Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1645/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “De Fendo” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 24 avqust 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda - təmiz çəkisi 8,542 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmış, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində külli miqdarda - təmiz çəkisi 8,542 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamış, heç bir yerdə işləməmişdir. “Kakos” adlanan narkotik vasitədən bir ildən artlq müddətdir ki istifadə etmiş, narkotik vasitəni adətən onlayn yolla tanımadığı İran vətəndaşlarından almışdır. Belə ki, iranlı narkotik vasitənin yerini ona demiş, o da həmin şəxsin dediyi hesaba pul köçürdükdən sonra dediyi yerdən narkotiki götürmüşdür. Sonuncu dəfə 07 mart 2023-cü il tarixdə axşam saatlarında Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində olarkən Araş adlı bir iranlı ilə telefon əlaqəsi saxlamış və ona “kakos” lazım olduğunu demişdir. Həmin şəxsin hesabına 300 manat pul köçürdükdən sonra sonuncu istədiyi narkotiki göndərəcəyini bildirmişdir. O, onlayn şəkildə həmin şəxsin hesabına 300 manat pul göndərmiş və həmin şəxsin dediyi yerdən yəni, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində hasarın yanında daşın altına qoyulmuş 01 ədəd sellofan bükümdəki narkotik vasitəni götürməyə getmişdir. Həmin vaxt Albalılıq yaşayış massivi ərazisində olduğu zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, özünün də şəxsiyyətini müəyyən etdikdən sonra onu 14-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşyanın olub-olmadığı soruşulduqda, o, polis əməkdaşlarının öyrətdiyi kimi hərəkət etmişdir. Sorğu zamanı əldə edəcəyi narkotik vasitənin hansı şəkildə aldığını bildirmişdir. O, olduğu kimi hər şeyi etiraf edir, amma onda həmin miqdarda narkotik vasitə olmayıb. Əldə edəcəyi narkotik vasitəni öz istifadəsi üçün almış, amma onu götürə bilməmişdir. İstifadəçi olmasını danmır, tutulmazdan bir il əvvəldən başlayaraq «kakos» istifadə edir. Bunu bilən polis əməkdaşları da onu saxlayıblar. Dəfələrlə müalicə almağa, sağalmağa cəhd etmiş, amma mümkün olmamışdır. İbtidai istintaq zamanı ona təzyiq və təsir olmayıb. İstifadəçi olduğunu bilən polis əməkdaşları onu saxlayıblar. Ancaq o sifariş verdiyi narkotik vasitəni götürməyə çatmamış, götürənə qədər onu saxlamışlar. Üzərinə videoçəkiliş aparılanda polislər onların dediyi kimi edəcəyi təqdirdə istifadəçi kimi rəsmiləşdirəcəklərini vəd etmiş, o da razılaşmışdır. Əməlindən peşmandır. Həyat yoldaşı vəfat etmiş, uşaqları başsız qalmış, bu səbəbdən özünü toparlaya bilməyib narkotik istifadə etməklə sakitlik tapmışdır. Hazırda uşaqlarına xəstə valideyinləri baxır. Məhkəmədən bütün bu halların, həyat yoldaşının vəfat etməsinin və himayəsində iki azyaşlı uşaqlarının olmasının nəzərə alınıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 07 mart 2023cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalıq yaşayış massivində olan zaman Araş adlı bir iranlı ilə telefon əlaqəsi saxlamış və ona narkotik vasitə “kakos” lazım olduğunu bildirmişdir. Həmin şəxsin xatırlamadığı hesabına 300 manat pul göndərmiş və həmin şəxsin dediyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində hasarın yanına daşın altına 01 ədəd sellofan bükümdə qoyulmuş narkotik vasitəni götürmüşdür. “Araş” adlı şəxsdən cəmi 2 dəfə onlayn şəkildə narkotik vasitə almışdır. O, heç vaxt heç kimə narkotik vasitə verməmiş və satmamış, aldığı narkotiki özü istifadə etmişdir. Üzərində saxladığı narkotik vasitə heroindən qəbul etməmiş, narkotik vasitəni tək qəbul etmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə heroini gizli qəbul etmişdir. 03 iyun 2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsində barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması zamanı qapalı məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmədiyini, saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını demiş, hesab etmişdir ki, məhkəmədə hakimə törətdiyi cinayət əməlini etiraf etmədiyi halda həbsdə saxlanma müddəti uzadılmayacaqdır. Lakin sonradan da törətdiyi cinayət əməlini etiraf etmiş və 08 mart 2023-cü il tarixdə 14-cü Polis Bölməsində axtarış və götürmə aparılarkən üzərində bir bükümdə narkotik vasitə heroinin olduğunu və polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin aşkar edilərək götürüldüyünü təsdiq etmişdir (cild 1, iş vərəqə 58-60, 119-120). Məhkəmə istintaqı zamanı qeyd olunan ifadə elan edilib tədqiq olunarkən isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədən fərqli olan bu ifadəsini yenidən təsdiq etmişdir. Beləliklə, məhkəmədə özünü təqsirli bilib-bilməməsinə dair suala cavab verərkən özünü təqsirli bilmədiyini qeyd edən təqsirləndirilən şəxs faktiki olaraq törətdiyi əməllə bağlı etiraf ifadələri vermiş, təqsirliliklə bağlı ilkin olaraq tərəddüdlü mövqe nümayiş etdirsə də, sonradan əməlindən peşman olduğunu bildirmiş, ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi tam etiraf ifadəsini təsdiqləmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 08 mart 2023-cü il tarixdə saat 00:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində saxlanılmış və 14-cü Polis Bölməsinə aparılmışdır. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin videoçəkiliş vasitəsilə aparılması barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi ilə bağlı etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli toz şəklində maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə «kakos» adlandırılan narkotik vasitə heroin olduğunu, onu 07 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Araş adlı şəxslə «WhatsApp» vasitəsilə əlaqə saxlayaraq onlayn şəkildə onun hesabına 300 manat pul göndərməklə öz şəxsi istifadəsi üçün aldığını, Araş adlı şəxsin sözlərinə əsasən Albalılıq yaşayış massivində hasarın yanından götürdüyünü və özündə saxladığını bildirmişdir. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərf, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Saxlanarkən şəxsə qarşı hər hansı təzyiq və təsir olmamışdır. Bütün baş verənlər olduğu kimi rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanarkən özünü normal aparmış, satış məqsədi olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq edərək əlavə etdi ki, Təqsirləndirilən şəxs saxlanarkən əməlindən peşmançılıq ifadə etmiş, həyat yoldaşının vəfat etdiyini, azyaşlı uşaqlarının olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini 07 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Araş adlı şəxslə telefon vasitəsi ilə danışaraq 300 manata aldığını, həmin narkotik maddəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində hasarın yanından götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. Həmin videoçəkiliş protokolda yazılanları əyani şəkildə özündə əks etdirir. Videoçəkilişdən də aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülünü çıxarıb təqdim edir, həmçinin təhqiqatçının bükülüdə nə olmasına dair sualına «heç nə də, zəhrimar» cavabını verir və «zəhrimar»ın açıqlamasını vermək təklif edildikdə isə «el arasında kakos deyirlər» deyə bildirir (cild 1, iş vərəqə 31-32,72). Məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2023-cü il tarixli 6/1422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Republikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №100” möhür əksi, “...Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,542 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 8,442 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-40). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 aprel 2023-cü il tarixli 2188 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 109-110). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 111-112). Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4 «digər kardiomiopatiyalar» səbəbindən 27 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 mart 2023-cü il tarixli 3912 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 91). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır (cild 1, iş vərəqə 88). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 89). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən hələ üzərində narkotik vasitənin olmaması, narkotik vasitəni götürməyə gedərkən yaxalanması barədə məhkəmədə ilkin olaraq verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bununla bərabər, məhkəmə onu da qeyd edir ki, elə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin mövqedən geri çəkilmiş və tam etiraf ifadəsi vermiş, ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsini də təsdiq etmişdir. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, həyat yoldaşının vəfat etməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 69-71). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,442 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37,137). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,442 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1645/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1645/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver