Məhkəmə qərarları › İş №1(101)-1657/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1657/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1657/2025 04.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə X2, Ordubad, Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti 07 il 04 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə hökm qismən ləğv edilərək üzərində qəti 06 il 09 ay 04 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ailəli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış və 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə-CM) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 167 ədəd İphone 12 markalı mobil telefonların hərrac yolu ilə əldə olunması barədə məlumat aldıqdan sonra Zərərçəkmiş şəxs3 həmin komitədə işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə həmin mobil telefonları ümumilikdə 110.000 manata hərrac yolu ilə almaq imkanlarının olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib onu inandıraraq, 2022-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, eləcə də Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə edib aldadaraq Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 90 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 işlədiyi ofisdə Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat, Zərərçəkmiş şəxs2 Bəkir oğluna məxsus 7.500 manat, Zərərçəkmiş şəxs3 məxsus 7.500 manat pulu, ümumilikdə 65000 manat pulu sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə alıb 65000 manat pul vəsaitini ələ keçirərək, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumilikdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaqda qeyd etsə də müstəntiq onların dediyindən öz bildiyi kimi yazmış, amma əsl məsələ başqa cür olmuşdur. İntiqam polis rəisi işləmiş dostu Şamil və Şahmurad adında bir adamla gəlmişdir, həmin adam da təqaüddə olan bir qazi olmuşdur. Bir neçə dəfə gömrükdə telefonları olduğu üçün xahiş etmişlər. O, 3-4 dəfə baş qoşmaq istəməmişdir, amma sonra Şamil kömək etməsini, telefonlarının müsadirə olduğunu demişdir. O, İntiqam və Şahmuradla birlikdə getmişdir, adamlarla danışmışlar, onlar mümkün olmadığını, müsadirə olunub hərraca çıxarılmalı olduğunu demişlər. Bakı Baş Gömrük İdarəsinə getməli olduqlarını bildirmişlər. Gedib orda adamlarla görüşmüşlər, onlara demişlər ki, “pulu hesablanacaq, amma birinci sizə təklif olunacaq, kadastrı keçirərsiz, qalan məsələni həll edərik”. Onlar da geri qayıtmışlar. Təxminən üstündən 10-12 gün keçəndən sonra əlaqə saxlamışlar, 88.000 manat hərrac pulu tutulacağını bildirmişlər. Şahmuradla İntiqam gəlmişlər, onlar 60.000 manat verə biləcəklərini, amma qalanın düzəlmədiyini bildirmişlər. Bir neçə dəfə də belə görüşmüşlər. Belə olan təqdirdə İntiqam xahiş etmiş, Şahmurad da bir qazi kimi xahiş etmişdir. O da Azərbaycanın varlığı üçün döyüşən uşaqlara baş qoymuş, öz torpağını belə şəhid anasına vermişdir. Belə danışmışlar ki, pul tapılsın. Onlar 1-2 gün pulu tapa bilməmişlər. Onun özünün AzərTürk Bankda pulu var idi. 20 Yanvarda aşağıda yerləşən banka bir yerdə getmişlər, o, ordan İntiqamın gözünün qabağında 28.000 manat çıxartmışdır. İntiqam da 60.000 manat pulu orda maşında mənə vermiş, o, saymışdır. 88.000 manat düzəldib bərabər aparıb onlara vermişdir. Bundan bir neçə gün keçəndən sonra gömrükdən bir az yubanacağını bildirmişlər. İntiqam pulun faizə götürüldüyünü bildirmişdir. Hüseyn Cavid parkının yanında görüşmüşlər, o, iki nəfər gəldiyini görmüşdür. Sonra bilmişdir ki, biri Niyaməddindir, digərinin adını bilmir. Söhbət etmişlər ki, pul qayıtmalıdır. Adama zəng etmişlər, İntiqamla ikisi gözləmiş, digərləri çıxıb getmişlər. Gətirib öncə 20.000 dollar pul verdilər ki, sabah gələrsiz veriləcək. İkinci dəfə 10.000 dollar pul İntiqamın yanında vermişlər. İntiqam onları götürüb getmişdir. Sonra ona zəng etmiş, yaxınlaşmasını bildirmiş, o, yaxınlaşmışdır. 10.000 dollar da bir vermişlər, onu da İntiqama çatdırmışdır. Yəni bütün məsələlər orda həll olmuşdur. Orda 41.000 manat pul qalmışdır, 18.000 manat Vüqardan, 28.000 manat ondan almışdır. Gömrükdə ara qarışmış, 8 nəfəri tutmuşlar və o, ordan heç nə ala bilməyəcəyini bilmişdir, çünki orda ibtidai istintaqın rəisini tutmuşlar. Ondan əl çəkmişdir, 13.000 manat pulu da özü düzəldib verəcəyini demişdir. Sonra öyrənmişdir ki, onların məsələsinə baxan adam Kürdəxanıdadır. Belə də bu məsələ qalmışdır. Onların 13.000 manat pulu onda qalmışdır, o da özünün həll edəcəyini demişdir. Sonra da onun öz işləri qarışmışdır, özünə pul lazım olanda pulu elə batıb getmişdir. Yəni onu da tutmuşlar, bu söhbətlər belə qalmışdır. Halbuki, orda olan müstəntiq hamısını yazıb, güya ofisə getmişlər, güya harasa getmişlər, bunlar hamısı absurd şeylərdir. O, nə etmişdirsə vətəni, dövləti, milləti üçün etmişdir. Yaxşılıq etməyə çalışmışdır. Belə insanlardan uzaq olmaq daha yaxşıdır, nəinki onların yanında olmaq. O, suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verilən ifadələri təsdiq etmir. O, istintaqda elə ifadə verməmişdir. Onu iki dəfə gətirib 10 gün bir saxlamışlar, 12 gün bir saxlamışlar. İmza atmamış, danışmamışdır. Müstəntiq İntiqamın dediklərini ora yazıb ona imza atdırmışdır. Oğlunu gətizdirəcəyini demişdir. Ziyanla bağlı o, onlara 13.000 pul verməliydi, indi verməyəcəkdir. İntiqam Şahmarla bir yerdə ona 60.000 manat pul vermişdir. O, İntiqamdan 60.000 pul almışdır, 47.000 manat qaytarmışdır, 13.000 manat onda pul qalmışdır. Onun bankdan pul götürməyinin səbəbi onlara köməklik etmək istəməyi olmuşdur. Bankdan götürdüyü pul öz puludur, faizə götürməmişdir. Həmin ərəfədə gömrük işçilərindən 8-9 nəfər tutulduğuna görə bu iş alınmamışdır. Bu məsələlər onun barəsində hazırlanmış bir şoudur, o, bu iş üzrə özü zərərçəkmişdir, özü 28.000 manat zərərçəkmiş şəxslərin pulunun üstünə qoymuşdur, o, zərərçəkmiş şəxslərin 47.000 manatını qaytarmışdır, 20.000 və 10.000 manat, bir də 10.000 dollar qaytarmışdır, hazırkı iş üzrə heç bir araşdırma aparılmamışdır. Ədalət öz yerini tapacaqdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 il 09 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilmişdir. Hazırda Ədliyyə Nazirliyinin PX-nin 6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Qeyd etmişdir ki, ona təqdim edilmiş ********* nömrəli cinayət işinin materialları ilə tanış olmuşdur. Bu barədə bildirmişdir ki, o, həmin cinayət işində adı keçən şəxslərdən yalnız Zərərçəkmiş şəxs3 tanıyır. O, İntiqamı 2022-ci ildə ortaq tanışı olan Şamil Muxtarov vasitəsi ilə tanımışdır. İntiqam ona müraciət edərək Gömrük orqanlarında 369 ədəd mobil telefonun saxlanılaraq müsadirə edildiyini bildirmişdir. Bu barədə yəni, mobil telefonların müsadirədən çıxarılması barədə maraqlanmağı ondan xahiş etmişdilər. O da maraqlanıb deyəcəyini bildirmişdir. Sonra onlar İntiqamla birlikdə Gömrük Komitəsinin istintaq idarəsinə getmişdilər. Qapıda olan şəxslərdən bu barədə maraqlanmışdılar. Həmin idarədən tanımadığı bir şəxs düşüb onlarla görüşmüş və bildirmişdir ki, bəli həqiqətən də telefon müsadirəsi vardır, lakin telefon sayı 369 deyil 367-dir. O, həmin şəxsdən həmin mobil telefonları hərrac vasitəsi ilə necə götürə biləcəklərini maraqlanmışdır. Həmin vaxt İntiqam yanında idi. Həmin şəxs bu barədə rəsmi prosedur barədə onlara məlumat verəcəyini demişdir. Onlar həmin yerdən çıxıb getmişdilər. Bir gün sonra İntiqamla birlikdə həmin idarəyə yaxınlaşdıqda onları ilkin qəbul edən və adını bilmədiyi şəxs onlar məlumat verib bildirmişdir ki, malın sahibi həbs edilib bu səbəbdən müsadirə edilmiş mobil telefonlar hərraca çıxarılacaq və həmin vaxt onlara məlumat veriləcəkdir. Onlar ordan ayrıldıqdan sonra İntiqamla yenidən görüş zamanı ona bildirmişdir ki, mobil telefonları götürmək istəyən şəxslər 60.000 manat pul ödəyəcəkdir. O da hazırda nə qədər pul istənəcəyini bilmədiyini deyib gözləməsini istəmişdir. Bundan təxminən 1 həftə sonra İntiqamla birlikdə həmin idarəyə getmiş və həmin şəxs bildirmişdir ki, mobil telefonlar Bakı Baş Gömrük idarəsinin anbarındandır və həmin mallarının rüsum və cərimə xərci 88.000 manat olacaqdır. İntiqam bildirmişdir ki, həmin şəxslər cəmi 60.000 manat pul verəcəkdir, qalanın o, verərsə gələcəkdə telefonlar satıldıqda onun pulu və əlavə qazancı veriləcəkdir. O da buna razılaşmışdır. Təxminən 1 həftə müddətində İntiqamla Gənclik metrostansiyası yaxınlığında dəqiq xatırlamadığı ünvanda görüşmüşdülər. Görüş zamanı İntiqam və ondan başqa heç kim yox idi. İntiqam ona 60.000 manat pulu təhvil vermişdir. O da səhəri gün İntiqamla birlikdə İstintaq İdarəsinə getmişdilər. O, özünə məxsus 28.000 manat pulu da 60.000 manat pulun üstünə qoyub İntiqamın yanında adını xatırlamadığı şəxsə təhvil vermişdir. Həmin şəxs bildirmişdir ki, alqı-satqı zamanı pulun qəbzini verəcəkdir. Onlar birlikdə oradan ayrılmışdılar. Təxminən 10 gün sonra İntiqam ona müraciət edərək iş barədə maraqlanmış, pul sahiblərinin narahat olmasını deyib istintaq idarəsinə getməyi təklif etmişdir. Orada adını xatırlamadığı şəxs bildirmişdir ki, hazırda vəziyyət yaxşı deyil, komitədə araşdırmalar gedir və gözləmək lazımdır. Bu söhbətlər İntiqamın yanında olmuşdur. İnitqam onu evə düşürdükdən sonra çıxıb getmişdir. Səhəri gün İntiqam əlaqə saxlayaraq bildirmişdir ki, pul sahibləri pulu faizə götürmüşlər və gözləmirlər, pulların tələb edirlər. O da həmin şəxslərlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında görüşmüşdür. Görüş zamanı o, İntqam və üzdən görərsə tanıyacağı 2 nəfər şəxs də var idi. Həmin şəxslər sadəcə pulun qayıtmağını istəmişlər, o isə İntiqama bildirmişdir ki, belə iş olmur, hazırda orada da vəziyyət yaxşı deyildir. Onlar bundan sonra ayrılmışdılar. Lakin, İntiqam gündəlik əlaqə saxlayaraq pulu tələb etməyə başlamışdır. O da bu səbəbdən həmin istintaq idarəsinə gedərək adını xatırlamadığı şəxslə görüşüb vəziyyəti həmin şəxsə izah etmiş və konkret olaraq bildirmişdir ki, pulu geri qaytarsın. Səhəri gün o, gedib həmin idarədə həmin şəxsdən 20.000 manat götürmüş və İntiqamla yenidən H. Cavid parkında görüşüb pulu İntiqama təhvil vermişdir. Bir gün sonra yenidən 10.000 manat pul götürüb İntiqama vermişdir. Bir neçə gün sonra yenidən 10.000 ABŞ dolları pulu götürüb yenidən İntiqamla Ramanı qəsəbəsində kafelərin birində görüşüb İntiqama təhvil vermişdir. Aralarında 13.000 manat pul qalmışdır. O, öz 28.000 manatını isə sonda götürməli idi. Daha sonra Gömrük komitəsində rəhbərliklərin dəyişikliyi başladığı üçün o, pul verdiyi şəxsi bir daha tapa bilməmişdir. Bu barədə İntiqama da məlumat vermişdir. Hətda İntiqama bildirmişdir ki, evi plana düşərək söküldükdə qalan məbləği də verəcəkdir. Bundan sonra o, həbs edildiyi üçün ümumən heç bir iş görə bilməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onların Zərərçəkmiş şəxs2 adında tanışları var. Sonuncu ilə ailəvi dostluq etmişlər. Elməddin onlara yaxınlaşıb gömrükdən çıxarılacaq telefonlar olduğunu və bununla bağlı köməklik göstərəcək adam olduğunu demişdir. Xeyir qazanmaq məqsədilə telefonları gömrükdən çıxarmaq üçün Elməddinə 50.000 manat pul vermişdir. İşin təqibini Elməddin üzərindən aparmışlar. Onun Sərvərlə elə çox ünsiyyəti olmamışdır. Elməddin ona demişdir ki, 2-3 gün ərzində pul qaytarılacaq. İş problemə dönüşəndə, o, pulunu Elməddindən tələb edəndə, Elməddin ona işi görən adamın Sərvər olduğunu demişdir. Ona Gömrük İdarəsinin qarşısına getmələrini, Sərvərin çıxıb onlara cavab verməsini demişdir. Gömrükdən çıxandan sonra Sərvər əvvəllər İntiqamla görüşürdü, onlarla elə də görüşmürdü, İntiqamla görüşəndə onlar aralıda dayanırdılar, sonradan işin problemə çevirildiyini görüb, onlarla da danışmağa başladı. Onlara da deyirdi ki, sabaha qaldı, o biri günə qaldı, o, pulunu Elməddindən tələb edirdi. Elməddin pulu alıb verəcəyini deyirdi. Bir dəfə Sərvər o və Elməddin görüşmüşlər, hər görüşdə səbirli olmaqlarını, işin alınacağını deyirdi. Digər görüşlərdə İntiqam, Elməddin, Sərvər və o görüşmüşlər. Gecikmənin səbəbi kimi sənədləşmədə gecikmələr olduğunu Sərvər bildirirdi. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Sərvər Məsimovla bir-iki dəfə görüşmüşdür. Görüşəndə bir dəfə Elməddin olub, digərlərində İntiqam və Elməddin olmuşdur. Telefon söhbətini Elməddin onlara demişdir. Telefon hərracda olmuşdur. İşi ona gətirən adam Elməddindir. O, pulu Elməddinə vermişdir. Həmin telefonla bağlı İntiqam da pul vermişdir. Sərvərlə görüşəndə bildirdi ki, “mənə pul verilib, mən telefonları çıxarıb Sizə verəcəm”. Sərvər nə qədər pul verildiyini demədi, məbləğ söhbəti getmirdi. Ona maraqlı deyil ki, Elməddin pulu Sərvərə verib, ya verməyib, o, pulunu Elməddindən tələb edir. İstintaqdakı ifadəni təsdiq edir. Sərvərlə görüşəndə etiraf edib ki, Elməddin pulu ona vermişdir. O, Sərvərdən şikayət etməmişdir, Elməddindən şikayət etmişdir. O, pulunu Elməddindən tələb edir. Ona İntiqam deyib ki, bu adamla görüş, o da Sərvərlə görüşmüşdür. İstintaq düzgün aparılmamışdır, o, şikayət edib pulunu Elməddindən tələb edir. O bu iş üzrə zərərçəkmiş şəxs kimi gəlməli deyildi. Sərvərdən şikayətçi deyil. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onlarda mobil telefonlar var idi, həmin telefonlar gömrükdə müsadirə olunmuşdu. İntiqam adlı dostundan onların həmin telefonların gömrükdən çıxarılmasını xahiş etmişdir. Üstündən bir qədər keçdikdən sonra İntiqam bir nəfər şəxsin olduğunu, həmin şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. İntiqam dediyi şəxsi o, tanımırdı. Şəxslə görüşdükdən sonra həmin telefonların gömrükdən çıxarılması üçün rüsum olaraq 105.000 manat pul tələb edildiyini bildirmişdir. Həmin məbləğə gücü çatmadığından üstündən bir müddət keçdikdən sonra başqa bir dostundan həmin telefonların çıxarılması üçün, qeyd edilən məbləğin yarısının həmin dostunun, yarısının isə onun tərəfdən qoyulmasını xahiş etmişdir, satdıqdan sonra pullarını götürəcəklərini bildirmişdir. O, Sərvəri professor kimi tanıyırdı. Telefonların çıxarılması üçün gedən danışıqlardan onun xəbəri olmayıb, yəni nə qədər verəcəyini və necə həll olunacağını bilmirdi. Pulu verdikdən sonra 3 günə veriləsi olan telefonlar verilmədi. O, şəxsən Sərvərin özünə yaxınlaşaraq məsələ barədə soruşanda, sonuncu ona Gömrükdə şəxslərin tutulduğunu, bir qədər gözləməklərini bildirmişdir. Bu formada məsələ uzanmışdır. Həmin puldan 10.000 manat civarında Niyaməddinə qaytarılmışdır. Həmin pulu İntiqam gətirib Niyaməddinə vermişdi, kimin tərəfindən qaytarılmasını bilmir. Yerdə qalan onların pullarından həmin vaxtdan bəri heç bir xəbər yoxdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, pul manat olaraq qaytarılıb, ”Pak dad” restoranın yanında “ABU” petrol var, Niyammədin gəlib ora 10.000 manatı orada verilib. O, pulu Gənclikdə İntiqama vermişdir, Sərvər də gəlib içəri girmişdir. Sərvər bir dəfə özü ona gəlib pulu ona verməsini demişdir, İntiqam 10.000 manatı faizə götürmüşdü, həmin pulu verəsi idi, Gənclikdə “Tofiq Bəhramov” adına stadionunun yanında onu bir xeyli gözləmiş, amma gəlməmişdir, sonra zəng etdikdə telefonun söndüyünü görmüşdür. O, pulu İntiqama vermişdir, Sərvər də ora gəlmişdir. Ümumi verilən pul 65.000 manat olub, Niyaməddin, İntiqam və o, üçü şərik olmuşlar, 50.000 Niyaməddinin pulu olub, 7500 onun, 7500 manat da İntiqamın pulu olub. Həmin 50000 manatdan 10.000 manatı Niyaməddinə qaytarılmışdır. Birinci görüşdə İntiqam Sərvərlə görüşüb, o, iştirak etməmişdir. İkinci görüşdə İntiqamla o, Hüseyn Cavid parkına getmişlər, Niyaməddin də gəlmişdir, onlar ayrı stulda oturmuşlar, Sərvərlə İntiqam ayrı stulda oturmuşlar, onlar yaxınlaşmamışlar. İlk dəfə pulun verilməsi Nərimanovda olub, Niyaməddin 50.000 gətirdi, həmin pulu İntiqamla o, götürüb Sərvərə vermişlər. Sonradan da 7500 manat o, 7500 manat da İntiqam qoymuşdur. Elə oldu ki, İntiqam Naxçıvana gedəsi oldu, Sərvərin nömrəsini onlara verdi, o, Sərvərə zəng edib pis vəziyyətdə olduqlarını, camaatın faizin altında batdığını bildirmişdir. X6 parkına gəlməklərini istəmişdir. Həmin parka gəlmişlər, Sərvərdən onların işlərinin necə olacağını soruşduqda, gözləməklərini, özünün də gözlədiyini bildirmişdir. Üstündən yenə də 3-4 gün keçmişdir, sonra yenə zəng etmiş, Sərvər Xırdalan dairəsinə gəlməklərini demiş, sevinə-sevinə həmən yerə getmişlər, qara bir maşın gəlmişdir. Sərvər hələ ki, bir şey olmadığını, onlara zəng edəcəyini demişdir. Sonra onlara rus pulu olduğunu, götürsələr onlara rus pulu verəcəklərini bildirmişlər, o, nə qədər ziyan olursa olsun götürəcəyini bildirmişdir, lakin onu da verməmişlər, sonradan xəbəri yoxdur. Həmin pulların Sərvərə verilməsi onun yanında olmamışdır, sonradan İntiqam telefonla danışanda pulu Sərvərə verdiyini bilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona aid olan 7500 manatı ona qaytarmayıb, amma həmin pulu tələb etmir. Təqsirləndirilən şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sərvəri o, tanımışdır, telefon işi ilə bağlı Elməddin ona müraciət etmişdir. Ona Gömrükdə telefon tutulduğunu, telefonları Gömrükdən çıxarıb satmaq lazım olduğunu demişdir. O, elə bir adamı olmadığını, sonra isə Gömrükdə Sərvər müəllim var, lazım olsa sonuncuya deyəcəyini bildirmişdir. O, Sərvərə demiş, Sərvər gedib danışmış, ona bu məsələni 110.000 həll edəcəyini demişdir. Sərvər ona yarısını indi, yarısını da sonra verərlər demişdir. Sərvər Gömrüyə gedəndə o da gedirdi, o da Gömrüyə içəri girmək istəmiş, amma onu buraxmamışlar. Sonra Elməddin gəlmiş 50.000 manat pulu Sərvərə vermişlər, Sərvər pulsuz qayıtmışdır. Onlar Gömrüyə 5 ay gedib-gəlmişlər, sonra Sərvər əlavə 15.000 manat da pul lazım olduğunu demişdir. X3 işləyən bir adamın adını çəkmiş, sabah həmin adamla görüşəcəyini demişdir. Doğurdan da səhəri gün gəlib çay içmişlər və həmin adam gəlmişdir. Sərvər həmin adamla görüşmüşdür, sonra gəlib narahat olmamağımızı, 169 ədəd telefon çıxacağını demişdir. Elməddin onu qırağa çəkib demişdir ki, “Sərvər müəllim deyir ki, əlavə 15.000 manat pul lazımdı, gəlin adama 7500-7500 tapaq”. O da əlavə pulu olmadığını demişdir. Elməddin pulun verilməli olduğunu bildirmişdir. O, pulu Sərvərə 50.000 manat bir, iki dəfə də 7500 manat pul vermişdir. Bundan sonra Sərvər telefonlara cavab verməmiş, qaçmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sərvərlə Gənclikdə onun ofisində görüşmüşlər. Birinci dəfə 50.000 manat Sərvərə vermişdir. 2-3 ay müddətində 7500-7500 manat vermişdir. Sərvəri Elməddin və Niyaməddinlə o, tanış etmişdir. Sərvərin Bankdan pul götürməsinin şahidi olmuşdur. Sərvər Bankdan 28.000 manat pul götürmüşdür. Sərvər bankdan pul götürmüşdür. Sərvərə 50.000 verəndən sonra, pulun çatmadığını, 15.000 manat da lazım olduğunu demişdir. 3-4 dəfə deyəndən sonra o, torpağını qoymuş, 7500 o, gətirmiş, 7500 Elməddin gətirmişdir. Bundan sonra yenə pul lazım olduğunu demişdir. O da demişdir ki, “pul yoxdu, bizdən pul istəmə”. Sərvər Bankdan pul götürəcəyini demişdir, doğurdan da hansısa Türk Bankı idi, içəri girmiş, çıxanda əlində pul ilə çıxmışdır, deyəsən 28.000 manat var idi. Sərvər ona 10.000 dollar pul qaytarmış, sonuncudan şikayətçidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material əsasında CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (lİ cild i.v. 46-55) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 5000 misli miqdarında (5.500 manat məbləğində) cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək CM-in 70-ci maddəsinə əsasən 06 il 03 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti olaraq tətbiq edilməklə ona 03 il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə təyin edilmiş sınaq müddəti başa çatmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ibtidai araşdırma zamanı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həbsdə saxlanıldığı 11 ay 26 gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılıb və üzərində qəti 07 il 04 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qismən ləğv edilmiş, təyin olunmuş 08 il azadlıqdan məhrumetmə cəzasının müddəti 03 ay azaldılaraq ona 07 il 09 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ibtidai araşdırma zamanı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həbsdə saxlanıldığı 11 ay 26 gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılıb və üzərində qəti 06 il 09 ay 04 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 56-101) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. (İİ cild, i.v. 103-123) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 157-158) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, zərər çəkmiş şəxslərə yaxşılıq etməyə çalışması, İntiqamdan aldığı 60.000 manat puldan 47.000 manatını qaytarması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.14 və 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin yaşlı olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Zərərçəkmiş şəxs2 şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1738/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla cəza təyin edilməli, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından ibtidai araşdırma zamanı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həbsdə saxlanıldığı 11 ay 26 gün müddət (digər cinayət işi üzə) çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 550 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1738/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla barəsində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından ibtidai araşdırma zamanı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həbsdə saxlanıldığı 11 ay 26 gün müddət (digər cinayət işi üzə) çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) il 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 550 (beş yüz əlli) manat məbləğində pul köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar