Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1658/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3020 qram külli miqdarda narkotik vasitə olan marixuananı, 8,640 qram külli miqdarda psixotrop maddə olan metamfetamini və 8,191 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 iyun 2021-ci il tarixdə saat 00:15 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3erləşən RPİ-nin 34-cü PŞnə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman, belindən asdığı göy rəngli üzərində “crystalrain” sözləri yazılmış çantanın ciblərindən 1 ədəd qara rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi külli miqdarda 3020 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “hoyo de montereyy” yazısı olan qapaqlı qabın içərisindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi külli miqdarda 8,191 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 06 ədəd şəffaf rəngli sellofan və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,676 qr, 0,358 qr, 0,381 qr, 0,336 qr, 6,160 qr, 0,123 qr, 0,606 qr olmaqla ümumi təmiz çəkisi külli miqdarda 8,640 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üstündə nəşə olmamışdır. M.Hadi küəsi ev 136-nın qarşısında onu həbs etmişlər. Onu tutanda videoçəkiliş Xətai RPİ-nin 34-PB-də aparılmış, həmin vaxt narkotik vasitənin onun olması barədə demişdir ki, narkotik onundur, çünki polislər ona demişlər ki, onsuz da onun üstündə olan narkotik da külli miqdardır, nəşəni də götürüb çıxıb getsin, onsuz da eyni cəzadır. Onun üzərində narkotik vasitə olmuşdur. Onu birinci Xətai Rayon Polis İdarəsinə aparmışlar. Belində balaca çanta –rüqzaq olmuşdur. X10 İdarəsinə aparanda çantası belində balaca olmuş, çıxanda isə onların əlində çantası heç bağlanmırmış. Polis əməkdaşları ona işgəncə vermişlər, sol əlini sındırıb, onu şikəst qoymuşlar. Ona işgəncə verənlər mülki geyimdə polis əməkdaşları imişlər. 5-6 nəfər onu döymüşdür. Həmin əməkdaşlar Xətai RPİ-də işləyirmişlər. Onu birinci Xətai RPİ-ə aparıb orada işgəncə vermişlər. Həmin idarə Xəzər tərəfdə yerləşir, Ukrayna kruqundan üzü Xəzər tərəfdə. Onu tutan polis işçiləri ona işgəncə vermişdir. Rəislərinin adı deyəsən Elçin imiş. Qalın kitablar olan Ensiklopediya ilə başına çoxlu vurmuşlar. Əlini sındırıb şikəst qoymuşlar, evdə də bildirməmişdir. Qolunun sınması barədə bölmədə demişdir. Heç telefon verməmişlər ki, evə zəng etsin dərman gətirsinlər, ağrıkəsici gətirsinlər. Əvvəl hiss etmirmiş, lakin soyuqlar düşəndə qolu incidir. Döyülməsi barədə heç yerə şikayət etməmişdir. Vəkilinə də bu barədə bildirməmişdir. Ona görə boynuna götürmüşdür ki, çox pis sözlər deyirmişlər, məcbur olmuş, həm də bilmirmiş onu türməyə göndərəcəklər, elə bilirmiş ki, ona sutka verəcəklər. Onun boynuna nəşəni qoymuşlar, yükləmişlər. Sonra oradan onu 34-cü Polis Bölməsinə gətirmişlər. Orada ona hədə-qorxu gəlmişlər, demişlər ki, heç kimin telefonunu axtarmırlar, heç kimi onun arxasınca gətirmirlər, onsuz da onda aşkar olunan külli miqdardır,nəşəni də boynuna alsın. Bir az canı ağrıyırmış,ona dərman verə-verə yazdırmışlar ki, narahat olmasın ona köməklik edəcəklər, götür bunu get, onsuz da külli miqdardır, yenə özünü təqsirli bilsin. O, da orada nəşəni boynuna götürmüşdür. Orada ona vəkil gətirib vermişlər. Orada vəkil yanında olmuşdur.Tutulanda üzərində video çəkilişlə bölmədə baxış aparmışlar, etiraf etmişdir ki, narkotik vasitə onun olmuşdur. İttiham aktında yazmışlar ki, guya ayın 10-da o, getmişdir 20 yanvar dairəsində 500 manat verib 3 kiloqram nəşə almışdır. Evlərinin qarşısında kamera da var, saat 11-ə işləmiş heyvanları üçün gedib ət götürüb gəlmişdir. Bir də M.Hadi küçəsi ev 136-nın qabağında getdiyi zaman «Fiat» markalı maşınla onu vurub yıxmışlar yerə, oturmuşlar üstünə. O, etiraf edir ki, günahı var, narkotik istifadəçisi xəstə olmuşdur. Ayrıla bilməmiş, pis insanlara qoşulmuşdur. Narkotik vasitələri gedib almışdır. X3 var imiş, gedib ondan alırmış.Onun ünvanını bilmir. Telefonuna zəng edirmiş, gəlirmiş evinin yanına götürürmüş, ya özü harada olurdu gedib, çayxanada görüşüb alırmış. İstifadə etdiyi telefon nömrəsi ***-***-**- ** olub. Bu nömrə ilə əlaqə saxlamışdır. Polis əməkdaşları telefonunu götürmüşlər, telefonu müstəntiqdədir, nömrə telefonundadır, adını telefonda Valid kimi yazmışdır. Onun telefonu “Samsung A-11” markalı telefon müstəntiqdədir, telefonu qaytarmamışlar. Müstəntiq telefona baxış aparmışdır. Orada elə bir şey yox imiş. O, Valid barəsində müstəntiqə ifadə verməmişdir. Kakos və şüşə, yəni metamfetamin alırmış. Hər ikisini qəbul etmişdir. 2 günə yarım qram, 1 gün yarıma, ikisindən də çəkirmiş, az-az çəkirmiş. İstəyəndə qurtaranda gedib alırmış. «Sport» markalı velosipedi narkotikin əvəzinə vermiş, sonuncu isə şüşə, kakos vermişdir. Onda aşkar olan narkotikin ikisi bir yerdə 11-12 qram imiş, onun da yarısını çəkmiş, yarısı qalmışdır. 3 kiloqram 20 qram marixuana onda olmamış və nəşədən xəbəri olmamışdır. Digərləri olmuşdur. 8 qram narkotik vasitə metamfetamin olmuş, lakin 6 ədəd bükümdə olmamış, onda cəmi 2 ədəd büküm bir şüşə, bir kakos olmuşdur. O, narkotiki qəbul edirmiş, satış məqsədi olmamış, heç kəsə heç nə satmamış, ancaq özü istifadə etmişdir. Əgər səhv ifadə verirsə xahiş edir ən ağır cəza versinlər. Elan olunmuş cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən təqisrləndiriən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış və götürmə haqqında protokola imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmişdir. Belə ki, cinayət işinin 34-35-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Baxış zamanı mən polis əməkdaşlarına belimdən asaraq özümlə daşıdığım göy rəngli çantanı içərisindəki narkotik vasitələrlə təqdim etdim. Həmin çantanın içərisində marixuana, şüşə və kokos adlanan narkotik vasitələr var idi. Bildirim ki, həmin maddəni 20 Yanvar metrostansiyası yaxınlığından tanımadığım şəxsdən almışdım. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahata imza etmişdir. Bundan başqa, 59-61-ci və 80-83-cü vərəqələrində olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Bildirirəm ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığına gedib həmin şəxsi taparaq onunla görüşdüm. Orada həmin şəxsə 500 manat pul verib mənə psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və marixuana gətirməsini istədim. Təxminən 15- 20 dəqiqə sonra həmin şəxs mənə 1 ədəd qara rəngli sellofan torbada narkotik vasitə olan marixuana, «hoyo de montereyy» yazısı olan qabın içərisində şəffaf rəngli sellofan torbaya bükülmüş narkotik vasitə olan heroin, 06 ədəd şəffaf rəngli sellofan və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə psixotrop maddə olan metamfetamin gətirib verdi. Mən psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan heroini və marixuananı belimdən asdığım göy rəngli üzərində crystalrain sözləri yazılmış çantanın ciblərinə qoydum və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə gəldim. Həmin gün, yəni 10.06.2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər mənə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib məni Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etdilər. Mən də heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəldim. ....Mən də gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb çiynimdən asdığım göy rəngli üzərində crystalrain sözləri yazılmış çantanın ciblərində saxladığım 1 ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümü, hoyo de montereyy yazısı olan qabda olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü, 06 ədəd şəffaf rəngli sellofan və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq təqdim etdim. ...Polis əməkdaşları tərəfindən üzərimə şəxsi axtarış keçirilən zaman mənə qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. ...» Təqsirləndirilən şəxs elan olunmuş ifadələrlə əlaqədar bildirmişdir ki, protokolda olan imzalar ona məxsusdur. Elan olunmuş cinayət işinin 153-154-cü vərəqələrində olan cinayət işinin materiaları ilə tanış etmək haqqında protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokola imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 10 iyul 2021-ci ildə 20 Yanvar dairəsində olmamış, heç kəs 500 manata 3 kiloqram nəşə kakos, şüşə adama verməz, özü də tanmadığı şəxs, o, elə söz deməmişdir. Oxumadan imza etmişdir. Ona işgəncə vermələri barədə prokurorluğa, hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Ona prokurorluqda demişlər ki, 3 kq nəşədən onun xəbəri yoxdur. O, narkotik vasitəni 11 iyul 2021-ci ildə almışdır. Səhər saat 10-11 olarmış, istifadə də etmişdir. Onu saat 1-ə 15 dəqiqə işləmiş tutmamışlar, saat 11-də, ya da 10-30-da tutmuşlar. Onu 1-ə 15 dəqiqə işləmiş 34-cü PB-nə gətirmişlər. O, saat 1-ə işləmiş, nəşəni çantada belinə qoyub, belə şeylər olmamışdır. Narkotiki evə qoymurmuş ki, birdən evdə yoldaşı tapar. Evdə etibarlı yer yox imiş. Ona görə üstündə götürmüşdür. Üzərində yalnız çanta olmuş, çantada şüşə, kakos, bir də 6 ədəd M40 tabletka var imiş. Narkotik olmayanda ondan atırmış özü üçün, tapana kimi istifadə edirmiş. Onda cəmi 2 ədəd büküm olmuşdur. O, özü demişdir ki, onda narkotik vasitə var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə həqiqətən məşğul olub-olmamasını yoxlamaq üçün 11 iyun 2021-ci il tarixdə saat 12-00 və ya 00-15 radələrində baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Əhmədli qəsəbəsi, M.Hadi küçəsinə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs xarici görkəminə, əlamətlərinə uyğun şəxsi müəyyən etmişlər və ona yaxınlaşaraq, vəsiqələrini göstərib özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Orada Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs 34cü PŞ-nə dəvət edib, təhqiqatçı İsaq Həsənova təqdim etmişlər. Orada vəkil dəvət olunmuşdur. Belə xatırlayır ki, Təqsirləndirilən şəxs çiynində üstündə yazı olan, göy rəngli sumka var imiş. Polis Şöbəsində vəkilin iştirakı ilə sumkanı Abdulla özü çıxarıb təqdim etmişdir. Yadında qalana görə bir büküm şəffaf sellofan, həmin bükümlərdən 1 ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümdə olan maddə narkotik vasitə marixuanaya bənzər maddə və 1 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş maddələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sumkanın cibindən bir kapron qab çıxartmış, həmin qabında üstünə yazı yazılmışdır. Həmin qabda da narkotik vasitəyə bənzər 6 büküm olmuşdur. Abdulla həmin narkotik vasitələri bir gün əvvəl Yasamal rayonu, “20 Yanvar” metrosu yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir zorakılıq göstərilməmişdir. Abdulla özü də səmimi olmuş, onlar da Abdullaya qarşı səmimi olmuşlar. Abdullaya izah etmişlər ki, narkotik vasitənin dövriyyəsi qadağandır. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən sosial şəbəkə vasitəsi ilə alıb götürdüyünü bildirmişdir. Hansı narkortik vasitə olmasını ekspertiza müəyyən edir. Səhv etmirsə, aşkar edilmiş maddələr vizual baxımdan qurudulmuş marixuanaya, bir də kakosa, ya da metamfetaminə bənzər olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri vəkilinin iştirakı ilə, özü videoçəkiliş vasitəsi ilə çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin əməkdaşları Şahid3 və Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 iyun 2021-ci il tarixli raportundan görünür ki, Bakı şəhərində yaşayan Abdulla adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Xətai RPİ-nə məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin rəisi, polis polkovniki İlqar Məmmədovun 11 iyun 2021-ci il tarixli, 49 nömrəli Əmrindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Genral Şıxlinski küçəsi, ev 46, mənzil 545-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlanması və daşınması barədə daxil olmuş məlumatın yoxlanması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Genral Şıxlinski küçəsi, ev 46, mənzil 545-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, qanunsuz olaraq əldə etməsi və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumatı araşdırmaq üçün əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs belindən asdığı göy rəngli üzərində “crystalrain” yazısı olan çantanın böyük cibində yerləşdirilmiş 1 ədəd qara rəngli sellofan torbaya bükülmüş ot tərkibli marixuana adlandırılan narkotik vasitəyə bənzər maddə, nisbətən kiçik ciblərində yerləşdirilmiş ağ rəngli, plastik materiallı, üzərində “hoyo de montereyy” yazısı olan qapaqlı qabın içərisində olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, kokos adlandırılan narkotik vasitəyə bənzər maddə, 06 ədəd şəffaf rəngli sellofan torbaya və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kristal şəkilli, şüşə adlandırılan narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan qara rəngli sellofan torbaya bükülmüş ot şəkilli maddənin marixuana, plastik materiallı qabın içərisində olan 01 ədəd bükümdə olan maddənin kokos, 06 ədəd şəffaf və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin şüşə adlandırılan narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Xiaomi” markalı telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya məlumat aşkar edilməmişdir. Cinayət işinin 38-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli, 6/2373 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...İ.Abdulla (imza)...” sözləri yazılmış zərfdəki 7 ədəd olan (6 ədəd sellofan büküm + 1 ədəd gümüşü rəngli siqaret kağızı büküm) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,676 qr,, 0,358 qr., 0,381 qr., 0,336 qr., 6,160 qr., 0,123 qr., 0,606 qr., ümumi təmiz çəkisi 8,640 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 8,191 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan-Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 46-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli, 7/540 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “İ.Abdulla.....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisı-3020,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin 63-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyun 2021-ci il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs belindən asdığı göy rəngli və üzərində “crystalrain” yazılmış çantanın cibindən 1 ədəd qara rəngli sellofan torbaya bükülmüş ot tərkibli marixuana adlandırılan narkotik vasitəyə bənzər maddə, digər ciblərində olan ağ rəngli, plastik olan, üzərində “hoyo de montereyy” yazılmış qapaqlı qabın içərisində olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroin, 06 ədəd şəffaf rəngli sellofan torbaya və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kristal şəkilli, metamfetamini çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan maddələrin narkotik vasitə marixuana, plastik materiallı qabın içərisində olan 01 ədəd bükümdə olan maddənin kokos, 06 ədəd şəffaf və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin şüşə olduğunu, həmin maddələri öz istifadəsi üçün 10 iyun 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən almasını bildirmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 avqust 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş 03 sentyabr 2021-ci il tarixli, 104-4268- 1221 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroin, marixuananı və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 146-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 06 sentyabr 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroini, narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini aldığı mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilsə də, lakin ifadəsində onda marixuana olmadığını, onda 6 büküm deyil, yalnız iki bükümdə hərəsi bir büküm olmaqla heroin və metamfetamin olduğunu, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının onu döydüklərini, onun qolunu sındırmasını, bədənində xəsarət izlərinin olduğunu və istintaq zamanı onda marixuana olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs belində olan çantadan 1 ədəd sellofan torbaya bükülmüş ot tərkibli maddə, ağ rəngli, plastik olan qapaqlı qabın içərisində olan 01 ədəd tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroin, 06 ədəd və 1 ədəd bükülmüş kristal şəkilli, metamfetamin aşkar edilərək götürüldüyü və sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olduğunu bildirdiyi müyyən edilmişdir. Bundan başqa, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə olunduqda, Təqsirləndirilən şəxs bədəninin dəri səthinə baxış keçirilərkən onun bədənində yeni xəsarət izi aşkar olunmamış, göbək ətrafı nahiyyədə köhnə çapıq toxuma aşkar olunmuşdur. Həmçinin, məhkəmə iclasında dindirilmiş iş üzrə şahidlər –Şahid2, Şahid3 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs üzərində olan çantadan külli miqdarda narkotik vasitə olan marixuana, heroin, həmçinin, psixotrop maddə olan metamfetamin aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olmasını etiraf etdiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilmədiyini bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs tutulan zaman onda mobil telefon olduğunu və həmin mobil telefonda narkotik vasitələrin kimdən alması qeyd olunmuşdur. Lakin müstəntiq tərəfindən baxış keçirilsə də, telefon aparatı ona geri qaytarılmadığını bildirmişdir. Lakin, məhkəmənin sorğusuna əsasən Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli, ***-*******8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun mobil telefonuna baxış keçirilməmiş və Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-nə təhvil verildikdə onda mobil telefon olmamışdır. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özününn qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, narkotik vasitə qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 135-ci vərəqəsində doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı – 17 dekabr 2018-ci il təvəllüdlü X2 vardır. Cinayət işinin 127-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 iyun 2021-ci il tarixli 1883 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 iyun 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 22-ci vərəqəsində olan 11 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 94-99-cu vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli, 4(011)-247/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,091 qram çəkidə narkotik vasitə heroin, 8,500 qram çəkidə psixotrop maddə olan metamfetamin və 3019,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,091 qram çəkidə narkotik vasitə heroin, 8,500 qram çəkidə psixotrop maddə olan metamfetamin və 3019,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1658/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1658/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver