Məhkəmə qərarları › İş №1(101)-1644/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1644/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1644/2022 18.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Bərdə rayonu, Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Babək” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən WhatsApp proqram təminatı tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi məlum olmayan tarixdə və ünvandan külli miqdarda ümumi təmiz çəkisi 1002,555 qram heroini, külli miqdarda psixotrop maddə olan təmiz çəkisi 132,4 qram metamfetamini və narkotik vasitə olan külli miqdarda - 96 ədəd təsir maddəsinin ümumi miqdarı 3,84 qram metadon həblərini əldə edib digər şəxsə çatdırmaq üçün ona əlavə olaraq deyiləcək yerə qoymaq şərti ilə əldə edib üzərində və idarə etdiyi “ Azsamand ” markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, 30 aprel 2022-ci İl tarixində saat 21:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 12,555 qram heroin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən və Azsamand markalı **- PF-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üstündə olan 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 1 ədəd sellofan paket bükümündə ümumi təmiz çəkisi külli miqdarda 990 qram heroin, 1 ədəd sellofan paketdə ümumi təmiz çəkisi külli miqdarda 132,35 qram metamfetamin, həmin avtomobilin qabaq saxlanc yerindən üzərində “Metadon-40” sözləri yazılmış təsir maddəsinin ümumi miqdarı 3,84 qram olan 96 ədəd narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin isifadəçisi olmuş, “Azsamand” markalı **-PF-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərmiş və (055) ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. 30 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində tanışı Nəriman Qurbanovla birlikdə idarə etdiyi **-PF-*** dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobillə, Sabunçu rayonu, Əhliman dairəsi 1 ünvanda dayanan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. PB-də hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin aşkar edilmiş, elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə heroinin qalan hissəsinin **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilidə olduğunu bildirmişdir. Avtomobilə keçirilmiş baxış zamanı arxa oturacağın üzərindən heroin, metamfetamin, qabaq sağ tərəfdə yerləşən saxlanc yerindən isə 96 ədəd metadon həbləri aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Üzərindən və avtomobildən aşkar edilmiş maddələri vatsap vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisindən, yolun kənarından, götürmüş və buna görə 200 manat əldə etmişdir. Narkotik vasitələri “Babək” adlı şəxsin dediyi yerə aparıb qoymuş, narkotik vasitəni və metamfetamini götürəcək şəxsləri tanımamışdır. “Babək” adlı şəxslə heç vaxt şəxsən görüşməmiş, sonuncu ilə internet vasitəsilə tanış olmuş və WhatsApp vasitəsi ilə danışmışdır. Nərimanla əlbir olmamış, sonuncunun üzərindən aşkar edilmiş heroindən məlumatı olmamış, sonuncuya heroini “Babək” adlı şəxsin verdiyini bilməmişdir. Narkotik maddələrin dövriyyəsi ilə bağlı iştirakı deyilən yerdən narkotik vasitələri və psixotrop maddələri götürüb başqa bir yerə aparıb qoymaqdan ibarət olmuşdur. +**********20 “Babək”in nömrəsi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dinirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsində xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində polis polkovnik-leytenantı rütbəsində xidmət edir. 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı, dövriyyəsi və istifadəsi ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən X2 rayonu, Zabrat qəsəbəsi, Əhliman dairəsi, 1 saylı binanın qarşısında, idarə etdiyi **-PF-*** nömrəli Azsamand markalı avtomobilin yanında, Nəriman Qurbanov adlı şəxslə birlikdə saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi, hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və sonuncunun üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm aşkar edilmiş və həmin bükümdə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs razılığı ilə avtomobilə baxış keçirilən zaman 96 ədəd metadon, bir büküm heroin və bir büküm metamfetamin aşkar edilmişdir. Aşkar olunmuş maddələr zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanmış və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin dediyi yerdən əldə edib ünvanlara qoymaq üçün götürdüyünü, bunun müqabilində 200 manat pul əldə etdiyini, Nəriman Qurbanov adlı şəxslə əlbir olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 da Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 1 may 2022-ci il tarixli 6/2519 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 24,179 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs oğiunun avtomobilindən» sözləri yazılmış bir ədəd zərfdə 10 ədəd konvalyutda ümumilikdə 96 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 3,84 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş 990 qram narkotik vasitə heroin, digər bağlamada olan maddə isə 132,4 qram metamfetamindir, 3 ədəd bükümdə olan heroinlər xarici görünüşünə görə eynilik təşkil edir (1-ci cild iş vərəqi 58-64). İşdə olan ambulator məcburi-narkoioji tibbi yoxlamanın 20 iyul 2022-cı il tarixli 3956 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 160-161). İşdə olan kompleks psixiatrik-psixoloji yoxlama üzrə 20 iyul 2022-ci il tarixli 1899 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Onda xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir, onun əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (1-ci cild iş vərəqi 165-168). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış, avtomobilə baxış və götürməni özündə əks etdirən DVD disklərə keçirilmiş baxış zamanı şəxsi axtarış, avtomobilə baxış və baxış zamanı göstərilən xüsusatlar, yəni şəxsdən heroinin, metadonun və metmafetaminin aşkar edilməsi bir daha müəyyən edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disklər, psixotrop maddə və narkotik vasitə maddi sübut kimi tanınmış, saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 197-201). İşdə olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, onun atası Nurəddin Səfərov isə 1-ci Qarabağ müharibsinin iştirakçısı olmaqla, qazidir, 2-ci qrup əlildir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 131). İşdə olan şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan və Sabunçu Rayon Məhkəməsinin 2 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində 2 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 23, 96-99). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, Məhkəmə zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, onun atası Nurəddin Səfərovun 1-ci Qarabağ müharibsinin iştirakçısı olmaqla, qazi və 2-ci qrup əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 30 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1.002,455 qram naroktik vasitə heroin, 132,4 qram psixotrop maddə metamfetamin və 95 həb narokotik vasitə metadon məhv edilməli, şəxsi axtarış və götürmə zamanı video görüntüləri özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1.002,455 qram naroktik vasitə heroin, 132,4 qram psixotrop maddə metamfetamin və 95 həb narokotik vasitə metadon məhv edilsin, şəxsi axtarış və götürmə zamanı video görüntüləri özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar