Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1662/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 09:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi (qızı) X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 18:40 dəqiqədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan idarə etdiyi Toyota Prius ” markalı **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 3 ünvanında yerləşən “Fəridə” şadlıq sarayının qarşısında 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda sürücü Təqsirləndirilən şəxs həmin qaydaların tələblərini pozaraq idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə piyada keçidinin üzəri ilə sağdan sola doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan sonuncuya baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi və ödemi, çanaq sümüklərindən qasıq və oturaq sümüklərinin qapalı yerdəyişməli sınıqları, başın yumşaq toxumasının, döş qəfəsin Ön səthinin, sol bazunun, sol əlin və sol baldırın qançırlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib, 10 iyul 2022-ci il tarixdə saat 17:00 da xəstəxanada ölməsinə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 87 ünvanında yerləşən Xəzər RPİ-nin inzibati binasında qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, nömrəsiz evdə kirayə yaşayır. Şahid2 Əliəşrəf oğlu onun dostudur. **-HY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil dostu Elvinə məxsusdur. Elvin xatırlamadığı vaxt həmin avtomobili almış, 15 sentyabr 2021 -ci il tarixdə Elvinlə şifahi razılaşma əsasında Elvin həmin avtomobili ona satmışdır. Nağd şəkildə pulu olmadığından həmin avtomobilin pulunu kredit şəklində ödəmişdir. Belə ki, o, aylıq olaraq Elvinə 380 manat pul ödəmiş, Elvin ona avtomobili idarə etmək üçün baş etibarnamə də vermişdir. Hadisə baş verən zaman sürücülük vəsiqəsi olmamış, xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsi almaq üçün Baş dövlət yol polis idarəsinə getməli idi. Avtomobili alandan təxminən 2-3 dəfə həmin avtomobili idarə etmiş, həmin avtomobili əsasən xalası oğlu Məhəmməd idarə etmişdir. Harasa getmək lazım olanda Məhəmməd onun yanına gəlirmiş və o, avtomobildə sağ oturacaqda, yəni sərnişin oturacağında əyləşmiş, Məhəmməd isə avtomobilin sükanı arxasında əyləşərək lazım olan yerlərə getmişdir. 07 may 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evdən çıxaraq **-HY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sükanı arxasında özü əyləşmiş, avtomobili idarə edərək Həzi Aslanov metro stansiyasının yaxınlığına getmişdir. Həzi Aslanov metro stansiyasının yaxınlığına getməkdə məqsədi övladının müalicəsi üçün lazım olan dərmanları almaq olmuşdur. Dərmaları aldıqdan sonra əlavə olaraq bir neçə dərman da lazım olmuş və ona görə də əlavə olaraq aptek axtarmağa başlamışdır. Saat 19 radələrində Ukrayna dairəsi istiqamətindən Gəncə prospekti istiqamətində avtomobili idarə etmiş, Gəncə prospekti 3 ünvanında yerləşən “Fəridə” restoranının qarşısına çatdıqda qarşıda piyada keçidi olmuş və o, avtomobili saatda 30 km saat sürətlə hərəkət etdirmişdir. Üç zolaqlı yolun sol zolağına keçmiş, sol zolağa keçdikdən sonra sağ zolaqda olan avtomobillərin sürücüləri piyada keçidi olduğu üçün avtomobillərini dayandırmışlar. O da qarşıdan piyada gəldiyini hiss edib avtomobilin əyləcini sıxmış, bundan sonra bir nəfər qadının yolu sağ zolaqdan sola doğru keçdiyini görmüşdür. Əyləci sıxsa da avtomobili dayandıra bilmədiyi üçün avtomobilin sol küncü ilə həmin qadını vurmuş, zərbənin təsirindən qadın yerə yıxılmışdır. O, idarə etdiyi avtomobili Gəncə prospekti 63 ünvanının qarşısında saxlayaraq tək piyada olaraq hadisə yerinə qayıtmış, təxminən 15 dəqiqə sonra o, hadisə yerinə çatan zaman onunla birlikdə hadisə yerinə təcili tibbi yardım avtomobili də gəlmişdir. O, həkimlərə kömək edərək qadını təcili tibbi yardım avtomobilinə əyləşdirmişdir. O, da təcili tibbi yardım avtomobilinə əyləşərək həmin avtomobillə 3 saylı şəhər kliniki xəstəxanasına getmişdir. Təcili tibbi yardım avtomobilinə əyləşən zaman o, həmin həkimlərə yol nəqliyyat hadisəsini törətdiyini və həmin qadını idarə etdiyi avtomobillə vurduğunu demişdir. Bundan sonra o, 3 saylı şəhər kliniki xəstəxanasının həyətində olan zaman ona polis əməkdaşları yaxınlaşaraq onu polis idarəsinə dəvət etmişlər. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, törətdiyi əməldən səmimi peşmandır. Ailənin yeganə qazanc gətirəni olmasının, himayəsində iki azyaşlı övladının olmasının və azyaşlı övladlarından birinin xərçəng xəstəsi olmasının nəzərə alınaraq, onun cəmiyyətdən təcrid edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ünvan 7 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə Xətai rayonu, ünvan 8 ünvanında yaşayır, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. Anası xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, anası atası ilə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçmüşlər. Onlar yol nəqliyyat hadisəsi baş verən ana qədər ünvan 9 ünvanında yaşamışlar. 31 oktyabr 2018-ci il tarixdə atası X4 vəfat etmişdir. 07 may 2022-ci il tarixdə saat 15 radələrində anası Mehbarə iş yoldaşı ilə görüşməyə getdiyini ona bildirmişdir. O da heç nə deməmiş, saat 19 radələrində istifadəsində olan mobil nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü Sabunçu rayon xəstəxanasının həkimi kimi təqdim edərək ona anasının yıxılaraq halının pisləşdiyi üçün xəstəxanaya getməyini istəmişdir. O da dərhal yaşadığı evdən çıxaraq xəstəxanaya getmiş, xəstəxanada ona məlum olmuşdur ki, anası evə gələn zaman Gəncə prospekti 3 ünvanın qarşısında yerləşən piyada keçidini keçərkən avtomobil vurmuş, anası ağır dərəcəli xəsarət almışdır. 10 iyul 2022-ci il tarixdə anası 1 saylı xəstəxanada olan zaman aldığı xəsarətlərdən ölmüşdür. Hadisə ehtiyatsızlıqdan baş verdiyi üçün o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ünvan 10 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Üç ildir ki, 7 saylı təcili tibbi yardımın reanimasiya həkimi kimi işləyir. 07 may 2022-ci il tarixdə saat 08 radələrində işə gəlmiş, axşam saat 19 radələrində 103 zəng mərkəzindən Xətai rayonu inzibati ərazisində yerləşən Fəridə restoranının qarşısında yol nəqliyyat hadisəsinin baş verməsi və piyadanın vurulması ilə bağlı məlumat gəlmiş, dərhal 7 saylı təcili tibbi yardım stansiyasından çıxaraq hadisə yerinə getmişdir. Fəridə restoranının qarşısına çatan zaman orada çoxlu adam toplaşdığını görmüşdür. Fəridə restoranın qarşısında olan piyada keçidinin üzərində bir nəfər qadın cinsindən olan təxminən 60-65 yaşlarında şəxsin yerdə uzandığını görmüşdür. Həmin qadına ilkin tibbi yardım göstərməyə yaxınlaşmış və orada ona məlum olmuş ki, həmin qadını avtomobil vurmuşdur. Qadının vəziyyəti çox ağır olmuş, heç nəyə reaksiya verməmişdir. Qadına ilkin tibbi yardım göstərib onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmaq istəyən zaman bir nəfər, sonradan adının Məhəmmədəli olduğunu bildiyi şəxs yanlarında ağlayaraq onlardan xəstəyə köməklik etmələrini xahiş edirmiş, o, ilk öncə Məhəmmədəlinin qadının oğlu olmasını fikirləşmişdir. Bundan sonra qadını təcili tibbi yardım avtomobilinə əyləşdirərək xəsətəxanaya aparmaq istəyən zaman Məhəmmədəli də onlarla avtomobilə əyləşmişdir. Avtomobillə 3 saylı şəhər kliniki xəstəxanasına gedən zaman Məhəmmədəlinin qadının oğlu yox məhz qadını avtomobillə vuran şəxs olduğunu bilmişlər. Məhəmmədəli onlara adını və digər anket məlumatlarım deyib və yol nəqliyyat hadisəsini törətdiyini etiraf etmişdir. Bir neçə dəqiqədən sonra onlar xəstəni 3 saylı şəhər kliniki xəstəxanasına çatdırmış və xəstəni reanimasiyaya aparmışlar. Məhəmmədəli də onlarla avtomobildən düşərək xəstəxananın qarşısında gözləməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ünvan 11 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə ünvan 12 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə “Toyota Pirius (Hibrid)” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 gətizdirmişdir. Avtomobili bir neçə müddət idarə etdikdən sonra xx.xx.2022-ci il tarixdə avtomobili Təqsirləndirilən şəxs satmışdır. Sonradan xəbəri olmuşdur ki, Məhəmmədəli “Toyota Pirius (Hibrid)” markalı 90-HY- 829 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək Gəncə prospektində yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan piyada ölmüşdür. Həmin avtomobili xx.xx.2022-ci il tarixdə baş etibarnamə ilə ona satmış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə-Tibbi Ekspertizası və X6 Təcrübi və X7 Rayon Şöbəsinin 41 saylı, 02 iyun 2022-cu il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş-beyinin əzilməsi və ödemi. Çanaq sümüklərindən qasıq və oturaq sümüklərinin qapalı yerdəyişməli sınıqları. Başın yumşaq toxumasının, döş qəfəsin ön səthinin, sol bazunun, sol əlin və sol baldırın qançırları. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya daxil olmasından az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin əzilməsi və ödemi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 17.00-da baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən xəsarətləri yol - nəqliyyat hadisəsi zamanı bədənin istənilən duruş vəziyyətlərində ala bilərdi. (iş vərəqə 71-75) Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 28 iyun 2022-ci il tarixli 8/1569 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Toyota Prius markalı 90HY829 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vərəqə 76-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2/9965 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi tarixdə və saatda sərxoş olmamışdır. (iş vərəqə 22) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 417561 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (iş vərəqə 47) Göründüyü kimi yol-nəqliyyat hadisəsi törətdiyi zaman, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə 45) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi - qızı X5 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş notarial qaydada təsdiq edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. (iş vərəqə 57) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi – qızı X5 Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. İş materiallarında olan 85 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 38) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Rzazadə Abbas Məhəmmədəli oğlu və xx.xx.2020-ci il təvəllüdlü X3 olmaqla 2 azyaşlı uşağı vardır. (iş vərəqə 39-41) İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, Təqsirləndirilən şəxs azyaşlı uşağı Rzazadə Abbas Məhəmmədəli oğlu sağlamlıq imkanı məhdud olan uşaqdır. (iş vərəqə 42) Həmçinin, iş materiallarında olan Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs azyaşlı uşağı Rzazadə Abbas Məhəmmədəli oğluna “Qarışıq hüceyrəli klassik Hockin limfoması İİ mərhələ - bədxassəli (maliqant)” törəmə diaqnozu qoyulmuşdur. (iş vərəqə 44) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq AR CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, ailənin yeganə qazanc gətirəni olmasını, ağır onkoloji xəstə olan azyaşlı uşağının onun himayəsinə ehtiyacının olmasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 116-117) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Yol Nəqliyyat hadisəsini əks etdirən video görüntülər olan 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1662/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1662/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver