Məhkəmə qərarları › İş №1(101)-1655/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1655/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1655/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X10 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə 11,770 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx.xx.2023-cü il tarixdə, saat 17:45-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq DİN-in ünvan 1 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmiş və orada həmin gün saat 19:52-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda, ümumilikdə 11,770 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 6,870 qram və 4,900 qram olmaqla, 02 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs olunanadək “Sədərək” Ticarət Mərkəzində fəhləlik ilə məşğul olmuşdur. Axşam saat 17:00 radələrində o, işlədiyi dükanı bağlayıb saat 17:20 radələrində işdən çıxmışdır. O, avtobus dayanacağında gözlədiyi zaman tanımadığı bir şəxs “sizi bir dəqiqə olar?” deyərək onu çağırmışdır. Elə həmin vaxt ona bir avtomobil yaxınlaşmışdır. Həmin avtomobildə olan 3 (üç) nəfər şəxs özlərini təqdim etmədən onun qolunu buraraq avtomobilə otuzdurmuşlar. Daha sonra həmin şəxslər onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onlar BMCMİ-nə təxminən 15 dəqiqəyə çatmışlar. BMCMİ-də onu bir neçə otağa aparmışlar. Həmin otaqlarda polis əməkdaşları göstərdikləri narkotik vasitələri götürüb cibinə qoymalı və ona məxsus olduğunu deməyini ondan istəmişlər. O, orada polis əməkdaşları ilə razılaşmadığına və həmin narkotik vasitələri boynuna götürmədiyinə görə polis əməkdaşları onu döymüşlər, habelə təhqir etmişlər. Daha sonra ona demişlər ki, “dindar, namaz qılan adamsan, götür bu narkotik vasitələri qoy cibinə və de ki, bu narkotik vasitələr sənə məxsusdur”. Lakin o, yenə polislərlə razılaşmamışdır. Sonra həmin şəxslər onu ailəsi və uşaqları ilə təhdid etmişlər. Əgər o, öz ailəsi və uşaqları ilə təhdid olunmasaydı heç vaxt polislərin göstərdikləri narkotik vasitələri öz üzərinə götürməzdi. Həmin şəxslər onu təhdid edib demişlər ki, “əgər sənin ailəni və qızlarını gətirib naməhrəm kişilərin arasında gəzdirməyimizi və sənə ailənin, qızlarının qarşısında “butulka” ilə ağlagəlməz hərəkətlər etməyimizi istəmirsənsə, götür bu narkotik vasitələri qoy cibinə”. Əvvəlcə o, bütün bu təzyiq və təhdidlərə dözərək polislərlə razılaşmamışdır. Onun heç vaxt narkotik vasitələr ilə əlaqəsi olmamışdır. Onun 34 yaşı var və bu yaşına qədər hər hansı bir narkotik vasitə görməmişdir. O, ilk dəfə narkotik vasitəni BMCMİ-nin əməkdaşları tərəfindən ona göstərilən zaman görmüşdür. O, hələ də nəyə görə polis əməkdaşlarının onu narkotik vasitələri boynuna götürməyə məcbur etdiklərini anlaya bilmir. Həmin şəxslər onun razılaşmadığını gördükdən sonra onun başına papağı keçirib və qollarını bağlayaq onu döyməyə başlamışlar. Daha sonra ona su gətirib vermişlər. O, su içdikdən sonra ayaqyoluna getmişdir. Əgər onun üzərində narkotik vasitə olsaydı o, həmin narkotik vasitəni ayaqyoluna getdiyi zaman orada tullayardı. BMCMİ-nin əməkdaşları ona 2-3 saat təzyiq və işgəncə vermişlər. O, polis əməkdaşları ilə razılaşmadığına görə BMCMİ-nin əməkdaşları onu cavan ailəsi və 2 (iki) azyaşlı qız uşağı ilə təhdid etməyə davam etmişlər. Heç bir ata istəməz ki, gələcəkdə qızının atasının hansısa əməlinə görə başı aşağı olsun. O da bu təhdidlərdən sonra məcburiyyət qarşısında qalaraq həmin narkotik vasitələri götürüb öz cibinə qoymuşdur. Onun bir gözü görmə qabiliyyətini itirmişdir. Hansı səbəbdən saxlanıldığını müstəntiq belə bilməmişdir. Həmin vaxt onun yanında olan vəkil də şahiddir ki, müstəntiq onun nəyə görə saxlanıldığını bilmədiyini demişdir. Əgər hansısa bir səbəbdən saxladıqlarını polislər ona desəydilər və cinayət törətdiyini əsaslandırsaydılar o, polis əməkdaşları ilə razılaşardı. O, heç nəyə qarşı çıxmamış və heç bir cinayət törətməmişdir. Ömrünün 15 ildən çoxunu, təxminən 12-13 yaşından etibarən o, fəhləliklə məşğul olmuşdur. Əgər o, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olsaydı heç kimin qarşısında 10-15 manat əmək haqqı üçün fəhləlik etməzdi. O, başa düşə bilmir ki, nəyə görə polislər onu narkotik vasitələrlə bağlı əsassız yerə tutmuşlar. O, heç bir cinayət törətməmişdir. Onun anasının 62 yaşı var, anası isə hal-hazırda məcburiyyət qarşısında qalaraq 10 manat əmək haqqı qazanmaq üşün fəhləlik edir. Heç kim istəməz ki, anası 62 yaşında kiminsə qapısını süpürsün. Videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilən zaman o, məcburiyyət qarşısında qaldığına görə narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Onu məcbur etmişlər ki, narkotik vasitələri səhər saatlarında “Sədərək” Ticarət Mərkəzinə getdiyi zaman “Cırtdan Park” adlanan ərazidə təsadüfən zibil qabından tapdığını desin. Qeyd etmək istəyir ki, “Cırtdan Park” adlanan ərazinin yaxınlığında zibil qabları yoxdur. İşə taksi ilə getməyə maddi imkanı olmadığına görə o, hər gün səhər saat 06:30-da yaşadığı evdən çıxaraq işə getmişdir. 18 yanvar tarixində də o, səhər saat 06:30-da evdən çıxmışdır. O, səhər saat 06:30-da tanımadığı bir maddə olan narkotiki zibil qabının yanında necə götürə biləcəyini anlaya bilmir. O, başa düşə bilmir ki, əgər narkotik vasitələri tapıb götürdükdən sonra heç kimə bununla bağlı xəbər verməmişdirsə onu saxlayan şəxslər bu məlumatı haradan öyrənə bilərdilər. O, təcridxanaya təhvil verildiyi vaxt tibbi müayinədən tam olaraq keçməmişdir. Sadəcə olaraq ondan döyülüb-döyülmədiyini soruşmuşlar, o da həmin vaxt döyüldüyünü demişdir. Lakin bununla bağlı heç bir qeydiyyat aparılmamışdır. O, BMCMİnin əməkdaşları tərəfindən döyülməyi ilə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə müraciət etmişdir. O, təcridxanaya təhvil verildikdən 4 ay sonra Baş Prokurorluğunun əməkdaşı onun yanına gələrək hadisələrin necə baş verdiyini soruşmuşdur. O da öz növbəsində Baş Prokurorluğunun əməkdaşına hadisələrin necə baş verdiyini danışmışdır. Onun başına gələn hadisələrin səbəbkarı onun dindar olmasıdır. O, heç bir narkotik vasitə almamış və satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında o, yaradılmış əməliyyat qrupu ilə birgə əməliyyat məlumatında göstərilmiş əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinə getmişdir. Onlar əməliyyat qrupu olaraq əraziyə çatdıqdan sonra həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edərək saxlamışlar. Onlar xidməti vəsiqələrini həmin şəxsə göstərməklə özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Onların xahişinə əsasən həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra onlar Polis haqqında Qanuna uyğun olaraq Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onlar Təqsirləndirilən şəxsı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdikdən sonra təhqiqatçının iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar əşya aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Murad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin məlumatda “Murad” adlı şəxsin xx.xx.1989-cu təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması bildirilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markal mobil telefonu və əynində olan qış gödəkçəsinin cibindən 11 manat pulu çıxararaq təqdim etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/338 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 42-43) görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddələr....” yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf rəngli sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 6,870 qram və 4,900 qram olmaqla, ümumi çəkisi 11,770 qram olan ağ rəngli kristallşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-78/2023 saylı qərarından (cild 1, iş vərəqə 88-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 303 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 148- 149) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmçinin, həmin ekspert rəyinin təsviri hissəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan tibbi müayinə zamanı psixotrop maddə olan metamfetamini istifadə etmək üçün əldə edib saxladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-91/2023 saylı qərarından (cild 1, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5(002)-21/2023 saylı qərarından (cild 1, iş vərəqə 102-104) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 95) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli protokoldan (cild 1, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zəngələrə və mesajlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun qərarından (cild 1, iş vərəqə 244-246) görünür ki, Təqsirləndirilən şəxs şikayəti üzrə prokurorluq orqanında araşdırma aparılmış və araşdırmanın nəticəsinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə digər əsaslarla yanaşı, araşdırma zamanı ekspertizanın keçirilməsi və xx.xx.2023-cü il tarixli ekspertiza rəyində Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət izinin aşkar edilməməsi olmuşdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 244-257) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş itithamın dəyişdirilmədən saxlanılması, maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,670 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün BMCMİ-nin saxlanc otağına təhvil verilməsi, aşkar edilmiş psixotrop maddə metamfetamin əldə etmə mənbəyi ilə bağlı ayrıca icraata cinayət işinin başlaması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan (cild 2, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən ilkin tibbi müayinədən keçmiş, həmin vaxt o, sağ gözündə yad cisminə görə cərrahi əməliyyatı keçirdiyini, habelə sorğu-sual zamanı xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Nəticədə ona “sağ gözün korluğu” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan (cild 2, iş vərəqə 73) görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən ilkin tibbi müayinədən keçmiş və həmin vaxt onun bədənində xəsarət aşkar edilməmişdir. Nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 61) görünür ki, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs ilə X3 arasında nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 62) görünür ki, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs Gülsüm Dadaşova adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 63) görünür ki, xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs Zeynəb Dadaşova adlı övladı anadan olmuşdur. Hərbi biletin surətindən (cild 1, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxsə aid şəxsi işin materiallarından (cild 2, iş vərəqə 54-66) görünür ki, həmin materialların arasında Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət izinin aşkar edilərək qeydə alınmasına dair heç bir qeydiyyat aparılmamışdır. Təqsirləndirilən şəxsə tibbi kitabçadan (cild 2, iş vərəqə 74-77) görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən ilkin tibbi müayinədən keçmiş və həmin vaxt onun bədənində xəsarət izi aşkar edilməmişdir. Lakin onun bir gözündə ciddi problem olması barədə qeydiyyat aparılmışdır. Xasiyyətnamədən (cild 1, iş vərəqə 177) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs bir gözündə yad cisminə görə cərrahi əməliyyatına məruz qalmış, habelə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində fəhləliklə məşğul olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, dindar olduğundan dövriyyəsi qadağan edilmiş vasitə və maddələrdən uzaq olduğunu, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən ona verildiyini və edilmiş təzyiq nəticəsində ondan həmin psixotrop maddə metamfetaminlə bağlı etirafedici ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə BMCMİ-nə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş şəxsi işin materialları elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Ümumiyyətlə şəxsin işin materiallarında Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertiza keçirilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində xəsarət izləri aşkar edilməmişdir. Dindirilmiş şəxslərin izahatları ilə yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən döyülmə və işgəncə faktı təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) bükümdə olan külli miqdarda psixotrop maddə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 6,870 qram və 4,900 qram olmaqla, 02 ədəd şəffaf sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə psixotrop maddədən heç vaxt istifadə etməməsini, həmin psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 6,870 qram və 4,900 qram olmaqla, 02 ədəd şəffaf sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan şalvarının cibindən mobil telefon, pul vəsaiti ilə yanaşı, həmçinin 2 (iki) ədəd bükümdə olan maddəni çıxararaq masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən həqiqətən də 2 (iki) ədəd bükümdə külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda “Murad” adlı şəxsin ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun kiməsə narkotik vasitə satması göstərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu onun kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 11,770 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanıldıqdan bir müddət sonra onun üzərində şəxsi axtarış keçirilməsi, keçmiş müddətin (saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilənədək) kifayət qədər uzun müddət olması səbəbindən Təqsirləndirilən şəxs polisin nəzarəti altında olduğundan qanunsuz təsir edilməsinin mümkün olması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin Qaradağ rayonu ərazisində saxlanıldığından, saxlanıldığı vaxtın iş vaxtının sonu olduğundan, Qaradağ rayonu ərazisindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən BMCMİ-nin inzibati binasına aparıldığından, eləcə də tıxac nəzərə alınmaqla buna vaxt tələb olunduğundan, şəxsi axtarışın təhqiqatçı tərəfindən aparılmalı olduğundan, prosessual hərəkət keçirilməzdən əvvəl müvafiq müdafiəçi ilə təmin olunduğundan şəxsi axtarışın bir müddət sonra keçirilməsi ağlabatandır və bu kimi hallar keçirilmiş əməliyyat-axtarış tədbirinin şəffaflığına təsir edə bilməz. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində xəstə və yaşlı anasının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, bir gözünün görmə qabiliyyətini itirməsini, qohumlarının Vətən Müharibəsi zamanı şəhid olmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,670 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,670 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar