Məhkəmə qərarları › İş №1(101)-1659/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1659/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1659/2025 16.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X5 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “X10” yaşayış kompleksi, ev 24, mənzil 18 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə saat 12 radələrində “X10” yaşayış kompleksi bina 24A ünvanında yerləşən gözətçi məntəqəsinin yaxınlığında parkda əyləşərkən qonşusu Zərərçəkmiş şəxs onun yanından keçdiyini görüb Zərərçəkmiş şəxs onun barəsində yalan məlumatlar yaymaqda ittiham edərək bunun səbəbini soruşduqda, Zərərçəkmiş şəxs belə söhbətlər etmədiyini bildirməsinə baxmayaraq heç bir əsaslı səbəb olmadan orada kənar şəxslərin olmasına məhəl qoymayıb, özünü ətrafdakılara qarşı qoyaraq ictimai qaydalara, əxlaq normalarına hörmətsizlik edib ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək sonuncunun üzərinə yeriyib döyməyə cəhd göstərmiş, Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün yerdən götürdüyü kürəyi (lapatka) ona tərəf yellətməsindən daha da hiddətlənərək həmin kürəyi (lapatka) Zərərçəkmiş şəxs əlindən alıb silah qismində istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-xuliqanlıq edib, Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə zərbə endirib sonuncuya müvafiq olaraq açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ alın - təpə nahiyəsində epidural hematoma, pnevmosefaliya alın - sağ təpə sümüyün basılmış, qəlpəli sınığı, sağ dirsək sümüyünün aşağı 1/3 yerdəyişməmiş sınığı xəsarətləri olmaqla yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən yaşayış kompleksində ev almışdır. Bir gün zərərçəkmiş şəxs maşınla yanından keçəndə “qonşu həyətə gedirsən deye soruşmuş, o, da bəli, həyətə gedirəm” deyəndə ona otur maşına, aparım” demişdir. O gündən onunla tanışlıqları başlamışdır. Zərərçəkmiş şəxslə qonşudurlar, aralı binalarda yaşamışlar. Əvvəllər onu tanımasa da sonradan tanımış, həmin gündən də o, adam onun haqqında ətrafda xoşa gəlməz ifadələr işlətmiş, yanına gələn adamlar da onunla qəribə danışmışrdır. Eldarın niyyəti onun yaşadığı yerdən çıxıb getməsi olmuşdur. Eldar bildiyinə görə 20 il həbsdə olmuşdur. 2017-2018-ci ildən Eldar bəzi xoşa gəlməz davranışları ilə, söyüş və digər hərəkətləri ilə onu narahat etmiş, demək olar ki, hissləri ilə oynamışdır, özü isə bunun səbəbini də bilməmişdir. Bütün yaşadığı ərazidə olan hamını Eldar ona düşmən etmiş, Eldarın əlindən çölə-bayıra çıxa bilməmiş, evdə atasını, anasını narahat etmişdir. Atası, anası da qonşulara qoşulmuşdur, Eldar onu təhdid altında saxlamış, özünü hiyləgər adam kimi aparmışdır. O, da bunların hamısını bilmiş, sadəcə Eldara baş qoşmamış, bir müddət onun olduğu yerlərə getməmişdir. Bir gün aralıqda parkda da Eldar onu təhqir etmiş, xoşa gəlməz davranış nümayiş etdirmişdir. Zərərçəkmiş sözükeçərli adam olduğundan hər yerdə onu öz tanışları ilə biabr etmişdir. Demək olar ki, son vaxlarda Eldar məhəllədə də onu hamı ilə düşmən eləmişdir. O, orada ev almışdır ki, evini təmir edib ailə qursun, lakin zərərçəkmiş şəxsin əlindən heç bir şey edə bilməmiş, ata, anası da keçən il ölmüşlər. Əvvəlcə məsələ işdən başlamışdır. Şirkətdə işə düzələndən sonra onu işdən çıxardıb, yerinə başqa adam təyin eləmişlər. O, mübahisə edib, sözünü demişdir. Bu söhbət 2010-cu illərdə başlamışdır. Eldar da guya “avtoritet” idi. Bu adama lazım idi ki, o, ordan çıxıb Türkiyəyə ya Rusiyaya, başqa yerə getsin. O, bir gün hündür bir yoldaşla oturub, nərd oynayan zaman, Eldar onun yanına gəlmiş və nərd oynayanda söyüş işlətmişdir, bu da ona pis gəlmişdir. Sabahı günü o gəlib ona “bu nə hərəkətdi edirsən” deyərək, onu əli ilə itələmişdir. Sonra Eldar gedib lapatkanı götürmüş, o isə həmin lapatka ilə Eldarı vurmuşdur, həmin vaxt üstündə bıçaq olmamışdır. O, zərərçəkmiş şəxsi nə bıçaqla öldürmək, nə də ki, yaba ilə vurmaq istəmişdir, sadəcə özünü qorumaq üçün lapatkanı onun əlindən almışdır. Onun Eldarı vurmaq niyyəti olmamış, sadəcə vuranda pis olmuş, başı yarılmışdır, yerə yıxılmışdır. O, özü 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Barəsində 2025-ci ilin aprelin 7-si ya da 8-i AR CM-nin 221.3-cü maddəsi ilə iş açılmış, sonra isə AR CM-nin 126.2.4-cü maddəsi də əlavə olunmuşdu. Onun heç kimi, işi, ailəsi yoxdur. Qardaşı arada yanına gəlib-getmiş, bunları nəzərə almasını xahiş etmişdir. O, gedib cəzasını çəkəcəyini, ancaq heç nədən belə bir hadisə olması ona pis təsir etmişdir. Hamısını edən zərərçəkmiş şəxsin özü olmuşdur, hətta davanın yaranma səbəbkarı da Eldar olmuşdur. Eldar qəsdən belə etmişdir ki, onu vurub həbs olunsun, o, da rahat olsun. Onun heç kim ilə işi olmamış, sadəcə velosiped sürüb, elektrik işləyərək, fəhləçilik etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Eldar əlində lapatka ilə onu vurmağa gələndə, o, da lapatkanı onun əlindən alaraq Eldarı vurmuşdur. Edar onu pataloji hala gətirib çıxarmışdır. O halda Eldarı necə vurduğunu anlaya bilməmişdir. Zərərçəkmiş şəxs əyildiyi üçün lapatka onun başına düşdüyünü, həkimə zəng edib çağırdığını, orada ondan başqa bağban olduğunu bildirmişdir. Onun zərərçəkmiş şəxslə əvvəllər arasında münaqişə olmamış, zərərçəkmiş şəxs özü lapatkanı götürüb onu vurmaq istəyəndə, o da onun əlindən alıb vurmuşdur. Zərərçəkmiş şəxs ona demişdir ki, “sənin danışığın, özün xoşuma gəlmirsən, sən yaxşı insan deyilsən, çıx, burdan get”. Zərərçəkmiş şəxsə görə bəzi axmaq insanlar onu başqa insanların yanında ələ salmış, təhqir etmişdir. O, zərərçəkmiş şəxsi itələmişdir ki, bu söhbətləri qurtarsınlar, o, da gedib lapatka götürüb gəlmişdir. Hadisənin necə baş verdiyini bilməmiş, həkimə də 102 xidmətinə də o, özü evə gedib zəng vurmuş, sonra balkondan baxıb görmüşdür ki, təcli tibbi yadım zərərçəkmiş şəxsi maşınla aparmışdır. Təcili tibbi yardıma zəng edərək yaşlı bir adamla mübahisəsı olduğunu, həmin adamında yaralandığını demiş, ordan da bu barədə polisə məlumat vermişlər. Hardan olsa pul tapıb Eldarın müalicə xərclərini ödəyəcəyini müstəntiqə demişdir. Zərərçəkmiş şəxs bu vəziyyətə düşdüyünə görə peşman olduğunu, bəzi hərəkətlərinə görə onu bu hədddə Eldarın çatdırdığına görə qismən peşman olduğunu bildirmişdir. Eldarı vurmaq fikri olmamış, onu vurmaq istəsəydi 2017-ci ildən vurardı. Lapatka bağbana məxsus olmuş, Eldar oradan götürüb gəlmişdir. Zərərçəkmiş şəxs ona qarşı təhqiramiz sözlər işlətmiş, hadisəni, bağban və bir qadın görmüşlər. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs oğlu əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2025-ci il aprelin 7-də çörək və süd alıb dükandan çıxmışdır. Kamran da oturacaqda oturmuş ona salam verib “gəl burda otur” demişdir, o, da evə getdiyini ona demişdir. Kamran ordan gəlib onun yaxasından tutaraq, üzünə gülə-gülə sol cibindən bıçaq çıxartmışdır. Kamran ona bıçaq çıxardanda o, da ordakı lapatkanı götürmüş, Kamran lapatkanı görəndə geri çəkilmişdir. Sonra o, çevrilib gedəndə Kamran lapatkanı əlindən alıb onun başına vurmuşdur. Zərbədən yıxılmış, heç nədən xəbəri olmamışdır. Sonradan qonşular demişlər ki, Kamran yabanı tutub dayanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə aralarında heç nə olmamış, istintaq zamanı da müstəntiq onları üzləşdirmiş, nə üçün onu vurduğunu soruşduqda Kamran bilmədiyini demişdir. Kamranın ailə üzvləri ilə heç bir problemi olmamışdır, onları tanımır. Təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxslə bir həyətdə, lakin başqa binada yaşadıqlarını, qonşuların hamısının Kamrandan narazı olduqlarını bildirmişdir. Lapatka orda işləyən bağbanın olmuş, bağban lapatkanı ora qoyub nahar fasiləsinə getmişdir. O, vurulandan sonra yıxılıb yerdə qalmış, huşunu itirməmişdir. Orada bağ olduğuna görə, bağbanlar işləmiş, alətləri isə mühafizənin işlədiyi yerin yanına qoyub nahar fasiləsinə getmişdilər. Lapatkanı birinci özü götürmüşdür, çünki Kamran onu üzünə gülüb bıçaq çıxartmışdır, o, düşünmüşdür ki, Kamran onu öldürəcək. Lapatkanı götürmüşür ki, Kamran qorxsun. Kamran qorxub arxaya çəkilmiş, o, çevrilib lapatkanı geri qoymaq istəyəndə Kamran arxadan gəlib lapatkanı əlindən almışdır. Həyətdə elə bir adam qalmayıb ki, Kamran üstünə bıçaq çıxartmasın. Müdirə də Kamran barədə gedib şikayət etmişdir. Təqsirləndirilən şəxslə barışmaq istəmədiyini, təqsirləndirilən şəxsin ona heç bir köməklik göstərmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlara münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, Eldarı o ilk dəfə 2017-ci ildə “Bazar store”-dan evə gələndə tanımış, qonşu olmuş, hamını onunla düşman eləmişdir. Ona “çıx get burdan, burda yaşama” demişdir. Onun cibində bıçaq olmuş, lakin o bıçağı zərərçəkmiş şəxsə çıxartmamışdır. Zərərçəkmiş şəxs lapatka ilə üstünə gəldikdə o, lapatkanı onun əlindən alıb Eldarı vurmuş, sonuncu da yıxılmışdır. O, yaba götürməmiş, orada yabanın olubolmadığını görməmişdir. Onun heç kimlə münaqişəsi olmadığını, törətdiyi əməldən peşman olduğunu bildirərək, əgər zərərçəkmiş şəxs lapatka ilə onu üstünə gəlməsəydi, onu vurmayacağını və elə bir fikri olmadığını bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arada bir həyətdə görmüşdür. Hadisə günü evdən çıxıb gedərkən, Eldar qardaşın başqa bir qonşu ilə durub aşağıda söhbət etdiklərini görmüşdür. Hımin vaxt Eldarın Əlində çörək və süd olmuşdur. O, komendant orda olduğunu soruşanda Kamran Eldara yaxınlaşıb iki əli ilə Eldarın başından sillə vuranda Eldar əsəbləşmişdir. Təqsirləndirilən şəxs əlindən nəsə çıxarıb Eldara doğruldanda, onlar dava eləməyə başlamışlar, o da onları ayırmaq istəmişdir. Eldar qardaş gedib lapatkanı götürmüşdür ki, Kamranı qorxutsun. O, lapatka ilə Kamranın üstünə gələndə Kamran qaçıb getmiş, Eldar da Kamran çıxıb getdiyinə görə lapatkanı tullamışdır. Kamran lapatkanı yerdən götürüb Eldarın dalınca qaçmağa başlamış, Eldar artıq aralanmışdır. Kamran arxadan gəlib Eldarı vurmaq istəyəndə o, qışqıraraq “ay Eldar qardaş” deyəndə o çevrilmiş, lapatka onun başına dəymişdir. Eldar yerə yıxılmışdir, həyətdə olan insanlar da olanlara baxırdılar. O, ətrafda olan hər kəsə kömək etmələri üçün qışqırmış, Kamran yabanı götürüb Eldarı vurmaq istəyəndə o, Kamranın sinəsindən vurub “Allah sənin bəlanı versin, sən neynirsən” demişdir. O, Eldarın öləcəyini, Kamranın da həbsə gedəcəyini düşünmüşdür. Sonra Kamran çıxıb getmış, təcili yardıma zəng vurmuşlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid Kamran yaba ilə Eldarı vurmaq istəyəndə o qoymamış, Kamranı itələmişdir. Kamranda bıçaq olmuş, Kamran hadisədən qorxub oradan uzaqlaşmışdır. Kamran Eldar durduğu yerdə ona yaxınlaşıb onu əli ilə vurmuşdur, Eldar dayanıb başqası ilə söhbət etmişdir, onlar yaxın olmamışlar. Eldar durduğu yerdə Kamran əli ilə onun başından vurmuşdur. Orada adam çox olmuşdur, təcili yardımı kimin çağırdığını bilmir, yanında oğlanın olduğunu, onun təcili yardımla danışdığını bildirmişdir. Şahid ifadəsində göstərdiyi xüsusatlara münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, bu xanımı tanımır, əməlindən peşmandır, hadisənin necə baş verdiyini bilmir, zərərçəkmiş şəxsə böyük kimi həmişə hörmət etmişdir. Şahidi xatırlamadığını, həkimə özünün zəng etdiyini, Eldarı vurandan sonra lapatkanı tullayıb evə getdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 1); xx.xx.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:20-də Azərbaycan Respublikasının DİN-nin “102” xidmətindən daxil olmuş, ********** saylı məlumatda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan yolu 24 “X10” ərazisində yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil ilə zəng edərək, Eldar adlı şəxsin üzərinə bel ilə gəlməsi, vətəndaşın onun əlindən alıb onu vurması, xəsarət yetirməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqi 3); “Baxış və götürülmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan yolu 24 “X10” yaşayış kompleksi giriş hissəsindir. Baxış aydın və təbii işıqlandırma şəraitində aparıldı. Baxış zamanı mühafizə otağının yanında yerdə qan izləri, üzərində qan ləkələri olan tibbi bind və bir ədəd bel (lapatka) aşkar olundu. Yer asfalt örtüklü və qurudur. Hadisə yerinin ətrafı dəmirlə hasarlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yerdə olan beli (lapatka) göstərərək Zərərçəkmiş şəxs başına həmin bellə vurduğunu bildirdi. İş üzrə əhəmiyyət kəsb edən bel (lapatka) maddi sübut kimi götürülmüşdür (cild 1, iş vərəqi 4-8); “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 23); «Baxış keçirilməsi haqqında» 08 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, şübəli şəxs Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdə saat 12 radələrində Lökbatan qəsəbəsi, “X10” yaşayış kompleksi bina 24A ünvanında yerləşən gözətçi məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs baş nahiyəsinə xəsarət yetirdiyi cinayət aləti olan kənd təsərrüfatı aləti kürək sübut əhəmiyyəti kəsb etdiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən kənd təsərrüfatı aləti olan kürəyi göstərərək Zərərçəkmiş şəxs həmin kürək ilə onu vurmaq istəyən zaman onun əlindən alaraq sonuncun baş nahiyəsinə bir dəfə zərbə endirdiyini bildirmişdir. Kənd təsərrüfatı aləti olan kürəyə baxış keçirilən zaman üzərində qan izləri aşkar edilmədi. Kənd təsərrüfatı alətinin sapı ağ rəngdə və taxta materialdandır (cild 1, iş vərəqi 32-33); “Təqsirləndirilən şəxs qismində cəlb olunması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 35-36); “İfadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, hadisə 07 aprel 2025ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanının yaxınlığında yerləşən gözətçi məntəqəsinin qarşısında olarkən baş vermiş və Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bunu bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 48); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 4(002)-91/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 62-64); “Videogörüntünü götürülməsi haqqında» 05 may 2025-ci il tarixli protokoldan görünür ki, tərəfimdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “X10” yaşayış kompleksində kadr şöbəsinin inspektoru X1 götürülmüş, 07 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “X10” yaşayış kompleksi bina 24A ünvanında yerləşən gözətçi məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs kənd təsərrüfat aləti olan bel ilə Zərərçəkmiş şəxs vurmasını özündə əks etdirən videogörüntülərin köçürüldüyü DVD disk istintaqa təqdim edilmişdir (cild 1, iş vərəqə 69); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 70); Məhkəmə-tibbi ekspertizasının 01 iyul 2025-ci il tarixli 25/262 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ alın - təpə nahiyəsində epidural hematoma, pnevmosefaliya alm - sağ təpə sümüyün basılmış, qəlpəli sınığı, sağ dirsək sümüyünün aşağı 1/3 yerdəyişməmiş sınığı küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 92-95); “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsüf edilmişdir (cild 1, i/v 97); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs sərbəst ifadələrində göstərdiyi işin halları ilə bağlı xüsusatları təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, i/v 109-111); “Videogörüntüyə baxış keçirilməsi haqqında” 05 iyul 2025-ci il tarixli protokoldan görünür ki, həmin görüntü 01 faylda yerləşdirilmişdir. Görüntü 02 dəqiqə 26 saniyə çəkir. Videogörüntü 07 aprel 2025-ci il saat 11:58-də qeydə alınmışdır. Fayl açıldıqda aydın görünür ki, 07 aprel 2025-ci il tarixdə saat 11:58-də Lökbatan qəsəbəsi, “X10” yaşayış kompleksində olan parkda bir nəfər arıq bədən quruluşlu, şəxs skmayada əyləşmişdir. Saat 11:59-da kadra daxil olan əynində qara rəngli paltar olan bir nəfər kişi cinsinə məxsus şəxs əli ilə uzaqdan Təqsirləndirilən şəxs ilə görüşdükdən sonra orada olan gözətçi məntəsinin yanına keçir. Bu zaman Təqsirləndirilən şəxs uzaqdan iti addımlaral ona tərəf yaxınlaşır. Daha sonra bir neçə saniyə kadrdan itdikdən sonra Zərərçəkmiş şəxs əlindəki kənd təssərüfatı beli onun əlindən alaraq onun başına vurması öz əksini tapır. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan bel ilə qovalayır və onlar gözətçi məntəqəsinin qarşısına keçdikləri üçün kadrdan itirlər. Bu zaman ətrafa kənar şəxslərin yığışdığı öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həqiqətəndə həmin videogörüntünün 07 aprel 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, “X10” yaşayış kompleksi bina 24A ünvanında yerləşən gözətçi məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs kənd təsərrüfatı aləti bel ilə xəsarət yetirməsi hadisəsini özündə əks etdirən videogörüntü olmasını, həmin videogörüntüdəki şəxsin özü olmasını bildirmişdir (cild 1, iş vərəqi 112); Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2001 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyindən və ona qarşı hər hansı əməlin törədildiyi təsvir olunmadığından sualada göstərildiyi kimi ona qarşı törədilənləri düzgün qavrayıb təsvir etmək imkanının olubolmamasını cavablandırmaq mümkün deyil. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi (ruhi) xəstə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikaşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli-intellektual imkanlarında dəyişiklik yaranmamışdır. Öz hərəkətlərini ölçüb biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Emosionallıq, həssaslıq, özünə qarşı ətrafdakılardan hörmət tələb etmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və ya faəliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 123-127); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur, 07 aprel 2025-ci il tarixdə baş vermiş hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk və cinayət ələti olan kənd təssərüfatı aləti kürək iş üzrə maddi sübut hesab edilsin, 01 ədəd DVD disk və cinayət işinə əlavə edilsin, cinayət ələti olan kənd təssərüfatı aləti kürək isə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-ya təhvil verilsin (cild 1, i/v 128- 135); Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakılar göstərilmişdir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; - cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; - vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri məqsədilə gətirdiyi dəlillərlə razılaşmır, hesab edir ki, onun həmin mövqeyi iş üzrə hər hansı sübutla təsdiq olunmur, əsksinə, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təkzib edilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (c.1, i/v 80). Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq olaraq cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onların şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları (müəyyən edilməmişdir), cəzanı ağırlaşdıran halları (müəyyən edilməmişdir) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, CM-inin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2025-ci tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Qradağ Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 62-64). Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut – 07 aprel 2025-ci il tarixdə baş vermiş hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır və cinayət ələti olan kənd təssərüfatı aləti kürək məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi oğlunun vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. Maddi sübut - Qaradağ RPİ-nin MSSK-na təhvil verilmiş cinayət aləti olan kənd təsərrüfatı aləti bel hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar