Məhkəmə qərarları › İş №1(101)-1639/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1639/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1639/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və Dadaşov Aqşin Səyyah oğlunun, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Cavadov Qərib Elşən oğlunun, təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlunun, müdafiəçi, “Zəfər” Vəkil bürosunun vəkili Babayev İsmayıl Seyfəddin oğlunun iştirakları ilə, 08 oktyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Əsədov İslam Mədət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əsədov İslam Mədət oğlu insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Əsədov İslam Mədət oğlu 03 dekabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Əli market”in qarşısında tanışı Cavadov Qərib Elşən oğlu ilə qarşılaşıb salamlaşmış, bir-birilərinin kef- əhvalını soruşarkən Qərib Cavadovun kobud ünsiyyət tərzi nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Qərib Cavadovun onun sinəsindən itələyib, özünü üstün tutaraq ünvanına dediyi şəxsiyyətini alçaldan sözlərindən özünü təhqir olunmuş hesab edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir dəfə vuraraq Qərib Cavadova mədənin və qaraciyərin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuramaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Əsədov İslam Mədət oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə günü dekabrın 3-ü kafedə spirtli içki qəbul etmişdir. Axşam saat 8 radələrində məhəllədən keçərkən zərərçəkmiş şəxs Qəriblə rastlaşmış, Qərib onunla salamlaşıb əhvalını soruşmuş, o isə cavabında bu gün əsəbi və kefsiz olduğunu və tələsdiyini demişdir. Qərib yenə onu çağırmış və nə baş verdiyini soruşmuşdur. O, dəfələrlə psixiatrik xəstəxanada müalicə almışdır. Əsəbi olanda heç kimlə danışmaq, mübahisə etmək istəmir. Qərib ona qonşu olduğu üçün salam verib əhvalını soruşduğunu, yoxsa onun kimi insanlarla salamlaşmaq belə istəmədiyini demişdir. Qərib demirsə cəhənnəmə deməsini, kefini soruşmaqda özünün günahkar olduğunu demişdir. Qərib canlı-cüssəli olmuş, ona “get” deyib itələmişdir. O da üzərindəki bıçağı çıxarıb Qəribi qarın nahiyəsindən vurmuşdur. Qərib qardaşı ilə birlikdə olmuş, ondan hara getmələrini soruşmuş, o isə həmin şəxslərə Sabunçu xəstəxanasına getməyi söyləmişdir. Bundan sonra o, evinə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlu bıçağın hadisə günü onun üzərində olduğunu, Qəribi qarın nahiyəsindən vurduğunu, Qəribi vurmaq niyyətinin olmadığını, hər şeyin anidən baş verdiyini, sadəcə Qəribin canlı-cüssəli, onun isə arıq, cılız olduğu üçün özünü qorumaq məqsədilə vurduğunu, bıçağı istintaqa təhvil verdiyini, onun Qəriblə ədavətinin olmadığını, artıq barışdıqlarını, əməlindən peşman olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavadov Qərib Mədət oğlu ifadəsində göstərdi ki, Bakı Neft Kollecində təhsil alır. Kollecin yaxınlığında yataqxanada kirayədə qalır. İslam isə o ərazidə ailəsilə birgə qonşuluqda yaşayır. Hadisə günü onun qardaşı rayondan gəlmiş və evdə olmuşdur. O, evdə yemək hazırlamış, çörək olmadığından çörək almaq üçün dükana getmişdir. Yolda İslamı görmüş, salamlaşmış, kefəhvalını soruşmuşdur. İslamın əvvəlki kimi olmadığını, qanıqara, əsəbi olduğunu görmüşdür. İslamdan nə baş verdiyini soruşmuş, sonuncu, cavabında “bu gün əsəbiyəm, cavab verə bilmərəm” demişdir. İslamın sözləri ona acıq gəlmiş, o da cavabında “cavab vermirsən, vermə, cəhənnəmə ver” demiş və İslamı sinəsindən itələmişdir. Hər şey anidən olmuş, heç İslamdan onu vuracağını gözləməmişdir. Birdən ayılmışdır ki, bütünlüklə qan içindədir. Sonra onu yaralı halda qardaşı Ülvi öz maşını ilə xəstəxanaya gətirmişdir. Sabunçu xəstəxanasınada onu əməliyyat etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Cavadov Qərib Mədət oğlu hadisənin dekabr ayının 3-ü saat 7-8 radələrində baş verdiyini, küçənin gedişligəlişli küçə olduğunu, amma həmin günü orda heç kimin olmadığını, onun İslamı itələdiyi, İslamın isə ona gücü çatmayacağını düşünüb bıçağa əl atıb onu vurduğunu düşündüyünü, İslam özündə olmadığından, spirtli içki qəbul etdiyindən bu hərəkəti etdiyini, bütün xəstəxana xərclərinin İslamın ailəsi tərəfindən qarşılandığını, əməliyyat xərcinin 500 manat olduğunu, aralarında barışıq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Cavadov Qərib Mədət oğlu məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə 03 saylı Şəhər Kliniki Xəstəxanasından tibb bacısı Rzayeva məlumat verərək, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində yaşayan 2005-ci il təvəllüdlü Cavadov Qərib Elşən oğlunun qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 3). - Sabunçu rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin tarixdə Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində yaşayan 2005-ci il təvəllüdlü Cavadov Qərib Elşən oğluna qarşı hadisəni törətməkdə şübhəli bilinən Əsədov İslam Mədət oğlu hadisə zamanı istifadə etdiyi bıçaqla birlikdə istintaqa təqdim olunmuşdur (cild 1, iş vərəqi 5). - cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Əsədov İslam Mədət oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 26). - bıçağa baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Əsədov İslam Mədət oğlunun hadisəni törədərkən istifadə etdiyi 01 ədəd bıçağa ekspert kriminalistin iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, qatlanmayandır, ümumi uzunluq 260 mm-dir, bıçağın tiyəsi gümüşü rənglidir. Tiyənin uzunluğu 140 mm, orta hissədən eni 23 mm-dir (cild 1, iş vərəqi 28). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Əsədov İslam Mədət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirlndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 29-29). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavadov Qərib Elşən oğlu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır (cild 1, iş vərəqi 69-70). - zərərçəkmiş şəxs Cavadov Qərib Elşən oğlunun xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Əsədov İslam Mədət oğluna qarşı heç bir iddası, tələbi və şikayəti yoxdur (cild 1, iş vərəqi 79). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əsədov İslam Mədət oğlu əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 85-86). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3154 nömrəli rəyindən görünür ki, vətəndaş Cavadov Qərib Elşən oğlunda mədənin və qaraciyərin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuraya aiddir. Xarakter və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 87-89). - məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/2164 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 90-94). - maddi sübut kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Əsədov İslam Mədət oğlunun hadisə zamanı istifadə etdiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 93-94). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3606 nömrəli rəyindən görünür ki, Əsədov İslam Mədət oğlunda “Üzvi şəxsiyyət pozuntusu” aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, “Baş beyinin üzvi xəstəliyi perinatal ensafalopatiya nəticəsində. Kobud psixiopata bənzər davranış pozuntusu, intellekt geriliyi, gecə enurezi ilə” diaqnozu ilə 2 saylı Klinik Psixiatriya Xəstəxanasında müayinədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İ.M.Əsədovda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu cinayət törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. İ.M.Əsədov yuxarıda göstərilən cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, İ.M.Əsədov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Əsədov İslam Mədət oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İ.M.Əsədov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 95-97). - zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs Cavadov Qərib Elşən oğlu hadisənin yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən “Əli market”in qarşısında baş veridyini bildirərək özünün bildirdiyi marşrutla hadisə yerinə gedilmiş, Q.Cavadov “Əli market”in qarşısında dayanaraq xx.xx.2023-cü il tarixdə kirayə yaşadığı evdə xaş bişirdiyini, çörək almaq məqsədilə “Əli market”ə getdiyini, lakin mağazanın bağlı olduğunu, mağaza sahibi Firəngiz nənənin gəlməsini gözlədiyini, bu vaxt İslam Əsədovun mağazanın qarşısından keçdiyini, onunla salamlaşdıqlarını, İslamın qanının qara olduğunu bildirdiyini, ondan nə baş verdiyini soruşduğunu, bu zaman İslamın səbəbsiz yerə ona yaxınlaşıb başını ona dirədiyini, İslamın aqressiv olduğunu görüb kənara çəkildiyini və getməsini gözlədiyini, mobil telefonla başını qatdığını, anidən İslamın ona yaxınlaşıb onu bıçaqla vurduğunu, əynindəki gödəkçənin qabağını açdıqda qarnından qan axdığını gördüyünü, tez evə getdiyini, qardaşının onu xəstəxanaya apardığını bildirmişdir (cild1, iş vərəqi 110-113). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlu ilə zərərçəkmiş şəxs Cavadov Qərib Elşən oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Cavadov Qərib istintaqa verdiyi ifadəsini təsdiqləmiş, bir daha İslam Əsədovun üzünə qarşı demiş və sonuncunu ona qarşı cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 117-122). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Əsədov İslam Mədət oğlundan götürülmüş 01 (bir) ədəd mətbəx bıçağı Sanunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 136). Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməlini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Əsədov İslam Mədət oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Əsədov İslam Mədət oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlu barəsində Azərbaycan Respublikası CMnin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlu yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Əsədov İslam Mədət oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Əsədov İslam Mədət oğlunun törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Əsədov İslam Mədət oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan məktubdan, tutma protokolundan, məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Əsədov İslam Mədət oğlunun azadlığı faktiki olaraq 03 dekabr 2023-cü il tarixdə məhdudlaşdırılmış, 04 dekabr 2023-cü il tarixdə o, şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, o, həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Sabunçu rayon prokurorunun Sabunçu Rayon Məhkəməsinin həmin qərarından verdiyi apelyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarı ilə Əsədov İslam Mədət oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 5, 16, 42-48, 49-51, 80, 81-84, 145-147). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlunun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə tutularaq həbsdə saxlandığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı 11 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Əsədov İslam Mədət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sanunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Əsədov İslam Mədət oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Əsədov İslam Mədət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Əsədov İslam Mədət oğlunun həbsdə saxlandığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Əsədov İslam Mədət oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Əsədov İslam Mədət oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sanunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Əsədov İslam Mədət oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Əsədov İslam Mədət oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar