Məhkəmə qərarları › İş №1(101)-1657/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1657/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1657/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X12 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri “Ekol” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, 19 avqust 1986-cı ildə Gürcüstan Respublikası, Kaspsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 13,338 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə saat 22:00-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 23:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 5,791 və 7,547 qram olmaqla ümumi təmiz çəkisi 13,338 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, tutulan zaman Ramazan ayı olmuş, o, iftarını açdıqdan sonra Bakıxanov ərazisində olan çayxanaya getmiş, çayxanada oturduqdan yarım saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 60-70 nəfər işçisi çayxanaya daxil olmuşdur. Həmin şəxslər ona onlarla birlikdə getməli olduğunu demiş, o da səbəbini soruşduqda getdikdən sonra deyəcəklərini bildirmişlər. Həmin şəxslər bir neçə maşınla gəlmiş, onun üstünü yoxlamış, üzərindən 255 manat pulunu və telefonunu götürmüşlər. Polis əməkdaşları onu BMCMİ-yə aparmış, oraya getdikdən 2 saat sonra yenidən üzərini yoxlamışlar. Orada polis əməkdaşları üzərinə narkotik vasitə qoymuş və ya həmin narkotik vasitəni üzərinə götürəcəyini, ya da vətənə xəyanətdə ittiham olunacağını demişlər. 2013-2014-cü illərdə İrana getməyini soruşmuş, o da 2 ildə 3 dəfə Kərbəla ziyarətinə getdiyini demişdir. Onun İrandan heç kimlə əlaqəsi olmamışdır. Polis əməkdaşları ona dindarların sifariş əsasında tutulduğunu, buna görə də onun da tutulmalı olduğunu demişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, çayxanaya dayısı uşaqları İlham, Firdovsi və İlqarla birlikdə getmiş, polis əməkdaşları onu həmin şəxslərin yanında aparmışlar. Çayxanaya gələn şəxslər ona özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi tanıtmışlar. Onu tutan şəxsləri əvvəllər tanımamış, onu İrana getməyinə görə tutmuşlar. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, vətən xaini olmamış, casusluq etməmişdir. Ona “sən içəri getməlisən, dindarlar hamısı tutulur” demişlər. O da dindardır, lakin heç bir təriqətə qoşulmamışdır, radikal deyildir. Polis əməkdaşları onu tək aparmış, orada olan digər şəxsləri də aparıb-aparmadıqlarını bilmir. Polis əməkdaşları onu döyməmiş, ona heç bir fiziki təzyiq göstərməmiş, lakin idarədə onu ailəsi ilə qorxutmuşlar. Onu ailəsini və uşaqlarını da idarəyə gətirməklə hədələmişlər, o da ailəsinə nə edəcəklərini bilməmiş, lakin onlar üçün qorxmuşdur. Ona adını bilmədiyi polis əməkdaşı 2 büküm narkotik vasitə vermiş və cibinə qoymağını tələb etmişdir. Həmin şəxsin adını bilməsə də, üzünü görsə həmin şəxsi tanıyar. Çayxanada üzərinə baxış keçirmiş, lakin qanunsuz heç nə aşkar etməmişlər. O, video çəkiliş zamanı ona deyilən kimi davranmış və tapşırılan şəkildə danışmışdır. Çəkiliş zamanı ona tapşırıldığı kimi danışmış, çəkilişdən əvvəl deyəcəyi sözləri dəftərə yazıb ona vermişlər və orada yazılanları əzbərləyib çəkiliş zamanı həmin sözləri təkrar etməsini istəmişlər. Daha sonra onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı onu məhkəməyə aparmışlar, o, məhkəmədə də narkotik vasitənin ona məxsus olmadığını, narkotik vasitəni onun cibinə qoyduqlarını bildirmişdir. O, istintaq təcridxanasına daxil olarkən üzərində xəsarət olmamış, təcridxanada olarkən ona qarşı edilən qanunsuzluqlar barədə ərizə yazmışdır. O, “Dəmdəsgah” çay evində dayısı uşaqları Firdovsi, İlqar və İlhamla oturan zaman tutulmuş, polis əməkdaşları ona çayxananın içində yaxınlaşmışlar. O, tutularkən ətrafda başqa şəxslər də olmuşdur. Polis əməkdaşları əvvəlcə çayxanada onun üzərini yoxlamışlar. Dayısı uşaqlarının bu prosesi görübgörmədiyini xatırlamır. Axtarış zamanı onun üzərindən “İphone 13 pro max” markalı telefon, 255 manat pul və kart çıxmışdır. İkinci yoxlama Baş İdarədə olmuş, bu yoxlamaların heç birində heç kəs olmamış, hal şahidləri iştirak etməmişdir. Polis əməkdaşlarının onu apardıqları maşında 4 nəfər var olmuşdur. Ona idarəyə getdikdən sonra onu tutmalarının səbəbini deyəcəklərini bildirmişlər. Ona dindarların sifariş əsasında tutulduğunu və ona görə onun da tutulduğunu bildirmişlər. Həmin sözü deyən polis əməkdaşını üzdən görsə tanıyar, lakin adını bilmir. O, Gəncə şəhərində daxili qoşunlarda hərbi xidmət keçmişdir. Onu çayxanadan aparan zaman ona zor tətbiq olunmamış, sadəcə əlinə qandal vurub aparmışlar. O, axırıncı dəfə 2014-cü ildə İrana getmiş, ona İrandan heç kim zəng etməmiş və ona oradan zəng edə biləcək tanışı da olmamışdır. Polis əməkdaşları ona psixi təsir göstərmiş, o, bu barədə şikayət etmişdir. Yaranmış ziddiyyətlə əlaqədar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı öz özünü qismən təqsirli bilərək göstərmişdir ki, Gürcüstan Respublikasında anadan olsa da, Azərbaycan Respublikasında yaşamışdır və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 148 saylı orta məktəbdə Azərbaycan dilində təhsilini almışdır. Uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə edir. Buna görə də narkotik vasitənin və psixotrop maddənin bir neçə növünü tanıyır. 31 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Fidan” şadlıq sarayının yaxınlığında piyada gəzərkən yerdə 02 ədəd bükümün olduğunu görmüşdür. Həmin bükümləri əlinə alanda görmüşdür ki, içərisində şəffaf rəngli maddə var. Psixotrop maddə metamfetamini tanıdığı üçün onu götürüb cibinə qoymuşdur ki, istifadə etsin. Lakin həmin metamfetamindən istifadə etməmişdir. 31 mart 2023-cü il tarixdə saat 22:00-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman bir neçə mülki geyimdə olan şəxs ona tərəf yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişdir. Baş İdarəsinin inzibati binasına daxil olmuşdur. İnzibati binada ona müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra otaqlarının birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən “İphone” markalı mobil telefonunu və 257 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm açılarkən bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilərkən mobil telefonun arxa hissəsindən 01 ədəd plastik bank kartı aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən başqa əşyalar aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 257 manat pul özümə qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd plastik bank kartı və “İphone” markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsinin arasında yaranmış ziddiyyəti polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması, onu həmin ifadəni imzalamağa məcbur etmələri ilə izah etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini, onu bir neçə dəfə narkoloji müayinəyə göndərsələr də, narkotik vasitələrin istifadəçisi olması ilə bağlı heç nə aşkar olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İntiqam oğlu ifadəsində göstərdi ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı ilə bağlı 2 əməliyyat qrupu yaradılmış, birinci qrup şəxsi saxlamalı, digər qrup isə şəxsin evinə baxış keçirməli olmuşdur. Şəxsi saxlamalı olan qrupun rəhbəri o olmuş, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və şəxsə şübhənin mahiyyətini izah etmiş və onu Baş İdarəyə gətirmişlər. Baş İdarədə şəxsin üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış və baxış keçirilmiş, o, üzərində olan 2 bükümdə psixotrop maddəni təqdim etmiş və həmin maddəni həmin gün günorta saatlarında “Fidan” şadlıq sarayının yaxınlığından əldə etdiyini bildirmişdir. Şahid1 İntiqam oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxsi Bakıxanov qəsəbəsi ərazisində “Aygün Mall” ticarət mərkəzini keçdikdən sonra sağ tərəfdə saxlamışlar, şəxs küçədə tək gəzən zaman saxlanılmış, bu zaman onun yanında heç kim olmamışdır. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş, şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir və ona heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs çayxanada 50-60 nəfərlik qrupla yaxınlaşmamışlar. Şəxsin narkotik vasitəni satması ilə bağlı fakt olmamışdır. Şəxs idarəyə gətirildikdən sonra nə zaman üzərinə baxış keçirildiyini xatırlamır. Əməliyyat məlumatı ona daxil olmamış, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə onda məlumat olmamışdır. X6 daxil olmuş, o, qrupa rəhbərlik etmişdir. Şəxsin üzərində narkotik vasitə olması ilə bağlı ona məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 İntiqam oğlunun ifadəsinə uyğun məzmunda ifadə vermiş və özlərinə aid hissədə onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş DİN BMCMİ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X5 öz ifadəsində bildirmişdir ki, Bakı şəhər Sabunçu rayonu, Sabunçu qəsəbəsi sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı məruzə olunduqdan sonra iki əməliyyat qrupu yaradılmış, o, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, saxlanmasına başqa şəxslər getmişdir. O, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. O, digər əməkdaşlarla Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedib qapını döydükdə evdə həmin şəxsin anası və dayısı oğlu olmuşdur. O, özünü təqdim edərək məhkəmə qərarını təqdim edib evə baxış keçiriləcəyini bildirdikdə, həmin şəxslər evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmiş və bu barədə ərizə təqdim etmişlər. Evə baxış zamanı evdən silah, narkotik vasitə, psixatrop maddə aşkar olunmamış, lakin evdən dini ədəbiyyatlar, planşetlər aşkar olunmuş, aşkar olunmuş ədəbiyyatlar və planşetlər qablaşdırılaraq götürülmüşdür. Şahid X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bir qrupun rəhbəri olmuş, digər qrupun rəhbəri başqa şəxs olmuşdur. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, Vəlinin hansı ünvanda saxlanılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs barəsində məlumat ona daxil olmuşdur. Məlumat narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuşdur. Narkotik vasitələrin kimə satılması ilə bağlı əməliyyat keçirilməmiş, satış faktının təsdiqi ilə bağlı heç bir məlumat əldə olunmamış, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə iftardan sonra dayısı oğlu Vəli ilə birlikdə Razində yerləşən çay evinə getmişlər. 30 dəqiqə sonra 20-25 nəfər polis əməkdaşı çay evinə gəlmiş və onların üzərlərini yoxlamışlar. Şahid X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 31 mart 2023-cü il tarixdə, saat 21-də baş vermişdir. Həmin vaxt masada o, Vəli, Firdovsi və İlqar oturmuşlar. Polis əməkdaşları onlara yaxınlaşdıqda hər hansı bir sənəd göstərməmişlər. Polis əməkdaşları əvvəlcə onu saxlamışlar və onları saxlamağa icazələrinin olduğunu bildirməmişlər. Daha sonra isə ciblərindəki hər şeyi masaya qoymuşlar, həmin vaxt Vəlinin də üzərinə baxış keçirilmiş, cibindən siqaret və pul çıxmışdır. Masada oturanların qolunu qandallayaraq polis bölməsinə aparmışlar. Onlar 3 saat müddətdə polis bölməsində olmuşlar, gecə saatlarında onları buraxmışlar. Təqsirləndirilən şəxs və o, ayrı-ayrı otaqlarda saxlanılmışdır. Ondan Vəli ilə bağlı yaxınlıq əlaqələrindən başqa heç bir şey soruşmamışlar. O da Vəlinin bibisi oğlu olduğunu deyərək cavab vermişdir. Ondan narkotik maddələrlə bağlı heç bir şey soruşulmamışdır. Çay evində baxış keçirilərkən Vəlinin üstündə narkotik maddə olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, çay evində işləyir, Təqsirləndirilən şəxs da müştəri kimi tanımışdır. O, 31 mart 2023-cü il tarixdə polis əməkdaşlarının Təqsirləndirilən şəxs axşam saat 9-10 radələrində çay evinə gələrək apardıqlarını görmüş, bu zaman təxminən 20 nəfər polis əməkdaşı şəxsi aparmağa gəlmişdir. Şahid X8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi zaman çay evində artıq 1 ay müddətdə işləmişdir. Həmin vaxt təxminən 20-ə yaxın polis əməkdaşı çay evinə gəlmiş, bir polis əməkdaşı içəri girərək, şəxsiyyət vəsiqəsini göstərmiş, digər polis əməkdaşları da Vəlinin oturduğu masaya yaxınlaşmışlar. Polis əməkdaşları həmin masanın ətrafında dayandıqları üçün heç bir şey görə bilməmişdir. Polis əməkdaşları masada oturan hər kəsi aparmışdır. Apardıqları adamların əlləri qandalla bağlanmışdır. Masada təqsirləndirilən şəxslə birlikdə 4 və ya 6 nəfər də oturmuşdur. Təqsirləndirilən şəxs 3-4 dəfə çay evində görmüş, digər şəxsləri də həftədə 3- 4 dəfə görmüşdür. Onlar çay evinə gəlir, çay içib söhbət edir, oyun oynayıb gedirdilər. Polis əməkdaşlarının bir hissəsi küçədə qalmış, içəri girməmişlər. İçəri girənləri gördükdə, oturmağa yer olmadığını onlara bildirmək məqsədiylə qarşılarına çıxmış, həmin vaxt onlardan biri ona polis olduğunu deyərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ona işləri olduğunu və sonra çıxacaqlarını demişlər. Gördüyü qədəriylə təqsirləndirilən şəxs və yanındakı adamlardan birinin əlini bağlayaraq aparmışlar. Masada əyləşən hamı çölə çıxarılmışdır. Obyekt yeni açıldığına görə kamera olmamışdır. Saxlanılan şəxsin maşına oturdulmasını görməmişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, “Vəli” adlı şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixatrop maddələrin əldə edib yaşadığı evində və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. (i/v: cild İ, səh.3,8). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümdə maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən həmçinin “İphone” markalı mobil telefon, 257 manat pul, həmçinin bir ədəd plastik bank kartı aşkar edilmiş, nəğd pul və bank kartı şübhəli şəxsə geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni Sabunçu rayonunda yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (i/v: cild İ, səh. 28-29). Cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış 1 ədəd DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2023-cü il tarixli, 6/1909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.." sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 5,791 qram, 7,547 qram ümumi təmiz çəkisi 13,338 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 13,338 qram, cəmi tədqiqata sərf edildi - 0,2 qram, qalıq 13,138 qram. (i/v: cild İ, səh. 54-58). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 aprel 2023-cü il tarixli 1883 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydən həmçinin görünür ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə aparılmış və Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP (+) aşkar olunmuş, deməsinə görə 2 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. (i/v: cild İ, səh. 179-180) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X13 məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 138/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (i/v: cild İ, səh. 181-184) Cinayət işinin materiallarında olan istintaq orqanının “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 13,138 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nə təhvil verilmişdir. (i/v: cild İ, səh. 118-119) Cinayət işinin materiallarında olan istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i/v: cild İ, səh. 190-199). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X13 29 aprel 2023-cü il tarixli, 6315 nömrəli məktubundan görünür ki, o, qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (i/v: cild İ, səh. 170) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən 05 may 2023-cü il tarixli, 3-13-6/2-6995/23 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i/v: cild İ, səh. 171) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i/v: cild İ, səh. 177-178) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, ilkin izahatında və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona aid olmasını, yerdən tapdığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmadığını, qeyd olunan bükümlərin onun cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs cibində olan bükülünü özü şəxsən çıxarıb təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ona məxsus olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirsə də, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 aprel 2023-cü il tarixli 1883 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə aparan ekspertlərə 2 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmiş, həmçinin ondan götürülmüş sidik nümunəsində AMP (+) aşkar olunmuşdur. Həmin rəyə görə Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin materiallarında qeyd olunduğu kimi deyil, çayxanada yaxınları ilə oturan zaman saxlanılması barədə ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs həmin faktı təsdiq etmələri üçün müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahidlərlə ziddiyyətli ifadələr vermiş, həmin zaman yalnız özünün saxlanıldığını, saxlanılan zaman üzərinə baxış keçirildiyini bildirsə də, şahidlər X7 və X8 onun ifadəsi ilə ziddiyyətli ifadələr verərək, X1 Əsgərovla birlikdə saxlanıldığı, bir müddət saxlanıldıqdan sonra buraxıldığını bildirmiş, halbuki təqsirləndirilən şəxs öz ifadəsində qeyd olunan hallarla bağlı heç bir xüsusat bildirməmişdir. Bundan başqa məhkəmə məhkəmədə ifadə verən X2 təqdirləndirilən şəxsin qohumu olmaqla, onun xeyrinə ifadə verməsi hallarını da istisna etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilsədə mənzildə gəzdirilməsi və istifadəsi qadağan olan hər hansı bir maddə aşkar olunmamışdır. Bundan başqa cinayət işinin materiallarında olan raportlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması barədə əməliyyat məlumatının daxil olması qeyd olunsa da, məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşlarınin hər biri öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair onlarda hər hansı məlumatın olmadığını, narkotik vasitələrin kimə satılması ilə bağlı əməliyyatın keçirilmədiyini, satış faktının təsdiqi ilə bağlı heç bir məlumat əldə olunmadığını, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmadığını bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin iki bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixatrop maddədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə metamfetamlə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin psixotrop maddənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi” barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin “sübutların kifayət etməsi”ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı övladları var. (i/v: cild İ, səh. 164-166) Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,138 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 230 (iki yüz otuz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin ekspertiza xərcinin 80 (səksən) manat məbləği Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, 150 (yüz əlli) manat ekspertiza xərci isə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülməyən epizodla bağlı olduğundan həmin məbləğ dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar–Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,138 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar