Məhkəmə qərarları › İş №1(101)-1653/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1653/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1653/2025 27.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X3 oğlunun sədrliyi ilə, Hakimlər: X2 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, Hüseynov Elvin Məhərrəm oğlu katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 Avtodəstə küçəsi nömrəsiz evdə yaşayan, barəsində 20 aprel 2025-ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 9.075 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində gəzdirməklə daşıyaraq saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 aprel 2025-ci il tarixdə saat 20:05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkının girişində narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 9.075 külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, marketdə olarkən alkoqollu içkini tökmüş, bunu kassir xanıma bildirmiş, mühafizəçi çağırılmış, yarım saat keçdikdən sonra polis əməkdaşları gəlmiş, onu şöbəyə aparmışlar. Düşünmüşdür ki, inzibati cəza müəyyən olunacaq. Ancaq şöbədə ona xəsarət yetirmiş, işgəncə vermişlər. O da döyülməmək üçün verilən ittihamı qəbul etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq qalmağa yeri olmadığını, üzərindən heç nə aşkar olunmadığını, qarşısına böyük bir büküm qoyulduğunu və bunu qəbul etməli olduğunu, narkotik vasitəni İranlı vətədandaşdan aldığını deməli olduğunu, Suraxanıya iş axtarmaq üçün getdiyini, iki gün orada qaldığını, sərxoş vəziyyyətdə olduğunu, 7 ay əvvələ qədər narkotik vasitədən istifadə etdiyini, istifadə edən zaman öz pulu ilə əldə etdiyini, xırda talama məqsədilə alkoqollu içkinin bir hissəsini tökdüyünü, tutulana qədər ad, soyadı ilə bağlı heç bir problem yaşamadığını, Şahid2 onun saxlanılmasında iştirak etdiyini, Şahid3 xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuş, həmin məlumat RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkının yaxınlığına getmişlər. Saat 20 radələrində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumat olduğunu və üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində bir büküm psixotrop maddə metamfetaminin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm metamfetamin çıxardıb təqdim etmiş və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat məlumatı Şahid1 daxil olduğunu, əməliyyat məlumatında satış məqsədi ilə bağlı məlumat olmadığını, əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkının yaxınlığında saat 20 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni Samir adlı şəxsdən aldığını bildirmiş, əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyat məlumatında satış məqsədi ilə bağlı məlumat olmamışdır. Əməliyyat-axtarış tədbirlərin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynidəki göy cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə metamfetaminə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni Samir adlı şəxsdən tanımadığı şəxsdən 40 manata alaraq saxlayıb gəzdirdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. (cild 1, iş vərəqi 9-10). Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs da əynidəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu psixotrop maddə metamfetamini Samir adlı şəxsdən 40 manata alaraq saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılır. (cild 1, iş vərəqi 43-44). Məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2025-ci il tarixli 6/1434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: '‘Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə (imza) Avakyan” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 9,075 qram ağımtıl rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 9,075 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 8,975 qram. (cild 1, iş vərəqi 52). Məhkəmə-narkoloji ekspertizasının 16 may 2025-ci il tarixli, 2876 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə profilaktik qeydiyyatda olub. Lakin hal-hazırda remisiya vəziyyətində olan opioidlərdən və psixostimulyatorlardan asılılıq sindromu aşkar olunur. Müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. (cild 1, iş vərəqi 131-132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X1 ambulator məhkəmə psixiatrik ekspertizasının 21 aprel 2025-ci il tarixli 1225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davraşım iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda şüuruna və fəaliyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. (cild 1, iş vərəqi 134-136). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Cəza təyini zamanı nəzərə alınmalı olan hallar: “Şübhəli şəxsin tutulması haqqında” 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01; i.v.39). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2025-ci il tarixli, 4(010)- 109/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.109-113). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.120). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: İlk növbədə 18 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması ilə öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özüözlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda narkotik vasitəni əldə edərək saxlaması mümkündür. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda narkotik vasitənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığı üçün verilən ittihamla razılaşdığını bildirsə də, məhkəmə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların olmaması ilə razılaşsa da, onun üzərində ümumiyyətlə narkotik vasitənin olmamasına dair ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Belə ki, yuxarıda sadalanan “şəxsi axtarış və götürmə” protokolunda göstərilən xüsusatlar, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadələri təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıq-aşkar görünməkdədir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olması, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut narkotik vasitə olan metamfetamin, metadon və qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 363 (üç yüz altmış üç) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 8,975 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 ( yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 363 (üç yüz altmış üç) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar