Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1644/2025 11.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X6 oğlunun sədrliyi ilə, Hakimlər: X4 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, X7 qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Bəhram oğlunun, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan. ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə, saat 09 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi şossesi 5 ünvanında yerləşən "ünvan 3ı Zərərçəkmiş şəxs ondan xəbərsiz övladı Yusif Kərimlini rayona göndərməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq ona burun sümüyünün yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır xəsarət yetirdikdən sonra azyaşlı övladı Şahid gözü önündə sonuncuya xüsusi əzab verdiyini dərk etdiyi halda xüsusi amansızlıqla üzərində olan istintaqa məlum olmayan bıçaqla Türkan Kərimilinin qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona qarın boşluğuna nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hadisə aprel ayının 18-i səhər saatlarında baş vermiş, o gecə növbəsi taksi fəaliyyəti ilə məşğul olduğu üçün üç gün imiş ki, uşaqlarını görməmiş, bu səbəbdən zəng etmiş, zəngini açmamışlar, narahat qaldığı üçün evə getmiş, evə gedəndə öyrənmişdir ki, Türkan oğlunu ondan icazəsiz rayona göndərmişdir, həmin zaman hirslənib Türkana bir dəfə kəllə ilə vurmuş, daha sonra üzərində saxladığı bıçağı Türkanı qorxutmaq məqsədilə çıxartmış, Türkan onun olduğu tərəfə gələndə bıçaq Türkana batmışdır. Bıçağı çıxararkən onu öldürmək niyyəti olmamış, sadəcə qorxutmaq istəmişdir. Qeyd etmişdir ki, taksidə gecə növbəsində işlədiyi üçün üzərində həmişə özünü müdafiə məqsədilə balaca bıçaq saxlayırmış və həmin bıçaq balaca mətbəx bıçağı olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təxminən iki ildir ki, rəsmi olaraq boşandıqlarını, bu iki il ərzində uşaqlarını gördüyünü, uşaqların analarında qaldığını, işi ilə əlaqədar olaraq onları tez-tez görə bilməsə də, on gündən bir gördüyünü, tez-tez danışdığını, uşaqlarını hadisədən əvvəl təxminən on beş gün əvvəl gördüyünü, analarının onunla uşaqlarla bağlı bir sıra mövzularda məsləhətləşmədiyini və özünün buna etiraz etdiyini, keçmiş yoldaşı ilə uşaqlarının yaşadığı evə istədiyi vaxt sərbəst girib-çıxa bilmədiyini, hadisə günü saat doqquz radələrində həmin evə gedəndə qızı ilə qarşılaşdığını, qızının qapını döydüyünü, qapı açılan zaman içəri girdiyini, tək getsə idi Türkanın qapını açmayacağını, evə girə bilməyəcəyini, evə girməkdə məqsədinin oğlunu görmək olduğunu, Türkanla 1 gün əvvəl danışdıqlarını, oğlunu rayona göndərdiyini ona demədiyini, oğlunu rayona göndərməsi ilə bağlı Türkana qadağa qoymadığını, oğlunu rayona göndərdiyini ona Türkanın özünün bildirdiyini, bu zaman anasının oğlunu ondan icazəsiz rayona yolladığını öyrənib əsəbləşdiyini, kəllə ilə burun nahiyyəsindən vurduğunu, Türkanın həmin zaman yerə yıxılmadığını, mətbəxt mebelinə dəyib dayandığını, anasını kəllə ilə vuranda qızının kənarda dayanıb baxaraq ağladığını, qızının “ata eləmə” dediyini, qabağına keçdiyini, amma bu zaman qızına qulaq asmadığını, bıçağın onun üzərində olduğunu, bıçağı gecə taksi işlədiyi üçün müdafiə məqsədilə üzərində saxladığını, bıçağı çıxararkən məqsədinin xəsarət yetirmək olmadığını, özünün də necə vurduğunu bilmədiyini, bıçağı çıxaran zaman Türkanın onun üzərinə gəldiyini, həmin anda bıçağın Türkana batdığını, qızının onun bıcağı çıxartmağını görmədiyini, o bir otaqda olduğunu, uşaq olan otağın qapısının bağlı olduğunu, paltarını dəyişməyə getdiyini, hadisəni törədən zaman içkili olduğunu, içkini səhər saatlarında içdiyini, anasını bıçaqla vurarkən qızının otaqda olmadığını, istintaq zamanı təzyiq altında olduğunu, o səbəbdən elə izahat verdiyini, özünün bıçağı çıxartmadığını, Türkanın onun üstünə qaçıb gəldiyini, bıçağın onun qarın nahiyəsindən batdığını, yazıb oxumağı bacardığını, istintaq zamanı yazmaq qabiliyyətinin olduğunu, amma sənədləri oxumadan imzaladığını, hadisə anında onların yanında heç kəsin olmadığını, bıçağın pendir bıçağı olduğunu, uşaqlarını görmək üçün evə qalxan zaman yorgun olduğu üçün bıçağın üstündə qaldığını, pilləkənlərdə qızını gördüyünü, qızına “qapını döy, anan açsın” dediyini, qapını özü döysə Türkanın açmayacağını bildiyini, uşaqlarını əvvəllər çağırıb aşağıda gördüyünü, qızından qardaşının harda olduğunu soruşmadığını, əməlindən peşman olduğunu, barışmaq üçün cəhdlərinin olduğunu, barışmaq və ailəsinini bərpa etmək istədiyini, həmin gün taksidən gəlib uşaqlarını görmək üçün havanın açılmağını gözlədiyini, onların yaxın ərazidə olduğunu, öz kirayə evinin isə uzaq olduğunu, qızının məktəbə getdiyini, amma heç vaxt qızının valideyn iclasında iştirak etmədiyini, məktəbinə gedib maraqlanmadığını, çünki analarının buna icazə vermədiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ilin yanvar ayında X5 ilə rəsmi nigaha daxil olmuş və toyları olmuşdur. Nigahdan sonra Türkan onun soyadını, yəni Kərimli soyadını qəbul etmişdir. Birgə nikahdan 2016-eı il təvəllüdlü Yağmur və 2019-cu il təvəllüdlü Yusif dünyaya gəlmişdir.Toydan sonra o, Türkanla birlikdə atası və anasının yaşadığı evdə yaşamışdır 2023-cü ilin sonlarında Türkanla münasibəti pisləşmiş, söz söhbətlər yaranmışdır. Bundan sonra Türkan ondan ayrılacağını bildirib uşaqları özü ilə götürüb evdən çıxıb getmişdir. Bir müddət tanışı Aynur adlı qadının evində, sonra isə kirayələrdə yaşamışdır. 2024-cü ilin noyabr ayında Türkan nikahın pozulması ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən nikah pozulması və uşaqlara aliment verilməsi barədə qərar qəbul edilmişdir. O, dəfələrlə Türkana onunla barışması, ailələrini dağıtmaması barədə bildirmişdir. Lakin Türkan onun sözlərinə məhəl qoymamış, sərbəst həyat yaşamaq arzusunda olmuşdur. Türkan uşaqlar ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi Rezidens yaşayış kompleksi ev 4, mənzil 17-də yaşamışdır. O isə təxminən bir aydır ki, müxtəlif ünvanlarda günlük kirayə evlərdə yaşamışdır. Türkan uşaqları ona göstərməmiş, evə gedəndə isə qapını açmamış, uşaqların onunla əlaqələrinin olmasını istəməmişdir. Buna görə də o, uşaqlarını almaq məqsədilə 18 aprel 2025-ci il tarixdə səhər saat 05 radələrİndə Türkanın yaşadığı binanın giriş hissəsinə gəlib səhərin açılmasım gözləmişdir. Həmin zaman özünə 3 ədəd spirtli içki olan ‘‘GO” almış və gözləyən zaman içmişdir. O, evin qapısının açılmasını gözləmişdir ki, içəri girib uşaqlarını götürüb çıxsın. Saat təxminən 09:30 radələrində o artıq sərxoş vəziyyətdə olmuş və bu zaman qızı Yağmurun yuxarı mərtəbədən düşdüyünü görmüşdür. Yağmur onu gördükdə o, Yağmurla görüşmüş, səsini çıxartmamasını, əks halda anasının qapını açmayacağını bildirmişdir. Yağmur qapını döymüş. Türkan qapını döyənin Yağmur olduğundan əmin olduqdan sonra qapını açmışdır. Bu zaman ilk öncə Yağmur sonra o içəri daxil olmuşdur. Həmin zaman Türkan telefonda bir kişi ilə danışmış, Türkan onu görən kimi qışqırmağa başlamışdır. O Türkana sakit olmasını, uşaqları götürüb çıxıb gedəcəyini bildirmişdir. Türkan qışqıraraq Yusifin evdə olmadığını, rayona göndərdiyini demişdir. O nəyə görə ondan xəbərisiz uşağı rayona göndərdiyini demiş və kəllə ilə Türkanın burun nahiyyəsindən bir dəfə vurmuşdur. Bu zaman Türkan ona nalayiq ifadələrlə söyüşlər söymüş, evdən çıxmağını bildirmişdir. O isə Türkanın söyüşlərindən sonra qolunda gizlətdiyi qara dəstəkli məişət bıçağını çıxarmış və Türkanın qarın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra yenə də Türkana bildirmişdir ki, «gəl barışaq, uşaqlarıda götürək çıxaq gedək bu evdən». Bu zaman qızı Yağmur ağlayaraq anasını vurmamağını demişdir. Türkan ona demişdir ki «yaxşı, barışacam səninlə». Türkan ona çölə çıxmağını, paltarını geyinib, üzünün qanını təmizləyib gələcəyini bildirmişdir. O, Türkana inanmış bıçağı cibinə qoymuş və evdən çölə çıxıb Türkanı gözləmişdir. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Türkanın gəlməyəcəyini, polisə şikayət edəcəyini bilib çıxıb getmişdir. Bir gün sonra isə polis əməkdaşları onu Biləcəri qəsəbəsində saxlamışlar. Hadisədən sonra bıçağı xatırlamadığı yerə atmış, lakin sərxoş vəziyyətdə olduğu üçün haraya atmağını xatırlamamışdır. (cild 1, iş vərəqi 68-71). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 18 aprel 2025-ci il tarixdə, saat 09:15 radələrində qonşuda olan qızının aşağı düşməsini istəmiş, qapı döyülən zaman qızı olduğunu düşünüb açmış, qapının arxasında Elçin olmuş, qızının gözləri dolaraq məyus baxışlarla ona baxmış, Elçini bir neçə saniyə görmüş, Elçin heç nə demədən kəllə ilə onu vurmuş, o soyuducuya dəyib dayanmışdır. Elçin ondan heç nə soruşub, danışmamış onu kəllə ilə vurmuşdur. Boşandıqdan sonra Elçin onu zəng edib narahat etmiş, dəfələrlə Elçinə ona yalnız uşaqlarla bağlı əlaqə saxlamağını, özü ilə bağlı onu narahat etməməli olduğunu bildirmiş, Elçin isə ağlayaraq, “barışmaq istəyirəm, sizi geri qaytarmaq istəyirəm” və s. bildirmişdir, o, Elçinlə əlaqəsini tam kəsmək üçün telefon nömrəsini dəyişmiş, o Türkanın anası vasitəsi ilə onunla əlaqə saxlamış, nəsə demək istəyəndə anasına mesaj yazmış, anası da Elçinin mesajlarını ona göndərmişdir. Ona kəllə atdıqdan sonra “səni öldürəcəm, 20 günə yaxındır ki, səninlə danışa bilmirəm, səndən xəbərim yoxdur.” demiş, kəllə zərbəsi çox güclü olduğu üçün burnundan çox qan gəlməyə başlamış və o, huşunu itirməyə başlamışdır. Elçin ona: “geyin əynini mənimlə birlikdə gedəcəksən” demiş, o isə yaxşı gedəcəm səninlə demişdir. O, Elçini sakitləşdirməyə çalışmış, Elçinlə 8 il evli qaldığı üçün onu yaxşı tanımış, onun nevroz olduğunu bilmiş, elə dönəmlər çox yaşadıqları üçün artıq ona bələd olmuşdur. Elçin onu kəllə ilə vurduqdan sonra qapını içəridən kilitləmiş, o isə Elçinə sakitləş, uşaq qorxur demiş və onu sakitləşdirmək üçün boynunu qucaqlayıb, üzündən öpüb, sakitləşməsi üçün yalvarmışdır. Həmin vaxt Elçin vəhşiyə dönmüş, gözü heç nə görməmişdir. Elçinin gödəkçəsinin cibində bıçaq olmuş, bıçağı çıxarıb bir dəfə ona batırıb çıxartmış, ikinci dəfə bıçaqla vurmaq istəyəndə onun qolundan tutub ona uşaqlarının olduğunu deyərək yalvarmışdır, bu zaman Elçin ona “Türkan səni öldürəcəm, ya mənimlə gedəcək, yaşayacaqsan, ya da səni öldürəcəm” demiş, onunla razılaşdığını və gedəcəyini bildirmiş, bıçağı əlindən alıb, mətbəx mebelinin üzərinə qoymuş, Elçin isə bıçağı bir də götürmüş, o isə təkrarən əlindən alıb umivalnikin içinə tullamışdır. Elçin onun telefonunu heçkimə zəng vura bilməməsi üçün almış, o, burnunun qanını yumaq bəhanəsi ilə hamam otağına getmiş və telefonu orada gizlətmişdir. Elçin bıçağı yenidən əlinə götürüb stolda oturmuş, ona “əynini geyin, uşağı da geyindir gedirik” demişdir. O, “yaxşı səninlə gedəcəm, amma get aptekdən maska al gəl, evdən çıxanda üz gözüm qan içində olduğu üçün hamı bizə baxacaq” deyərək, paltarını dəyişmiş, bu zaman onun burnu yenidən qanamağa başlamış, evə su gəlmədiyi üçün koridora çıxıb suyu açmaq istəmiş, həmin vaxt qızı ona burnunun qanını silməsi üçün dəsmal gətirmiş, bu zaman Elçin onun telefonla danışdığını düşünüb arxadan qaçıb gəlmiş və arxadan onun boğazından tutmuş, o isə telefonla danışmadığını deyib, suyu açmış, sonra onlar evə girmiş, Elçin qapını yenidən kilitləmiş, evdə Elçinin də, özünün də üzünü yumuş, Elçini aldatmışdır ki, getsin onun üçün maska alsın, birlikdə getsinlər. Elçin evdən çıxanda dönüb ona “mən yetiməm, heç kimim yoxdur, məni tutdurma” demiş, o, Elçini tutdurmamış, sadəcə özünü müdafiə etmək üçün təcili tibbi yardıma və 102 xidmətinə zəng etmiş, onu xəstəxanaya aparandan sonra daxildə qanaxması olduğu məlum olmuş, əməliyyata girməmişdən əvvəl polislər onu Elçinlə danışdırmış və onu əməliyyata apardıqlarını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs, Elçinin evli olduqları müddətdə də onu həmişə döydüyünü, amma uşaqlar onu çox istədikləri üçün onu həmişə bağışladığını, bu hadisələrin hamısında qızı Yağmurun orda olduğunu, bu hadisələr baş verərkən Yağmurun atasının əlini tutub, ona, “ata etmə” dediyini, Elçinin isə cavabında “qızım sən sakitləş, otur orda” dediyini, bıçağı çıxaranda uşağın bıçağı gördüyünü, atasına qışqırıb, yalvararaq, onu tutmağa çalışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, hadisənin şahidi olmamış, Yağmura qızı özü baxmış, hadisədən sonra nəvəsi Yağmur qorxmuş, üstünə yorğanı çəkərək, “nənə başıma limon sıxırlar, qorxuram” demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Qanuni nümayəndə nəvəsinin ona hadisə barəsində heç nə danışmadığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və kürəkənini bağışladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı Şahid məhkəmə zalında verilən suallara hələdə hadisənin təsiri altında olduğundan (ağlayaraq) cavab verə bilməmiş, onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə anasıdır. Anası və atası 2016-cı ilin yanvar ayında ailə qurmuş, xx.xx.2016-cı ildə o, xx.xx.2019-cu il tarixdə isə qardaşı Yusif dünyaya gəlmişdir. Anası və atasının münasibətəri 2023-cü ilin sonlarında pisləşmiş, söz söhbətlər yaranmış və 2024-cü ildə anası və atası rəsmi olaraq boşanmışlar. O, qardaşı və anası ilə birlikdə müxtəlif ünvanlarda, sonuncu dəfə isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi rezidens yaşayış kompleksi, ev 4, mənzil 17də yaşamağa başlamışlar. 18 aprel 2025-ci il tarixdə təxminən 09:30 radələrində o, qonşuya getmək üçün evdən çıxıb aşağı düşməyə başlamışdır. Bu vaxt atası Elçinin yuxarı qalxmasını görmüş, atası Elçini gördükdə görüşmüşdür. Atası ona demişdir ki, səsini çıxartmasın, anasını görmək istəyir, əgər onu görsə anası qapını açmayacaqdır. O da atasının dediyi ilə razılaşmış və mənzilin qarşısına gəlib qapını döymüşdür. Anası qapını açmış, o və atası Elçin içəri daxil olmuşlar. Anası Türkan atası Elçini görən kimi qışqırmağa başlamış, anası qışqıraraq qardaşı Yusifin evdə olmadığını, rayona göndərdiyini demişdir. Atası nəyə görə ondan xəbərsiz Yusifi rayona göndərdiyini deyib kəllə ilə anasının burun nahiyəsindən bir dəfə vurmuşdur. O qorxmuş və ağlayaraq atası Elçinə anasını vurmamasını demişdir. Bu zaman atası Elçin anası ilə mübahisə edib üzərində olan bıçaqla anası Türkanın qarın nahiyəsindən bir dəfə vurmuşdur. Atası Elçin anasına demişdir ki. «gəl barışaq, uşaqları da götürək çıxaq gedək bu evdən». Anası atasına demişdir ki, yaxşı, barışacam səninlə. Anası atasına çölə çıxmasını, paltarını geyinib, üzünün qanını təmizləyib gələcəyini bildirmişdir. Buna görə də atası evdən çölə çıxmış, anası tez polis və təcili yardıma zəng etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:56 radələrində vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək keçmiş yoldaşının onun evinə məcburi daxil olaraq onu döyməsi və bıçaqlaması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 6). - vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsidən görünür ki, xx.xx.2025-ci il tarixdə keçmiş yoldaşı Təqsirləndirilən şəxs ona səbəbsiz və əsassız olaraq burun nahiyəsindən zərbə endirdiyini, daha sonra bıçaqla qarın nahiyəsindən xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 9). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer ünvan 5 ünvanıdır. Hadisə yerinə baxış keçirilən zaman sübut əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 10-11). - Məhkəmə-tibbi ekspertizasının 29 may 2025-ci il tarixli 721 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən- qarının boşluğa nüfuz edərək böyük piyliyi zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası deşiçi-kəsici əşya (alət) təsirindən burun sümüyünün yerdəyişən sınığı isə bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən deşici-kəsici əşya (alət) ilə qarın nahiyəsinə vurulması nəticəsində burun sümüyünün yerdəyişən sınığı isə burun nahiyəsinə küt əşya ilə, ola bilsin kəllə ilə vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə qarının boşluğa nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, bürün sümüyünün yerdəyişən sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aiddir. ( cild 1, iş vərəqi 128-130) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 16-17). - xx.xx.2025-ci il tarixli şəxsin qanuni nümayəndə tanınması haqqında qərardan görünür ki, Qanuni nümayəndə Şahid qanuni nümayəndəsi qismində tanınmışdır ( cild 1, iş vərəqi 94). - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ İstintaq şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayə yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 37). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 61-62). - doğum haqqında şəhadətnamələrdən görünür ki, Şahid (xx.xx.2016-cı il) və X1 valideynləri Təqsirləndirilən şəxs (atası) və Zərərçəkmiş şəxsdır (anası) (cild 1, iş vərəqi 122). Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər, Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-1619/2025 nömrəli qətnaməsindən görünür ki. X3 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində 2611 nömrəli qeydə alınmış nikah pozulmuşdur. Bununla bağlı 08 iyul 2028-ci il tarixli AZ-1 529614 №-li nikahın pozulmasma dair şəhadənamə verilmişdir. (cild 1, iş vərəqi 118-121). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 112-113). - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində əvvəli 20 aprel 2025-ci il tarixdən hesablanmaqla 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqi 80-84). - Zərərçəkmiş şəxs xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır, orta təhsillidir, işsizdir, məhkumluğu olmayandır, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 31-də qeydiyyatdadır, faktiki Bakı şəhəri. ünvan 8 ünvanında yaşayır. (cild 1, iş vərəqi 167). - Cinayət işinin materiallarına əlavə olunmuş «Respublika Psixiatriya Xəstəxanası» X9 verdiyi 30 aprel 2025-ci il tarixli 3-28-29/2-4296/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (cild 1, iş vərəqi 89). - «Respublika Narkoloji Mərkəz» X9 verdiyi 30 aprel 2025-ci il tarixli xx/xx-4997 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkədə narkoloji qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 89). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2068 nömrəli rəyndən görunur ki,yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamneslik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir.Belə ki. Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş.onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda Öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək iqtidadırandadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqi 132-134). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.3-cü maddəsinə tövsif edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində 22 aprel 2025-ci il tarixində Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.1, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu qəbul olunmuşdur. (cild 1, iş vərəqi 135-141). - Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 nömrəli Qərarında cinayətin xüsusi amansızlıqla törədilməsi anlayışının əlamətlərinə aydınlıq gətirilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin mövqe qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xüsusi amansızlığın mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin mövqeyini də nəzərə alır. Tədqiq olunan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs azyaşlı övladı Şahid gözü önündə onun yalvarışlarına məhəl qoymayaraq, sonuncuya xüsusi əzab verdiyini dərk etdiyi halda, qeyd edilən cinayət əməlini törətmişdir ki, həmin hal özlüyündə göstərilən əməlin təqsirləndirilən şəxs tərəfindən cinayətin xüsusi amansızlıqla törədildiyinin bilavasitə təzahürüdür. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirmə fikrinin olmaması, sonuncunu ancaq qorxutmaq istəməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlər kəskin şəkildə pisləşmiş, təqsirləndirilən şəxslə arvadı arasındakı nikah pozulmuş və təqsirləndirilən şəxs ailəsinin dağılmasında və uşaqlarından ayrı düşməsində səbəbkar kimi Zərərçəkmiş şəxsı görmüş, bu səbəbdən o, zərərçəkmiş şəxsdən qisas almaq qərarına gəlmiş və bunun üçün əlverişli məqam axtarmışdır. Nəhayət o, zərərçəkmiş şəxsin evinə gələrək onun burun nahiyəsinə kəllə ilə vurmuş, daha sonra bıçaqla qarın nahiyəsindən sonuncunun sağlamlığına ağır zərər vurulması ilə bağlı xəsarət yetirmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, yəni zərərçəkmiş şəxsə onun övladının gözü önündə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməllər birbaşa qəsdlə törədilmişdir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Universal Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 20 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Universal Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul ödənilsin. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır, xüsusi müsadirə predmeti yoxdur, ekspertiza xərcləri müəyyən edilməmişdir. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1644/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1644/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver