Məhkəmə qərarları › İş №1(101)-1654/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1654/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1654/2024 08.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam şəhəri, Sabir küçəsi, ev 5-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində 9 dekabr 2023-cü il tarixli qərar ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs və digər tanışları ilə 7 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ünvanında yerləşən “Nar Çiçəyim” kafesinin 2 saylı otağında çay içdikləri zaman Zərərçəkmiş şəxs ona qarşı xoş olmayan zarafat etməsinə irad bildirərkən aralarında yaranmış mübahisə zamanı sonuncunun ona atmış olduğu, lakin divara dəyərək sınıb döşəmənin üzərinə düşmüş butulka şüşəsinin bir parçasını götürüb Zərərçəkmiş şəxs sifət, döş və qarın nahiyəsindən vuraraq ona döş qəfəsinin sağ-yan səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin orta payının bayır seqmentinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası və qarının boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yarası, sağ yanağın üst dodağa və ağız boşluğuna keçən deşilmişkəsilmiş yarası ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilir, hadisə baş verən gün tanışları onu kafedə çay içmək üçün dəvət etmişdir. Elşad öz tanışları ilə gündüz saatlarından etibarən həmin kafedə oturub spirtli içki qəbul etmişdir. Elşadgil olan otağa daxil olduqdan sonra, Elşad stolun üzərində olan butulkanı sonuncunun üstünə atmış və nəticədə şüşə butulka yerə düşərək sınmışdır. Elşad sonuncunun üzərinə üç ədəd stəkan, bir su və bir araq butulkası atmışdır. Sonuncu dəfə ona hücum edərkən əsəbi olduğundan özünü saxlaya bilmədiyinə görə şüşə parçası ilə onu vurmuşdur. Ətrafında olan şəxslərin heç biri Elşadın ona qarşı etdiyi hərəkətinə müdaxilə etməmişdir. Hadisədən sonrakı dövrdən hal-hazırkı dövrə qədər Elşadla dostluq münasibətlərinin davam etdirilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, restoranda Adillə yeyib-içən zaman Tahir də həmin yerə gəlmiş, Tahirlə arasında söz söhbət olmuşdur. İçkili olduğu üçün Tahirlə bir-birlərini başa düşməmişlər. Tahir Şaiq adlı şəxslə restorana gəlmiş, sonuncu stolun üzərində olan butulkanı Tahir istiqamətində atmışdır. Stolun üzərində konyak və su butulkası olmuşdur. Bundan sonra otaqda mübahisə yaranmağa başlamış, butulka divara dəyib qırıldıqdan sonra Tahir həmin butulka qırığını əlinə götürmüşdür. Tahirlə uzun müddətdir ki, dostluq münasibətlərindədir, sonuncuya qarşı hər hansı bir şikayət, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, dostları ilə restoranda yemək yeyən zaman Tahirgil onların oturduqları kabinetə gəlmişlər. Bir müddət sonra Tahir və Elşadın arasında söyüşlü mübahisə yaranmağa başlamışdır. Bundan sonra hadisə yerindən uzaqlaşmış, baş verən digər halların şahidi olmamışdır. Hadisədən bir gün sonra Polis Bölməsindən çağırılmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs ilə dostluq münasibətlərindədir. 7 dekabr 2023-cü il tarixdə günorta vaxtları Məmməd və Tahirlə Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Nar Çiçəyim” kafesinin qarşısında görüşüb orada nahar etmişər və Tahirlə hərəsinə 250 qram spirtli içki qəbul etmişlər. Zərərçəkmiş şəxs ilə təxminən 5-6 ildir ki, dostluq münasibətlərindədir və onunla ara-bir görüşüb kafelərdə şam yeməyi yemişlər. Həmin günü saat təxminən 20 radələrində Tahir və Məmmədlə görüşüb yuxarıda göstərdiyi kafeyə çay içməyə getmişlər. Bu məqsədlə kafeyə daxil olub 2-ci otağın qarşısından keçən zaman görmüşlər ki, Elşad digər tanışları Adil və Rustaveli ilə yemək yeyirlər. Onları otağa dəvət etdiklərindən oraya daxil olmuşlar. Qabaqcadan spirtli içki qəbul etmişlər və onlarla əyləşdikdən sonra çay sifariş vermişlər. Bu vaxtı Elşad səbəbsiz yerə Tahirə söz atmağa başlamışdır. Elşad Tahirə zarafatla xoşagəlməz sözlər deyirmiş. Bu Tahirə pis təsir etsə də Elşad sözlərini davam etdirirmiş. Lakin Tahiri söymürmüş. Tahir Elşada nə üçün belə etməsini dedikdə Elşad stolun üzərində olan boş su şüşə qabını Tahirin üzünə atmışdır. Tahir başını yana çəkmiş və şüşə qab yerə düşüb qırılmışdır. Onları sakitləşdirmək istədikdə Elşadın Tahirin üzərinə hücum etməsinə görə Tahir onun bədəninin müxtəlif nahiylərinə qırıq şüşə ilə vurmuşdur. Sonra Elşad və bir neçə dəqiqə sonra isə Tahir çıxıb getmişdir. Belə ki, mübahisənin baş verməsinə səbəb Elşadın Tahirlə pis zarafat etməsinin səbəb olduğunu göstərmişdir. Tahirin oradan gedəndə şüşə parçasını da özü ilə apardığını göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 7 dekabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:00 radələrində “X6” həkim Sahib Hüseynov məlumat verərək, Xətai rayonu Gəncə prospekti 79 ünvanında yaşayan xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Xətai rayonu, Cavanşir küçəsi “Nar Çiçəyim” kafesində bıçaqlanaraq xəstəxanaya daxil olmasını bildirmişdir (cild 1, iş vərəqi 14). 7 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Nar Çiçəyim” kafesinin 2 saylı otağıdır (cild 1, iş vərəqi 3-12). 8 dekabr 2023-cü il tarixli “götürmə aparılması haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol köynək 1 saylı şəhər xəstəxanasından hal şahidlərinin iştirakı ilə götürülmüşdür ( cild 1,iş vərəqi 47). 8 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ilkin ifadəsini təsdiq edərək cinayət hadisənin baş vermə mexanizmini təsvir etmişdir ( cild 1, iş vərəqi 48-51). 8 dekabr 2023-cü il tarixli sərxoşluq hallarının növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman ayıq vəziyyətdə olmuşdur ( cild 1, iş vərəqi 52). 25 dekabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən yuxarıda adı çəkilən xəstəxanada qeydiyyatda olmamışdır ( cild 1, iş vərəqi 89). 25 yanvar 2024-ci il tarixli məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ-yan səthinin döş boşluğuna nüfuz edərək sağ ağciyərin orta payının bayır seqmentinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunmuş deşilmiş kəsilmiş yarası və qarının boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yarası, sağ yanağın üst dodağa və ağız boşluğuna keçən deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü ıl tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlərin konkret olaraq qərarda göstərilən şəraitdə şüşə parçası ilə və yaxud da bıçaqla yetirilməsi, eləcə də ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarında olan zədələrin onun bədəni üzərində olan xəsarətlərin uyğunluğunun təyini onun paltarlarının xüsusi məhkəmə kriminalistik müayinəsinin aparılmasından sonra mümkün olacaqdır. Belə ki, onun adına tərtib edilmiş tibbi sənədlərdə yaraların xarakterləri düzgün təsvir edilmədiyindən bu barədə dəqiq fikir yürütmək mümkün deyildir ( cild 1, iş vərəqi 97-100). 15 fevral 2024-cü il tarixli, ambulator məhkəmə-kompleks psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə- Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçilik, emosionallıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları adekvat olaraq qavramaq və baş verənləri düzgün təsvir edərək bu barədə məlumat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır ( cild 1, iş vərəqi 107-109). 27 mart 2024-cü il tarixli məhkəmə-trasoloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş uzunqol köynəyin material xüsusiyyətlərinə, zədələrin formasına, quruluşuna, zədələrin kənarındakı sapların liflənməsinə əsasən həmin zədələr nisbətən kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir Həmin zədələrin müxtəlif formalı, ölçülü sınmış butulka şüşəsi ilə və ya digər deşici-kəsici xassəyə malik predmetlə yetirilməsi istisna edilmir. Təqdim edilmiş köynəyin səthindəki zədələr Azərbaycan Respublikası Səhliyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 90 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən «döş qəfəsinin sağ yarısında boşluğa keçən deşilmiş yara....» xəsarəti ilə yerləşmə sahəsi və sayına görə nisbi uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür (cild 1, iş vərəqi 114-117). 29 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd uzunqol köynək maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi nəzərdə tutulmuşdur ( cild 1, iş vərəqi 121- 125). 11 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqə 87). Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi notariat qaydada təsdiq edilmiş barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət, tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, baş vermiş cinayətin aləti olan şüşə parçası məhz zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə atdığı şüşə butulkasınının divara dəyməsi nəticəsində sınaraq parçalanmış hissəsidir. Məhkəmə bu halı əsas götürərək hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlir. Məhkəmə hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət hadisəsinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar mövcüddür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Təqsirləndirilən şəxsin 65 yaşı vardır, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 90). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına məhkəmə mərhələsində Bakı şəhəri “verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 ( altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 24 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 ( üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar