Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1663/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1984-cü ildə Ermənistan Respublikası, Vardenis rayonu, Şişqaya kəndi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Nizami Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımış, bundan başqa satış məqsədi olmadan külli miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.182 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, saxlamaqla daşımış, 11 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1.182 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 08 aprel 2023-cü il tarixdə saat 11:15 radələrində “İnstagram” sosial şəbəkəsində əlaqə saxlayaraq satış məqsədi olmadan külli miqdarda, ümumi təmiz çəkisi 5,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ümumi təmiz çəkisi 5,071 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ilk epizod üzrə ona elan edilmiş ittihamla razılaşsa da, ikinci epizod üzrə barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı üzərindən aşkar edilmiş 5 qram narkotik vasitə ona məxsus olmamışdır. Həmçinin qeyd edilən narkotik vasitənin 5 qram olması ekspertizaya göndərildikdən sonra ona məlum olmuşdur. Belə ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar olunan narkotik vasitənin miqdarı tərəzidə çəkilməmişdir. O, ikinci dəfə saxlanılarkən ona qarşı fiziki və psixi təzyiq olunmuş, ciyərinə zərbə vurulmuş, təcridxanaya daxil olarkən döyüldüyünü bildirməmişdir. O, döyülməsi ilə bağlı bədənində iz olmadığı üçün heç kimə məlumat verməmişdir. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilərkən onda 5 qram narkotik vasitə olmadığı barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 8 aprel 2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonunda təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəçisi olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, müvafiq raportla rəisə məruzə olunmuş, əməliyyat məlumatında qeyd olunan ünvanda təqsirləndirilən şəxs saxlanılaraq 25-ci Polis Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin üzərindən çəkisini xatırlamadığı miqdarda narkotik vasitə olan “kokos” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni tərəzidə çəkmədən şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 8 aprel 2023-cü il tarixində Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Yaradılmış əməliyyat qrupu üzvləri tərəfindən təqsirləndirilən şəxs ünvan 8 ünvanının qarşısında saxlanılaraq 25-ci Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman sellofan bükümdə tünd rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin əvvəllər də narkotik vasitəyə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxsin üzərindən təxminən 5 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Elmir onlar tərəfindən 2023-cü ilin fevral ayında daxil olmuş əməliyyat məlumatı əsasında öz yaşadığı mənzilin qarşısında saxlanılmış və Polis Şöbəsinə təhvil verilmişdir. Şöbədə təqsirləndirilən şəxsin barəsində video çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərində olan heroin narkotik vasitəsini onlara təqdim etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Nizami Rayon Polis İdarəsinin 25-ci X3 Alayı üzrə əməliyyat müvəkkili vəzifəsidə çalışır və polis leytenantı rütbəsindədir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 12 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma ilə məşqul olmaları barədə daxil olmuş məlumat rəhbərliyə məruzə olunaraq həmin şəxsin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edilmişdir. Bundan sonra yaradılmış əməliyyat qrupu üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 9 ünvanda olması müəyyən olunduqdan sonra həmin ünvana yollanmışlar. Həmin gün saat 17:30 radələrində qeyd olunan ünvanda bir nəfər şəxsin xarici əlamətlərinin Elmir adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin olmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olması bildirilərək onlarla birlikdə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gəlməsi təklif olunmuşdur. Polis Şöbəsində həmin şəxsə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd «Nokia» markalı mobil telefon aparatını, sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, təqdim etdiyi bükümdəkinin «kakos» adlanan narkotik vasitə olmasını, şəxsi istifadəsi üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan çibindən 1 ədəd «Nokia» markalı mobil telefon aparatını, sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, təqdim etdiyi bükümdəkinin «kakos» adlanan narkotik vasitə olmasını, şəxsi istifadəsi üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir (Cild 1, iş vərəqə 137- 138). Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün №165» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi narkotik maddəyə bənzər...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,182 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1,132 qram təşkil etmişdir (Cild 1, iş vərəqə148- 152). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş bükümü, həmçinin əynində olan tünd göy rəngli cins şalvarının sol cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümdəkinin «kakos» adlanan narkotik vasitə olmasını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddə qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi açarların Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 22, mənzil 10-a aid olmasını, “Nokia 6700” markalı mobil telefon aparatının üzərində isə ***-***-**-** nömrə olmasını bildirmişdir (Cild 1, iş vərəqə 33-34). Məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün №165» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,071 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 4,971 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 42-44). “Toplanılmış sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə aşkar edilmiş 5,071 qram, 12 fevral 2023-cü il tarixdə aşkar edilmiş 1,182 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 12 fevral 2023-cü il tarixdə və 08 aprel 2023-cü il tarixdə “Şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD diskin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 4., 71 qram və 1,132 qram təşkil edən narkotik vasitə heroinin Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, 12 fevral 2023-cü il tarixdə və 08 aprel 2023-cü il tarixdə “Şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi müəyyən edilmişdir (Cild 1, iş vərəqə 202-208). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş, həmin məcəlləsinin 234.1- 1-ci maddəsində isə həmin əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin 08 aprel 2023-cü il tarixdə barəsində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirici hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 mart 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 avqust 2011-ci il tarixli qərarı ilə həmin cəzadan 3 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 06 ay 05 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 27 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (Cild 1, iş vərəqə 82-84). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini, həmin Məcəllənin 18.2.2-ci maddəsinə isə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivi yaranır. Məhkəmə təqsirləndirilən şəxsin törətməkdə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin az ağır olmasını, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin isə ağır cinayət olmasını, həmin cinayətlərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmünə əsasən məhkum olunduğu cinayətə görə məhkumluğu ödənilmədiyi dövrdə törədilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilərkən qeyd edilən hal cinayətlərin residivi, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cəza təyin edilərkən isə cinayətlərin təhlükəli residivi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş həmin Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 133). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və tutulmadan azad edilməsi haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 183-184). Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 12), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 77-80). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır(Cild 1, iş vərəqə 200-201). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4, 971 qram və 1,132 qram təşkil edəm narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin video görüntülərini özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41, 149). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyası 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 216 ( iki yüz on altı) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il 6 (altı) ay, 234.1-1-ci maddəsi ilə 5 (beş) il 4 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzalar qismən toplanılaraq üzərində 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 6 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4, 971 qram və 1,132 qram təşkil edəm narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi 216 ( iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1663/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1663/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver