Məhkəmə qərarları › İş №1(101)-1646/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1646/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1646/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 avqust 1965-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu, N.Məlikov küçəsi, Dalan 6, ev 5-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 4,763 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 4,763 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. 2011-ci ildə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib qəti olaraq 5 il müddətə azadlıqdan məhrum edilmişdir. 22 aprel 2022-ci il tarixdə «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün narkotik vasitə heroin alıb üzərində gəzdirmişdir. 23 aprel 2022-ci il tarixdə saat 03 radələrində yaşadığı Bakı şəhəri Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6, ev 5-in qarşısında olarkən Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə dəvət edilmişdir. Həmin polislərlə bölməyə getmiş, orada ona dövlət hesabına vəkil təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 22 aprel 2022-ci il tarixdə səhər saatlarında «Papanin» adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfinən götürülərək qablaşdırılmışdır. Sonda şəxsi axtarış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Saxlanılan zaman və sonrakı müddət ərzində polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunan heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci madddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 23 aprel 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birgə xidmətdə olmuşdur. Bu zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonuncunun üzərində narkotik vasitə olmasına dair şübhələr yarandığından ona Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla bölməyə getmişdir. Bölmədə təhqiqatçı Elşən Rəsulov tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin edilmiş və sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd kiçik şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu «Papanin» adlanan ərazidə təsadüfi bir şəxsdən öz istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və sonrakı müddət ərzində ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli, 6/2338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №188» möhür əksi, «Şübhəli şəxs:... Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,763 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2022-ci il tarixli, 3345 saylı rəyindən görünür ki, X1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyun 2022-ci il tarixli, 1594 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. İttiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 44-49-cu vərəqlərindəki 23 aprel 2022-ci il tarixli «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngi maddə olan bir ədəd bükümü təqdim etdiyi, təqdim etdiyi maddənin heroin olmasını bildirdiyi və həmin maddəni 22 aprel 2022-ci il tarixdə səhər saatlarında Papanin kimi tanınan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata alması, 23 aprel 2022-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanaraq Nəsimi RPİ-nə gətirilməsi faktı təsdiq olunur. İşin 118-143-cü vərəqərindəki protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 27 may 2022-ci il tarixli 8696/22 nömrəli məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan diskə keçirilmiş baxış zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sorğu edilən tarixlərdə çox saylı telefon danışıqları aparıldığı və sms mətnləri daxil olduğu müəyyən edilmişdir. SMS mətnlərinə baxış zamanı orada Təqsirləndirilən şəxs istifadəsində olan «**********44» saylı mobil nömrəyə «**********23» saylı mobil nömrədən 13 mart 2022-ci il tarixdə «Qardawim sebrli ol can bayağ wey goturmeycun dusmusdum asagi bele», «**********44» saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə «Qaqaş bele olanda imkan eliyrem yox senol pati tapa bilmirik nece gundu», Təqsirləndirilən şəxs istifadəsində olan «**********44» saylı mobil nömrədən «**********44» saylı mobil nömrəyə 13 mart 2022 ci il tarixdə «cosidi vezyet pisdi İk lazmdi hel elede qaqasncun», «**********44» saylı mobil nömrəyə 13 mart 2022 ci il tarixdə «qardasm braz ayricana pat dedma 5mda onuncun verecem», «**********44» saylı mobil nömrəyə 13 mart 2022-ci il tarixdə «cosidi basva donerem 05 pat alnar qardasuncun», «**********44» saylı mobil nömrəyə 13 mart 2022 ci il tarixdə «cosidi qardasm İk duzeler qaqasncun», «**********34» saylı mobil nömrəyə 07 aprel 2022 ci il tarixdə «qerdew kolani 3 ele», «**********34» saylı mobil nömrəyə 07 aprel 2022 ci il tarixdə « 1 dene ayri qoy», «**********24» saylı mobil nömrəyə 30 avqust 2021 ci il tarixdə «X4 X5 Yox 1 X6 Lazimdi 5 Kaset», «**********16» saylı mobil nömrəyə 01 sentyabr 2021-ci il tarixdə «dede gelirsen evdeyem men bidene xeber di mene yarim alinmadi dede mene yari hel ele» SMS mətnləri göndərmişdir. İşin 151-ci vərəqindəki 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd bükümdə təmiz çəkisi 4,763 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 4,663 qram hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İşin 110-111-ci vərəqlərindəki üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və 153-160-cı vərəqlərindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 21 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 01 iyun 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 21 sentyabr 2011-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən bu hal onun barəsində cinayətlərin residivini yaratmır. İşin 20-21-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,763 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 4,663 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış videçəkilişin görüntülərini özündə əks etdirən bir ədəd disk və Bakcell Telecom MMC-dən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,763 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 4,663 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış videçəkilişin görüntülərini özündə əks etdirən bir ədəd disk və Bakcell Telecom MMC-dən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar