Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1666/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və müdafiəçi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bərdə şəhəri, Natəvan küçəsində yerləşən nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd ağ rəngli polietilen bükümdə ayrı-ayrılıqda çəkisi 4,956 qram və 4,150 qram olmaqla ümumi təmiz çəkisi 9,106 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 21,871 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib sonradan ayrı-ayrı şəxslərə satıb gəlir əldə etmək məqsədilə üstündə saxlamaqla daşımış və 27 aprel 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 6-cı Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ağ rəngli polietilen bükümdə ayrı-ayrılıqda çəkisi 4,956 qram və 4,150 qram olmaqla ümumi təmiz çəkisi 9,106 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 21,871 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Qızı Şahid4 da narkotik vasitə istifadəçisidir. 26 aprel 2022-ci il tarixdə səhhətində olan problemlərlə əlaqədar müayinə olunmaq üçün Bakı şəhərinə yola düşmüşdür. Qızı Röya da Bakı şəhərində qayınanasının yanında yaşayan uşaqlarını görmək üçün onunla gəlmişdir. Şəhərə çatan kimi qızı ondan ayrılıb qayınanasıgilə getmişdir. O isə Bakı Beynəlxalq Avtovağzalının ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün iki bükümdə cəmi 11 qram psixotrop maddə metamfetamin və narkotik maddə heroin almışdır. Yaşadığı Bərdə şəhərində narkotik vasitə və psixotrop maddələri çətinliklə əldə etmiş, yolu uzaq olduğundan metamfetamin və heroini bir qədər çox alıb, uzun müddət istifadə etməyi düşünmüşdür. Həmin gün axşam saatlarında qızının qayınanasıgilin yaşadığı evə gedib, orada gecələmişdir. Səhəri gün axşam saat 21 radələrində qızı Röya ilə birlikdə sonuncunun qayınanasıgillə sağollaşıb yaşadıqları Bərdə şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Evdən çıxıb Yasamal rayonu, M.Müşviq küçəsi ilə piyada hərəkət edərkən həmin ərazidə xidmət aparan üç polis əməkdaşı onlara yaxınlaşıb, özlərini şübhəli apardıqlarını bildirib, şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub-olmadığını soruşmuşlar. Onun üzərində narkotik vasitə və psixotrop maddə olduğundan həyəcanlanmış və polislərdən yayınmağa çalışmışdır. Buna görə də, polislər onları Yasamal RPİ-nin 28-ci Polis bölməsinə aparmışlar. Yolda gedərkən, polis əməkdaşlarına üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını demişdir. Bölmənin inzibati binasına çatandan sonra orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir gün əvvəl əldə etdiyi birinin içərisində metamfetamin, digərinin içərisində isə heroin olan iki ədəd bükümü çıxararaq təqdim etmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və qeyd etdiklərindən başqa heç nə aşkar olunmamışdır. Üzərindən cəmi 11 qram heroin və metamfetamin aşkar edilsə də, polis əməkdaşlarının təzyiqinə məruz qalmış, belə ki, polislər onu qızının da tutulacağı ilə hədələyib, üzərində 9,106 qram metamfetamin, 21,871 qram heroin olmasını etiraf etməyə məcbur etmişlər. O, qızı Röyanın tutulmaması üçün polislərin dediyi kimi etmiş, videoçəkiliş aparılarkən üzərində 9,106 qram metamfetamin, 21,871 qram heroin olmasını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin nəticəsi barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Əslində isə onun üzərində şəxsi istifadəsi üçün əldə etdiyi cəmi 11 qram olan iki bükümdə heroin və metamfetamin olmuşdur. Özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X3 6-cı patrul bölüyünün əməkdaşıdır. 27 aprel 2022-ci il tarixdə saat 20:00-da xidmət yoldaşları Şahid1 və Şahid3 ilə birlikdə onlara təhkim olunmuş ərazidə xidmətə başlamışlar. Həmin tarixdə saat 20:50də onlar ünvan 4 ünvanın qarşısında avtopatrulla hərəkətdə olan zaman iki nəfər qadının özlərini şübhəli aparmasını görüb onlara yaxınlaşmışlar. Bu zaman həmin qadınlar həyəcanlanaraq uzaqlaşmaq istəmişlər. Onlar hər iki qadını saxlayıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və etdikləri qeyri-adekvat hərəkətlərin səbəbini soruşub şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin qadınlar heç bir sənəd təqdim etməmiş, aralarında nisbətən yaşlı olan qadın üzərində narkotik vasitə daşımasını etiraf etmişdir. Odur ki, həmin qadınları Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə dəvət etmişlər. Yolda olarkən yaşlı qadın uzun müddətdir ki, narkotik vasitə qəbul etməsi barədə bildirmişdir. Polis bölməsində onların Təqsirləndirilən şəxs və onun qızı Şahid4 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Xidməti otaqların birində video çəkiliş aparılmaqla onların və müdafiəçinin, həmçinin, dəvət edilmiş bir nəfər qadının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində heroin və metamfetamin olmasını bildirmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və bir bükümün içərisində qəhvəyi rəngli kütlə, digər iki bükümün içərisində isə ağ rəngli kristallik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olmasını, şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında «Aydın» adlı şəxsdən almasını və üzərində daşımasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Tədbirin nəticələri ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Sonuncu uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, o, özü isə səhhətində yaranmış problemlərlə əlaqədar bir ildən çoxdur ki, narkotik vasitə qəbul edir. Buna görə də, hazırda övladları Bakı şəhərində qayınanası ilə birlikdə yaşayırlar. 26 aprel 2022-ci il tarixdə səhər saatlarında anası Təqsirləndirilən şəxs müayinə olunmaq üçün Bakı şəhərinə gedəcəyini bildirmiş, o da uşaqlarını görmək üçün anası ilə birlikdə getməyə qərar vermişdir. Odur ki, 26 aprel 2022-ci il tarixdə günorta saatlarında onlar Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə çatdıqdan sonra o, qayınanasıgilə getmiş, anası isə müayinə olunmaq üçün getmişdir. Həmin gün axşam saatlarında anası qayınanasıgilə gəlmiş, səhəri gün, yəni 27 aprel 2022-ci il tarixdə, saat 21 radələrində onlar qayınanasıgillə sağollaşıb Bərdəyə qayıtmaq üçün yola düşmüşlər. Yasamal rayonu M.Müşviq küçəsi ilə piyada hərəkət edərkən özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları tərəfindən saxlanılıb, Yasamal RPİ-nin 28-ci Polis bölməsinə aparılmışlar. Yolda anası üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bunadək anasının üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsindən xəbəri olmamışdır. Polis bölməsində anası və o ayrı-ayrı xidməti otaqlara dəvət edilmişlər. Onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilsə də, heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya aşkar edilməmişdir. Sonradan polislər anasının üzərindən psixotrop maddə və narkotik vasitə aşkar edilməsini bildirmişlər. Saxlanılarkən və bölməyə aparılarkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X3 6-cı patrul bölüyünün əməkdaşıdır. 27 aprel 2022-ci il tarixdə saat 20:00-da Yasamal RPİ-də baş tutan təlimatdan sonra Şahid3 və Şahid2la birlikdə onlara təhkim olunmuş ərazidə xidmətə başlamışlar. Həmin gün axşam saat 20:50-də onlar ünvan 5 ünvanının qarşısında avtopatrulla hərəkət edərkən iki nəfər qadının özlərini şübhəli apardıqlarını görmüşlər. Avtomobili saxlayıb həmin qadınlara yaxınlaşmışlar. Bu zaman sonuncular həyəcanlanıb, uzaqlaşmaq istəmişlər. Onlar hər iki qadına xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər. Həmin qadınlar heç bir sənəd təqdim etməmişlər. Söbhət zamanı qadınlardan aralarında nisbətən yaşlı olanı üzərində narkotik vasitə olmasını bildirmişdir. Odur ki, həmin qadınları Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinə dəvət etmişlər. Yolda olarkən yaşlı qadın uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini demişdir. Polis bölməsində onların şəxsiyyəti araşdırılmış, nisbətən yaşlı olanın Təqsirləndirilən şəxs, digərinin isə onun qızı Şahid4 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Xidməti otaqların birində video çəkiliş aparılmaqla onların, müdafiəçinin, həmçinin, dəvət edilmiş bir nəfər qadının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Sonuncu təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını demişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və bir bükümün içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə, digər iki bükümün içərisində isə ağ rəngli kristallik metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olmasını, şəxsi istifadəsi üçün 26 aprel 2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalı ərazisində «Aydın» adlı şəxsdən almasını və üzərində daşımasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, iş üçün əhəmiyyət kəsb edən əlavə heç nə aşkar edilməmişdir. Həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Sonda tədbirin nəticələrini özündə əks etdirən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İşin 22-25-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümün içərisində olan narkotik vasitənin heroin, iki ədəd ağ rəngli polietilen bükümün içərisində olan psixotrop maddənin metamfetamin olmasını və şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında «Aydın» adlı şəxsdən 250 (iki yüz əlli) manata almasını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli 6/2436 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,956 qram və 4,150 qram, ümumi təmiz çəkisi 9,106 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 21,871 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 160-161-ci vərəqlərindəki diskə baxış keçirilməsi haqqında 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Azərbaycan Respublikası DİN-in Əlahiddə X3 əməkdaşlarının, bir nəfər qadın cinsindən olan dəvət edilmiş şəxsin və 22 saylı vəkil bürosunun müdafiəçisi Nofəl Əhmədovun iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli, içərisində psixotrop maddə metamfetamin olan iki ədəd ağ rəngli bükümü təqdim edərək şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı Beynəlxalq Avtovağzalında «Aydın» adlı şəxsdən 250 manata almasını bildirmişdir. Məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 4067 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ambulator-psixiatrik ekspertizasının 16 avqust 2022-ci il tarixli 2187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsnm məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. İşin 162-163-cü vərəqlərindəki 07 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində heç bir yazı və marka adı qeyd olunmayan bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 166-167-ci vərəqlərindəki 07 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 21,871 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 9,106 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 21,821 qram narkotik vasitə heroin və ümumi çəkisi 9,006 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. İşin 147-150-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 29 yanvar 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancından 15 faiz tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bərdə rayon məhkəməsinin 27 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 03 il şərti sınaq müddəti təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 sentyabr 2007-ci il tarixli qərarı ilə Bərdə rayon məhkəməsinin 27 iyun 2007-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti təyin edilmiş, CM-in 221.2.1 və 221.2.2-ci maddələri hökmdən xaric edilərək qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o, Bərdə rayon məhkəməsinin 25 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 iyun 2008-ci il tarixli qərarı ilə Bərdə rayon məhkəməsinin 25 fevral 2008-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 132-ci maddəsi tətbiq edilərək aylıq qazancından 15 faiz tutulmaqla 06 ay islah işləri cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq dərhal həbsdən azad edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 sentyabr 2007-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il şərti sınaq müddətinin müstəqil icra edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 27 iyun 2007-ci il tarixli hökmü ilə təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 sentyabr 2007-ci il tarixli qərarı ilə dəyişdirlərək 2 ilə endirilmiş sınaq müddəti 25 sentyabr 2009-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən həmin tarixdə onun məhkumluğu ödənilmişdir. İşin 205-211-ci vərəqlərindəki qərardan görünür ki, 18 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan «Aydın» adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İşin 41-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 21,871 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 21,821 qram hissəsi və ümumi təmiz çəkisi 9,106 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,006 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində heç bir yazı və marka adı qeyd olunmayan bir ədəd DVD-R modelli isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 21,871 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 21,821 qram hissəsi və ümumi təmiz çəkisi 9,106 qram olan iki ədəd bükümdə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,006 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində heç bir yazı və marka adı qeyd olunmayan bir ədəd DVD-R modelli isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1666/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1666/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver