Məhkəmə qərarları › İş №1(101)-1650/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1650/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1650/2021 12.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxslərin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqınlar şəhərciyi, ev 4, mənzil 45-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs mənzil toxunulmazlığını pozmuş, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı, iki və ya daha çox şəxsi - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs3 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar, yəni 16 may 2021-ci il tarixində sonuncunun qolbağının tanımadıqları şəxs tərəfindən açıq şəkildə qanunsuz və əvəzsiz olaraq əlindən qoparılaraq naməlum istiqamətdə aparılıb açıq talanması hadisəsində günahı onda görməsi kimi cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə guya həmin məsələni aydınlaşdırmaq üçün günün əlverişli olan digər vaxtlarından istifadə etmək əvəzinə, əksəriyyətin yatmış olduğu günün gecə vaxtını seçib özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq azğınlıq, qəddarlıq, kənar şəxslərə hörmətsizlik göstərən eqoizmini nümayiş etdirərək, habelə insanlar arasında bərqərar olmuş birgəyaşayış, davranış, əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərlə 6 iyun 2021-ci il tarixdə gecə saat 4 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanına gələrək həyətə hasardan keçib evin qapısının açıq olduğunu görüb Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq orada yaşayan hər üç şəxsin - Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 bir otaqda, Zərərçəkmiş şəxs3 isə divar arakəsmə ilə ayrılan digər otaqda yatdıqlarını qət edib səsküyə oyansalar belə, otaqların qaranlıq və azişıqlı olduğunu bilib hücum edəcəyi şəxslərin müqavimət göstərmək imkanını tamamilə və ya qismən itirəcəyini nəzərə alaraq köməksiz vəziyyətdə olduqlarını bilə-bilə, həmçinin seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına, yəni arvada qarşı ərinə, ərinə qarşı arvadına, valideynə qarşı övlada, övlada qarşı valideynə xüsusi əzab verəcəyini dərk edərək hər üçünü də vahid qəsdlə əhatə olunan qəsdən öldürmək niyyəti ilə mətbəxdən bıçaq götürüb əvvəlcə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1nın yatdıqları otağa daxil olaraq taqqıltı səsinə oyanan sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sol tərəfli pnevmatoraks, diafraqmanın böyük piyliyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin döş və qarın boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yaraları; istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alın-təpə nahiyəsinin, sol qulaqarxası nahiyəsinin, çənəaltı nahiyəsinin, sağ bazunun, kürək nahiyəsinin, sol əlin İ barmağının kəsilmiş yaraları xəsarətləri yetirdikdən sonra ona səs-küyə yuxudan oyanan digər şəxs Zərərçəkmiş şəxs2 müqavimət göstərdiyini görüb sonuncuya istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid hemorragik şokla müşayiət olunan sağ tərəfli hemopnevmatoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının döş boşluğuna (daxilə) nüfuz edən 2 ədəd, böyük piyliyin, yoğun və nazik bağırsağın mədəaltı vəzin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaraları; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol bazunun 1 ədəd deşilmişkəsilmiş yarası xəsarətləri yetirib, daha sonra ona səs-küyə yuxudan oyanan digər şəxs Zərərçəkmiş şəxs3 müqavimət göstərdiyini görüb sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid qaraciyərin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yaraları; istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ saidin deşilmiş-kəsilmiş yaraları, ənsə nahiyəsinin, kürəkarası və kürəkaltı nahiyəsinin kəsilmiş yaraları xəsarətləri yetirib xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan üç şəxsi - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 157.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Arzu ilə atası Vaqif 2016-cı ildə məhkəmə qaydasında boşandığından həmin vaxtdan anası ilə birgə yaşamışdır. Bacısı Gülnar təxminən 10 il bundan əvvəl ailə quraraq öz ailəsi ilə yaşamağa başlamışdır. Atası Vaqif isə təkrar ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs3 Bakı Texniki Kollecində oxuduğu vaxtdan, yəni 2012-ci ildən tanımışıdır. O vaxtdan etibarən aralarında dostluq münasibətləri yaranmış və heç zaman düşmənçiliyi və ədavəti olmamışdır. Tez-tez dost kimi görüşərək boş vaxtlarını bir yerdə keçirmişlər. Hətta dostluq münasibətləri o qədər yaxın olmuşdur ki, bir neçə dəfə Fikrətgilə məxsus Buzovna qəsəbəsində yerləşən bağ evində də qonaq olmuşdur. Fikrət də onların məhəlləsinə gələndə onu atası Vaqif və anası Arzu ilə tanış etmişdir. 16 may 2021-ci il tarixdə Fikrət ona zəng vuraraq əgər münasib tanış qızlar varsa gedib onlarla əylənə biləcəklərini demişdir. Bundan sonra 8-ci km-də yerləşən bazarın yanından 2 qız götürüb Fikrətə məxsus maşınla qızlarla birlikdə şəhərin mərkəzinə gəlmişlər. X6 yaxınlığında yerləşən “Hazz” oteldə 2 otaq kirayələmişlər. Qızlarla oturan zaman Fikrət işi çıxdığını, Bakı Metropolitenin «Xalqlar dostluğu» stansiyasının yanına gedib gələcəyini demişdir. Fikrət getmiş və təxminən 3 saat sonra qayıtmışdır. Gətirdikləri qızların pulunu öz cibindən verib onları yola salmışdır. Ümumiyyətlə, oteldə olan zaman bütün xərcləri o özü çəkmişdir. Daha sonra Fikrətdən onu Bakı Metropolitenin «Qara Qarayev» stansiyasının yanına aparmağı xahiş etmişdir. Fikrət də onu həmin stansiyasının yanına aparmışdır. Orada atası ilə əlaqə saxlamaq istəsə də, konturu olmadığından əlaqə saxlaya bilməmişdir. Daha sonra Fikrətlə avtomobillə Çobanzadə küçəsi istiqamətinə hərəkət etmiş və həmin küçəyə az qalmış avtomaşını saxlamışlar. Oradan Koroğlu istiqamətinə gedəcək 1 manatlıq taksinin gələcəyini gözləmişlər ki, gələn kimi o çıxıb getsin. Bu zaman tanımadıqları bir şəxs onlara yaxınlaşıb maşınının xarab olduğunu deyib pul vermələrini istəmişdir. O da həmin şəxsə maşınının harada xarab olduğunu, onunla birlikdə gedib köməklik göstərə biləcəklərini demişdir. Həmin şəxs isə sadəcə ona pul lazım olduğunu bildirmişdir. Həmin şəxs səsinin tonunu qaldıranda onunla aralarında mübahisə yaranmışdır. Bu zaman Fikrətə çıxıb getməsini, həmin şəxslə özü söhbət edəcəyini demişdir. Fikrət də razılaşmışdır. Həmin şəxs dərhal Fikrətlə ona “mənə yaxşılıq edin, sizdən heç nə istəmirəm, sadəcə məni özünüzlə aparıb yolda düşürün” demişdir. O da Fikrətə tərəf baxaraq göz işarəsi ilə bununla razılaşmamasını istəsə də, Fikrət həmin şəxsi Bakı Metropolitenin «Qara Qarayev» stansiyasının yanına aparmağa razılaşmışdır. Onlar həmin şəxsi qeyd olunan stansiyasının yanına gətirmişlər və həmin şəxs avtomaşından düşən zaman Fikrətin telefonuna «sms» gəlmişdir. Həmin şəxs Fikrətin onu mobil telefonla videgörüntüyə almasından şübhələnib ona yaxınlaşmışdır. Fikrət ona belə bir hərəkət etmədiyini bildirdikdə həmin şəxs pəncərədən ani hərəkətlə əlini maşının içərisinə salıb Fikrətin qolundakı qızıl qolbağı qırıb qaçmışdır. O və Fikrət həmin şəxsin arxasınca qaçsalar da, qaranlıqda onu itirmiş və maşının yanına qayıtmışlar. Fikrətin çox həyəcanlı olduğunu görüb ona bir neçə gün ərzində çalışıb qolbağını alıb geri qaytaracaqlarını demişdir, Fikrət də razılaşıb atasının rayonda olduğunu, o qayıdana kimi qolbağı həll etmək lazım olduğunu demişdir. Fikrətin başını qatmaq üçün yalandan dayısına zəng vurduğunu, onun onlara kömək edəcəyini bildirmişdir. Hətta yalandan Fikrətə Sabunçu ərazisinə də getməyi bildirmişdir. Bundan sonra birlikdə ora da gedib qayıtmışlar. Lakin Fikrət hələ də sakitləşməmişdir. Yenidən Fikrətin qolbağının oğurlandığı yerə gəlmişlər. Maşında olan zaman cibindəki narkotik vasitəni çıxarıb qəbul etmişdir. Bundan sonra su almaq üçün mağazaya getmək istədikdə Fikrətlə maşınla yola çıxmışlar və bu zaman arxadan bir maşının faralarla işarə verərək onları saxlatmaq istədiyini görmüşlər. Avtomaşını saxlayıb maşından düşdükdə Fikrət arxalarınca maşınla gələn şəxsin öz əmisi olduğunu demişdir. Fikrətin əmisi ilə birlikdə qardaşı və tanımadığı bir şəxs də gəlmişdir. Fikrət əmisinə və digər gələnlərə baş verənləri danışmışdır. Daha sonra birlikdə Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasının yanına gəlmişlər. Orda ayrılan zaman Fikrətin əmisi ona bildirmişdir ki, “qardaşım 2 günə rayondan qayıdır, çalışaq həmin vaxta qədər Fikrətin qolbağını tapıb geri qaytaraq”. Bundan sonra ayrılmışlar. 17 may 2021-ci il tarixdə Fikrətlə “Whatsapp” şəbəkəsində yazışmaları olmuşdur. Həmin yazışma vaxtı Fikrət ondan pul düzəldib- düzəltmədiyini soruşmuş və əgər qolbağın pulunu ona verməsə onu polisə şikayət edəcəyini, hətta narkotik vasitə istifadə etdiyini də ərizəsində yazacağını demişdir. O da Fikrətə ürəyi necə istəyirsə, elə də etməsini bildirmişdir. Həmin andan hadisə gününə qədər Fikrətlə heç bir vasitə ilə əlaqə saxlamamış və görüşməmişdir. Məlum hadisə günü 2021-ci il iyun ayının 5-dən 6-na keçən gecə təxminən saat 2 radələrində Fikrətin yaşadığı Buzovna qəsəbəsində yerləşən bağ evinə gəlmişdir. Getməkdə məqsədi əslində Fikrətin qolbağının oğurlanması məsələsinə aydınlıq gətirmək olmuşdur. Hasardan aşıb nərdivan vasitəsilə həyətə düşmüş və gəlib evin giriş qapısını yoxlayanda görmüşdür ki, qapı açıqdır. Bundan sonra içəri girmişdir. Gələndə özü ilə qara rəngli çanta gətirmişdir. Çantanın içərisində ona məxsus ayaqqabı, şalvar, köynək və eynək olmuşdur. Çantanı hasardan həyətə aşanda hasarın üstündə unutmuşdur. Evə girdikdən sonra 2-ci mərtəbəyə qalxmış, lakin orada ləngiməyib aşağı düşmüşdür. Yataq otaqlarına yaxınlaşıb təxmini olaraq kimin hansı otaqda yatdığını dəqiqləşdirmişdir. Mətbəxə keçib 2-3 ədəd siqaret çəkmişdir. Həyəcanlı olduğundan onu tər basmış, soyuducunu açıb oradan pivə götürüb içmişdir. Şkafın bıçaqlar olan çəkməcəsini açıb bıçağın birini götürüb belinə qoymuş, qalan bıçaqları isə götürüb şkafın altına atmışdır ki, qəflətən kimsə oyansa və dava-dalaş düşsə heç kim özünü müdafiə üçün vasitə tapa bilməsin. Daha sonra yataq otağının qarşısındakı ağ şifoneri taqqıldatmağa başlamışdır. Səsə Fikrətin anası ayılıb otağın işığını yandırmış və onu görmüşdür. Bu vaxt Fikrətin anasına “Mən Abduləziməm, Fikrətin qrup yoldaşı” demişdir. Səsə Fikrətin atası Qüdrət yuxudan ayılmışdır. Qüdrətin yatdığı çarpayının üstünə tullanaraq onu bıçaqla vurmağa başlamışdır. Bu zaman Fikrətin anası üstünə gəldikdə əlindəki bıçaqla ona zərbə endirmişdir. Fikrət də otağa gəlmiş və o, Fikrətə nəsə demək istəyəndə Fikrət onu vurmuşdur. O da Fikrəti yumruqla vurmuşdur. Bu zaman Fikrətin anası başına vaza ilə vurmuşdur. Başından qan açılan kimi əlindəki bıçağı sağa-sola fırlatmağa başlamışdır. Bu vaxt ayağı sürüşmüş, yıxılmış və bıçaq əlindən yerə düşmüşdür. Bıçağı yerdən götürmək üçün Qüdrətlə aralarında mübarizə başlamışdır. Bu vaxt Fikrətin anası, daha sonra isə Fikrət durub yaralı halda çölə qaçmışdır. Fikrətin atası Qüdrət isə otaqda çarpayının üstündə huşsuz vəziyyətdə qalmışdır. Durub çölə çıxmış və mətbəxə gəlib başqa bir bıçaq götürüb belinə qoymuşdur. Bu zaman Qüdrətin arxasınca halsız vəziyyətdə mətbəxə gəldiyini görmüş və Qüdrətin ona xəsarət yetirəcəyindən qorxduğu üçün onu bıçaqla vuraraq həyətə çıxmışdır. Həyətdə olanda görmüşdür ki, Fikrət və anası həyətdə qışqıraraq kömək çağırırlar. Bundan sonra hasarın üstündən aşıb qonşunun həyətinə düşmüşdür. Belinə qoyduğu bıçaq həmin yerdə düşüb qalmışdır. Daha sonra isə digər hasarın üstündən aşıb küçəyə düşmüşdür. Gəlib Fikrətgilin evindən biraz aralı olan qonşunun qapısının yanında adam gördükdə bilmişdir ki, həmin evin sakinidir. Həmin şəxsi səsləyərək ondan su istəmişdir. Halsız olduğuna görə yerdə uzanmış, amma huşu üstündə olmuşdur. Bu zaman polis əməkdaşlarının avtomaşınla gəldiklərini görmüşdür. Polis əməkdaşları ondan nə baş verdiyini soruşmuş və təcili-tibbi yardıma zəng vurmuşlar. O da törətdiyi hadisə barədə ətraflı şəkildə polis əməkdaşlarına məlumat vermişdir. Təcili tibbi yardım briqadası gəlib onu xəstəxanaya aparmışdır. Fikrətlə və ailəsi ilə arasında heç vaxt düşmənçilik və ya ədavət olmamışdır. Fikrətin ailəsini qiyabi tanımışdır. Evin qapısı açıq olmuşdur. Evə daxil olan zaman qaranlıq olmuşdur. Fikrətin və valideynlərinin etirazı ilə qarşılaşan zaman bıçağa əl atmışdır. Hadisə zamanı əlindən və başından xəsarətlər almışdır. Hadisə zamanı Fikrət başına stulu, anası isə şüşə vazanı və ətir qabını vurmuşdur. Mütəmadi olaraq narkotik vasitə marixuanadan istifadə etmişdir. Hadisə günü narkotik vasitənin təsirində olmamışdır. Evdən qaçan zaman kimə məxsus olduğunu bilmədiyi qara kurtkanı geyinib çıxmışdır. Polis əməkdaşları onu hasardan düşdükdən sonra yolun kənarında olan zaman tutmuşlar. Fikrətgilin bağ evinə əvvəllər 1-2 dəfə getmişdir. Fikrətgilin evinə getdiyi zaman üzərində hər hansı kəsici-deşici alət və ya bıçaq olmamışdır. Həmin evdə bıçaq olduğundan əmin olmamışdır. Evdən çıxan zaman yaralıların sağ olduğunu bilmişdir. Zərərçəkmiş şəxslərin müalicəsi üçün o və ailəsi tərəfindən maddi yardım göstərilməmişdir. Evdən qaçarkən arxasınca kimsə gəlsə özünü müdafiə etmək üçün mətbəxdən bıçaq götürmüşdür. Hadisəni törətməzdən əvvəl və ya hadisəni törədib hadisə yerindən qaçdığı zaman həmin evdən heç bir qiymətli əşya və ya pul vəsaiti götürməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi 4 nəfərdən ibarətdir. Əri Qüdrət əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşı olmuş, hazırda işləmir. Oğlu Fikrət Bakı Texniki Kollecini bitirmişdir. Digər oğlu Nihad isə hal-hazırda hərbi xidmətdədir. Aralarında həmişə mehribançılıq olmuş, heç bir kənar şəxslərlə düşmənçilik və ədavətləri olmamışdır. Oğlu Fikrətin həmişə kimlərlə dostluq etməsi ilə maraqlanmış, həmçinin Fikrətə həmişə dost seçimində diqqətli olması barədə nəsihətlər vermişdir. Bir neçə dəfə Fikrətin öz dostu ilə Buzovnada yerləşən bağ evlərində olduğunu bilmişdir. Fikrət həmin dostunun adının Abduləzim olduğunu, onun Buzovnada yaşadığını və yaxşı bir ailənin övladı olduğunu bildirmişdir. 2021-ci il may ayının ortalarında əri Qüdrət rayona, yas mərasiminə getmişdir. May ayının 16-sı Fikrət öz dostu Abduləzimlə görüşəcəyini bildirərək evdən çıxmışdır. Həmin gün Fikrətin evə gəlmədiyini görüb gecə təxminən 4 radələrində qardaşı Fəridə zəng edib Fikrətin hələ də evə qayıtmadığını bildirmişdir. Daha sonra Fərid onun qaynı Rüfətlə əlaqə saxlayaraq Fikrəti bir yerdə axtarmağa başlamışdır. Səhərə yaxın qaynı Rüfət Fikrəti tapmışdır. Daha sonra Fikrət qardaşı Nihadla birlikdə evə qayıtmışdır. Fikrətin danışdıqlarından bilmişdir ki, o, dostu Abduləzimlə görüşmüş, bir yerdə olduqları vaxt dostu Abduləzimin tanımadığı bir şəxslə mübahisəsi yaranmış, mübahisə zamanı Fikrətin qızıl qolbağını həmin tanımadıqları şəxs oğurlayaraq qaçmışdır. Fikrət həmin hadisəni sonradan əmisi və dayısına da danışdığını bildirmişdir. Hətta o, qardaşı Fəridə Fikrətin evə gəlməməsini bildirəndən sonra Fərid bu barədə polis şöbəsinə də məlumat vermişdir. Bundan sonra Fikrətə əlavə sual verməmişdir. Əri Qüdrət rayondan qayıtdıqdan sonra ona heç nə bildirməmişdir. Fikrət də atasına bu barədə heç nə danışmamışdır. 5 iyun 2021 -ci il tarixdə Qüdrət ilə bağ evlərinə getməyi qərara almışlar. Həmin vaxt oğlu Fikrət evdə olmadığından Qüdrət ona zəng vurub işlərini görüb qurtardıqdan sonra birbaşa bağa gəlməsini bildirmişdir. Saat təxminən 20 radələrində bir yerdə şam yeməyi yemişlər. Daha sonra ailəvi televiziya kanallarının birində yayımlanan serialı izləmək istəsələr də, kabel antenasında olan problemə görə izləyə bilməmişlər. Təxminən saat 23 radələrində yatmaq üçün Qüdrət və o, yataq otağına getmişlər. Həmin vaxt Fikrət isə hələ də televizorun kanallarını yığmaq işi ilə məşğul olmuşdur. Nə vaxt yuxuya getdiyindən xəbəri olmamışdır. Yadında qalan o olmuşdur ki, səsə yuxudan ayılmışdır. Ona elə gəlmişdir ki, səs mətbəxdən gəlir. Mətbəxdə şüşə bankalar olduğundan şüşə bankanın yerə düşüb sındığını düşünmüşdür. Ayağa qalxıb yataq otağının qapısını açıb mətbəxə getmək istədikdə qapını açan kimi qarşısında tanımadığı birini görmüşdür. Həyəcandan nə deyəcəyini bilməmişdir. Var gücü ilə qışqırmağa başlamışdır. Səsə Qüdrət yuxudan ayılmışdır. Qüdrət yuxudan ayılan kimi həmin şəxs ərinin üstünə atılaraq əlindəki bıçaqla Qüdrətə zərbə endirmişdir. Bu vaxt əllərinə nə keçsə onunla özlərini müdafiə etməyə çalışmışlar. Həmin şəxs əlindəki bıçaqla ona da zərbələr endirməyə başlamışdır. Oğlu Fikrət də yuxudan ayılıb onların otağına gəlmişdir. Fikrət həmin şəxsi arxadan qucaqlayaraq kənara çəkmək istədikdə onlar yıxılmışlar. O, dərhal köməyə adam çağırmaq üçün çölə çıxmışdır. Səs-küydən bilmişdir ki, içəridəkilər hələ də dava edirlər. Az sonra Fikrət də evdən çıxdıqda görmüşdür ki, o, qan içindədir. Bundan sonra Fikrət qonşuları köməyə çağırmaq üçün həyətdən çıxmışdır. Sonra baş verənləri dumanlı şəkildə xatırladığından yadında qalan odur ki, təcili-tibbi yardım briqadası gəlib onu, Qüdrəti, həmçinin Fikrəti xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlərin köməyi nəticəsində həyatları xilas edilmişdir. Sonradan bilmişdir ki, həmin gecə evlərinə girən və onlara xəsarətlər yetirən şəxs oğlu Fikrətin qrup yoldaşı Abduləzim olmuşdur. Həmin hadisəyə qədər o yalnız Abduləzimin adını eşitmiş, üzünü görməmişdir. Abduləzimi Fikrətin dostu kimi qiyabi tanımışdır. Qonşulardan kömək istəmək üçün sürünə-sürünə evdən çıxmışdır. Kömək istəmək üçün gedən zaman huşunu itirmişdir. Müalicələri ilə əlaqədar onlara təqsirləndirilən şəxs və ya ailəsi tərəfindən hər hansı maddi yardım göstərilməmişdir. Mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abduləzim Vaqif oğlunu 2012-ci ildən onunla Bakı Texniki Kollecində oxuduğu vaxtlardan qrup yoldaşı kimi tanımışdır. Heç vaxt Abduləzimlə aralarında düşmənçilik və ədavət olmamış, həmişə çox mehriban olmuş və görüşüb boş vaxtlarını bir yerdə keçirmişlər. Abduləzimlə başqa şəxslər arasında düşmənçilik və ədavət olub-olmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Yay aylarında bir neçə dəfə Abduləzim onların Buzovnada yerləşən bağ evlərinə gəlmişdir. Həmin vaxt Abduləzimlə dəniz qırağına da gedib istirahət etmişlər. 16 may 2021-ci il tarixdə saat təxminən 18 radələrində Abduləzimlə görüşüb özünə məxsus “Mercedes ML350” markalı maşınla şəhərin mərkəzinə, “Tarqovıy” adlanan yerə gəlmişlər. Yemək yeyib, sərinləşdirici spirtsiz içki içmişlər. Həmin gün Abduləzim yedikləri yeməyin pulunu vermişdir. Daha sonra Abduləzim atasına zəng vurub “bir nəfərə 30 manat borcum var, onu verməliyəm” demişdir. Atası Abduləzimə bu gün ona pul verdiyini deyəndə, Abduləzim həmin pulu xərclədiyini bildirmişdir. Abduləzim üstündə pul olmadığına görə ondan onu Bakı Metropolitenin «Qara Qarayev» stansiyasının yanına aparmağını xahiş etmişdir. O da Abduləzimi “Qara Qarayev” metrostansiyasının yanına gətirmişdir. Orada Abduləzim kənara çəkilib telefonla danışanda bilmişdir ki, atası ilə danışır. Abduləzim danışıb qurtarandan sonra ona “atam Əhmədli tərəflərdədir, 10 dəqiqəyə gəlib çatacaq” demişdir. Bir müddət keçmiş, lakin Abduləzimin atası gəlib çıxmamışdır. Abduləzim təkrar telefonla danışdıqdan sonra maşınla Çobanzadə küçəsi istiqamətinə getmişdir. Çobanzadə küçəsinə çıxmağa bir neçə metr qalmış maşını yolun qırağında saxlamışlar. Bu vaxt maşının qapılarını açıq vəziyyətdə saxlayaraq Abduləzimin atasını gözləməyə başlamışlar. Biraz sonra əvvəllər tanımadığı, təxminən 23- 25 yaşlarında bir oğlan onlara yaxınlaşıb “yolda qalmışam, Əhmədliyə getməliyəm, imkan varsa mənə kömək edin” demişdir. Abduləzim həmin şəxsə “əgər həqiqətən ehtiyacın varsa, üstümdə 10 manatım var, onu sənə verə bilərəm” deyə bildirmişdir. Abduləzimin üstündə olan 10 manatı da həmin gün şəhərdə olarkən o, Abduləzimə vermişdir. Abduləzim həmin şəxsə 10 manat verib gəlib maşına oturmuşdur. Lakin həmin şəxs onlardan əl çəkməyib “maşınınız var, məni də Əhmədliyə aparıb düşürün” demişdir. Abduləzim ona etiraz etmiş, lakin sonra həmin şəxsin əl çəkmədiyini görüb ona bildirmişdir ki,“məni və onu, yəni həmin şəxsi apar Bakı Metropolitenin «Neftçilər» stansiyasının tərəfdə düşürt, mən onunla söhbət edəcəm”. O da avtomaşınla Abduləzimi və həmin şəxsi qeyd olunan stansiyanın ətrafına gətirmişdir. Abduləzimin əlində olan bıçağı əlindən alıb maşına qoyub ona bildirmişdir ki, “dava-dalaş etmə, bunun sonu çox pis ola bilər”. Lakin Abduləzim ona qulaq asmayıb həmin şəxslə biraz kənara çəkilmişdir. O da maşında oturduğu yerdən Abduləzimi səsləmişdir. Ona yüksək səslə bildirmişdir ki, “gəl çıxaq gedək, nəsə söhbətiniz varsa səhər edərsiz”. Abduləzim onun sözündən sonra gəlib avtomaşına yaxınlaşmışdır. Həmin tanımadığı şəxs də avtomaşınına yaxınlaşıb “mənə biraz da pul verin, çıxım gedim” demişdir. O pulunun olmadığını bildirəndə həmin şəxsin gözü onun qolunda olan qızıl qolbağa sataşmışdır. Həmin şəxs maraqla əlini ona doğru uzadıb barmaqları ilə qolunda olan qolbağa toxunmaq istəmiş və qolbağa toxunan kimi barmağını qolbağın aşağı hissəsindən ilgək kimi keçirərək qolbağı dartmışdır. Qolbaq qırılmış, həmin şəxsin əlində qalmışdır. Həmin şəxs dərhal qaçaraq oradan uzaqlaşdığı üçün onun hansı istiqamətə qaçdığını görməmişdir. O nə baş verdiyini anlamadığından bu barədə Abduləzimə deyəndə sonuncu da heç nə anlamadığını bildirmişdir. Abduləzim dayandıqları yerin yaxınlığında dayısının yaşadığını bildirərək demişdir ki, “narahat olma, indi dayıma zəng vuracam, o gətirib sənin qolbağının pulunu verəcək, çünki bu hadisə mənə görə sənin başına gəldi”. Daha sonra guya Abduləzim qolbağın pulunu vermək üçün telefonla atasına və anasına nəsə yazmışdır. Lakin Abduləzimin atasından və anasından bir xəbər çıxmamışdır. Daha sonra Abduləzim onu Sabunçuya, dayısının yanına aparmağını bildirdikdə Abduləzimi Sabunçu tərəfə gətirmişdir. Həmin vaxt yolboyu guya Abduləzim telefonla danışmışdır. Lakin Abduləzim daha sonra dayısının onun zənginə əsəbləşdiyini bildirmişdir. O artıq Abduləzimin bu sözündən sonra evə getmək istədiyini bildirdikdə Abduləzim onu Metropolitenin «Qara Qarayev» stansiyasının yanına aparmağını istəmişdir. O da Abduləzimi həmin stansiyanın yanına gətirən zaman Abduləzim bildirmişdir ki, başqa bir qrup yoldaşının evinə gedir. Bakı Metropolitenin «Koroğlu» stansiyasının yanına çatan zaman Abduləzim ondan mobil telefonunu alıb valideynlərinin və bir neçə yaxın qohumlarının nömrəsini mobil telefonuna yazmışdır. Bunun səbəbini soruşduqda o bildirmişdir ki, “mən heç bir yerə qaçmıram, sənin qolbağının pulunu verəcəyəm, mənə inanmırsansa yaxınlarımın da nömrəsini sənin telefonuna yazdım”. Daha sonra Abduləzim mobil telefonunu əlində saxlayaraq onu qaytarmayacağını və Bakı Metropolitenin «Qara Qarayev» stansiyasının yanına getməklərini bildirmişdir. O da Abduləzimə evə zəng vurmalı olduğunu, evdəkilərin narahat olacağını demişdir. Lakin Abduləzim telefonu ona qaytarmayıb maşını bayaq tanımadığı şəxs tərəfindən qolbağının qaçırıldığı yerə sürməyini bildirmişdir. Həmin yerə çatanda Abduləzim cibində olan narkotik vasitəni elə maşında qəbul etməyə başlamışdır. Abduləzim həmin vaxt ona “səni saat 6-da buraxacam gedərsən evinizə” demişdir. Mobil telefonu isə hələ də Abduləzimin əlində olmuşdur. Telefonun ekranından görmüşdür ki, qardaşı zəng vurur. Lakin Abduləzim zəngə cavab verməyə qoymamışdır. Daha sonra Abduləzim onun telefonunu sönülü rejimə keçirmişdir ki, zəng çatmasın. Abduləzim su almaq məqsədi ilə ona maşını yaxınlıqdakı mağazaya sürməyini bildirmişdir. Onlar Bakı Metropolitenin «Qara Qarayev» və «Neftçilər» stansiyalarının arasındakı ərazidə olarkən arxadan hansısa avtomaşının onları saxlatmaq istədiyini görmüşlər. Avtomaşını saxlayıb aşağı düşəndə arxadan gələn avtomaşındakı şəxsin əmisi Rüfət olduğunu bilmişdir. Əmisi ona bu vaxta qədər harda olduğunu, evdəkilərin onu axtardıqlarını demişdir. O da əmisinə qızıl qolbağının oğurlandığını, telefonunun isə Abduləzim tərəfindən alındığını demişdir. Bu zaman Abduləzim mobil telefonunu onun özünə qaytarıb qolbağının pulunu ertəsi gün səhər saat 9-a kimi qaytaracağını demişdir. Daha sonra Bakı Metropolitenin «Qara Qarayev» stansiyasının yanına gəldikdə dayısı Fərid və qardaşı Nihad da ora gəlmiş və o başına gələnləri onlara da danışmışdır. Daha sonra telefonu ilə Abduləzimin atasına zəng vuranda məlum olmuşdur ki, Abduləzim heç atasıyla telefonla danışmayıb. Qardaşı və o, evə gedib baş verənləri anasına danışmışlar. Atası həmin vaxt rayonda olmuşdur. Həmin gün və ertəsi gün, ümumiyyətlə, sonrakı günlərdə Abduləzimlə “Whatsapp” şəbəkəsində yazışsalar da, Abduləzimin ona verəcəyi puldan bir xəbər çıxmamışdır. O da daha Abduləzimi axtarmamışdır. 5 iyun 2021-ci il tarixdə, saat 16 radələrində atası zəng vuraraq bağda olduqlarını və onun da ora gəlməsini bildirmişdir. O da bağa gəlmişdir. Axşam yemək yedikdən sonra televizora baxmaq üçün oturmuşlar. Lakin televizorun kanalları işləmədiyindən atası ilə anası saat təxminən 23 radələrində yatmaq üçün öz otaqlarına keçmişlər. Bu zaman o da televizorun kanallarını yığmaq üçün çalışmışdır. Saat təxminən 1 radələrində hamamda yuyunub yatmaq üçün yerinə uzanmışdır. Saat təxminən 2 radələrində isə yuxuya getmişdir. Saat 4 radələrində anasının qışqırıq səsinə yuxudan ayılmışdır. Dərhal otağından çıxıb anasıgilin yataq otağına getdikdə görmüşdür ki, anası qışqırır, atası isə bir nəfər şəxslə əlbəyaxa dava edir. Diqqətlə baxanda atası ilə əlbəyaxa olan şəxsin qrup yoldaşı Abduləzim olduğunu görmüşdür. Dərhal arxadan Abduləzimi qucaqlayaraq onu kənara çəkməyə çalışmışdır. Bu vaxt yıxılmış və yerdə dalaşmağa başlamışlar. Anasına tərəf qışqırıb tez təcili-tibbi yardım çağırmasını istəmişdir. Yardımın gecikdiyini görüb durub çölə qaçaraq qonşuları köməyə çağırmaq üçün getmişdir. Ən yaxın qonşuya qaçmış və qapını döyərək kömək çağırmışdır. Bu zaman qarın hissəsində və qolunda ağır xəsarətlərin olduğunu görmüşdür. Daha sonra qonşudan həyətlərinə qayıtmış və pilləkənlərdə huşunu itirib yıxılıb qalmışdır. Bundan sonra təcili-tibbi yardım briqadası gəlib onu, atasını və anasını xəstəxanaya aparmışdır. Abduləzimlə aralarında heç vaxt borc məsələsi olmamışdır. Sadəcə bir dəfə Abduləzim ondan 50 manat borc pul istədikdə Abduləzimə “evdə mənə verilən pulun hesabatını atam məndən soruşur” deyib borc verməkdən imtina etmişdir. Abduləzim ondan heç vaxt hər hansı bir formada pul və əmlak tələb etməmişdir. May ayının 17-si sonuncu dəfə Abduləzimlə görüşüb ayrılıb evə gəldikdən sonra onunla yalnız həmin gün ərzində “WhatsApp” şəbəkəsi ilə yazışmaqla əlaqə saxlamışdır. Əlaqə saxlamaqda məqsədi Abduləzimin“ sənin qolbağın mənim günahım üzündən oğurlanıb, ona görə də onun dəyərini mən sənə ödəyəcəyəm” deməsi olmuşdur. Amma həmin gün nə qədər yazışsalar da, Abduləzim verdiyi sözə əməl etməyib ona heç bir pul verməmişdir. 2021-ci il may ayının 16-dan 17-nə keçən gecə tanımadığı şəxs tərəfindən oğurlanan qolbağını atası təxminən 20 il bundan əvvəl Rusiya Federasiyasında yaşayan zaman özü üçün almışdır. Təxminən 2-3 il bundan əvvəl həmin qolbağı atasından alaraq özü istifadə etməyə başlamışdır. Həmin qolbaq qızıl olmaqla toxunma formalı, 585 əyarlı və çəkisi təxminən 16-17 qram təşkil etmişdir. Qolbağı oğurlayan şəxs təxminən 1.75-1.78 sm boylarında, qarayanız olmaqla, əynində cins şalvar və uzunqol zamoklu sviter olmuşdur. Abduləzimlə aralarında hər hansı mübahisə, münaqişə, düşmənçilik və ədavət olmadığına görə düşünmüşdür ki, yəqin, Abduləzim evlərinə oğurluq məqsədi ilə gəlib, lakin həmin vaxt anası yuxudan ayıldığından və onlar Abdüləzimi görüb tanıdığından onu və ailə üzvlərini öldürmək niyyəti bıçaqla vurmuşdur. Hadisə günü anasının səsinə ayılmışdır. Atasıgilin otağına gəldikdə anasının və atasının bıçaqlandığını görmüşdür. Atası Abduləzimin əlindən bıçağı almaq üçün onunla boğuşmuşdur. Anası sürünə-sürünə evdən çıxıb qonşulardan kömək istəməyə getmişdir. Anası köməyə gedən zaman atası Abduləzimi söhbətə tutmuşdur. Qonşunu köməyə o çağırmışdır. Qonşu köməyə gəldikdə Abduləzim evdə gizlənmişdir. Təcili-tibbi yardım gələnə qədər huşunu itirib yerdə qalmışdır. Müalicələri əlaqədar onlara təqsirləndirilən şəxs və ya ailəsi tərəfindən hər hansı maddi yardım göstərilməmişdir. Mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşı olmuş, halhazırda isə işləmir. Ailəsi 4 nəfərdən ibarətdir. Həyat yoldaşı Elnarə evdar xanımdır. Oğlu Fikrət Bakı Texniki Kollecini bitirmişdir. Digər oğlu Nihad isə hal-hazırda hərbi xidmətdədir. Ailə üzvləri arasında həmişə mehribançılıq olmuş, heç bir kənar şəxslərlə aralarında düşmənçilik və ədavət olmamış, bu barədə başqa şəxslərdən də bir söz eşitməmişdir. Oğlu Fikrət Bakı Texniki Kollecində oxuduğu vaxtlarda kimlərlə dostluq etməsi ilə həmişə maraqlanmış və Fikrətə həmişə dost seçimində diqqətli olması barədə nəsihətlər vermişdir. Bir neçə dəfə Fikrətin öz dostu ilə Buzovnada yerləşən bağ evlərində olduğunu bilmişdir. Fikrətdən həmin dostunun kim olduğunu soruşduqda o həmin dostunun Buzovnada yaşadığını və yaxşı ailənin övladı olduğunu bildirmişdir. O da daha heç nə deməmişdir. 2021-ci il may ayının ortalarında rayona, yas mərasiminə getmişdir. Daha sonra Bakıya qayıtmışdır. Hər il yay aylarında iyun ayından başlayaraq bir müddət gəlib Buzovnada bağ evində dincəlmişlər. Ümumiyyətlə, bağ qonşuları ilə münasibətləri yaxşı olduğundan bağda qaldıqları zaman çox vaxt heç qapıları da kilidli saxlamamışlar. 5 iyun 2021-ci il tarixdə arvadı Elnarə ilə bağ evlərinə getməyi qərara almışlar. Oğlu Fikrət evdə olmadığından telefonla zəng vurub ona işlərini görüb qurtardıqdan sonra birbaşa bağa gəlməsini bildirmişdir. Saat təxminən 17 radələrində Fikrət də bağa gəlmişdir. Saat təxminən 20 radələrində bir yerdə şam yeməyi yemişlər. Daha sonra ailəvi olaraq televizor kanallarının birində yayımlanan serialı izləmək istəsələr də, kabel antenasında olan problemə görə izləyə bilməmişlər. Təxminən saat 23 radələrində yatmaq üçün arvadı Elnarə və o, yataq otaqlarına getmişlər. Fikrət isə hələ də televizorun kanallarını yığmaq işi ilə məşğul olmuşdur. Nə vaxt yuxuya getdiyindən xəbəri olmamışdır. Yadımda qalan o olmuşdur ki, arvadı Elnarənin qışqırıq səsinə yuxudan ayılmışdır. Ayılanda görmüşdür ki, evdə kənar bir şəxs var. Həmin anda həmin kənar şəxs üstünə atılaraq əlindəki bıçaqla bədəninin sol yuxarı hissəsindən - ürək nahiyəsindən ilk zərbəni endirmişdir. Ayağa qalxıb bıçağı həmin şəxsin əlindən almaq istəyərkən əli kəsilmişdir. Həmin şəxslə arasında əlbəyaxa dava başlamışdır. Həmin şəxs bir neçə dəfə əlindəki bıçaqla ona xəsarətlər yetirmişdir. Arvadı Elnarənin də yaralandığını və qan içində olduğunu görmüşdür. Bu zaman oğlu Fikrət gəlib arxadan həmin şəxsi qucaqlayaraq kənara çəkmək istəsə də, buna nail ola bilməmişdir. Həmin şəxs Fikrətə də bir neçə zərbə endirmişdir. Həmin vaxt əllərinə nə keçsə onunla özlərini müdafiə etməyə çalışmışlar. Artıq taqətdən düşdüyünü görüb Elnarəyə kömək çağırmasını bildirmişdir. Bu zaman Fikrət də yaralı halda qonşuları köməyə çağırmaq üçün otaqdan çıxmışdır. O özündə güc tapıb mətbəxə doğru hərəkət edib özünü müdafiə üçün nəsə götürməyə çalışmışdır. Həmin şəxs isə arxasınca gələrək yenidən ona zərbələr endirməyə başlamışdır. Həmin şəxsə müqavimət göstərməsə də, ona amansızcasına zərbələr endirməyə davam etmişdir. Daha sonra huşunu itirmişdir. Yalnız xəstəxanada əməliyyat olunandan sonra özünə gəlmişdir. Əməliyyatdan sonra bilmişdir ki, gecə evlərinə girən şəxs əslində oğlu Fikrətin dostluq etdiyi qrup yoldaşı Abduləzimdir. Həmin hadisəyə qədər yalnız Abduləzimin adını eşitmiş, üzünü görməmişdir. Həmçinin əməliyyat olunub özünə gələndən sonra Fikrət ona Abduləzimlə son görüşdüyü gün, yəni may ayının 16-dan 17-nə keçən gecə başına gələnləri danışmışdır. Oğurlanan qolbağı təxminən 20 il bundan əvvəl Rusiya Federasiyasında yaşayan zaman özü üçün almışdır. Təxminən 2-3 il bundan əvvəl Fikrət qolbağı ondan alaraq özü istifadə etməyə başlamışdır. Həmin qolbaq qızıl olmaqla toxunma formalı, 585 əyarlı və çəkisi təxminən 16-17 qram təşkil etmişdir. Hadisə günü həyat yoldaşının səsinə oyanmışdır. Təqsirləndirilən şəxs hadisə günü ilk olaraq ona, daha sonra isə arvadı Elnarəyə bıçaqla xəsarətlər yetirmişdir. Oğlu Fikrət otağa keçdikdə Abduləzim ona da bıçaqla xəsarətlər yetirmişdir. Həmin anda həyəcanlı olduğundan Abduləzimə xəsarət yetirib-yetirmədiyindən xəbəri olmamışdır. Vaza ilə təqsirləndirilən şəxsin başına vurmamışlar. Təqsirləndirilən şəxsə müqavimət göstərməsə də təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməyə davam etmişdir. Evlərinə girib onlara xəsarət yetirən şəxsin Fikrətin qrup yoldaşı olduğunu sonradan bilmişdir. Müalicələri ilə əlaqədar onlara təqsirləndirilən şəxs və ya ailəsi tərəfindən hər hansı yardım göstərilməmişdir. Mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1990-cı ildə Şahid2lə ailə həyatı qurmuş və birgə nikahdan Abduləzim adlı oğlan və Gülnar adlı qız övladı olmuşdur. Abduləzim Bakı Texniki Kollecini bitirmişdir. Qızı Gülnar isə təxminən 10 il bundan əvvəl ailə həyatı qurmuş və öz ailəsi ilə yaşayır. Əvvəlcə ailədaxili münasibətləri yaxşı olmuş, övladlarına və həyat yoldaşına qarşı çox mehriban olmuşdur. Lakin müəyyən səbəblərdən 2016-ci ildə əri Vaqiflə məhkəmə qaydasında boşanmışlar. Təkrar ailə həyatı qurmamış və oğlu Abduləzimlə bir yerdə yaşamışdır. Birlikdə yaşadıqları müddətdə Abduləzimdən pis hərəkət görməmiş və onun hər hansı bir pis vərdişi olmasının şahidi olmamışdır. Abduləzimin dostları barədə heç vaxt maraqlanmamış, sadəcə Abduləzimin dostlarının çox olduğunu bilmişdir. Hətta Abduləzimin xəsarət yetirdiyi dostu Fikrəti təxminən 4 il bundan əvvəl öz həyətlərində görmüşdür. Həmin vaxt Abduləzimin dediklərindən bilmişdir ki, Fikrət onun yaxın dostudur və tez-tez Fikrətgilin Buzovnada yerləşən bağ evlərinə gedib birlikdə istirahət edirlər. Bu il may ayının əvvəllərindən oğlu Abduləzim artıq gec-gec evə gəlməyə başlamışdır. Səbəbini soruşduqda isə Abduləzim bunu işləməsi ilə əlaqələndirmişdir. Lakin onun son zamanlarda harada işləməsi barədə məlumatı olmamışdır. Məlum hadisədən təxminən 10 gün əvvəl Abduləzimə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Həmin vaxtlar Abduləzim evə gəlməmişdir. Məlum hadisə gününə qədər hər gün ona zəng etsə də, əlaqə yarada bilməmişdir. Hadisədən 10 iyun 2021-ci il tarixdə xəbər tutmuşdur. Həmin tarixdə telefonuna tanımadığı nömrədən zəng gəlmiş və cavab verdikdə zəng vuranın oğlu Abduləzim olduğunu bilmişdir. Abduləzim ona 3 saylı İstintaq Təcridxanasında olduğunu, onu görmək istədiyini bildirmişdir. 3 saylı İstintaq Təcridxanasına görüş zamanı Abduləzim ona dostu Fikrətə və onun valideynlərinə bıçaqla xəsarətlər yetirdiyi barədə danışmışdır. Abduləzim uşaq yaşlarında göz təzyiqi ilə əlaqədar nevroloji xəstəxanada müalicə olunsa da, hər hansı bir psixi xəstəliklə bağlı heç bir müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Oğlu Abduləzim arabir yüngül formada spirtli içki qəbul etmişdir. Lakin onun narkotik vasitə istifadə etməsinin şahidi olmamış, ətrafdakı insanlardan da Abduləzimin belə vərdişləri barədə bir söz eşitməmişdir. Abduləzimin xəsarət yetirdiyi şəxsləri əyani olaraq tanımamışdır. Abduləzimin həmin şəxsləri hardan tanıdığı və aralarındakı münasibətlərin hansı səviyyədə olmasından məlumatı olmamışdır. Hadisədən əvvəl Abduləzimlə əlaqə saxlaya bilmədiyinə görə onun hadisəni törətdiyi ünvana getmə səbəbi və məqsədi barədə heç bir məlumatı olmamışdır. Fikrəti təxminən 4 il bundan əvvəl öz həyətlərində görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bacısı, Zərərçəkmiş şəxs1 isə yeznəsidir. Yeznəsi Qüdrətlə, o cümlədən Qüdrətin ailə üzvləri ilə arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Ümumiyyətlə, yeznəsi Qüdrətin və ailəsinin kimləsə arasında düşmənçilik və ya ədavətin olması barədə kənar şəxslərdən də bir söz eşitməmişdir. Qüdrət həmişə öz ailəsinə qarşı mehriban olmuşdur. Qüdrətin oğlu Fikrət Bakı Texniki Kollecini bitirmiş, digər oğlu Nihad isə halhazırda hərbi xidmətdədir. Qüdrət təxminən 5-6 il bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində bağ evi almışdır. Hər il ilin müxtəlif vaxtlarında bir neçə gün ailəsi ilə bağa gedib istirahət etmişlər. Bildiyi qədəri ilə, Fikrət də gəlib öz dostu ilə bağda istirahət etmişdir. Lakin Fikrətin dostluq etdiyi insanlar barədə dəqiq bir məlumatı olmamışdır. Yeznəsinin ailəsində ciddi nizam-intizam olduğuna görə Qüdrət həmişə övladlarının kimlərlə dostluq etdiyinə fikir vermiş və həmişə övladlarına dost seçimində diqqətli olmalarını demişdir. Məlum hadisədən əvvəlki dövrlərdə və hətta məlum hadisə ərəfəsində yeznəsi Qüdrətin ailəsində hər hansı bir narahatçılıq olmamışdır. 2021-ci il may ayının 16-dan 17-nə keçən gecə saat təxminən 4 radələrində bacısı Elnarədən ona zəng gəlmiş, Elnarə bildirmişdir ki, oğlu Fikrət mayın 16-sı dostu ilə görüşəcəyi adı ilə evdən çıxıb hələ də geri qayıtmayıb, telefona da cavab vermir. O təxmini Fikrətin dostları ilə görüşəndə “Qara Qarayev” metrostansiyası ətrafında olan obyektlərə getdiyini bilmişdir. Yeznəsi Qüdrətin qardaşı Rüfətə zəng vurmuş və Elnarənin dediklərini ona bildirmişdir. Rüfətə “mən Fikrəti axtarmağa gedirəm, sən də çıx bərabər axtaraq” demişdir. Dərhal əynini geyinib evdən çıxmışdır. “Qara Qarayev” metrostansiyasının ətrafında olan kafe və restoranların ətrafında maşınla dövrə vursa da, Fikrəti tapa bilməmişdir. “Qara Qarayev” metrostansiyasının yanına xidmət aparan post-patrul xidmətinə yaxınlaşıb bu barədə məlumat vermiş, polis əməkdaşları ona bu barədə polis şöbəsinə məlumat verməyini məsləhət görmüşdür. O da nömrəsini xatırlamadığı Xətai rayonuna aid olan polis şöbəsinə yaxınlaşıb bu barədə məlumat verdikdə, şöbədən ona bildirmişlər ki, “müəyyən vaxt həddi var, həmin müddət ərzində Fikrət tapılmasa təkrar rəsmi müraciət edin, biz onun axtarışları ilə məşğul olaq”. Lakin təxminən saat 6 radələrində yeznəsinin qardaşı Rüfət ona zəng vuraraq Fikrəti tapdığını bildirmiş və onun harada olduğu ilə maraqlanmışdır. O “Qara Qarayev” metrostansiyası ətrafında olduğunu deyəndə Rüfət Fikrətlə oraya gəldiklərini və onun orada onları gözləməyini bildirmişdir. Bir az keçmiş Rüfətlə Fikrət yanına gəlmişlər. Onlardan başqa yanlarında əvvəllər tanımadığı bir şəxs də olmuşdur. Fikrət həmin şəxsi öz dostu kimi təqdim edərək adının Abduləzim olduğunu bildirmişdir. O, Fikrətə bu saata qədər harada olduğunu, evdəkilərin ondan nigaran qaldıqlarını söyləmişdir. Bu zaman Fikrət başına gələnləri danışaraq bildirmişdir ki, o, yanındakı Abduləzim kimi təqdim etdiyi dostu ilə görüşmüş, bir yerdə olduqları zaman onlara tanımadıqları şəxs yaxınlaşmış, həmin şəxs Fikrətin qolundakı qızıl qolbağı qıraraq qaçmışdır. Daha sonra Fikrətin dostu Abduləzim onlardan aralanıb getmişdir. Fikrətə əgər Abduləzimlə dostluğuna davam etsə, bu barədə atası Qüdrətə məlumat verəcəyini demişdir. Fikrəti öz evlinə yola saldıqdan sonra hər kəs öz evinə getmişdir. Evə gedəndən sonra Fikrət başına gələnləri anası Elnarəyə də danışmışdır. Həmin gün yeznəsi Qüdrət rayonda olduğuna görə ona bu barədə məlumat verilib-verilməməsindən xəbəri olmamışdır. Sonrakı günlərdə də bu barədə Fikrətdən və bacısı Elnarədən bir söz soruşmamışdır. 6 iyun 2021-ci il tarixdə, təxminən saat 6 radələrində mobil telefonuna tanımadığı nömrədən zəng gəlmişdir. Telefona cavab verən zaman zəng vuran şəxs özünü yeznəsi Qüdrətin bağ qonşusu Sənan kimi təqdim edərək bildirmişdir ki, Qüdrət, onun arvadı və oğlu bıçaqlanmış və təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılmışdır. O dərhal Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasına gəlmişdir. Danışılanlardan bilmişdir ki, bacısına və onun ailə üzvlərinə xəsarət yetirən şəxs bacısı oğlu Fikrətin dostluq etdiyi Abduləzim olmuşdur. Həkimlərin ixtisaslı köməyi nəticəsində yeznəsi Qüdrətin, bacısı Elnarənin və oğlu Fikrətin həyatları xilas edilmişdir. Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixindən əvvəl şəxsən tanımamışdır. Təqsirləndirilən şəxs ilk dəfə Fikrətin yanında həmin vaxt görmüşdür. Hadisə yerinə çatdıqda artıq bacısı ilə oğlu xəstəxanaya aparılmış, evdə yalnız yeznəsi qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abduləzimlə təxminən 4 il bundan əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Ele o vaxtdan da aralarında səmimi münasibət yaranmış və rəsmi nikaha daxil olmasalar da, ailə qurub ər-arvad münasibətində yaşamışlar. 2020-ci ildə oğlan övladları dünyaya gəlmişdir. Abduləzimlə münasibəti həmişə normal olmuş, heç vaxt aralarında düşmənçilik və ədavət olmamışdır. Münasibətlərinin ilk vaxtlarında Abduləzimlə Buzovnada kirayə ev tutub yaşamışlar. Həmin vaxt Abduləzimin anasının səhhətində problemlər olduğu üçün Buzovnada sonuncunun yaşadığı evə yaxın ev tutmuşlar. Daha sonra isə 2020-ci ilin fevral ayında “Həzi Aslanov” metrostansiyası ətrafında kirayə ev tutub orada yaşamağa başlamışlar. Buna səbəb onun və Abduləzimin iş yerlərinin şəhərdə olması olmuşdur. Zərərçəkmiş şəxs3 Abduləzimin qrup yoldaşı və dostu kimi təxminən 3 il bundan əvvəl tanımışdır. Bildiyi qədərilə, Abduləzimlə Fikrətin arasında səmimi dostluq münasibəti olmuşdur. Abduləzim Fikrətlə harada görüşməsi və harada vaxtını keçirməsi barədə ona heç nə deməmiş və o da bu barədə Abduləzimdən heç nə soruşmamışdır. Abduləzimin narkotik vasitə istifadəçisi olması barədə heç bir məlumatı olmamışdır. Abduləzimlə sonuncu dəfə məlum hadisədən təxminən 15 gün əvvəl əlaqə saxlamışdır. Həmin gün Abduləzim övladlarının bəzi ehtiyacı olan şeyləri alıb göndərmişdir. Həmin gündən sonra Abduləzimlə heç cür əlaqə saxlaya bilməmişdir, çünki həmin vaxt Abduləzim mobil telefonunu satmışdır. Abduləzimin törətdiyi cinayət əməlindən təxminən hadisədən 10 gün keçmiş xəbər tutmuşdur. Abduəzimlə əlaqə saxlaya bilmədiyindən Buzovnada yaşayan Abduləzimi tanıyan şəxslərə zəng vurduqda onun məlum cinayət hadisəsini törətdiyini bilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 100-103). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təxminən 5-6 il bundan əvvəl qonşuluqda yerləşən bağ evini aldıqdan sonra tanımışdır. Aralarında lap yaxın münasibət, bir-birinin evinə gediş-gəlişləri olmasa da, nə zaman Qüdrət bağa gələrdisə salamlaşar, mehriban şəkildə hal-əhval tutarmışlar. Qüdrət və ailəsi ilin müxtəlif vaxtlarında qısa müddətə bağa gəlib istirahət etmişlər. Qüdrətin ailəsini mehriban bir ailə kimi tanımışdır. Həmin müddətdə Qüdrətlə ailə üzvləri arasında, o cümlədən Qüdrətin və ailəsinin kənar şəxslərlə arasında mübahisə və ya münaqişə olmasının şahidi olmamışdır. O özü avtomobil ustası olaraq fəaliyyət göstərir. Hər gün səhər saatlarında evdən çıxıb elə qəsəbə ərazisində yerləşən iş yerinə getmiş, axşam da işdən çıxıb evinə qayıtmışdır. 5 iyun 2021-ci il tarixdə həmişəki kimi işdən çıxıb evə gəlmiş, yemək yemiş və yatmışdır. Təxminən səhərə yaxın 5 radələrində həyətdə olan itin dayanmadan hürdüyünü eşidib yuxudan ayılmışdır. Diqqətlə qulaq asdıqda görmüşdür ki, it dayanmaq bilmir, küçə darvazasının yanında dayanıb fasiləsiz hürür. Dərhal əynini geyinib həyətə çıxanda görmüşdür ki, artıq həyat yoldaşı da yuxudan ayılmış və həyətdədir. Bu zaman küçə darvazasının döyüldüyünü eşitmişlər. Həyat yoldaşı ondan qabaq küçə darvazasına çatmış və “kimsən?” deyə soruşduqda küçədən kimsə boğuq bir səslə “qonşudur, qonşu Qüdrətin oğlu Fikrətdir” deyə cavab vermişdir. O, dərhal küçə darvazasını açmış və bu zaman qarşısında qonşu Qüdrətin oğlu Fikrətin dayandığını və onun qan içində olduğunu görmüşdür. Fikrət həyəcanla “qonşu, kömək elə, oğru evdədir, atamı öldürür” deyə bildirmişdir. O, həyəcanlı halda həyət darvazasının arxasında olan taxta saplı beli götürmüş və küçəyə çıxmışdır və yalnız bu zaman onların küçə darvazasının qarşısında bir qadının da qan içində yerdə uzandığını görmüşdür. Həmin qadının Fikrətin anası olduğunu təxmini olaraq anlamış və özündə olmadığından həmin qadından heç nə soruşmamışdır. Fikrətlə o onlara məxsus həyətə gəlmişlər və həyətə daxil olan zaman Fikrət yerə oturmuşdur. O görmüşdür ki, Fikrət artıq hərəkət edə bilmir. O, əlində bellə evin giriş qapısının qarşısına doğru hərəkət etmiş və ora çatan zaman görmüşdür ki, qonşusu Qüdrət evin giriş qapısının qarşısında beton pilləkənlərin üzərində qan içində uzanıb qalmışdır. Həmin vaxt evin giriş qapısı açıq olmuşdur. O, evin içərisində silahlı şəxs və ya şəxslər ola biləcəyini düşünüb əlavə kimisə köməyə çağırmaq üçün küçəyə doğru qaçmışdır. Bu zaman həyat yoldaşının qonşuların qapılarını döyərək kömək istəməsinin şahidi olmuşdur. Bu zaman artıq səs-küyə küçəyə digər qonşuları Eldar və onun oğlu Elmarın çıxdığını görmüşdür. Elmarla o, birlikdə yenidən Qüdrətin həyətinə daxil olmuşlar. Evin giriş qapısının qarşısına gəlmiş və evə daxil olmuşlar. Lakin evdə heç kimlə qarşılaşmamışlar. Bu zaman artıq onun həyat yoldaşı təcili tibbi yardıma zəng vurmuşdur. Qonşusu Qüdrətin yaxınlarına məlumat vermək üçün Fikrətdən hər hansı bir qohumunun nömrəsini istəmişdir. Fikrət də dayısı Fəridin nömrəsini ona demişdir. O, dərhal Qüdrətin qaynı Fəridə zəng vurmuşdur. Bu zaman artıq təcili tibbi yardım briqadası gəlmiş və yaralı şəxsləri xəstəxanaya aparırmış. O, Fəridə baş verənləri danışaraq xəstəxanaya gəlməsini bildirmişdir. Qonşusu Qüdrətgilin xəstəxanaya aparılmasından sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər və o olanları, gördüklərini onlara danışmışdır. O daha sonra danışılanlardan bilmişdir ki, qonşusu Qüdrətə və onun ailə üzvlərinə xəsarət yetirən şəxs Qüdrətin oğlu Fikrətin dostluq etdiyi şəxs olmuşdur (cild 2, iş vərəqə 37-39). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 10 iyul 2021-ci il tarixli 625 nömrəli rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində hemorragik şokla müşayiət olunan sağ tərəfli hemopnevmatoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının döş boşluğuna (daxilə) nüfuz edən 2 ədəd, böyük piyliyin, yoğun və nazik bağırsağın, mədəaltı vəzin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 2 ədəd deşimiş-kəsilmiş yaraları, sol bazunun 1 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, qeyd olan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim edilmiş bıçaqların deşici-kəsici və kəsici təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 6.06.2021-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə hemorragik şokla müşayiət olunan sağ tərəfli hemonevmatoraks, sağ ağciyərin zədələnməsi ilə nəticələnmiş döş boşluğuna (daxilə) nüfuz edən 2 ədəd, böyük piyliyin, yoğun və nazik bağırsağın mədəaltı vəzin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sol bazunun 1 ədəd deşilmiş-kəslmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə xarakterikdir (cild 2, iş vərəqə 18-21). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 10 iyul 2021-ci il tarixli 626 nömrəli rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində qaraciyərin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfus edən 1 ədəd, sağ saidin deşilimiş-kəsilmiş yaraları, ənsə nahiyəsinin, kürəkarası və kürəkaltı nahiyəsinin kəsilmiş yaraları aşkar edilmişdir. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, qeyd olan xəsarətlər deşici-kəsici alətin (əşyanın) ola bilsin ekspertizaya təqdim edilmiş bıçaqların deşici-kəsici və kəsici təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətdən az əvvəl törənmiş, qərarda göstərilən 6.06.2021ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə qaraciyərin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmçinin rəylə təsdiq olunmuşdur ki, hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə xarakterikdir (cild 2, iş vərəqə 29-32). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 10 iyul 2021-ci il tarixli 627 nömrəli rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol tərəfli pnevmatorks, diafraqmanın böyük piyliyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin döş və qarın boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yaraları, alın-təpə nahiyəsinin, sol qulaqarxası nahiyəsinin, çənəaltı nahiyəsinin, sağ bazunun, kürək nahiyəsinin, sol əlin İ barmağının kəsilmiş yaraları aşkar edilmişdir. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, qeyd olunan xəsarətlər deşici-kəsici təsirə malik alətin ola bilsin ekspertizaya təqdim edilmiş bıçaqların deşici-kəsici və ksici təsirindən M.Ə.Əfəndiyev adına “X14” Publik hüquqi şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 6.07.2021-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sol tərəfli pnevmatoraks, dafraqmanın böyük piyliyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin döş və qarın boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əasən, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə xarakterikdir (cild 2, iş vərəqə 23-27). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 15 iyul 2021-ci il tarixli 645 nömrəli rəylə təsdiq olunmuşdur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər - təpə nahiyəsinin, sol qulaqarxası nahiyəsinin, hər iki əlinin deşilmişkəsilmiş xəsarətləri alət (ola bilsin bıçaq) təsirindən onun M.Ə.Əfəndiyev adına “X14” Publik hüquqi şəxsə müraciətindən az əvvəl törənmiş, qərarda göstərilən 6 iyun 2021-ci il tarixdə qarşılıqlı dalaşma zamanı törənmələri istisna olunmur və dərəcəsinə görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 2, iş vərəqə 49-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 23 iyul 2021-ci il tarixli 463/2021- MTKŞ saylı rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurəti). Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus kəmərli şalvar, cins şalvar, gödəkcə, hadisə yerindən götürülmüş 4 ədəd çubuqlu pambıq topası və bıçaq № 2 üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri A/H/(İİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa və qanında müşayətçi “H” antigeni varsa). Həmçinin “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələrində ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsin(şıəxslərin), o cümlədən Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs3 qarışmış qanının olması da inkar olunmamışdır. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus mayka üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi ürə tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Qeyd olunanlardan başqa, həmin rəylə təsdiq olunmuşdur ki, bıçaq № 1 üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təqdim edildikdə “A”, B” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Bu halda göstərilən maddi sübutlar üzərindəki ləkələrdə A beta “İİ” qruplu (müşayiətçi “H” antigeni ilə və onsuz) Təqsirləndirilən şəxs, B alfa “İİİ” qruplu Zərərçəkmiş şəxs2, O alfa, beta (İ) qruplu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarışıq qanlarının olması ABO sistemi üzrə aşkar olunmamışdır (cild 2, iş vərəqə 68-74). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 29 iyul 2021-ci il tarixli 311/2021- MTKŞ saylı rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus maykanın arxa səthinin sol nahiyəsində 2 ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş böyük ölçülü bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmamışdır. Həmin rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın arxa səthinin sol nahiyəsində aşkar edilmiş iki ədəd deişlmiş-kəsilmiş zədə onun bədəninin kürək nahiyəsində olan yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşmüşdür. Döş qəfəsinin döş və qarın boşluğuna (daxilə) nüfuz edən və sağ bazuda olan deşilmiş-kəsilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da paltarın yer dəyişməsi ilə (yuxarı qalxması, aşağı düşməsi) izah oluna bilər. Alın-təpə nahiyəsində, sol qulaqarxası nahiyəsində, çənəaltı nahiyəsində və sol əlin İ barmağının kəsilmiş yaralar onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Qeyd olunanlardan başqa, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi, idman şalvarı və şalvar üzərində əhəmiyət kəsb edən hər-hansı bir zədə aşkar olunmamışdır. Rəyə əsasən, ekspertizaya təqdim olunmuş 2 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçaqların üzərndə sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişilik edilməmişdir (cild 2, iş vərəqə 90- 95). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 2 iyul 2021-ci il tarixli 1430 saylı rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd olunanlardan başqa, rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixpati cizgiləri müəyyən edilir. Eqosentrizm, situasiyanı öz xeyrinə yönəldib danışmağa meyillilik, emosional qeyri-sabitlik, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Rəydən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional vəziyyətində emosional oyaqlıq yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətinin psixopatik cizgiləri ilə əlaqədar ola bilərdi. Rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməllərini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmamışdır. Həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində (fizioloji affekt halında) olmamışdır (cild 1, iş vərəqə 55-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 29 iyul 2021-ci il tarixli 2549 saylı rəylə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs kannabiodlərin birgə qəbulu və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 85-86). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 43-44). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 53-54). Cinayət işinin materiallarında olan Xəzər rayon məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 iyun 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 81-85). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələbinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 6 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərin nümayəndəsi X7 Təqsirləndirilən şəxs 9.157 manat tutularaq Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs 12.620 manat tutularaq Zərərçəkmiş şəxs1, 5.200 manat tutularaq Zərərçəkmiş şəxs3 maddi ziyanın, 50.000 manat məbləğində isə mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddia vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspert rəylərindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 bədənində sağlamlığa ağır zərər vurulması ilə bağlı xəsarətlər müəyyən edilmişdir. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, verilmiş mülki iddianın maddi ziyan hissəsi tam təmin edilərək 9.157 manat Zərərçəkmiş şəxs2, 12.620 manat Zərərçəkmiş şəxs1, 5.200 manat Zərərçəkmiş şəxs3, həmçinin mülki iddianın 50.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi hər bir zərərçəkmiş şəxsə münasibətdə 2.000 manat məbləğində qismən təmin edilərək Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 11.157 manat, Zərərçəkmiş şəxs1 14.620 manat və Zərərçəkmiş şəxs3 7.200 manat ödənilməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd dəstəyi açıq qəhvəyi rəngli bıçaq, 1 ədəd dəmir dabankeş, Təqsirləndirilən şəxs evdən qaçarkən üzərində götürdüyü və qonşu həyətdə aşkar edilmiş 1 ədəd dəstəyi tünd qəhvəyi rəngli bıçaq, Təqsirləndirilən şəxs əynində olmuş, 1 ədəd qara rəngli zamoklu idman jaketi və 1 ədəd qara rəngli belində kəməri olan ayağı rezinkalı qara rəngli idman şalvarı, Təqsirləndirilən şəxs hadisə yerinə gətirdiyi qara rəngli çanta, həmin çantanın içərisindəki Təqsirləndirilən şəxs məxsus sellofan bükümdə 1 cüt ayaqqabı, 1 ədəd qara rəngli gün eynəyi, 1 ədəd bıçaq qabı, 1 ədəd qara rəngli köynək və 1 ədəd ağ rəngli cins şalvar və Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd mayka məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə islah işləri cəzası 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 6 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd dəstəyi açıq qəhvəyi rəngli bıçaq, 1 ədəd dəmir dabankeş, Təqsirləndirilən şəxs evdən qaçarkən üzərində götürdüyü və qonşu həyətdə aşkar edilmiş 1 ədəd dəstəyi tünd qəhvəyi rəngli bıçaq, Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qara rəngli zamoklu idman jaketi və 1 ədəd qara rəngli belində kəməri olan ayağı rezinkalı qara rəngli idman şalvarı, Təqsirləndirilən şəxs hadisə yerinə gətirdiyi qara rəngli çanta və həmin çantanın içərisindəki Təqsirləndirilən şəxs məxsus sellofan bükümdə 1 cüt ayaqqabı, 1 ədəd qara rəngli gün eynəyi, 1 ədəd bıçaq qabı, 1 ədəd qara rəngli köynək və 1 ədəd ağ rəngli cins şalvar və Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd mayka məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərin nümayəndəsi X5 mülki iddiasının maddi ziyan hissəsi tam təmin edilərək 9.157 manat Zərərçəkmiş şəxs2, 12.620 manat Zərərçəkmiş şəxs1, 5.200 manat Zərərçəkmiş şəxs3, həmçinin mülki iddianın 50.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi hər bir zərərçəkmiş şəxsə münasibətdə 2.000 manat məbləğində qismən təmin edilərək Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 11.157 manat, Zərərçəkmiş şəxs1 14.620 manat və Zərərçəkmiş şəxs3 7.200 manat ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar