Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1648/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 6-cı korpus, ev 12-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,108 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 7,181 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 60 (altmış) manata əldə edib üzərində saxlamaqla daşımışdır. 30 may 2021-ci il tarixdə, saat 00:30 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində saxlanılaraq 4-cü Polis bölməsinə aparılmış və orada inzibati binada onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaretin qızılı rəngdə kağızına bükülmüş, içərisində 11 (on bir) ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0.652 qram, 0,710 qram, 0.590 qram, 0,625 qram, 0,684 qram, 0,651 qram, 0,805 qram, 0,514 qram, 0,550 qram, 0,840 qram, 0,560 qram, ümumi təmiz çəkisi 7,181 qram, tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 7 (yeddi) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0.527 qram, 0,580 qram, 0,420 qram, 0,448 qram, 0,415 qram, 0,313 qram, ümümi təmiz çəkisi 3,108 qram, tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki ilə yaxın müddətdir ki, narkotik vasitələr qəbul edir. O, 2021-ci ildə avtomobil qəzasına düşmüş və nəticədə sol ayağından ciddi şəkildə xəsarət almışdır. Aldığı xəsarətlərə görə onun bədənində ağırlar olmuşdur. O, ağrılarını sakitləşdirmək üçün narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, gecələr ağrıdan yata bilməmişdir. Ona görə də o, canı ağrımasın deyə narkotik vasitə istifadə etmişdir. O, həm “kakos”, həm də “şüşədən” istifadə etmişdir. O, növbəti dəfə narkotik vasitə almaq üçün 29 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” kimi adlanan yerə getmişdir. Lakin o, həmin vaxt oradan narkotik vasitə ala bilməmişdir. Bu vaxt onun qarşısına üzdən tanıdığı, lakin şəxsi tanışlığı olmayan bir nəfər çıxmışdır. Həmin şəxs ona demişdir ki, “narkotik vasitə almaq istəyirsənsə, sənə tapa bilərəm”. O da həmin şəxslə razılaşaraq demişdir ki, “tap narkotik vasitə, alım və birlikdə istifadə edək”. Sonra həmin adam narkotik vasitə almaq üçün harasa getmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs qayıdaraq narkotik vasitə satan şəxsin evdə olmadığını ona bildirmişdir. Sonra həmin adam ona demişdir ki, “başqa yer də tanıyıram, gedək oradan alaq. Amma həmin adam narkotik vasitələri “çetlərdə” (bükümlərdə) satır”. O da həmin şəxslə razılaşmışdır. Həmin gün o, 3 (üç) qram narkotik vasitə əldə etmək istəmişdir. Sonra həmin şəxs gedib ona bükümlərdə narkotik vasitələr gətirmişdir. Həmin şəxs ona 2 (iki) qram “kakos” və 10 manatlıq “şüşə”, yəni metamfetamin gətirmişdir. O, “şüşəni”, yəni metamfetamini ona narkotik vasitə tapan şəxs üçün almışdır. O, həmin şəxsə onun üçün “kakos” tapacağı təqdirdə 10 manatlıq “şüşə” alacağına söz vermişdir. Ona görə də o, özünə 50 (əlli) manata “kakos”, həmin adama da 10 (on) manatlıq “şüşə” aldırmışdır. Həm də həmin şəxs də ondan “şüşə” almağını istəmişdir. Həmin şəxs ona narkotik vasitələri gətirib vermişdir. O, həmin narkotik vasitələri açıb içərisinə baxmaq istəyərkən, birdən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona narkotik vasitəni alıb gətirən şəxsi isə polis əməkdaşları tutmamışlar. Polislər ancaq onu tutmuşlar. Polislər onu tutub Polis bölməsinə aparan zaman o, əlindəki narkotik vasitəni polis maşınının pəncərəsindən yerə atmışdır. Bu vaxt polislər dərhal həmin narkotik vasitələri yerdən yığmışlar və onu Binədəqi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində polislər 7 (yeddi) bükümdə “kakosu” və 11 (on bir) bükümdə “şüşəni” onun qarşısına qoyaraq ona demişlər ki, guya o, bu narkotik vasitələri polis maşınından atmışdır. Onun aldığı narkotik vasitələrin çəkisi təxminən 3 (üç) qram olmuşdur. O, polis əməkdaşlarına sual vermişdir ki, “bəyəm 60 (altmış) manata 7 (yeddi) büküm “kakos”, 11 (on bir) büküm “şüşə” almaq olar? Mən 60 (altmış) manata haradan bu qədər “mal” ala bilərəm?”. Lakin polislər həmin “kakosu” və “şüşəni” ona “yükləmişlər”. Onun üzərindən ittiham aktında yazıldığı qədər narkotik vasitə və psixotrop maddə olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində ən çoxu ümumilikdə 3 (üç) qram “kakos” və “şüşə” olmuşdur. O, 30 may 2021-ci il tarixdə, gecə saat 01:00 radələrində tutulmuş və təxminən səhər saat 08:00-09:00 radələrində vəkil ilə təmin edilmişdir. Onun ibtidai istintaq dövründə də müdafiəçisi Müdafiəçi olmuşdur. Polislər ona 11 (on bir) büküm “şüşəni” və 7 (yeddi) büküm “kakosu” öz üzərinə götürməsi ilə bağlı sənədlərə imza çəkməyini demişlər. O da etiraz edərək qeyd edilən çəkidə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Polislər də ona gülə-gülə demişlər ki, “narahat olma, birazdan imza çəkərsən”. Bir qədər keçdikdən sonra, yəni həmin gün günorta saatlarında polislər onun qarşısına narkotik vasitə qoyaraq demişlər “istifadə et və sonra da sənədləri imzala”. Həmin vaxt onun ağırları olduğundan o, polislərlə razılaşmış və polislərin verdiyi narkotik vasitədən biraz istifadə etmişdir. O, narkotik vasitə istifadə etdikdən sonra bütün sənədləri imzalamışdır. O, cinayət işində olan bütün sənədləri narkotik vasitənin təsiri altında, yəni qeyri-ixtiyari olaraq imzalamışdır. O, heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Onun heç vaxt belə fikri də olmamışdır. Tutulduğu vaxt onun üzərində cəmi 3 (üç) qram “kakos” və “şüşə” olmuşdur. O, həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, üzərindən külli miqdarda, yəni 7,181 qram çəkidə psixotrop maddə metamfetaminin və külli miqdarda, yəni 3,108 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməməsi, tutularkən üzərində cəmi 3 (qram) çəkidə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olması, onun 3 (qram) çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün alması ilə bağlı məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 may 2021-ci il tarixdə onun işlədiyi Polis bölməsinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 6, ev 12də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, sonuncunu cinayət törədərkən, yaxud cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması ilə bağlı bölmənin rəhbərliyinə raportla məruzə edilmiş və bundan sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmişdir. Eyni zamanda bu məsələ ilə bağlı əməliyyat qrupu təşkil edilmişdir. Həmin əməliyyat qrupuna onunla birlikdə digər polis əməkdaşı Şahid2 da daxil edilmişdir. Sonra, yəni 30 may 2021-ci il tarixdə, saat 01:30 radələrində onlar birlikdə əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər və həmin vaxt Təqsirləndirilən şəxs müəyyən edərək sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasından və narkotik vasitələrin satışı ilə məşğul olmasından şübhələndiklərini demişlər və bununla bağlı olaraq Təqsirləndirilən şəxs onlarla birlikdə 4-cü Polis bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul etmiş və onlar birlikdə Polis bölməsinə getmişlər. Sonra onlar tutduqları şəxs barəsində bölmənin rəhbərliyinə məruzə etmişlər. Həmin faktın araşdırılması 4-cü Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevə həvalə olunmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşlar. Sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Baş təhqiqatçı Faiq İsayev saxlanılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs bu barədə qəbul edilmiş qərarla tanış olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bağlamanı çıxararaq onlara təqdim etmiş və həmin bağlamanın içərisində 11 (on bir) ədəd şəffaf sellofan bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetaminin və 7 (yeddi) ədəd bükümdə narkotik vasitə “kakosun” olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” kimi adlanan ərazidən tanımadığı şəxsdən 60 (altmış) manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülərək qablaşdırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd alışqan və 1 (bir) ədəd "Huawei” markalı mobil telefon aşkar edilmişdir. Sonra keçirilmiş prosessual hərəkətlər və aşkarlanmış predmetlərlə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, xx xxxxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindindən qızılı siqaret kağızına bükülmüş 11 (on bir) ədəd şəffaf sellofan bükümləri və şəffaf plastik qabın içərisində olan 7 (yeddi) ədəd şəffaf sellofan bükümləri çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. 11 (on bir) ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər 7 (yeddi) ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində tünd qəhvəyi rəngli toz şəkilli heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, onun üzərindən 1 (bir) ədəd “Huawei” markalı mobil telefon aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış və götürmə prosessual hərəkətləri videoçəkiliş vasitəsi ilə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2169 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-45) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs 1.(imza) Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan bir ədəd zərfdəki 11 (on bir) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,652 qram, 0,710 qram, 0,590 qram, 0,625 qram, 0,684 qram, 0,651qram, 0,805 qram, 0,514 qram, 0,550 qram, 0,840 qram, 0,560 qram, ümumi təmiz çəkisi - 7,181 qram olan maddələr tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamindir və 7 (yeddi) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,405 qraam, 0,527 qram, 0,580 qram, 0,420 qram, 0,448 qram, 0,415 qram, 0,313 qram, ümumi təmiz çəkisi - 3,108 qram olan maddələr tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 51-52) görünür ki, 30 may 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 85-87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 30 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2021-ci il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməsi, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə üzərində saxlamasını müəyyən etmək istiqamətində əməliyyat tapşırığı verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 120-121) görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 135) görünür ki, 30 iyul 2015-ci il tarixdə Təqsirləndirilən şəxs Ümid Süleymanov adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1701 nömrəli rəyindən (cild 1, iş vərəqə 144-145) görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3244 nömrəli rəyindən (cild 1, iş vərəqə 146-147) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 149-158) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,898 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 6,851 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 198-203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 15 (on beş) gün müddətinə, yəni 15 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2016-cı il tarixli Tərtər Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 124-129) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancının 15 faizi miqdarı tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyul 2016-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan (cild 1, iş vərəqə 129A) görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 6 (altı) ay müddətə islah işləri cəzasından azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümlərdə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmişdir. O, qeyd edilən narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq təkbaşına əldə etmiş, həmin vaxt onun yanında başqa şəxs olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməsini, həmin narkotik vasitə və psixotrop maddələri əvəzli və ya əvəzsiz şəkildə əldə etməsini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə əməliyyat tapşırığı verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə istintaqında 30 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulması, həmin Polis bölməsində onun müdafiə hüququ təmin edilməklə üzərində şəxsi axtarışın keçirilməsi, şəxsi axtarış zamanı onun üzərindən 11 (on bir) ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0.652 qram, 0,710 qram, 0.590 qram, 0,625 qram, 0,684 qram, 0,651 qram, 0,805 qram, 0,514 qram, 0,550 qram, 0,840 qram və 0,560 qram, ümumi təmiz çəkisi külli miqdar, yəni 7,181 qram təşkil edən psixotrop maddə metamfetaminin və 7 (yeddi) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0.527 qram, 0,580 qram, 0,420 qram, 0,448 qram, 0,415 qram və 0,313 qram, ümümi təmiz çəkisi külli miqdar, yəni 3,108 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilərək götürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 4-cü Polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkarlanmış psixotrop maddə və narkotik vasitənin çəkisini, növünü, həmin maddə və vasitələrin həm ayrı-ayrılıqda, həm də ümumilikdə çəkisini mübahisələndirməmişdir. Əksinə o, üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin növü, çəkisi, bükümlərin sayı və həmin maddə/vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyini açıq şəkildə bəyan etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddənin ümumi çəkisinin 3 (üç) qram olduğunu, həmçinin şübhəli şəxs qismində tutularkən heç bir sənədi imzalamadığını, polis əməkdaşları ona istifadə etmək üçün narkotik vasitə verdiklərini və o, həmin narkotik vasitəni istifadə etdikdən sonra bütün sənədləri imzaladığını, qeyd edilən sənədləri imzalayarkən narkotik vasitənin təsiri altında olduğunu bildirsə də, məhkəmə istintaqında təqsirləndirilən şəxsin iddia etdiyi hallar öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq məhkəmə istintaqı başlananadək üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddənin çəkisini, həmin maddə və vasitələrin olduğu bükümlərin sayını və növünü, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polislərin ona narkotik vasitə verməsini, onun həmin narkotik vasitəni istifadə etdikdən sonra prosessual sənədləri imzalamasını bildirməmiş, qeyd edilənlərlə bağlı narazılığını ifadə etməmişdir. Əksinə o, dəfələrlə etirafedici ifadə verərək üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin çəkisi ilə razı olduğunu bildirmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında yuxarıda göstərilən məsələlərlə bağlı ifadə verərkən səmimi olmamış, özünü müdafiə etmək məqsədi ilə məhkəməyə bu hissədə yalan ifadə vermiş, bununla da məhkəmənin ədalətindən sui-istifadə etmək istəmişdir. Əks nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən 30 may 2021-ci il tarixdə 11 (on bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin və 7 (yeddi) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsini, onun qeyd edilən narkotik vasitə və psixotrop maddəni həddindən artıq çox sayda bükümlərdə saxlanılmasını, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin insan orqanizminə təsirini, aşkarlanmış narkotik vasitənin və psixotrop maddənin ümumi təmiz çəkisini, ələlxüsus da ümumilikdə 18 (on səkkiz) ədəd təşkil edən bükümlərin hər birində olan vasitə və maddənin birdəfəlik istifadə dozası təşkil etməsini, başqa sözlə, təqsirləndirilən şəxsin üzərindən ümumilikdə aşkarlanmış 18 (on səkkiz) ədəd bükümün hər birinin istifadə edilməsi üçün hazır vəziyyətdə (vaxt itirmədən və çəkini yoxlamadan rahat şəkildə realizə etmək imkanı) olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona əsaslanmışdır ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs müxtəlif təsir gücünə malik olan və ümumilikdə 18 (on səkkiz) ədəd bükümdə narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi ağlabatan və inandırıcı deyil. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir.. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və bir müddət əvvəl yol qəzasında ayağından xəsarət almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,898 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 6,851 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 180 (yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 180 (yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,898 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 6,851 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1648/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1648/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver