Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1652/2022 19.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, dalan 10, ev 6 ünvanda qeydiyyatda olan, faktiki ünvan 1anda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Həsənov X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Həsənov X21 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” adlandırılan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 20 manat ödəniş etməklə sonuncudan qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 2,755 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən söküntülü binanın içərisində saxlanılaraq 28-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 2,755 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Həsənov X21 özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, son 5-6 il ərzində müntəzəm olaraq narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicə olunmağa cəhd etsə də bunu bacara bilməmişdir. Narkotik istifadəçisi kimi əvvəllər bir neçə dəfə həm də məhkum olunmuşdur. Narkomanlığa qurşanması səbəbindən bütün həyatı korlanmış, ailəsi əslində faktiki dağılmış, ağır maddi vəziyyətə düşmüşdür. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən çox kiçik miqdarda əldə edərək qəbul etmişdir. Heç vaxt birdən-birə bir neçə qram heroni və ya metamfetamin almağa imkanı olmamışdır. Özü heroin ala bilməyəndə həmişə tanış narkomanlara müraciət etmiş, kimdə varsa alıb istifadə etmişdir. Həyat tərzi tam sıradan çıxdığından bəzən günlərlə müxtəlif ünvanlarda qalmış, tanış narkomanlarla vaxt keçirmişdir. O cümlədən Yasamal rayonunun Cavid prospektindəki həyət evləri olan məhəllədəki bir söküntü otaqda – qəlibdə də dəfələrlə qalmışdır. Onun kimi narkoman olanlar da adətən oraya yığışıb söhbətləşmiş, kimin “malı” varıdırsa elə orada da qəbul edib yatmışdır. Sökülmüş binanın həmin uçuq otağı Baxşiyev Böyükağa adlı şəxsə məxsus olmuş, həmin otaqda yığışıb oturmaların əvəzində imkanları olan həddə Böyükağaya yalnız yemək vermişlər. Ağır maddi vəziyyətdə olan Böyükağanın narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır, Böyükağanın əsas ehtiyacı bir qarın çörək olmuşdur. 22 aprel 2022-ci il tarixdə saat təxminən 18 radələrində Cavid prospekti 47 ünvandakı həmin sökülmüş otaqda bir neçə başqa narkoman tanışları ilə oturub söhbət etdikləri vaxtda oraya çoxsaylı mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, uçuq otağa baxış keçirilmiş, şəxsən ondan hər hansı narkotik vasitə aşkar olunmamışdır. Başqa kimdənsə də narkotik vasitə aşkar olunduğunu görməmişdir. Protokol da yazılmışdır. Amma otağa baxıb qurtarandan sonra onların hamısını maşına yığıb Polis Bölməsinə aparmışlar. Orada hamını bir-bir sıraya düzüb hərəyə bir bükülüdə narkotik vasitə verilmiş və çəkiliş zamanı çıxarıb təqdim etmələri tapşırılmışdır. O da çarəsiz qalıb razılaşmış və başqa çıxış yolu da olmadığından tabe olmuşdur. Deyilən qaydada da çəkiliş aparılmış, guya ondan bir ədəd bükümdə təmiz çəkisi 2,755 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi barədə sənədləşmə aparılmışdır. Özü narkoman olduğundan əslində danışmağa dili qısa olmuş və etiraz da etməmişdir. Onlara istifadəçi kimi rəsmiləşdirilib cəzalanacaqları deyilsə də sonradan başa düşmüşdür ki, müstəntiq onun barəsində açdığı işi onun satışla məşğul olması variantında bitirib. Amma heç bir halda o satışla məşğul olmayıb. Özü üçün heroinin qramının dörddə birini əldə etməyə belə pul tapmaqda həmişə çətinlik çəkib. Saxlanan gün isə ümumiyyətlə üstündə heç nə olmayıb. Bununla belə, müalicəyə ehtiyacı olduğundan, həm də müntəzəm narkotik vasitə qəbul edən narkoman kimi narkotikə aidiyyəti olmamasını iddia etməyə vicdanı yol vermədiyindən istifadəçi kimi sənədləşdirilməsinə etiraz etməmişdir. Bununla belə narkotik vasitə aludəçisi olduğuna və müntəzəm şəkildə narkotik vasitələr qəbul etdiyinə görə özünü istifadəçi kimi günahkar bilir. Çox peşmandır. Ona görə də müalicəyə ehtiyacı olan və müalicə olunmağı arzulayan bir narkotik istifadəçisi kimi heç olmazsa istifadəçi kimi məhkum olunmasını, məcburi müalicəyə göndərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Həsənov X21 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edərək qəbul edir. Belə ki, 2022-ci ilin aprel ayının 22-də səhər saat 10:00 radələrində Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən heroin almış, həmin heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Yasamal rayonu, H.Cavid prospekti, ev 47 ünvanda olan zaman iki nəfər mülki geyimli şəxslər ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Polis Bölməsində olan otaqların birində gözlədikdən sonra təhqiqatçı axtarış və götürmə aparılacağını bildirmiş, dövlət hesabına hüquqlarımı müdafiə edilməsi üçün vəkil çağırmış, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrinə dair müvafiq bildirişlər vermişdir. Daha sonra təhqiqatçı “İphone” markalı mobil telefon aparatının videokamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyini bildirdikdə etiraz etməmişdir. Təhqiqatçının təklifindən sonra şalvarının sol yan cibindən bükümü çıxarıb təqdim edərək içərisində heroin olduğunu, onu 22 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədi ilə 20 manata aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüş, həmin zərfin tamlığını o da öz imzası ilə təsdiq etmişdir(cild 1, iş vərəqə 57-60). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 22 aprel 2022-ci il tarixdə bölməyə Həsənov X12 narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat dərhal rəhbərliyə məruzə edilmiş və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Yasamal rayonu, H.Cavid prospekti, ev 47 ünvanın qarşısında dayandığı müəyyən edilərək dərhal saxlanılmışdır. Həmin şəxsi saxlayıb onun şəxsiyyəti ilə maraqlandıqda onun Həsənov X21 olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın olduğunu bildirərək onu 28-ci Polis Bölməsinə getməsini təklif etmişlər və Təqsirləndirilən şəxs da razılaşmışdır. Əslində həmin vaxt qeyd olunan ünvanda X3 adlı şəxsin tiryəkxana təşkil etməsi barədə şübhələr də olmuş, həmin səbəbdən tədbir zamanı Azadla yanaşı bir neçə başqa şəxslər də saxlanmış və bölməyə aparılmışdır. Bölmədə təhqiqatçı X18 Həsənovun üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl ona müdafiəçi seçmək hüququnu izah etmiş, sonra dövlət hesabına vəkillə təmin olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə vəkilinin, polis əməkdaşların iştirakı ilə axtarış və götürmə keçirməyə başlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs axtarış və götürmənin aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, bu maddəni 22 aprel 2022-ci il tarixində saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olması aşkar edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. O, eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları Həsənov X12 üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı əməliyyat-axtarış tədbirlərini davam etdirmişlər. Amma Həsənov X10 aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil əldə etməmişlər. Narkoman olan Həsənov X12 müntəzəm olaraq narkotik vasitələrdən istifadə etməsi, həmçinin yaxalandığı ünvanda digər narkomanlarla bir yerə yığışıb vaxt keçirdikləri, orada olarkən həm də narkotik vasitələr qəbul etdikləri müəyyən olunmuşdur. Qeyd olunan yarımçıq sökülmüş tikilidə narkomanların yığışması isə ətrafdakı sakinlərin narazılığına səbəb olmuşdur. Əslində tədbirin keçirilməsinin bir səbəbi də bu olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid3, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları Şahid2, ibtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 92- 94). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış və götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, X1 Yasamal rayonu, H.Cavid prospekti, ev 47 ünvandakı otaqda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilmişdir. Həmin ünvandakı söküntüyə məruz qalmış binanın otağına daxil olduqda orada Həsənov X21, X11, X7 və X2 bir masanın ətrafında toplaşmaları müəyyən edilmişdir. Həmin şəxslərdən orada olmalarının səbəbi soruşulduqda onlar mütəmadi olaraq narkotik vasitə istifadə etmək üçün oraya toplaşdıqlarını və həmin otağı Böyükağa Baxşıyevin yemək qarşılığında onlara verdiyini bildirmişlər (cild 1, iş vərəqə 10-11). Şəxsi axtarış və götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Həsənov X14 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf sellofanın içərisində bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin “kakos” olduğunu və “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-30,75-77). Məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli 6/2336 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №167” möhür əksi, “Həsənov X10...” və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,755 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,705 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-43). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyun 2021-ci il tarixli 3397 nömrəli rəyindən görünür ki, Həsənov X13 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 112-113). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli 2179 nömrəli rəyindən görünür ki, Həsənov X21 hazırda hər hansı bir psixi xətəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həsənov X13 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Həsənov X21 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Həsənov X12 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 186-187). Həsənov X12 narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 01 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 158- 159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Həsənov X8 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 215-ci və 177.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 80-82). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Həsənov X12 məhkumluğu ödənilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Həsənov X14 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Həsənov X12 narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Həsənov X12 narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamışdır. Saxlandığı andan Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs narkotik vasitəni ardıcıl olaraq özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Həsənov X12 ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Həsənov X21 barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə 20) və tam əsaslı olaraq eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 49). Təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək etirafedici ifadə vermişdir (cild 1, iş vərəqə 57-60). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs Həsənov X21 tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Həsənov X10 2,755 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmə iş üzrə diqqət çəkən bir məqamı da vurğulayır ki, Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilərkən və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmədiyini qeyd edərək müvafiq protokolları və sənədləri imzalamaqdan imtina etmiş, həmçinin cinayət işinin materialları ilə tanış olarkən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bir daha özünü təqsirli bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Həsənov X12 göstərdiyi bu xüsusatlar vəsatət kimi qəbul edilmiş və həmin vəsatətlərin rədd edilməsi barədə qərarlar qəbul edilmişdir (cild 1, iş vərəqə 175, 194). Bununla belə, ittiham aktında sübutları şərh edərkən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin təsdiqi kimi özünün qismən etirafedici ifadələri, ilkin yoxlama materialları, maddi sübutlar, ekspert rəyləri sübut növü kimi qiymətləndirilərək yekun qənaətə gəlinmişdir. Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda və həm də bir bükümdə olması şəxsin ağır cinayət törətməkdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda və bir bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Həsənov X12 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxs Həsənov X12 əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, təqsirləndirilən şəxs Həsənov X12 üzərindən narkotik vasitənin çıxmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə istintaqında üzərindən narkotik vasitə aşkar olunmasını birbaşa etiraf etməyən Təqsirləndirilən şəxs eyni zamanda narkotik vasitə aludəçisi olduğuna və müntəzəm şəkildə narkotik vasitələr qəbul etdiyinə görə özünü günahkar bilməsi ilə bağlı mövqeyi isə faktiki olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin dolayı şəkildə etirafı kimi qiymətləndirilməsi mümkün olan məqamdır. Həsənov X12 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Həsənov X12 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Həsənov X14 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Həsənov X21 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Həsənov X14 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həsənov X12 özünü günahkar bilməsini və peşmançılığını ifadə etməsini məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Həsənov X12 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Həsənov X14 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Həsənov X21 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2022ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 67-68). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs Həsənov X14 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 aprel 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,705 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməli, Həsənov X12 üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Həsənov X10 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40,207). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Həsənov X12 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs Həsənov X12 hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X9 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Həsənov X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Həsənov X12 cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Həsənov X12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həsənov X21 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Həsənov X21 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,705 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin; - Həsənov X12 üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Həsənov X10 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına vəkil X16 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Həsənov X14 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1652/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1652/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver