Məhkəmə qərarları › İş №1(101)-1666/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1666/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1666/2023 11.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Astara şəhəri S.Vurğun küçəsi ev 130-da pasport qeydiyyatda olan, ünvan 1-də yaşamış, 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda, şəxsiyyəti X3 vətəndaşı “Səyyad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qanunsuz olaraq külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqli olan təmiz çəkiləri 2,457 qram və 201,438 qram təşkil edən narkotik vasitə heroini və qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 70,540 qram psixotrop maddə metamfetamini əldə edib, 201,438 qram narkotik vasitə heroini və 70,540 qram psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanında saxlamış, digər 1 büküm narkotik vasitə heroini isə üzərində saxlamaqla daşımış, 09 mart 2023-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 2,457 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyataxtarış tədbirlərinin davamı olaraq 10 mart 2023-cü il tarixdə saat 02:10-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə keçirilmiş baxış zamanı mənzilin sanitar qovşağının girişinin sol hissəsində tavanın altında taxta parçasının üzərində külli miqdarda - təmiz çəkisi 201,438 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 70,540 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan 1 ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulduğu gün evdə olmuş, bu zaman əməliyyatçılar gəlib qapını döymüş, o da, evin qapısını açmışdır. Həmin vaxt onda 2 qram narkotik vasitə heroin olmuşdur. Lakin ittiham aktında göstərilən 200 qram narkotik vasitə ona məxsus deyildir. O, həmin narkotiki boynuna almamış, lakin polis işçiləri onu ailəsi ilə təhdid etdiyinə və ailəsini də polis idarəsinə gətirəcəklərini dediklərinə görə, onların dedikləri ilə razılaşmışdır. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Murad Baxşıyev həmçinin bildirdi ki, polis işçiləri onu saat 8-9 radələrində evə gəlib tutmuşlar. Onun yaşadığı ev həyət evi olmuş, polis işçiləri gələndə o, ailəsi ilə evdə olmuşdur. Bundan əvvəl də polislər 4-5 dəfə onun tutmaq üçün gəlmiş, ancaq tuta bilməmişlər. Polis əməkdaşları onu saxlayandan sonra evin 2-ci mərtəbəsinə baxış keçirmişlər. 2 qram narkotik vasitə evdə olmuş, polislər həmin narkotiki onun cibinə qoymuş, sonra isə polis bölməsinə aparmışlar. Evə baxış keçirilməsində onun özü ilə birlikdə vəkili də iştirak etmiş, lakin ailə üzvləri iştirak etməmişdir. Çəkiliş zamanı o, narkotik vasitəni onlayn şəkildə aldığını demişdir. Polis bölməsində onu ailə üzvləri ilə təhdid etdikləri üçün deyilənlərlə razılaşmışdır. Polis işçilərinin ona təzyiqlər göstərməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Məhkəmədə onun barəsində sanksiya verilən vaxt hakimə narkotik vasitənin özünə məxsus olmadığını və ailəsi ilə təhdid edildiyini demişdir. Evə baxış zamanı narkotikdən başqa heç bir şey aşkar olunmamış, həmçinin evdən tərəzi aşkar edilməmişdir. Polis əməkdaşları evə baxış keçirmək barədə onun razılıq ərizəsini almamış, qaynanasından belə icazə alınıb-alınmaması barədə məlumatı yoxdur. 070 284-89-89 telefon nömrəsi onun özünə məxsusdur, həmin nömrədən istifadə etməklə onun votçap yazışmaları olmuşdur. Həmin nömrə ilə onun narkotiklə bağlı yazışmaları olmuşdur. Bəzi tanıdığı şəxslərlə birlikdə atışıb bir yerdə narkotiklər almışlar. Saxlanılan zaman polis əməkdaşları onun telefonunu əlindən almışlar. Təcridxanaya qəbul ediləndə həkim müayinəsindən keçirilmiş, lakin üzərində heç bir xəsarət izləri aşkar olunmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə alüdəçisidir, əvvəllər məhkum olunmuşdur. 06 mart 2023-cü İl tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində hazırda ünvanını xatırlamadığı yerdən satış məqsədilə özünü ona İran vətəndaşı kimi təqdim edən “Səyyad“ adlı şəxsdən bir bükümdə metamfetamin və iki bükümdə heroin almışdır. Həmin narkotik vasitə və psixoptrop maddələri alarkən onlar üçün “Səyyad” adlı şəxsə ödəniş etməmişdir. Çünki razılığa görə, həmin narkotik vasitələri və psixotrop maddələri Səyyaddan aldıqdan sonra onları satacaqmış və qalan pulları Səyyad adlı şəxsin ona verəcəyi hesaba göndərəcək, həm də satışdan öz payına düşən pulu və əziyyət haqqı olaraq istifadəsi üçün ona narkotik vasitə qalacaqmış. Bir hissəsini götürüb yaşadığı ünvan 1 ünvanında sanitar qovşağının tavan hisəsində saxlamış, kiçik bir hissəsini isə əynindəki şalvarın sol yan cibinə qoymuşdur. 09 mart 2023-cü il tarixdə saat 21:45də yaşadığı evin həyətinə çıxmışdır ki, narkotik vasit istəyən olarsa, satışını həyata keçirsin. Belə ki, həmin ərazi narkotik vasitələrin satışını etmək üçün Bakı şəhərinin digər ərazilərinə nisbətən daha əlverişli yerdir. Elə həmin vaxt saat 21:45-də onun yanına üzdən tanımadığı iki nəfər yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək Nəsimi RPİ-nin 20-ci PB-yə dəvət etmişlər. Otaqların birinə apararaq hüquqlarının müdafiəsi üçün öz xahişi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Polis bölməsində olduğu zaman üzərinə videoçəkilişdən istifadə etməkə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonradan polis bölməsinə gəlmiş iştirakçıların və polis bölməsinə gəlmiş mütəxəssisin iştirakı ilə üzərinə baxış keçirilmiş, ona üzərində qanunla qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman o, Səyyad adlı şəxsdən aldığı və üzərində gəzdirdiyi 1 ədəd heroin bükümünü şalvarının sol cibindən və 1 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin başqa qanunsuz heç nə aşkar edilməmişdir. Baxış zamanı təqdim etdiyi büküm açılaraq baxılmış və nə olması sual edildikdə, həmin maddənin narkotik vasitə heroin olduğunu və Səyyad adlı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşlarının onu ifşa etdiyini görüb, yaşadığı mənzildə də narkotik vasitə olduğunu demiş və baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Evə baxış keçirilən zaman iki ədəd bükümdə heroin və metamfetamin aşkar edilmiş, habelə satış zamanı istifadə etdiyi elektron tərəzi tapılmışdır. Onları da İran vətəndaşı kimi özünü ona təqdim edən Səyyad adlı şəxsdən ona bildirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi adlanan ərazidən xatırlamadığı yerə qoyduqdan sonra götürdüynü demişdir (cild 1, iş vərəqi 96-99). Elan edilmiş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, ifadələri oxumadan imzaladığını və onları polis işçilərinin təzyiqi ilə verdiyini, ona görə də məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 mart 2023-cü il tarixdə Murad adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatda adı çəkilən şəxsin Nəsimi rayonu, Sverdlov döngəsi 7, ev 8 ünvanına gələcəyi bildirilmişdir. Məlumatla əlaqədar onun rəhbərliyi və 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar 09 mart 2023-cü il tarixdə saat 20 radələrində qeyd olunan ünvana gəlmiş, bir qədər gözlədikdən sonra saat 22:45-də əlamətlərinə görə Murad adlı şəxsə oxşar şəxsi həmin ünvanda görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək və həmin şəxsin adının Murad olduğunu dəqiqləşdirdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin satışında və saxlanılmasında şübhəli olduğunu bildirərək polis bölməsinə gətirmişlər. Polis bölməsində şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Daha sonra ona vəkil təyin olunmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd şəffaf selofan bükülünü masanın üzərinə qoymuş, bükülünün içərisində narkotik vasitə heroin olmasını, onu Səyyad kimi özünü təqdim edən İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitə və psixotrop maddə olduğunu, onları da Səyyaddan aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin sanitar qovşağının tavan hissəsinin alt tərəfində taxta lövhə üzərinə keçirilmiş selofan torba aşkar edilmişdir. Həmin selofan torbanın içərisindən bir ədəd elektron tərəzi və içərisində heroin və metamfetaminə bənzər kütlələr olan iki büküm müəyyən edilmiş, onlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra keçirilmiş baxış barədə protokol tərtib olunmuş və hamı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, 21-ci Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 21:45-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında aparılmış əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman 1 bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan mənzilə baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 02:10-da Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı mənzilə baxış keçirilmiş və orada sanitar qovşağın tavan hissəsninin altına keçirilmiş lövhə üzərindən bir bükümdə çəkisi 201,438 qram narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd bükümdə təmiz çəkisi 70,540 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş 10 mart 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçrilməsi zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 2 ədəd DVD disklərə həmin tarixdə şübhəli şəxsin və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, bu zaman şəxsi axtarış və baxış protokollarında qeyd olunanların videogörüntülərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuş və istintaq hərəkətində iştirak edən şəxslərin şikayəti və vəsatəti daxil olmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2023-cü il tarixli 6/1448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə” yazısı və imzalar olan 1 ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,457 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının nərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Cinayət işinə əlavə edilmiş 10 mart 2023-cü il tarixli 6/1449 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bükümlər olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 201,438 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 70,540 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini, həmçinin bükümlərdəki heroin və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2023-cü il tarixli 6/1576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinlər kimyəvi tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. Ambulator məcburi-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 2216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi haqqında 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, telefonun “Whatsapp” proqramında olan yazışmalara görə Təqsirləndirilən şəxs müxtəlif şəxslərə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etmişdir. Belə ki, “Nicad” adı altında olan şəxslə yazışmasında “ Salam qaqa necəsən, yanıva gəlmək istirəm, 20 manatlıq torpaq götürmək istəyirəm.“ “Mahir 16 adı” altında olan şəxslə olan danşıq zamanı Təqsirləndirilən şəxs ona «ay brat Biləsuvardayam, malı götürüb gəlirəm, bilmək olmur kuryer malı nə vaxt gətriəcək, gətirsin gəlirəm». “Brat mənə 5 kola 1 patı, “qaqa dəyməyin saxlayın, mən öz malımdan sizə verəcəm, tanış uşaqlar da götürdü.” , “Könül Bacı” adı altında olan şəxslə yazışmasında “ mənə 10 10 nə olar həmişəki kimi, canım narahat olma birazdan məndə daş olacaq” , “Sərdar 2” adlı şəxslə danışığı zamanı “Ay murad mənə bir çet kola tapa bilərsən olurəm?” “Nuray” adı altında yazışdığı şəxslə həmin şəxsə narkotik vasitəyə bənzər maddələrin şəklini ataraq onu almağa dəvət etməsinə dair yazışmalar öz əksini tapmışdır. Bundan başqa “Mahir 16” adı altında olan şəxslə yazışmalar zamanı sonuncu ilə narkotik maddə və psixotrop maddələr satmasına dair yazışmalar öz əksini tapmışdır. Qeyd olunanlarla bağlı sual edildikdə Təqsirləndirilən şəxs susmuş və hər hansı bir məlumat verməmişdir. İstintaq orqanının əməliyyat tapşırığına 16 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə mənbəyinin və “Səyyad” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə edilməmiş, sonuncunun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi müəyyən edilmişdir. İbtidai istintaq orqanının 16 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş kimyəvi tərkib və komponentlərinə görə müxtəlif olan təmiz çəkisi 2,457 qram və 201,438 qram narkotik vasitə heroin, 70,540 qram psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi, habelə şəxsi axtarış zamanı sonuncunun üzərindən aşkar edilən və narkotik vasitə və psixotrop maddələrin satışına dair mötəbər məlumatları özündə əks etdirən bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,337 qram və 201,218 qram heroin, 70,340 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi və «Samsunq» markalı mobil telefon aparatı Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk sübut növü kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1,69.3-cü maddələri ilə 1 il 8 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona 8 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilərək həmin qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd olunpan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, tutulduğu gün evdə olduğunu və əməliyyatçıların onu evdə tutub polis bölməsinə apardıqlarını, həmin vaxt onda 2 qram narkotik vasitə heroin olduğunu, lakin ittiham aktında göstərilən 200 qram narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotiki boynuna almadığını, lakin polis işçiləri onu ailəsi ilə təhdid etdiyinə görə, onların dedikləri ilə razılaşdığını, məhkəmədə onun barəsində sanksiya verilən vaxt hakimə də narkotik vasitənin özünə məxsus olmadığını və ailəsi ilə təhdid edilməsini bildirdiyini, evə baxış zamanı narkotikdən başqa heç bir şey aşkar olunmadığını, həmçinin evdən tərəzinin də aşkar edilmədiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri Səyyad kimi tanıdığı İran vətəndaşından satış məqsədi ilə və şəxsi istifadəsi üçün əldə edib üzərində və yaşadığı mənzildə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə, evinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və istifadəsində olan «Samsunq» markalı mobil telefonun “Whatsapp” proqramında olan yazışmalara baxış zamanı həmin proqramda onun müxtəlif adlar altında qeyd olunmuş şəxslərdan narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və onların satışı ilə məşğul olması barədə çoxsaylı yazışmalar, həmçinin narkotik vasitəyə bənzər maddələrin şəkillərini müxtəlif şəxslərə ataraq onu almağa dəvət etməsinə dair yazışmalar öz əksini tapmışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün ailəsi ilə təhdid edilərək təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı Səyyad adlı şəxsdən aldığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara bükülməsini və xırda bükümlərə çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, narkotikin bir hissəsinin üzərindən aşkar olunmasını, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 09 mart 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 2216 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,337 qram və 201,218 qram çəkidə narkotik vasitə heroin, 70,340 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Samsunq» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, həmçinin şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 25 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 180 (yüz səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 180 (yüz səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,337 qram və 201,218 qram çəkidə narkotik vasitə heroin, 70,340 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 1 ədəd «Samsunq» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 180 (yüz səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar