Məhkəmə qərarları › İş №1(101)-1650/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1650/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1650/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, "Sübhan Məmmədov və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1987-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi, ev 13/3 qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, 24 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd şəffaf selofan bükümdə külli miqdarda - 3,402 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Xətai rayon Polis idarəsi, X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 fevral 2023-cü il tarixdə saat 01:45-də ünvan 1 ünvanın qarşısında saxlanılıb, ünvan 2 RPİ, 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda - təmiz çəkisi 3,402 qram olan ağ rəngi kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının verdiyi suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, metamfetamini özünün istifadəsi üçün əldə etmiş və həmin maddənin 1,5 qramına 80 manat pul vermişdir. O, psixotrop maddəni almaq üçün İran vətəndaşı Məhəmməd adlı şəxslə danışmış və onun kartına pul göndərmişdir. Lakin o, həmin maddəni götürməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun alacağı maddə bir büküm olmuşdur. Lakin o, ittihamda göstərilən çəkidə psixotrop maddə ilə razı deyildir. Belə ki, o, İran vətəndaşı olan Məhəmməd adlı şəxsdən 1,5 qram mal istəmiş, amma Məhəmməd metamfetaminin çəkisini çox qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Rüstəm adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Onlar Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə saat 01:45 radələrində Xətai rayonu, Sarayevo küçəsi, 12 ünvanın qarşısında saxlanılmış və 34-cü Polis şöbəsinə dəvət olunmuşdur. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunmuş, ona müdafiəçi təqdim edilmişdir. Sonra müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini təklif etmişdir. Rüstəm könüllü surətdə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda ağ rəngli kristal şəkilli maddə olan bükümü təqdim etmişdir. Təhqiqatçı həmin bükümdə nə olmasını və haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümdəkinin psixotrop maddə metmafetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün Məhəmməd adlı şəxsdən 80 manata aldığını, həmin pulu şəxsin kartına köçürdükdən sonra ünvan 4 ünvanından götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs paltarına şəxsi axtarış keçirilmiş və hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra həmin maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, X1 əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçirilərkən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 24 fevral 2023-cü il tarixli raporta əsasən, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda şübhəli bilindiyindən həmin tarixdə saat 01:45-də Sarayevo küçəsi, 12 ünvanında saxlanılaraq Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilmiş və o, üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Həmin raport Xətai RPİ-nin 34-cü polis şöbəsinin cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 24 fevral 2023-cü il tarix, 459 nömrə ilə qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 11). Cinayət işinə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan boz rəngli cin şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş ağ rəngli kristal şəkilli narkotik vasitə metamfetaminə bənzər maddəni təqdim etmişdir. O, həmin psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 ünvanında tanışı olan Məhəmməd adlı şəxsdən bir ədəd bükümü 80 manata aldığını və heç vaxt narkotik vasitənin satışını həyata keçirmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntünün köçürüldüyü DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 33-34). Məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2023-cü il tarixli 6/1115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç imza; təhqiqatçı: Ü.Qəhrəmanlıimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 ədəd bükümdəki təmiz çəkisi 3,402 qram olan ağ rəngli kristallardan ibarət maddələr üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 40-44). Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli 1347 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 114-115). İbtidai istintaq orqanının 16 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 3,402 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 3,302 qram psixotrop maddə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-də məsul saxlanca verilmişdir (cilkd 1, iş vərəqi 123-129, 138). İş materiallarında olan 10 iyun 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarının və SMS-lərin ələ keçirilməsi məqsədilə Bakı şəhəri, Xətai rayon məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 12712 nömrəli məktubuna bir ədəd CD diskə baxış keçirilmişdir. Müəyyən olmuşdur ki, mobil telefon nömrələrinə sorğu edilən müddət ərzində daxil olan və çıxan ismarıcların tarixi, vaxtı, məzmunu, eləcə də göndərənin və qəbul edənin nömrələri, habelə mobil telefon nömrələrinin abunəçiləri haqqında məlumatlar əks olunmuşdur. Həmin ismarıcların məzmununda cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumatlar əks olunmamışdır (cild 1, iş vərəqi 113). Cinayət işinə əlavə olunmuş "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Zəhra Ağayeva, xx.xx.2008-ci il təvəllüdlü Hüseyn Ağayev və 21 yanvar 2012-ci təvəllüdlü Həsən Ağayev olmaqla iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 15 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə idarənin informasiya bazasında məlumat yoxdur (cild 1, iş vərəqi 108). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, metamfetamin almaq üçün İran vətəndaşı Məhəmməd adlı şəxslə danışdığını və onun kartına pul göndərdiyini etiraf etsə də, həmin psixotrop maddəni götürməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və ittihamda göstərilən çəkidə psixotrop maddənin çəkisi ilə razı olmadığını, İran vətəndaşı olan Məhəmməd adlı şəxsdən 1,5 qram “mal” istədiyini, amma Məhəmməd metamfetaminin çəkisini çox qoyduğunu bildirməklə, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, üzərindən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, həmin psixotrop maddəni Məhəmməd adlı şəxsin kartına pul köçürməklə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 ünvanından bir ədəd bükümdə aldığını bildirmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli 4(011)-144/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəs ilə özünü təqsirli bilmişdir (cild 1, iş vərəqi 82-87). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə psixotrop maddənin çəkisi ilə bağlı ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qeyd olunan hallarla bağlı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ, 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli 1347 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstitensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin məsul saxlancına verilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,302 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk, habelə "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin məsul saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,302 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk, habelə "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar