Məhkəmə qərarları › İş №1(101)-1663/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1663/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1663/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X6 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakı ilə, xx xxxxxx 1959-cu il təvəllüdlü, Rusiya Federasiyasının Dağıstan Respublikasının Kurax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ikinci dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 17 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-417/2023 saylı, 18 avqust 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 17 avqust 2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 17 dekabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə orta dərəcəli sərxoş vəziyyətdə marşrut avtobusunda sərnişin qismində olarkən digər sərnişin Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisəni aydınlaşdırmaq məqsədilə həmin gün saat 22:00 radələrində ünvan 3 ünvanında yerləşən “Səməd Vurğun” adına istirahət parkının qarşısında marşrut avtobusundan düşüb orada Zərərçəkmiş şəxs onu təhqir etməsini cüzi səbəb kimi bəhanə gətirərək üzərindəki istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən əldə edib gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını çıxarıb xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarının ön divarının sağ yarısının daxilə nüfuz edən kor bağırsağı və qalxançənbər bağırsağın çoxsaylı zədələnmələri müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmuşdur və hal-hazırda sol ayağı olmadığı üçün ikinci qrup əlildir. xx.xx.2023-cü il tarixdə tanışı Mübarizlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Xalqlar dostluğu metrosu yaxınlığında birlikdə adını xatırlamadığı kafelərdən birində yemək yemiş və spirtli içki qəbul etmişdir. Bir qədər yeyib içdikdən sonra gəzişmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosunun ətrafında getmək qərarı almışdır. Avtobusla həmin ünvana yola düşmüşdür. Avtobusda olan zaman bir nəfər şəxslə aralarında səbəbsiz mübahisə yaranmışdır. Zərər çəkmiş şəxs onu söymüş, o da buna öz iradını bildirmişdir. “Səməd Vurğun” parkına çatdıqda onlar avtobusdan düşmüşdürlər. Bu zaman saat təxminən 22:00 radələri olmuşdur. Həmin şəxs onu qırağa çəkmiş və ona zərbə endirərək yerə yıxmışdır. Sonuncu onun üzərinə gəldikdə o da belində olan bıçağı çıxarıb həmin şəxsin qarın nahiyəsinə bir ədəd zərbə endirmişdir. Bundan sonra ayağa qalxıb həmin ərazini tərk etməyə çalışmışdır. Lakin polis əməkdaşları ona yaxınlaşıb onu polis bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun ünvanına ardıcıl olaraq nalayiq ifadələr işlətməsinə və əlbəyaxa olduqlarına görə əsəbləşərək üzərində olan bıçaq ilə bir dəfə qarın nahiyyəsinə bıçaqla vurmuş, Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, əgər həmin şəxsi öldürmək fikri olsaydı, Rafiqə əlavə bıçaq zərbələri vuraraq öldürə biləcəyini bildirmiş, buna görə ona heç kim mane olmamışdır. Hadisə vaxtı orada özü, dostu Mübariz olmuş, onlardan başqa orada heç kim olmamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs onu vursa da, heç bir xəsarəti olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərində bıçaq gəzdirməkdə məqsəd o olmuşdur ki, ağzında dişi olmadığında yeməkləri bıçaqla kiçik hissələrə bölüb yesin. Sonda məhkəmə bir ayağı olmadığı üçün əlillik dərəcəsi aldığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 228.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Səməd Vurğun” parkı istiqamətində avtobusla hərəkətdə olmuşdur. O, işdən axşam saatlarında çıxdığı üçün yorğun halda avtobusla hərəkət etmişdir. Avtobusda əyləşən zaman o, iki kişinin bir-birləri ilə söyüş söyərək söhbət etdiklərini eşitmiş və buna iradını bildirmişdir. Bundan sonra ara sakitləşmiş və onların hər üçü eyni dayanacaqda avtobusdan düşmüş, bu zaman Məhəmmədrəsul yerə yıxılmışdır. O, əyilərək sonuncunun yerdən qaldırmaq istəyərsən Məhəmmədrəsul ona bir bıçaq zərbəsi endirmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, avtobusa minməzdən əvvəl 3-4 qədəh pivə içmişdir. Avtobusda təqsirləndirilən şəxs ilə mübahisə etsə də, aralarında əlbəyaxa mübahisə olmamışdır. Sonda təqsirləndirilən şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21- 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xalqlar metrosu yaxınlığında adını xatırlamadığı kafedə dostu Təqsirləndirilən şəxsla birlikdə yemək yemiş, spirtli içki qəbul etmiş, sərxoş halda kafedən çıxaraq gəzişmək üçün “28 may” metrosu yaxınlığına getmişlər. Yolda avtobusda olan zaman Təqsirləndirilən şəxs ilə yanaşı oturan şəxs arasında mübahisə yaranmış və onlar bir birini söyüb təhqir etməyə başlamışdırlar. Bir qədər sonra avtobus Səməd Vurğun parkının yaxınlığında dayanacaqda saxlamış və onların üçü də avtobusdən enmişdirlər. O, Məhəmmədrəsul ilə həmin şəxsin əlbəyaxa olduqlarını görmüş, daha sonra həmin şəxslər yerə yıxılmış daha sonra həmin şəxslər aralaşmış və o yaşadığı ünvana getmişdir. Həmin şəxslərin sonra nə etdikləri ilə bağlı məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1521 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs X9 PHŞ-in 11755 saylı xəstəlik tarixinə əsasən “qarının ön divarının sağ yarısının daxilə nüfuz edən kor bağırsağı və qalxançənbər bağırsağın çoxsaylı zədələnmələri ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası” və 12861 saylı xəstəlik tarixinin kserosurətinə əsasən “qarın boşluğuna keçən çoxsaylı kəsilmiş-deşilmiş yaraların”dan sonrakı “Kəskin bağırsaq keçməməzliyi. İleostoma” diaqnozu təyin edilmişdir. Zərərçəkmiş şəxs qeyd olunan qarının ön divarının sağ yarısının daxilə nüfuz edən kor bağırsağı və qalxançənbər bağırsağın çoxsaylı zədələnmələri ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası iti əşyanın deşici-kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə kriminalistik ekspertizasının xx.xx.2023cü il tarixli, 634-2023/MTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır, deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan ambulator-məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3476 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının 263.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına 01 il şərti sınaq müddəti verilməklə 01 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, cinayətlərdən biri təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, ikinci dərəcəli əlil olmasını (sağ ayağı bud hissədən yoxdur), törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, aralarında barışıq əldə etdiklərini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin yaşını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, ikinci dərəcəli əlil olmasını, sağ ayağının bud hissədən olmamasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını və aralarında barışıq əldə etdiklərini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ikinci dərəcəli əliliyini, sağ ayağının bud hissədən olmaması, zərər çəkmiş şəxsin şikayətçi olmamasını və aralarında barışıq əldə etdiklərini, təqsirləndirilən şəxsin yaşının 65-dən bir qədər yuxarı olmasını, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əliliyini sağ ayağının bud hissədən olmamasına görə almışdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı müvafiq rejimli cəzaçəkmə müəssisəsində çəkməsi halında, onun üçün çətin və gələcəkdə sağlamlığında daha ağır nəticələrə səbəb ola biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdən 17 dekabr 2023-cü il şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 01 (ədəd) soyuq silah hesab edilən bıçaq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «M.B.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 04 (dörd) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 01 (ədəd) soyuq silah hesab edilən bıçaq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «M.B.M» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar