Məhkəmə qərarları › İş №1(101)-164/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-164/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-164/2024 11.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,553 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə hallan istisna olmaqla qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını əldə edib, narkotik vasitə heroini üzərində, soyuq silah hesab edilən ov bıçağını etibarnamə əsasında idarə etdiyi avtomobildə saxlayaraq gəzdirməklə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında etibarnamə əsasında idarə etdiyi “VAZ-2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 12:24-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,586 qram və 2,967 qram olmaqla ümumi təmiz çəkisi 6,553 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 20 oktyabr 2022-ci il tarixdə saat 13:31dən etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi «VAZ-2121» markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sürücü oturacağının qarşısındakı ayaq altında olan rezinin altından bir ədəd qara rəngli dəri qabın içərisindən kustar üsulla hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Üzərinə şəxsi axtarış zamanı təxminən 6,5 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Narkotik vasitəni şəxsi istifadə məqsədi ilə üzərində saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ya satış məqsədi ilə üzərində saxlmamış və daşımamışdır. Soyuq silahı olan bıçağı tapmış, həmin bıçaqdan satışda da mövcuddur. Qeyd olunan bıçağın soyuq silah olduğunu bilməmiş, cinayət məsuliyyəti yaratmasından məlumatsız olduğu üçün mütəmadi olaraq avtomobilində gəzdirmişdir. Bıçağı gizlətmək fikri olmamış, yadından çıxdığı üçün bıçaq avtomobilinin ayaqaltısında qalmışdır. Narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün öncə Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Həmin narkotik vasitədən istifadə etmək üçün imkan tapmadan polislər tərəfindən tutulmuş, narkotik vasitəni bir sellofanda almış, iki büküm olmasını isə bilməmişdir. O, ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, onun üzərindən aşkar olunan narkotik vasitə “kakos” adlanan heroin olmuşdur. Əvvəllər narkotik vasitə “kakos” adlanan heroindən istifadə etməmişdir. Məhkəmə iclasında şahidlər dindirilərkən, Təqsirləndirilən şəxs onun saxlanılması zamanı ifadə verən polis əməkdaşlarının iştirak etmədiyini və o, saxlanılan zaman ümumiyyətlə üzərində narkotik vasitə aşkar olunmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsi daşıyır. 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. 20 oktyabr 2022-ci il tarixdə saat 10:30 radələrində bir nəfər şəxsi qeyd edilən ünvanın yaxınlığında VAZ-2121 markalı avtomobilin yanında görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Eyni zamanda onun idarə etdiyi VAZ-2121 markalı avtomobil də Baş İdarəyə gətirilmiş, Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı avtomobilə baxış keçirilmiş və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Aparılmış istintaq hərəkətlərinə dair protokol tərtib edilərək, imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında, “Şamaxinka” adlanan ərazidə olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Eyni zamanda onun idarə etdiyi VAZ-2121 markalı avtomobil də Baş İdarəyə aparılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid2 qərarına əsasən, şəxsi axtarış idarədə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxladıqları ərazidə ətrafda insanlar olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədə uyğun olmamışdır. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Niva markalı avtomobilə baxış keçirilmiş və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Aparılmış istintaq hərəkətlərinə dair protokol tərtib edilərək, imzalarla təsdiq olunmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. 20 oktyabr 2022-ci il tarixdə saat 10:30 radələrində bir nəfər şəxsin qeyd edilən ünvanın yaxınlığında VAZ-2121 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, ondan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Eyni zamanda onun idarə etdiyi VAZ-2121 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobil də Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, eyni zamanda soyuq silah varsa könüllü olaraq təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibində olan 01 ədəd İphone markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibində olan 10 manat pulu və 01 ədəd avtomobil açarını, əynində olan şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 19 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Abbas” adlı şəxsdən 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələrdən başqa hazırda idarə etdiyi “VAZ- 2121” markalı, **- DA-*** qeydiyyat nişanlı avtomobildə və digər yerlərdə qanunsuz hər hansısa əşya gizlədib saxlaması barədə soruşulduqda, Emi! Əhmədov idarə etdiyi və hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış “VAZ-2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bıçaq gizlədib saxladığını və həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 10 manat pul və 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd İphone markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “VAZ-2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. Baxış videoçəkilişlə aparılmışdır. Videoçəkilişlə baxış aparılan zaman Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “VAZ-2121 markalı, 77- DA- 073 qeydiyyat nişanlı avtomobildə qanunsuz hər hansısa bir əşya varsa, həmin əşyaları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özündə olan açarla idarə etdiyi “VAZ- 2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açıb ayaq altında olan rezini qaldırıb orada gizlədib saxladığı qara rəngli dəri qabın içində olan 01 ədəd bıçağa oxşar dəmir predmeti götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa oxşar predmetə baxış zamanı məlum olmuşdur ki, həmin predmet dəmir materiallı, qatlanmayan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Bıçağa oxşar dəmir predmetin üzərində qartal və şir şəkli qeyd olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd bıçağa oxşar dəmir predmet 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş bıçağı təxminən 2022-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi yaxınlığından təsadüfən tapdığını, bıçaqlara marağı olduğu üçün idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ‘VAZ-2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobili kredit yolu ilə aldığını və etibarnamə əsasında idarə etdiyini bildirmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 6/6099 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6 dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,586 qram, 2,967 qram, ümumi təmiz çəkisi 6,553 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 6,553 qram, cəmi tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 6,453 qram. (iş vərəqə 56-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 21 oktyabr 2022-ci il tarixli 6215 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 5-6 aydır ki, narkotik vasitə olan heroindən və 2-3 aydır ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Həmçinin narkotik vasitə olan marixuanadan istifadə etmişdir. (iş vərəqə 180-181) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli, 3/1481 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır və üzərində hər hansı dəyişiklik edilməmişdir. (iş vərəqə 163- 164) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X2 xx.xx.2022-ci il tarixli, 480/MEŞ saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmiş, bədən səthində xəsarət aşkar edilməmişdir. (iş vərəqə 157-158) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 3948/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Alkaloidlər (həmçinin tiryək qrupu) barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə 153-155) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 oktyabr 2022- ci il tarixdə saat 10:30-da radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanının yaxınlığında idarə etdiyi “VAZ-2121” markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılmış Təqsirləndirilən şəxs BMCMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmçinin, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun idarə etdiyi «VAZ- 2121» markalı, **-DA- *** qeydiyyat nişanlı avtomobilinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sərnişin oturacağının qarşısındakı ayaq altında olan rezinin altından bir ədəd bıçağa bənzər predmet aşkar edilərək götürülmüşdür. (iş vərəqə 26-34) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” AR DİN-in BMCMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (iş vərəqə 123-125) İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin ictimai birlikdə qeydiyyatdan keçəmişdir. (iş vərəqə 169) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, narkotik vasitəni satış məqsədi olmadan üzərində saxlayaraq daşıması, daha sonra isə ümumiyyətlə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil, iş üzrə dindirilmiş şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələri, özünün qismən etirafedici ifadəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 6/6099 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 21 oktyabr 2022-ci il tarixli 6215 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli, 3/1481 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X2 xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 3948/K saylı rəyləri, şəxsi axtarış və götürmə aparılması barədə, baxış və götürmə aparılması haqqında protokollar, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, eləcə də digər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,586 qram və 2,967 qram olmaqla ümumi təmiz çəkisi 6,553 qram təşkil edən narkotik vasitə olan heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarına əsasən, AR CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsinə əsasən, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (iş vərəqə 165-166) AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan Suraxanı RİHB-nin Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Əhmədov X1 qəsəbəsi, 1-ci Bülbülə küçəsində tikilmiş fərdi evdə yaşamış və müsbət xarakterizə olunmuşdur. (iş vərəqə 138-139) Məhkəmə AR Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1145/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 18; 114-118) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 oktyabr 2022-ci il tarixli 6215 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmışdır. (iş vərəqə 191-199) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 02 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,586 qram və 2,967 qram olmaqla ümumi təmiz çəkisi 6,553 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,453 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd soyuq silah hesab edilən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı məhv edilməli, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması nəzərə alınmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 129,90 (yüz iyirmi doqquz manat) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,453 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd soyuq silah hesab edilən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı məhv edilsin, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması nəzərə alınsın, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 129,90 (yüz iyirmi doqquz manat) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar