Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1639/2021 27.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X3 və hakim köməkçisi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlham oğlunun, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə xx xxxx 1980-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,543 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən 31 mart 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 21:04-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,806 qr və 2,737 qr olmaqla, ümumi təmiz çəkisi 5,543 qram təşkil edən kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, tutulduğu gündən təqribən 3-4 gün öncə Səbinə adlı qadın onun mobil nömrəsinə zəng vuraraq onu avtomobil ustası ilə səhv saldığını, sonradan nömrəni səhv yığdığını bildirmiş və o, münasibət yaradaraq nəticədə onunla tanış olub 3-4 gün ərzində telefonla danışmışdır. Belə ki, 31 mart 2021-ci il tarixdə saat 12:00 radələrində o, qaynıgilin evində olan zaman Səbinə ona növbəti dəfə zəng vuraraq avtomobilinin xarab olduğunu və özünün yolda qaldığını bildirmişdir. Ondan xahiş etmişdir ki, ucuz qiymətə usta tapsın. Həmin vaxt o, qaynına bu barədə deyib oraya getmək qərarına gəlmişdir. Qaynı Oruc əvvəllər avtomobil motor ustası işlədiyindən o, qaynının kömək edə biləcəyi üçün onunla birlikdə Səbinənin yaşadığı Neftçilər metrosunun yanında yerləşən “Belarus” mağazasının qarşısına Oruca məxsus “Mercedes” markalı avtomobillə getmişlər. Onlar oraya çatan zaman Səbinə zəng vuraraq nömrəsini xatırlamadığı qara rəngli “Prado” markalı avtomaşının mağazanın qarşısında olduğunu bildirmiş və qaynının idarə etdiyi avtomaşına yaxınlaşmışdır. Səbinə avtomaşının arxa oturacağına əyləşib qaynı Oruca öz avtomobilinin açarını verərək onun usta kimi maşını müayinə etməsini xahiş etmiş, Oruc da açarı götürüb “Prado” markalı avtomaşının motorxanasını açaraq müayinə etməyə başlamışdır. O Səbinə ilə qaynının maşınında oturub siqaret çəkmişlər. Bir qədər sonra Səbinə ondan siqaret istəmiş, o, siqaretinin qurtardığını görüb avtomaşından düşərək yaxınlıqda olan köşkə getmişdir. Həmin zaman kənardan ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onun və qaynı Orucun əllərini bağlayaraq tutmuşlar. Orucu tanımadığı digər polisə məxsus avtomobillə, onu isə Orucun avtomobilinə otuzdurub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışar. Həmin zaman Səbinə oradan qaçaraq uzaqlaşmışdır. Baş İdarədə Rövşən adlı polis əməkdaşı və adını bilmədiyi, Rövşənlə bir otaqda oturan polis əməkdaşı onun təpə və boyun nahiyyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Səbəb isə polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoyacaqlarını və narkotikin ona məxsus olması barədə etirafedici ifadə verməyini ondan tələb edəndə onun imtina etməsi olmuşdur. O da qaynı Orucun buraxılmasını tələb edərək narkotiki etiraf edəcəyini bildirmişdir. Ona görə də, o, iki bükümdə narkotik vasitə heroinin özünəməxsus olması barədə etirafedici ifadə vermişdir. Həmin zaman onun cibində iki ədəd metadon həbləri olmuşdur. Həmin iki ədəd metadon həblərini üzdən tanıdığı tanışından öz istifadəsi üçün 30 manata almışdır. Daha sonra o bildirmişdir ki, sadəcə narkotik vasitədən istifadə etmiş, heç bir zaman narkotikin satışı ilə məşğul olmamış, saxlanılan zaman üzərində qeyd edilən maddələr olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsi və işdə olan digər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 aprel 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək bildirmişdir ki, narkotik vasitə heroindən istifadə edir. Tutulmamışdan təxminən 2 gün əvvəl Bakı şəhəri Yasamal bazarı deyilən yerdən üzdən tanıdığı bir nəfər şəxsdən öz istifadəsi üçün hər büküm üçün 70 manat olmaqla ümumilikdə 140 manat müqabilində 2 ədəd bükümdə təxmini çəkisi 6 qram olan narkotik vasitə heroin alıb üzərində saxlamışdır. Saxlanıldığı gün, yəni 31 mart 2021-ci il tarixdə saat 20 radələrində o, Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospekti 61 ünvanın yaxınlığında olan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmiş və onu İdarəyə dəvət etmişlər. O, etiraz etməmiş, İdarədə o, dövlət hesabına vəkillə təmin olunmuş, bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o da buna etiraz etməmişdir. Beləliklə də, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində olan bütün əşyaları, konkret olaraq əynində olan şalvarın ciblərindən özünə məxsus olan mobil telefonu, cib dəsmalı, nağd pulu, gödəkcəsinin sol iç cibindən isə 02 ədəd sellofan bükümlərdə olan heroini masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əlavə maddə aşkarlanmamışdır. Təqdim etdiyi əşyalara keçirilən baxış zamanı pul vəsaiti və cib dəsmalı özünə qaytarılmış, mobil telefon isə götürülmüşdür. Bundan sonra təqdim etdiyi iki ədəd sellofan bükümlərə baxış keçirilmiş və bükümlərin içərisində narkotik vasitə heroin olması məlum olmuşdur. Aşkarlanmış maddələr götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən o, aşkar edilmiş maddələrin narkotik vasitə heroin olduğunu və 140 manat müqabilində üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Bu barədə protokol təıtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində yenidən dindirilərkən özünü həmin maddə ilə təqsirli bilməyərək üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin ona məxsus olmadığını, onu saxlamış polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, həmin vaxt fiziki təzyiq və işgəncələrə məruz qaldığı üçün məcbur olub etirafedici ifadə verdiyini və videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarışın səhnələşdiriliyini, saxlanılan zaman üzərində yalnız iki ədəd metadon həbinin olduğunu, özünün də uzun illərdir narkotik vasitə heroindən, tiryəkdən, metamfetamindən və metadon həblərindən istifadə etdiyini qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16.06.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində yenidən dindirilərkən və məhkəmədə verdiyi ifadələrində çəkisi 5,543 qram olan narkotik vasitə olan heroinin üzərindən aşkar edilmədiyini, üzərindən yalnız 2 ədəd metadon həblərinin aşkar olunduğunu, heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını, həmin vaxt fiziki təzyiq və işgəncələrə məruz qalmasını bildirməsinə tənqidi yanaşır və Təqsirləndirilən şəxs həmin ifadələrinin cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 11 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 31 mart 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1980-ci ildə Şamaxı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin idarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis kapitanı Şahid3 təyin edilmişlər. 31 mart 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti 61 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs tərəflərindən saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və saxlanılmış şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə görə həmin şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkil dəvət edilərək həmin şəxsə təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə onun üzərinə əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda olan masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkcəni sol iç cibindən iki ədəd büküm, şalvarının sol yan cibindən bir ədəd mobil telefon, sağ cibindən pul vəsaiti, arxa sol cibindən cib dəsmalı və əlində saxladığı salfet kağızı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra saxlanılmış şəxsin üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir maddə və predmet aşkarlanmamışdır. Bundan sonra saxlanılmış şəxsin təqdim etdiyi əşyalara baxış keçirilmiş, təqdim etdiyi iki ədəd büküm ayrılıqda açılaraq hər birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, qeyd edilən maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni iki gün əvvəl Yasamal bazarı yaxınlığında tanımadığı şəxsdən hər bükümə görə 70 manat pul ödəməklə ümumilikdə 140 manata əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinazları, o cümlədən də bir ədəd kağız salfetlə cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, mobil telefon isə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümlər götürülərək zərfdə qablaşdırılmışdır. Bükümlərin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2021-ci il tarixli 6/1274 nömrəli rəyindən görünür ki, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N.6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,806 qram, 2,737 qram ümumi təmiz çəkisi 5,543 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 5,543 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq- 5,443 qram. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli 1267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə təxminən 2-3 ildir narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Həmçinin, arabir düşəndə narkotik vasitə olan metadon həblərindən istifadə edir. Əvvəllər narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 iyun 2021-ci il tarixli 1400 nömrəli rəyindəndən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiam olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 31 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN- in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 31 mart 2021-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanın yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və İdarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən çıxarıb təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,806 qram və 2,737 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış və tamah məqsədi ilə, qanunsuz olaraq 5,543 qram çəkidə külli miqdarda narkotik vasitə əldə edib, saxlayaraq, üzərində daşımışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğunun 5,543 qram çəkidə narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üstündə saxlaması və daşıması sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən sübutlar nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsini israr edərkən, bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıqların olması və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin külli miqdarda və iki bükümdə olmasından başqa tövsiyə olunan hallardan heç biri müəyyən olunmadı. Məhkəmə hesab edir ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin külli miqdarda və iki bükümdə olması şəxsin ağır cinayət törətməkdə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlinin narkotik vasitənin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlir. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci il tarixdə şübhəli və 01.04.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində də ondan aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun bu ifadələri nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışında ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri ilə təkzib edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsinin məhkəmədə sübuta yetirilmədiyi və işdə olan sübutların məcmusunun müqayisəli tədqiqinə əsaslanaraq, onun üzərindən aşkar edilib götürülmüş 5,543 qram çəkidə narkotik vasitə heroini şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyi üçün, onun əməli narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilib saxlanmaqla daşınması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu məhkumluğu ödənilməmişdir. Belə ki, cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları- 10 may 2012-ci il təvəllüdlü X4, 30 noyabr 2013-cü il təvəllüdlü X5 və 25 may 2016-cı il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli və himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 31 mart 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,443 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,443 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1639/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1639/2021
27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver