Məhkəmə qərarları › İş №1(101)-1664/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1664/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1664/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 avqust 1974-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 10, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə saat 22 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs ondan evindən getməsini tələb edərək mübahisə edib sillə ilə onun boyun nahiyəsindən vurmasına əsəbiləşib qisas almaq məqsədi ilə həmin vaxt mənzilin qonaq otağında masanın üzərində olan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın və ayaq nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşayiət olunan, nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin yaralanması ilə nəticələnən, qarnın ön divarının sol yarısının daxilə nüfuz edən 4 ədəd və qarnın ön divarının sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol budun orta 1/3-nin ön səthinin səthi deşilmiş-kəsilmiş xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş axtarmaq məqsədilə 2022-ci ilin may ayının 19-da Mingəçevir şəhərindən Bakıya gəlmişdir. Bakıya gələrkən Belarusiya Respublikasında yaşayan uşaqlıq dostu Dima zəng edərək Bakı şəhərinə gedən zaman onun tanıdığı Zərərçəkmiş şəxs tapmasını, Dursunun ona işə düzəlməkdə kömək edəcəyini bildirmişdir. 19 may 2022-ci il tarixdə Bakı şəhərində Dimanın dediyi Zərərçəkmiş şəxs tapıb görüşmüşdür. Sonuncu onu yaşadığı ünvan 1-də aparmışdır. İki gün Dursunun yaşadığı evdə qalmış, onlar bir yerdə yeyib içmişlər və aralarında heç bir narazılıq olmamışdır. 21 may 2022-cİ il tarixdə günorta saatlarında onlar mənzildə oturub birlikdə 750 qram spirtli içki qəbul etmişlər. Axşam saat 21-22 radələrində Dursun ona söyüşlə evdən çıxıb getməsini demiş, ona əl-qol ataraq əsəbiləşdirmiş və sillə ilə boynundan vurmuşdur. O, Dursunun bu hərəkətlərinə dözməyib, əsəbiləşmiş və masanın üzərində olan taxta qulplu, tiyəsi boş olan mətbəx bıçağını götürüb Dursunun qarın nahiyəsindən 3-4 dəfə vurmuşdur. Bundan sonra Dursun sakitləşmiş, sonuncunu divanın üstünə oturtmuş, əynində olan ağ rəngli maykasını və mavi rəngli köynəyini çıxarmış, yaralarının üzərinə yod vuraraq ilk tibbi yardım göstərmək istəmişdir. Dursunun yaralarından qan axmasının qarşısını almaq üçün mənzildə olan əl dəsmalını yaranın üzərinə sıxmış və ona təcili tibbi yardım çağırmağını demişdir. Təcili tibbi yardım çağırdıqda polis əməkdaşlarının da gələcəyini və onu tutacaqlarını bildirərək, buna görə təcili tibbi yardım gələndə Dursunu vurduğunu deməməsini sonuncuya təklif etmiş və Dursun onunla razılaşmışdır. Ev telefonu ilə zəng edib təcili tibbi yardım çağırmış və təxminən 25-30 dəqiqə sonra təcili tibbi yardım gəlmişdir. Dursun həkimlərə metronun “Neftçilər" stansiyasının yaxınlığında tanımadığı bir qaraçının bıçaqla onu vurduğunu demişdir. Təcili tibbi yardım briqadasının avtomobili ilə Dursun xəstəxanaya aparılmış, o isə mənzildə qalmışdır. Təxminən 1-2 saat sonra polis əməkdaşları mənzilə gəlib onunla söhbət etdikdən sonra, mənzildəki divanın arxasından Dursunun hadisə zamanı əynində olan ağ rəngli maykasını, paltar asılan yerdə olan mavi rəngli köynəyini və Dursuna xəsarət yetirdiyi taxta qulplu mətbəx bıçağını mənzildən tapıb götürmüş və onu Nizami RPİ-nin 25-ci PŞ-nə, oradan da 24-cü PŞ-nə aparmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan ünvan 2 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs ilə hadisə baş verdiyi gündən 3-4 gün əvvəl tanış olmuşdur. Samirin uşaqlıq dostu Dima Belarusiya Respublikasının vətəndaşıdır. Sonuncu ona zəng vuraraq Samirin Bakı şəhərinə gəldiyini demiş və Samiri qarşılamağını xahiş etmişdir. Samiri qarşılayıb yaşadığı mənzilə gətirmiş və sonuncu 3 gün onun yaşadığı mənzildə qalmışdır. Həmin günlər onlar birlikdə yeyib-içmiş və aralarında heç bir narazılıq olmamışdır. 21 may 2022-ci il tarixdə günorta saatlarında Samirlə birlikdə mənzildə nahar edərkən iki nəfərə 750 qram spirtli içki qəbul etmişlər. Samirə mənzilin sahibi olan qohumu İbadov Möylənin gələcəyini, Samiri mənzildə görməsin deyə mənzildən getməsini demiş, 3 gün mənzildə qonaq qaldığını, artıq getmək vaxtı olduğunu bildirmişdir. Bu zaman Samir qəfildən masanın üzərində olan mətbəx bıçağını götürüb bir neçə dəfə onun qarın nahiyəsindən zərbə vurmuşdur. Samirə heç bir müqavimət göstərməmiş, mənzildə olan divanın üzərinə oturmuş və Samirdən təcili tibbi yardım çağırmasını xahiş etmişdir. Samir bir neçə saat ərzində təcili tibbi yardım çağırmamış və artıq huşunu İtirəcəyini deyib yalvararaq təcili tibbi yardım çağırmasını xahiş etmişdir. Samir təcili tibbi yardım gələndə onu vurduğunu deməməsini, metronun “Neftçilər" stansiyasının yaxınlığında tanımadığı bir qaraçının bıçaqla onu vurub xəsarət yetirdiyini deməsini təklif etmişdir. Samirin onu vurduğunu heç kimə deməyəcəyinə söz vermiş və bundan sonra gecə saatlarında Samir mənzildə olan telefondan zəng vurub təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım briqadası gələnədək Samir onun əynində olan köynəyi və maykanı çıxarmış, həmin geyim əşyalarını hara qoyduğunu görməmişdir. Sonra təcili tibbi yardım briqadası gəlmiş və onu xəstəxanaya aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs söyməmiş, zarafatyana əli ilə Samirin boynundan yavaş vurub mənzili tərk etməsini bildirmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra divanın üstünə oturtmuş, əynində olan ağ rəngli maykanı və mavi rəngli köynəyi çıxardıb yaraların üzərinə yod vuraraq ilk tibbi yardım göstərmiş, yaralardan qan axmasının qarşısını almaq üçün mənzildə olan əl dəsmalını yaranın üzərinə sıxmışdır. Hadisədən sonra Samirlə barışmış, sonuncuya qarşı şikayəti, iddia və tələbi yoxdur (1-ci cild iş vərəqi 140-142). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, habelə ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, işdə olan hadisənin yerində yoxlanması haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86, 44 saylı mənzilin qonaq otağını hadisə yeri kimi göstərərək 21 may 2022-ci il tarixdə günorta saatlarında mənzildə olarkən Zərərçəkmiş şəxs ilə birlikdə ikisi 750 qram spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə nəticəsində masanın üzərində olan taxta tutacaqlı, təxminən 25 sm uzunluğunda mətbəx bıçağını götürüb bir neçə dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq xəsarət yetirdiyini, sonra otaqda olan divanın üzərinə oturdaraq əynində olan ağ rəngli maykasını və mavi rəngli köynəyini çıxartdığını, yaralarının üzərinə yod vuraraq ilk tibbi yardım göstərmək istədiyini, sonradan ev telefonu ilə təcili tibbi yardıma zəng edib çağırdığını bir daha təsdiq edərək, hadisə yerini əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və həmin şəkillər protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 72-75). İşdə olan məhkəmə tibbi-ekspertiza üzrə 31 may 2022-ci il tarixli 410 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin yaralanması ilə nəticələnən qarnın ön divarının sol yarısının daxilə nüfuz edən 4 ədəd və qarnın ön divarının sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol budun orta 1/3-nin ön səthinin səthi deşilmişkəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21 may 2022-ci il tarixdə yarana bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Qeyd edilən deşilmiş-kəsilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldığından (l-ll cərrahi işlənməyə, yəni yara kənarları sağlam toxuma sərhəddinə qədər kəsilir) onların ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənib-törənməməsi barədə fikir söyləmək mümkün deyil. Bu məsələni həll etmək üçün zərərçəkmişin hadisə zamanı əynində olmuş (əgər olmuşdursa) paltarlarının xüsusi «Tibbi-kriminalistik» müayinəsinin aparılması zəruridir (1-ci cild iş vərəqi 104-106). İşdə olan məhkəmə tibbi-bioloji ekspertiza üzrə 14 iyun 2022-ci il tarixli 335/2022- MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnnun ABO sistemi üzrə qan qrupu: 0 alfa beta-/l/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə H antigeni və alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0 alfa beta-/l/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən 01 ədəd bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmadı (1-ci cild iş vərəqi 116-118). İşdə olan məhkəmə psixiatrik ekspertiza üzrə 11 iyun 2022-ci il tarixli 1503 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xətəliyin əlamətləri aşkar olunmur. Buna cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeydə alınmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, cinayət əməlini törədən zamanı öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri qeydə alınmadı. O, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək imkanına malikdir (1-ci cild iş vərəqi 120-123). İşdə olan məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertiza üzrə 06 iyun 2022-ci il tarixli 277/2022-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində beş ədəd və bir ədəd kənari və maykanın ön səthinin sol nahiyəsində altı ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yaxalığında bir ədəd və köynəyin ön səthinin sağ yaxalığında bir ədəd aşkar edilmiş cırılma zədələri, köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş dəsmal üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində beş ədəd və maykanın Ön səthinin sol nahiyəsində aşkar edilmiş altı ədəd zədə onun bədəninin qarnın ön divarında olan yalnız bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər deşilmiş-kəsilmiş zədələr onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da, yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir (1-ci cild iş vərəqi 125-128). İşdə olan maddi sübut kimi tanınma haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, hadisənin baş verdiyi ünvan 1-dən götürülmüş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka və mavi rəngli köynək, üzərində qan ləkələrinə bənzər ləkələr olan bir ədəd dəsmal və bir ədəd taxta qulplu, 25 uzunluğunda mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 132). İdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 15 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Lyublinsk rayon məhkəməsinin 8 iyun 2012-ci il tarixli hökmü ilə 9 ay azadlıqdan məhrum etmə cəzasına, Moskva şəhər Lefort rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə isə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (1-ci cild iş vərəqi 144- 145). İşdə olan 22 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 26). İşdə olan 24 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 may 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 56-57, 83-86). Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 22 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – bir ədəd ağ rəngli mayka və mavi rəngli köynək, üzərində qan ləkələrinə bənzər ləkələr olan bir ədəd dəsmal və bir ədəd taxta qulplu 25 sm uzunluğunda mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka və mavi rəngli köynək, üzərində qan ləkələrinə bənzər ləkələr olan bir ədəd dəsmal və bir ədəd taxta qulplu, 25 uzunluğunda mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza xərcləri və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar