Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1665/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bərdə rayonunun Balaqəcər kəndində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu, Balaqəcər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, H.Aslanov küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 17 may 2022-ci il tarixdə saat 21:50 dəqiqədə Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasına müştəri kimi daxil olub kassada olan pulları götürən zaman mağazada satıcı işləyən Şahid2 onun kassadan pulları götürməsini görüb mane olmaq istədikdə hücuma məruz qalmış Şahid2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özü ilə gətirdiyi və əlində saxladığı bıçağı silah qismində istifadə edərək sonuncuya nümayiş etdirərək xəsarət yetirəcəyini bildirib, kənarda dayanmasını tələb edərək qanunsuz olaraq saxlanc yeri hesab olunan kassanın üzərində olan açarı ilə açıb orada olan 800 manat pul vəsaitini ələ keçirib hadisə yerindən qaçaraq uzaqlaşıb, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bərdə rayonu Balaqəcər kəndində qeydiyyatdadır, lakin uşaqlıqdan Bakı şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Tutulana kimi Bakı şəhərində yerləşən restoranlarda ofisiantlıq etmişdir. Şahid3 onun uşaqlıq dostudur. 17 may 2022-ci il tarixdə axşam saat 21 radələrində dostu Fərid ilə metronun "Xətai” stansiyası yaxınlığında görüşmüşlər. Fərid onunla görüşə özünün idarə etdiyi "Audi" markalı avtomobil ilə gəlmişdir. O, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, Fəridə ailəsində olan problemlərdən danışmış və ona 2-3 günlük qalmağa yerinin olmadığını bildirmişdir. Fərid onu qalmaq üçün evlərinə dəvət etmiş, o da razılaşmışdır. Bundan sonra Fərid avtomobili yaşadığı evə tərəf sürmüş, saat təxminən 21:30 dəqiqədə onlar Xətai rayonu, Rahib Məmmədov küçəsi 10 ünvanın yaxınlığına çatmışlar. Fərid avtomobili bir kənarda saxlayıb "OBA Market”dən su alacağını bildirib avtomobildən düşüb getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Fərid qayıdıb gəlmişdir. O, Fəridə mağazadan siqaret alacağını bildirib avtomobildən düşmüş, mağazaya daxil olmuş və siqaret almaq üçün kassaya yaxınlaşmışdır. Lakin kassada heç kim olmamışdır. O, kassada heç kimin olmadığını görüb oğurluq etmək qərarına gəlmişdir. Kassanın açarının üzərində olmasını görüb ora keçmiş, kassanı açdıqda mağazada işləyən satıcı qadın ona yaxınlaşmış və ondan kassada nə etməsini soruşmuşdur. O, məcbur olub üzərində olan bıçağı çıxarıb qadına kənara çəkilməsini bildirib "sənlə işim yoxdur gəlmə" ifadələrini işlətmiş və kassada olan pulları götürüb qaçaraq mağazadan çıxmışdır. O, Fəridin avtomobilinin qabaq sağ oturacağında əyləşmiş, Fərid avtomobili idarə etmiş və ondan nə səbəbə görə həyəcanlı olmasını soruşmuşdur. O, Fəridə mağazadan pul oğurladığını bildirmişdir. Fərid avtomobili idarə edib oradan uzaqlaşmışlar. Yol boyu Fəridə pula ehtiyacı olduğunu, ona görə də mağazadan pul oğurladığını demişdir. Fərid avtomobili metronun "Xətai" stansiyası yaxınlığında saxlayıb ona "mənə problem yaratdın, mənim maşınımı görüblər və mağazanın qarşısında olan kamerada maşının nömrəsi düşübdür, mən qayıdıram oraya, mənə problem olacaq" demişdir. O, Fəriddən onun haqqında heç kimə məlumat verməməsini xahiş etmişdir. Bundan sonra avtomobildən düşüb oradan taksi ilə yaşadığı evə gəlmiş, mağazadan götürdüyü pulları saymış və 800 manat olmasını görmüşdür. O, 800 manat pulun 500 manatını xalası oğlunun xəstə olması ilə əlaqədar dava-dərmana vermiş, 300 manatını isə saxlamışdır. 1 gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, "xxxx" MMC şirkətinin hüquqşünası vəzifəsində çalışır, Zərərçəkmiş şəxs MMC də həmin şirkətin tərkib hissəsidir. Zərərçəkmiş şəxs MMC-nin Respublika ərazisində çoxsaylı mağazaları vardır, həmin mağazalardan biri də ünvan 1 ünvanında yerləşir. 17 may 2022-ci il tarixdə axşam saatlarında həmin mağazanın fəaliyyəti dayandırılan ərəfələrdə bir nəfər şəxs, yəni sonradan məlum olmuş Təqsirləndirilən şəxs mağazaya müştəri kimi daxil olaraq mağazada satıcı işləyən Şahid2 üzərinə bıçaq çıxarıb kassadan pulları götürmüş, sonuncu həmin şəxsə müdaxilə etmək istədikdə, həmin şəxs Laləni vuracağını bildirib pulu götürüb mağazanı tərk edərək qaçıb getmişdir. Həmin hadisə nəticəsində mağazaya 800 manat ziyan dəymişdir. Bildirmək istəyir ki, dəymiş ziyan ödənilmişdir və onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs MMC məhkəməyə məktub təqdim edərək şirkətə vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı tələb və şikayətlərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun dostudur. Onun atasının "Audi" markalı avtomobili vardır və həmin avtomobili mütəmadi olaraq o da idarə etmişdir. 17 may 2022-ci il tarixdə axşam saat 21 radələrində dostu Əfqan ilə zəngləşib metronun "Xətai" stansiyası vaxınlığında görüşmüşlər. O, Əfqan ilə görüşməyə həmin avtomobillə getmişdir. Əfqan avtomobilin qabaq sağ oturacağında əyləşmiş, söhbət zamanı Əfqan pulsuzluqdan danışıb gecə qalmağa yeri olmadığını bildirmiş, o, Əfqanı qalmaq üçün evinə dəvət etmişdir. Yaşadığı evin yaxınlığında olan "OBA Market”in qarşısında avtomobili saxlamış və su almaq üçün avtomobildən düşüb mağazaya daxil olmuş, mağazadan su alıb avtomobilinə yaxınlaşmışdır. Avtomobilə əyləşdikdə Əfqan ona siqareti olmadığını, siqaret alıb gələcəyini bildirib "OBA Market”ə getmişdir. O isə avtomobilində telefonu ilə "WhatsApp" vasitəsilə tanıdığı şəxslərin paylaşdıqları fotoşəkillərə baxan zaman ani bir anda Əfqan həyəcanlı halda avtomobilə əyləşmiş, o, Əfqandan nə baş verməsini soruşduqda Əfqan “tez ol, avtomobili sür” ifadələrini işlətmişdir. Bundan sonra o, bir qədər tərəddüd etmiş, Əfqan ona “tez ol avtomobili idarə et, oğurluq etmişəm” ifadələrini işlətmişdir. O qorxduğu üçün avtomobili idarə edib oradan uzaqlaşmışdır. Yolla gələn zaman mağazanın qarşısında kameraların olduğunu və avtomobilin kameraya düşdüyünü düşünmüşdür. O, bu barədə Əfqana bildirmiş və ona problem yaranacağını demişdir. Əfqan ondan özü haqqında heç kimə məlumat verməməsini xahiş etmişdir. O, Əfqanı metronun "Xətai” stansiyası yaxınlığında düşürmüş və çıxıb getmişdir. Şəhərdə bir qədər gəzişib axşam saatlarında avtomobil ilə "OBA Market”ə gəlmiş, oraya gəlməkdə məqsədinin onun həmin hadisədən xəbərinin və iştirakının olmadığını bildirmək olmuşdur. Avtomobili mağazanın qarşısında saxlayıb düşmüş, mağazanın qarşısında polis əməkdaşlarını görüb onlara yaxınlaşıb özünü təqdim etmiş və həmin hadisəni dostunun törətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsinə gəlib orada hadisə barəsində izahat vermişdir. Ona istintaq zamanı məlum olmuşdur ki, Əfqan mağazadan 800 manat pul götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Göytəpə şəhərində qeydiyyatdadır, bir ilə yaxındır ki, ünvan 2 ünvanda yaşayır, evlidir, 2022-ci ilin fevral ayından "xxxx" MMC-nin Xətai rayonu, Rahib Məmmədov küçəsi 10 ünvanda yerləşən mağazasında satıcı işləyir. O, hər gün səhər saatlarında işə gedir və axşam mağazanın fəaliyyəti dayandırılanadək mağazada olur. İşlədiyi mağazanın içərisində müşahidə kameraları vardır və mağazada 24 saat kamerlarla müşahidə olunur. Onun iş fəaliyyəti mağazanın kassa olan hissəsidir. Belə ki, müştərilərin aldıqları ərzaqların pulunu qəbul edir. 17 may 2022-ci il tarixdə mağazanın bağlanmasına təxminən 10-15 dəqiqə qalmış mağazanın içərisində işlərini yekunlaşdırarkən, həmin vaxt mağazada satıcı işləyən Şahid4 da olmuş, saat təxminən 21:50 dəqiqədə səs eşidib baxdıqda görmüşdür ki, bir nəfər başında papaq olan cavan oğlan, yəni sonradan məlum olmuş Təqsirləndirilən şəxs kassaya keçmişdir. O, həmin şəxsin kassadan pulları götürəcəyini görüb ona müdaxilə etmək istəmiş, buna görə də həmin şəxsdən nə etməsini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bıçaq çıxarıb ona kənara çəkilməyi, onu vuracağını və yaxın gəlməməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs bıçaqla onu vuracağından qorxub yaxınlaşa bilməmiş, qışqırıb mağazada satıcı işləyən Muradı səsləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kassadan pulu götürüb küçəyə tərəf qaçmışdır. Murad onun səsini eşidib hadisəni başa düşüb Təqsirləndirilən şəxs arxasınca küçəyə qaçmışdır. Bir neçə dəqiqə keçdikdən sonra Murad geri qayıtmış və həmin şəxsi saxlaya bilmədiyini, avtomobilə əyləşərək getdiyini bildirmişdir. Murad mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə keçdikdən sonra mağazaya polis əməkdaşları gəlmişlər və o, ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 12 may 2022-ci il tarixdən "xxxx" MMC-nin Xətai rayonu, Rahib Məmmədov küçəsi 10 ünvanda yerləşən mağazasında satıcı-kassir işləmişdir. O, hər gün səhər saatlarında işə getmiş və axşam mağazanın fəaliyyəti dayandırılanadək mağazada olmuşdur. İşlədiyi mağaza 24 saat kameralarla müşahidə olunur. Onun iş fəaliyyəti mağazanın kassa olan hissəsidir. Belə ki, müştərilərin aldıqları araqların pulunu qəbul etmişdir. Ondan başqa mağazada Şahid2 da satıcı-kassir kimi işləyir. 17 may 2022-ci il tarixdə mağazanın bağlanmasına təxminən 10-15 dəqiqə qalmış mağazanın içərisində işlərini yekunlaşdırmış, həmin vaxt mağazanın kassasının yaxınlığında Şahid2 dayanmışdır. O isə mağazanın baş hissəsində malları səliqəyə salmışdır. Saat təxminən 21:50 dəqiqədə qadın qışqırığı eşitmiş və dərhal kassaya yaxınlaşmışdır. Qışqıran qadın Şahid2 olmuş və onu səsləmişdir. O, kassaya yaxınlaşanda gözüyarı görmüşdür ki, bir nəfər başında papaq, əlində bıçaq olan və bıçağı Laləyə tərəf uzadan oğlan kassaya tərəf əyilmişdir. Həmin şəxs onu görən kimi küçəyə qaçmış, o, həmin şəxsin ardınca küçəyə çıxdıqda sonuncunun qaçmasını görmüş, həmin şəxsin arxasınca qaçsa da ona çata bilməmişdir. Bundan sonra geri, mağazaya qayıtmış, Lalədən hadisənin necə baş verməsini soruşmuş, Lalə başında papaq olan cavan oğlanın kassaya keçdiyini, həmin şəxsin kassadan pulları götürəcəyini görüb sonuncuya müdaxilə etmək istədiyini, buna görə də həmin şəxsdən nə etməsini soruşduğunu, bu zaman həmin şəxsin bıçaq çıxarıb onun kənara çəkilməsini, vuracağını, yaxın gəlməməsini dediyini, həmin şəxsin bıçaqla onu vuracağından qorxub yaxınlaşa bilmədiyini, bundan sonra həmin şəxsin kassadan pulu götürüb küçəyə çıxıb qaçdığını bildirmişdir. Onlar kassaya baxdıqda həmin şəxsin 700- 800 manat pulu götürməsini aşkar etmişlər. O, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra mağazaya polis əməkdaşları gəlmişlər və Lalə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, həm hadisə vaxtı, həm də hal-hazırda rəsmi olaraq "OBA Market” MMC-nin Radizavod 2 saylı filialının mağaza adminstratoru vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 17 may 2022-ci il tarixində saat 21:52-də yaşadığı evdə olarkən mağazanın satıcı-kassiri vəzifəsində işləyən Şahid2 onunla mobil telefon əlaqəsi saxlayaraq, ağlaya-ağlaya və həyacanlı şəkildə məlumat verərək bildirmişdir ki, tanımadığı şəxs əlindəki bıçaqla mağazaya daxil olub ona hədə-qorxu gəlib kassada olan pulu götürərək mağazadan qaçıb getmişdir. O, dərhal mağazaya gəlib mağazanın kamera sisteminə baxdıqda görmüşdür ki, tanımadığı şəxs əlindəki bıçaqla Laləyə hədə-qorxu gələrək, kassa aparatını açıb içərisindəki təxminən 800 manat pulu götürərək mağazadan qaçıb gedir. O, mağazanın satışını dayandırıb bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1050 nömrəli raportdan görünür ki, 17 may 2022-ci il tarixdə DİN-in 102 Xidmətindən daxil olmuş məlumata görə, Xətai rayonunda “Bravo” ilə üzbəüz fəaliyyət göstərən Zərərçəkmiş şəxsin işçisi olan Şahid4 bir nəfər şəxsin əlində bıçaqla mağazanın Lalə adlı işçinin üzərinə gələrək kassadan 700 manat pulu götürərək “Audi” markalı Az ... KZ-950 dövlət nömrə nişanlı avtomobilə minərək uzaqlaşmasını bildirmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxsdə satıcı kassir işləyən Şahid2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, kassada olan zaman naməlum şəxs əlində bıçaqla içəri girərək kassadan mağazaya məxsus 700 manat pulu götürərək mağazadan qaçaraq çıxıb getmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs mağazasıdır. Mağazaya girişdən sol tərəfdə kassa aparatının olduğu görünür. Kassa aparatının yanında şirniyyat rəfi, su və spirtli içki rəflərinin olduğu görünür. Kassanın qarşısında meyvə rəfi yerləşir. Rəflərin arxasında iki otağın olduğu müəyyən olunur. Həmin otaqların biri kadr müdirinin, digəri isə mağaza müdirinin otağıdır. Baxış zamanı müəyyən olunur ki, mağazanın giriş qapısı şüşədəndir. Mağazada kassir işləyən Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:52-də tanımadığı şəxs mağazaya daxil olub əlindəki bıçaqla ona hədə-qorxu gələrək kassa aparatından 700 manat pulu götürüb qaçmışdır. Baxış zamanı hadisə yerindən 04 ədəd əl-barmaq izi götürülmüşdür (cild 1, iş vərəqi 6-9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 103-6304-1222 nömrəli məktubundan görünür ki, 17 may 2022-ci il tarixdə saat 21:50-də “OBA Market" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasının kassasından 700 manat pulu cinayət yolu ilə ələ keçirmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və 36-cı PB-yə gətirilmişdir. Bölmədə sorğu zamanı Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi 700 manat pulun 300 manatını təqdim etmiş və sonuncudan üç ədəd 100 manat əskinas götürülmüşdür. Eyni zamanda mağazada olan müşahidə kameralarından hadisənin baş verməsini əks etdirən görüntülər bir ədəd diskə köçürülərək götürülmüşdür (cild 1, iş ərəqi 48). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə saat 21:50-də “OBA Market" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazanın kassasından cinayət yolu ilə ələ keçirdiyi pulun 300 manatını, yəni üç ədəd 100 manat əskinaslardan ibarət olan pul vəsaitini təqdim etmiş və 300 manat pul götürülümüşdür (cild 1, iş vərəqi 49-50). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsdə işləyən qadının üzərinə bıçaq çıxararaq kassadan pul ələ keçirdiyini sonuncunun üzünə qarşı deyərək ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 91-93). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı şahid İsrafilova X2 Əfqan Fəqan oğlunun 17 may 2022-ci il tarixdə axşam vaxtı Zərərçəkmiş şəxsə gələrək onun üzərinə bıçaq çıxararaq kassadan pul ələ keçirdiyini sonuncunun üzünə qarşı deyərək ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 94-96). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokolan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasının qarşısında hadisə vaxtı baş verənləri yerində göstǝrǝrǝk bildirmişdir ki, 17 may 2022-ci il tarixdə axşam saat 21 radələrində dostu Fərid ilə Bakı metropoliteninin "Xətai" stansiyası yaxınlığında görüşmüşlər. Fərid görüşə idarə etdiyi “Audi” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə gəlmiş, o, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, o, Fəridə ailəsində olan problemlərdən danışmış və 2-3 günlük qalmağa yerinin olmadığını bildirmiş, Fərid ona qalmağa evlərini təklif etmiş, o da razılaşmış, bundan sonra isə Fərid avtomobili evləri istiqamətində sürmüş, saat 21:30 radələrində Fərid avtomobili bir kənarda saxlayaraq "OBA Market”dən su alacağını bildirib avtomobildən düşüb getmiş, bir neçə dəqiqə keçdikdən sonra Fərid qayıdıb gəlmiş, o, Fəridə siqaretinin olmadığını, mağazadan siqaret alacağını bildirib avtomobildən düşüb mağazaya daxil olmuş və siqaret almaq üçün kassaya yaxınlaşmışdır. Lakin kassada heç kim olmamış, bunu görüb o, oğurluq etmək qərarına gəlmiş, kassanın açarının üzərində olmasını görüb kassaya keçmiş, kasanı açdıqda mağazada işləyən satıcı qadın yaxınlaşmış və kassada nə etməyini soruşmuş, o, məcbur olub üzərində olan bıçağı çıxarıb qadına kənara çəkilməyini bildirib kassada olan pulları götürüb qaçaraq mağazadan çıxmışdır. Sonra mağazadan götürdüyü pulları saymış və 800 manat olmasını görmüş, 800 manat pulun 500 manatını borcuna vermiş, 300 manatını isə saxlamışdır (cild 1, iş vərəqi 114-117). İşdə olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerində olan müşahidə kameralarında qeyd alınmış və götürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayıldan ibarət "DVD" diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 17 may 2022-ci tarixdə çəkilmiş, videogörüntü 26 saniyədən ibarətdir. Görüntüdən görünür ki, qara rəngli geyimdə, başında qara rəngli papaq olan bir nəfər şəxs ətrafa baxaraq mağazaya daxil olur, həmin şəxs mağazaya daxil ola-ola sağ əlinin yuxarı hissəsindən köynəyin altında gizlətdiyi bıçağa bənzəyən əşyanı çıxarır, dərhal mağazanın kassasına yaxınlaşır, kassanı açaraq oradan pulları götürmək istəyən zaman qırmızı rəngli qısa köynəkdə olan qadın ona yaxınlaşır, bu zaman məlum olur ki, həmin şəxsin əlində olan əşya bıçaqdır, o, bıçağı qadına tərəf hərəkət etdirir, qadın qorxaraq kanara çəkilərək həmin şəxsin hərəkətlərini seyr edir, həmin şəxs kassadan pulları götürüb mağazanı tərk edir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə görünən qara geyimli və başıda papaq olan şəxsin özü, orda olan qadının mağazanın satıcı olmasını, bıçağı qadına nümayiş etdirib kassadan 800 manat pulu götürüb oradan çıxıb qaçdığını bildirmişdir (cild 1, iş vərəqi 129). İşdə olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş şəxs qismində, Nümayəndə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır (cild 1, iş vərəqi 138-139). Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-5929-1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov 10 ünvanında yerləşən "OBA Market”də baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqi 152-153). İşdə olan Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin 36-cı Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 103-8690-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağın müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat tədbirlərinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq əməliyyat tədbirləri davam etdirilir və gələcəkdə müsbət nəticə əldə olunacağı halda bu barədə İstintaq şöbəsinə əlavə məlumat veriləcəkdir (cild 1, iş vərəqi 157). İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu 800 manat ziyana görə atası Fəqan İsgəndərovun həmin tarixdə ödədiyi 800 (səkkiz yüz) manat pul vəsaitini mağazanın nümayəndəsi Nümayəndə qəbul etmişdir (cild 1, iş vərəqi 159). İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, HŞ-1642 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 800 manatlıq ziyanın onun atası Fəqan İsgəndərov tərəfindən ödənilməsi ilə bağlı hər hansı şikayət və tələbləri yoxdur (cild 1, iş vərəqi 172). İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şahid2 xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də satıcıkassir vəzifəsini icra edir (cild 1, iş vərəqi 81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 174-176). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “OBA Market" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasında olan müşahidə kameralarından görüntülər köçürülmüş bir ədəd disk və Təqsirləndirilən şəxs götürülmüş 300 manat pul sübut maddi sübut kimi tanınmış, bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, 300 manat pulun zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığı nəzərə alınmışdır (cild 1, iş vərəqi 177-191). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 170-171). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 25-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs niyyətinin quldurluq deyil, oğurluq olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və onun bu ifadələrini müdafiə taktikası kimi qiymətləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cəzasını yüngülləşdirmək məqsədi güdür, habelə həmin ifadələr cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib qanunsuz olaraq saxlanc yerinə daxil olub zərərçəkmiş şəxsin əmlakını ələ keçirərək quldurluq cinayəti törətməsi təsdiq olunur, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş zərəri könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və nəzərə alır Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 20 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 68, 124-125). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - “OBA Market" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasında olan müşahidə kameralarından görüntülər köçürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 300 manat pulun zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Təqsirləndirilən şəxs aid məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - “OBA Market" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasında olan müşahidə kameralarından görüntülər köçürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş 300 manat pulun zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1665/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1665/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver