Məhkəmə qərarları › İş №1(101)-1651/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1651/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1651/2023 20.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-73/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Oğuz rayonu, Yenikənd kəndində qeydiyyatda olan, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 16:15-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, şəxsiyyəti istintaqa məlum olmayan “Mahdi Nasiri" adlı şəxsdən sonuncunun bank hesabına sonradan 150 AZN pul vəsaitini köçürmək şərti ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almağa dair razılığa gəldikdən sonra "Mahdi Nasiri” adlı şəxsin 16 mart 2023cü ildə istifadə etdiyi “+98 903 219 1905” saylı mobil nömrədən “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə mobil telefonuna göndərdiyi fotoşəklə uyğun Xətai rayonu ərazisində, «Fəridə» şadlıq evinin yaxınlığında müvafiq yerə qoyulmuş təmiz çəkisi 4,01 qram olan külli miqdarda narkotik vasitə-heroini və təmiz çəkisi 4,548 qram olan külli miqdarda psixotrop maddə-metamfetamini götürüb üzərində saxlamaqla daşımış, 16 mart 2023-cü il tarixdə saat 20:10 dəqiqədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 ünvanının qarşısında saxlanılaraq ünvan 1nda yerləşən Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 4,01 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 4,548 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddəni mütəmadi olaraq şəxsi istifadəsi üçün İran vətəndaşı ilə internet vasitəsilə əlaqə saxlayıb əldə etmişdir. 16 mart 2023-cü il tarixdə həmin şəxslə əlaqə saxlayıb narkotik vasitə istədiyinə görə əldə etmək üçün Bakı şəhəri, Xətai rayonu, “Fəridə” şadlıq evinin yaxınlığına gedərək narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra polis əməkdaşları ona yaxınlaşıb şübhəli olduğuna görə polis bölməsinə dəvət etmiş, həmin polis bölməsində üzərinə baxış keçirilən zaman təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin bir qisminin özünə, digər qisminin isə Tamiz adlı həmin taksi sürücüsünə məxsus olduğunu bildirmiş, həqiqətdə isə taksi sürücüsünün onun narkotik vasitə əldə etmək üçün həmin ünvana getməsindən xəbəri olmamış, aşkarlanan kütlələr ona məxsus olmuşdur. Narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələrin aludəçisi olduğuna görə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Mehdi” adlı şəxsdən həmin maddələrin alışı ilə bağlı razılığa gəldikdən sonra 16 mart 2023cü il tarixdə “Mehdi” adlı şəxsə pulunu bir həftəyə ödəmək şərti ilə 150 manat dəyərində “kakos” və “patı” almaq istədiyini bildirdikdə, “Mehdi” ondan daha çox götürəcəyi təqdirdə endirim edəcəyini demiş, “Mehdi” ilə razılaşdıqdan sonra sonuncu “Fəridə” şadlıq evinin yaxınlığında olan bir yerə öz adamı vasitəsilə həmin narkotik vasitəni qoyub işlənmiş rezin təkərin fotoşəklini ona göndərmişdir. Həmin gün saat 20 radələrində taksi sürücüsü olan Şahid3 onu həmin şadlıq evinin yaxınlığında düşürüb oradan uzaqlaşmış, Şahid3 onun hansı məqsədlə həmin ünvana getməsindən məlumatı olmamış, o, fotoşəkildə olan ünvana gedib narkotik vasitə və psixotrop maddəni götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin yerdən piyada hərəkət edərkən polis əməkdaşları saxlayıb əllərini ciblərinə salmağa imkan verməyib Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə dəvət edərək orada hüquq və vəzifələri izah edildikdən sonra aparılmış şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibində saxladığı qara rəngli sellofan kəsiyinə bükülmüş bir bükümdə olan heroini və bir bükümdə olan metamfetamini çıxardıb masanın üzərinə qoyaraq həmin kütlələrin “şüşə” (yəni metamfetamin) və “kakos” (yəni heroin) olduğunu deyib əldə etdiyi şəraiti bildirmişdir. Aşkarlananlar qablaşdırılaraq götürülmüş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 16 mart 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 14 ünvanının yaxınlığında saxlanılaraq 35-ci Polis Bölməsinə dəvət edilmiş, həmin bölmədə videoçəkilişlə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və psixotrop maddəni könüllü olaraq təqdim etmiş, aşkarlananlar qablaşdırılaraq möhürləndikdən sonra götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1la oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 və Şahid2 dindirilərkən Təqsirləndirilən şəxs ona verilmiş çarpaz suallara cavab olaraq şahidlərin ifadələrində göstərdiklərinin doğru olduğunu bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu dövrdə tanımışdır. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edib sifariş etdiyinə görə sonuncunu yaşadığı Xırdalan şəhərindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Fəridə” şadlıq evinin yaxınlığına aparmış, Təqsirləndirilən şəxs avtomobildən düşüb oradan uzaqlaşmışdır. Sonradan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə çağırıldıqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edildiyinə görə tutulduğunu öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 16 mart 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 7) 16 mart 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, əmr və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə, yaxalanması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 8-9; 11, 12) 16 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:10-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 6) 16 mart 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 mart 2023-cü il tarixdə saat 20:10-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 25) 16 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, müvafiq qərara əsasən, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə spesifik iyə məxsus narkotik vasitəyə bənzər kütləni və bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə ağ rəngli kristalşəkilli maddəni təqdim etdikdən sonra aşkar edilənlər 1 ədəd kağız zərfdə qablaşdırılaraq, “Zərflər üçün” 154 nömrəli möhür ilə möhürlənməklə götürülmüşdür.(Cild 1, iş vərəqə 36-37, 38) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 6/1642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,01 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 4,548 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 4,01 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 3,960 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 4,548 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 4,498 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-46) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinn 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 55-56) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-205/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 68-69) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-73/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökm ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə 102;113-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 28 aprel 2023-cü il tarixli, 6270 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 27 may 2023-cü il tarixli, 3294 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 128-129) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən ümumi təmiz çəkisi 4,01 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və təmiz çəkisi 4,548 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan çəkisi 3,960 qram olan narkotik vasitə-heroin və çəkisi 4,498 qram olan psixotrop maddə-metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, eləcə də təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 136-142) 12 iyun 2023-cü il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı mənbənin müəyyən edilməsi üçün başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 143-144) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 149-150) xx.xx.2023-cü il tarixli Oğuz rayon icra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni həmin özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən, 16 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə psixotrop maddə olan metamfetamin olmaqla, ümumilikdə 2 ədəd bükümü könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 154 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 17 mart 2023-cü il tarixli, 6/1642 №-ii nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və.s yazılar qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində 2 ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 4,01 qram və təmiz çəkisi 4,548 qram olan maddə kütlələri aşkar edilmişdir. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddələrin müvafiq olaraq narkotik vasitə-heroin və kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 4,01 qram, 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 4,548 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar, həmin Siyahıların 67-ci bənində əsasən isə psixotrop maddə olan metamfetamin təmiz halda 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə yekun hüquqi qiymət verərkən və onun cinayət əməllərini törətməkdə təqsirliliyi məsələsini müəyyən edərkən mütləq nəzərə alır ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qəbul edərək ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə oxşar məzmunlu ifadəni məhkəmə istintaqı zamanı bir daha verməklə əməlini etiraf etmiş və şahidlərin ifadələrində göstərdiyi xüsusatların həqiqiliyini də təsdiq etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 16 mart 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə isə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmanlığını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Oğuz rayon icra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin həmin hökmü üzrə təyin edilmiş cəzanı çəkməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, habelə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-205/2023 nömrəli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən bugünədək Təqsirləndirilən şəxs davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,960 qram olan heroin və 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,498 qram olan metamfetamin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X4 27 may 2023-cü il tarixli, 3294 nömrəli Ambulator məcburi məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)- 73/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,960 qram təşkil edən heroin və 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,498 qram metamfetamin məhv edilsin, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar