Məhkəmə qərarları › İş №1(101)-1647/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1647/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1647/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında 25 avqust 1997-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(101)-1647/2022 nömrəli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılmasınadək uzadılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Həmin cinayət işi 08 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi polis kapitanı Rüstəm İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə başlanılmış, ibtidai istintaq orqanının 25 iyul 2022-ci il tarixli qərarına əsasən cinayət işi Xəzər RPİ-nin istintaq şöbəsinin digər müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmiş və cinayət işi üzrə ibtidai istintaq sonuncu tərəfindən yekunlaşdırılmaqla ittiham aktı tərtib edilmişdir. Cinayət işi üzrə ittiham aktı 22 avqust 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Xəzər rayon prokuroru tərəfindən təsdiq edilərək həmin gün baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 25 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasları 05, 06 və 12 sentyabr 2022-ci il tarixlərə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroini hissə-hissə olmaqla, ümumilikdə 520 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış və 07 may 2022-ci il tarixdə, saat 13:00 dəqiqədə ərazidə xidmət aparan Əlahiddə ÇPA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli gödəkçənin sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi küllü miqdarda 01 ədəd üzəri şəffaf yapışqanla lentlənmiş, çəhrayı rəngli kağıza və ağ-yaşıl rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi 13,001 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunanlara əsasən ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 03 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixli qərara əsasən təqsirləndirildən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına, o cümlədən müdafiə hüququnun və ittiham aktının tərtibi ilə bağlı prosessual tələblərin pozulması hallarına yol verilmişdir. Yol verilmiş prosessual pozuntularla bağlı Dövlət ittihamçısı2 vəsatət qaldıraraq cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı vəsatətini belə əsaslandırdı ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının 04 avqust 2022-ci il tarixli qərarına Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayətin törədilməsinə görə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət işi üzrə ittiham aktı 22 avqust 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş və cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lakin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə - Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi 07 may 2022-ci il tarixdə qüvvədə olmamış, törədildiyi zaman Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl cinayət sayılmamışdır. Şəxsin əməlinin təsviri verilmiş ittihamda CM-nin 234.1-ci maddəsi ilə əhatə olunmasına baxmayaraq, nəticədə ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülməsi təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırmışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması da, məhz bu pozuntu ilə əhatə olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyinin mahiyyətini başa düşə və irəli sürülən ittihama qarşı özünün müdafiəsini qura bilməmiş, həmçinin bu pozuntu Cinayət Məcəlləsinin 289.4-cü maddəsinin tələbləri baxımından ittiham aktının düzgün tərtib olunmamasına və nəticədə məhkəmə aidiyyatının pozulmasına gətirib çıxarmışdır. Vəsatət müəllifi daha sonra göstərdi ki, cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın qəbul edilməsi, nəticədə təqsirləndirilən şəxsin əməlinin daha yüngül maddəyə tövsif edilməsinə və məhkəmə aidiyyətinin dəyişməsinə səbəb olacaqdır. Bununla da təqsirləndirilən şəxsin əməlinə Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegial məhkəmə tərkibində deyil, işə təkbaşına baxan hakimin sədrliyi ilə digər birinci instansiya məhkəməsində baxılacaq və təqsirləndirilən şəxsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təmin olunacaqdır. Müdafiə tərəfi bütövlükdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edib, qaldırılan vəsatətin təmin olunmaqla cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, cinayət işinə baxılmasına xitam verilməli və məhkəməyədək icraat mərhələsində yol verilmiş prosessual pozuntuların aradan qaldırılması məqsədi ilə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ixtisaslaşdırılması həm onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həm də ittiham aktının tərtib və təsdiq edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin uyğun həyata keçirilsə də, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuş, lakin Təqsirləndirilən şəxs 13,001 qram heroin narkotik vasitəsinin aşkar edilərək götürülməsində ehtiva olunan cinayət hadisəsinin törədildiyi 07 may 2022-ci il tarixdə qeyd olunan Qanun qüvvədə olmamış, yəni cinayət sayılmamış, həmin Qanun yalnız 20 may 2022-ci il tarixdə “Azərbaycan” qəzetində və s. dərc edildikdən sonra qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Baxılan cinayət işi üzrə cinayət hadisəsinin 07 may 2022-ci il tarixdə törədilməsi işin faktiki halları ilə təsdiq olunur. Cinayət hadisəsinin törədildiyi 07 may 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın dispozitiv əlamətləri baxımından həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) uyğundur. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona verilmiş ittihamın faktiki tərəfini və hüquqi tövsifinin mahiyyətini dərk etmədiyindən, bu hissədə ona hüquqi yardım göstərilmədiyindən və həm də hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında müstəntiq tərəfindən məlumatlandırılmadığından Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona qarşı qanunsuz olaraq irəli sürülmüş ittiham istər onun özü və ya istərsə də msüdafiəçisi tərəfindən mübahisələndirilməmiş, baş vermiş pozuntunun aradan qaldırılması məqsədilə istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında hər hansı vəsatət qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüquqlarından biridir. Həmin Məcəllənin 91.5.29-cu maddəsinin tələblərinə görə hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq təqsirləndirilən şəxsin hüququdur. Daha sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ilk dəfə dindirilərkən verilmiş ittihama özünün münasibəti dəqiqləşdirilməmiş, həmin ittihamla özünü təqsirli bilib-bilmədiyi öyrənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.17-ci maddəsinə əsasən təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququdur. Bundan başqa, məhkəmə hazırlıq iclasında iş üzrə tərtib olunan ittiham aktı öyrənilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs, yuxarıda qeyd olunduğu kimi, ona verilmiş ittihamın faktiki tərəfini və hüquqi tövsifinin mahiyyətini dərk etmədiyindən, bu hissədə ona hüquqi yardım göstərilmədiyindən və həm də hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında müstəntiq tərəfindən məlumatlandırılmadığından o, özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsinə əsasən iş üzrə tərtib olunan ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar yer almalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsinin baş verdiyi vaxt qüvvədə olan qanunun tətbiq olunmaması, yəni təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran qanun ola-ola, onun ağır cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməsi və həmin işə Ağır Cinayətlər Məhkəməsində kollegial tərkibdə baxılması, təqsirləndirilən şəxslərin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması kimi konstitusion hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Qeyd olunan bu hal isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində qeyd olunur ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Ən nəhayət, məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona verilmiş yalnış ittihamın faktiki tərəfini və hüquqi tövsifinin mahiyyətini dərk etməməsi ilə bağlı yol verilən müdafiə hüquqlarının pozulması iş üzrə tərtib olunan ittiham aktında da öz əksini tapmış, ittiham aktının tərtib olunması ilə bağlı Azərbaycan Respublikası CPM-nin 289.3.2, 289.3.3 və 289.4-cü maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmış və iş üzrə ittiham aktının düzgün tərtib olunmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qeyd olunan məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verilmişdir. Ona görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış Bakı şəhəri Xəzər RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 303.3.6-cı maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularıdır və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 may 2022-ci il tarixdə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmə araşdırmaları ilə bağlı məhkəmə hazırlıq iclasının yekun qərarının qəbul edilməsində çətinliklər yarandığından Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 07 sentyabr 2022-ci il tarixdə başa çatması nəzərə alınmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Azərbaycan Respublikası CPM-nin 159.7.3-cü maddəsinə əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq 10 (on) aydan artıq ola bilməz. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 may 2022-ci il tarixdən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın qəbul edildiyi 12 sentyabr 2022-ci il tarixədək qanuni əsaslarla 04 (dörd) ay 5 (beş) gün müddətində həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddətini nizamlayan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri onun barəsində pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 12 sentyabr 2022-ci il tarixdən 1 (bir) ay, yəni 12 oktyabr 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.6, 306.2 və 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 12 sentyabr 2022-ci il tarixdən 1 (bir) ay müddətində, yəni 12 oktyabr 2022-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti proses iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar