Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1647/2021 10.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 15 may 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 20 manat verərək 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,328 qram və 1,961 qram olmaqla ümumi təmiz çəkisi 4,289 qram, narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamamış və 16 may 2021-ci il tarixdə saat 08:05 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli cins şalvarının sağ cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,328 qram və 1,961 qram olmaqla ümumi təmiz çəkisi 4,289 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 15 may 2021-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən 20 manat nəğd pul ödəyərək 02 ədəd siqaretin sarı rəngli kağızından ibarət bükümlərdə heroin almışdır. 16 may 2021-ci il tarixdə saat 08 radələrində ünvan 5 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu bölməyə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki şalvarın cibindən 02 ədəd siqaretin sarı rəngli kağızından ibarət bükümlərdə heroini təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini yalnız öz istifadəsi üçün əldə etmiş, narkotik vasitəni aldığı şəxs təxminən 35-40 yaşlarında, arıq bədən quruluşuna malik, qara buğdayı, orta boylu adam olmuşdur. O, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, ona hansı səbəbə Ciayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermələri ona aydın deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlər onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 15 may 2021-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən cəmi 20 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. 16 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş büküm aşkar edilərək götürülmüşdür. 16 may 2021-ci il tarixli mənzildə axtarış aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzildə axtarış keçirilmiş, axtarış zamanı həmin mənzildə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir maddi sübut aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/1929 saylı 16 may 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 194” möhür əksi,, “Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş...” əl yazıları, imzalar olan zərfdəki 02 dəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.328 qram və 1,961 qram, ümumi təmiz çəkiləri 4,289 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkoti vasitə-heroindir. 02 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1993 saylı 19 iyun 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq 4,189 qram qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 4,289 qram, narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, bütün iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmasına dair heç bir sənəd tərtib olunmamış, istintaq orqanı satış məqsədini təsdiq edə biləcək heç bir sübut əldə etməmiş, satışı təsdiq edəcək hər hansı bir sübutun əldə edilməsinə təşəbbüs belə göstərməmişdir. Belə ki, əməliyyat qrupunun təşkil edilməsinə dair 16 may 2021-ci il tarixli protokolda göstərilmşdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitəni üzərində daşıması və istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa, şübhəli şəxsə müdafiəçi ayrılması barədə və müdafiəçinin şübhəli şəxsə təqdim olunması barədə protokollarda və müdafiəçi dəvət olunması barədə 16 may 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsində şübhəli olduğu göstərilmişdir. Eyni zamanda həmin tarixli tutma protokolunda da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İstintaq orqanı daxil olmuş məlumata əsasən, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlsədə, təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri həyata keçirsələrdə, Təqsirləndirilən şəxs nə izləməyə almamışlar, nə ətrafında əməliyyat keçirib onun barəsində satış faktını həyata keçirərkən cinayət başında yaxalanmasına təşəbbüs göstərməmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə tərtib olunmuş 16 may 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata almışdır. Eləcə də Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə vermiş olduğu ilkin izahatında, və 17 may 2021-ci il tarixdə şübhəli şəxs qismində vermiş olduğu ifadəsində, üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün 20 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra, istintaq orqanı, təqsirləndirilən şəxsin izahatlarını aldıqdan sonra, heç bir şahid dindirilmədən, hər hansı bir istintaq hərəkəti aparılmadan, satış faktını təsdiq edəcək hər hansı bir sübut ədə etmədən 17 may 2021-ci il tarixli təqsirləndiridlən şəxs qismində cəlb emək haqqında qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edir və ona həmin maddə ilə ittiham elan edir. Göründüyü kimi istintaq orqanı heç bir sübut ədə etmədən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin məhrələsindən məhkəmə istintaqının son mərhələsinə kimi vermiş olduğu izahat və ifadələrində onun üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Eyni zamanda, iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə məşqul olması barədə onlara məlumat daxil olmamışdır. Bundan əlavə məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində, Təqsirləndirilən şəxs, saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsini təsdiq etmişlər. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də şahidlərin məhkəmədə vermiş olduqları ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Göründüyü kimi, digər heç bir sübut əldə edilmədiyi və mövcud olmadığı halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli narkotik vasitənin satışı kimi qiymətləndirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin telefon danışıq anten dairələri və SMS bildirişləri çıxarılmamış, hər hansı şəxslərlə əlaqə saxlamısını müəyən etmək məqsədi ilə heç bir tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, onun narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Eləcə də, nə əməliyyat orqanı, nə də istintaq orqanı satış faktını təsdiq etməsi üçün heç bir hərəkət etməmişdir, bununlada satış fakt tam təkzib olunmuşdur. Satma faktını təsdiq edən digər hər hansı bir dəlil və ya sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi ilə yanaşı, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs ifadə verərkən üzərində həmin narkotik vasitənin çəkisinin az olmasını bildirsə də, onun ibtidai istintaq zamanı üzərinə şəxsi baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla təsdiq olunur ki, həmin gün Təqsirləndirilən şəxs üzərində qeyd olunan miqdarda narkotik maddə heroin olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Çün ki, istintaq orqanının özünün gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir, satışını isə təsdiq edən heç bir sübut əldə edilməmişdir. Onun narkotik vasitənin satışı ilə məşqul olması faktını şahid qismində dindirilmiş polis əməkdaşlarının vermiş olduqları ifadələri, ekspert rəyi və protokollarla tam təkzib olunmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs şəxsi istiehlak miqdarından artıq miqdarda narkotik vasitələrin əldə edilməsi cinayətini törətməsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, müvafiq ekspertiza rəyləri, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27.10.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı rayon idarəsindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunmuş Təqsirləndirilən şəxs qardaşı X4 şəhid olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ağ ciyər vərəmi xəstəliyindən əzab çəkdiyini, «Hepatit C» xəstəliyindən əzab çəkdiyini, qardaşı X2 1-ci Qarabağ müharibəsində şəhid olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 may 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Suraxanı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.189 qram narkotik vasitə heroin məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 156 (yüz əlli altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 156 (yüz əlli altı) manat məbləğində pu ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Suraxanı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,189 qram narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1647/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1647/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver