Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1666/2024 01.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: X6 və X13 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Babək rayonu, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq Prospekti, 150152, 23 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 25 yanvar 2024-cü il tarixdə, saat 16:50-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 18:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 7,305 (yeddi tam mində üç yüz beş) qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Arif adlı dostu ilə şərikli restoran işlədirlərmiş. Arif arada bir ora gəlib-gedirmiş. 25 yanvar 2024-cü il tarixdə restoranda imişlər. Restoran Xalqlar dostluğu ərazisində Elşən Süleymanov 160A ünvanında yerləşir. O həmin gün restorana gələn qonaqları qarşılayırmış. Həmin vaxt restorana polis əməkdaşları gəlmişlər. Onu tutub aparmışlar. Soruşanlara da heç nə deməmişlər. Onu maşına mindirib ortada oturtmuşlar. Sağındakı polis əməkdaşı qarşıda oturana əsəbləşmiş və bildirmişdir ki, gedib müşahidə kameralarını gətirsin. Sonradan qabaqdakı polislərdən biri düşüb restoranın müşahidə kameralarını götürmüşdür. Ona maşında güc tətbiq etmişlər. Onu birbaşa banditizmə aparmışlar. Orada onu 4-cü mərtəbəyə çıxarmışlar. Rəis onu qarşılamış və demişdir ki, o “zakazdır”. O da bunun nə demək olduğunu soruşanda və sənədə imza atmayacağımı bildirəndə rəis əsəbləşmiş və oradakı polislərə onu döyməyi tapşırmışdır. Onu başqa otağa salmışlar. Ayaqqabısını çıxarıb ayağının altını vurmağa başlamışlar. Onu yerə yıxıb döymüşlər ki, sənədi imzalasın. Oyananda görmüşdür ki, həkim gətiriblər. Həkim polisə vəziyyətinin ağır olduğunu demişdir. Həkimi çölə çıxarmışlar və biraz sonra həkim çıxıb getmişdir. Onu təhdid etmişlər ki, əgər qəbul etməsə qardaşını da ona “padelnik” qoşacaqlar və onu da yükləyəcəklər. Onu guya ayın 23-ü narkotiki Nərimanovda parkdan tapdığına dair sənədə qol çəkməyə məcbur etmişlər. Sənədi ona əzbərlətmişlər. Onu çəkilişə aparandan sonra səhər MSY-ə göndərçmişlər. Başqa sənədə də qol çəkdirmişlər. Məhkəməyə gedən zaman onu ayaqyoluna salmış və demişlər ki, əgər orada narkotikin ona məxsusluğunu etiraf etməsə, barəsində tədbir görəcəklər. Məhkəmədən sonra həmin rəisi görmüşdür. Rəis ona demişdir ki, Şahin ona “salam” deyir. O zaman başa düşmşdür ki, Şahin onu “zakaz” edən şəxsdir. Onun qohumu Banditizmdə işləyir. O heç bir narkotik vasitədən istifadə etmir. Onu tutmaqlarına səbəb restoran işlətməyi deyil, Şahin adlı şəxslə arasındakı problemdir. O sənədə qol çəkənədək ona güc tətbiq edilib. Döyülməyi ilə bağlı Baş Prokurorluğa müraciət etmişdir. Baş prokurorluqdan da onunla görüş keçirmişlər. İttiham üzrə özünü təqsirli bilmir. Banditizmdə ittihamı məcbur olub qəbul etmişdir. O polis əməkdaşlarına videogörüntülərdə büküm təqdim etmişdir. Çünki çəkilişdən əvvəl bükümü sol cibinə, telefonu sağ cibinə qoyub sıra ilə onları videoçəkilişdə təqdim etməyini tapşırmışlar. Məhkəmədə hakim ona “niyə narkotik süpürgəçinin yox, sənin qabağına çıxır” sualını verəndə, polislər onu əvvəlcədən təhdid etdiyi üçün cavab verməmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İşdə olan sənədlərdən, vatsap yazışmalarından və anten dairə məlumatlarından da göründüyü kimi onun narkotiklə əlaqəsi yoxdur. O tutulmamışdan əvvəl DİN-nin ÇPA-da işləmişdir. Onu restoranda saxlamışlar. Restoranda saxlanmağını təsdiq edən şahidlər də var. Kameraların yaddaş qurğusunu maşında onu tutan və qabaqda oturan polis əməkdaşı çıxarıb aparmışdır. Kameralar təhqiqatçının otağında imiş. Onu tutan polis əməkdaşlarının adlarını bilmir. Müdafiəçila müqavilə bağladıqan sonra istintaqda heç bir etirafedici ifadə verməmişdir. Onun fiziki gücə məruz qalmağı məhkəmədəki videogörüntülərdən də aydın olur. O videoçəkilişdən əvvəl müdafiəçi ilə təmin olunmamışdır. Məhkəməyə çıxanadək onun vəkillə konfidensial görüşü olmamışdır. O vəkili tutulan gün çəkiliş anında və məhkəmədə görmüşdür. O tutulduqdan sonra ailə üzvlərinə məlumat verilməmişdir. ***-***-**-** saylı mobil nömrə ona və ya yaxınlarından hər hansı birinə məxsus deyil. ***-***-**-** onun qardaşı Turala məxsusdur. 23 yanvar 2024-cü il tarixdə o Nərimanovda olmamışdır. Onun istifadəsindəki nömrə işlək vəziyyətdə və üzərində olmuşdur. O saxlandıqdan sonra evinə və maşınina baxış keçirilməmişdir. O Şahinlə yaxın olmuşdur, Şahin kasıb bir şəxs imiş. Tez-tez restorana gəlir, ona yemək, yol pulu verirmiş. Bir gün restorana Türkan adlı qız yaxınlaşmışdır. Türkan və yanındakı qız şikayət etmişdir ki, guya restoranda Şahin tərəfindən onlara nalayiq hərəkətlər olub. O da buna görə Şahinə zəng etmiş və onunla mübahisə etmişdir. O da Şahinə söymüşdür. Şahinlə dalaşmaqlarına aid mesajlar vatsapda da var. Banditizmdə də onu bu adla saxlamışblar. Şahinin qohumları Banditizmdə işləyir. O Şahinə kömək edirmiş. Şahin heç bir yerdə işləmirmiş. Qızlar isə onun tanışı imiş. O məcbur olaraq ittihamı qəbul etdiyini məhkəmədə qorxduğundan deməmişdir. Qardaşını tutacaqlarından çox qorxduğu üçün məhkəmədə ittihamı qəbul etmişdir. İndi isə müdafiəçisi var. O vəkilinə təzyiqlərə məruz qalmağına dair məlumat vermişdir. Müstəntiqə şikayət etməmişdir. Müstəntiq hər şeyi dəqiq bilirmiş. Onu Tural adlı qardaşını tutmaqla təhdid edirmişlər. O Şahinin yalançı olduğunu və onun kimi başqa şəxslərin də saxta ittihamla tutulmasına səbəb olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş və onun gedə biləcəyi yer müəyyən edilmişdir. Şəxs Nizami rayonu Məmmədov küçəsi yaxınlığında saxlanılmışdır. Saxlanıldıqdan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. Baş idarənin inzibati binasının xidməti otaqların birində təhqiqatçı və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü sürətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirərək, əynində olan göy rəngli cins şalvarın cibindən narkotik vasitə heroini çıxarmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyinə dair suala cavab verərək bildirmişdir ki, 2 gün əvvəl narkotiki Nərimanov rayonu ərazisindən götürmüşdür. Əməliyyat məlumatı 25 yanvar 2024-cü il tarixində daxil olmuşdur. Əməliyyat qrupunda 3 nəfər iştİrak etmişdir. Kimlərin iştirak etdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsı Nizami Rayonu İsmayıl Məmmədov küçəsində məktəbin yanında saxlamışlar. Məktəbin nömrəsi yadında deyil. Əməliyyət axtarış tədbirinin növü məxfidir. Soraqlaşma, güdmə etməmişlər. Vətəndaşların sorğusundan istifadə olunmuşdur. Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs Nizami rayonuna dostları ilə çay içməyə getmişdir. Təqsirləndirilən şəxs yaşayış yerinə, nəqliyyət vasitəsinə baxış keçirməyə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs könüllü surətdə narkotik vasitənin üzərində olmasını etiraf etmişdir. Baxışın Təqsirləndirilən şəxs yaşayış yerində, nəqliyyat vasitəsində keçirməyə zərurət yaranmamışdır. Nuralı kafedə saxlamamışlar, obyektin qabağında saxlamış. Kənardan heç kəs saxlama vaxtı müdaxilə etməmişdir. Kafedə yerləşən müşahidə kameralarının yaddaş qurğuları BMCMİ-nin əməkdaşları tərəfindən çıxarılmamış və aparılmamışdır. Təqsirləndirilən şəxs münasibətdə idarədə fiziki, psixi təzyiq tədbiq olunmamışdır. Təqsirləndirilən şəxs vəziyyətinin ağırlaşması ilə əlaqədar təcili tibbi yardım briqadasının çağırılması barədə məlumatı yoxdur. Təhqiqatçı yəqin ki, Təqsirləndirilən şəxs ailə üzvlərini saxlama barədə məlumatlandırmışdır. Təqsirləndirilən şəxs özü təhqiqatçının inzibati otağında könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. İstintaqdada eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nuralı təxmini 1 ildir ki, tanıyır, münasibətləri həmişə normal olmuşdur. Təxminən 5-6 ay bir-birlərini tanıdıqdan sonra birlikdə obyekt açmışlar. Elşən Süleymanov 160 ünvanında yerləşən çay evini götürüb işlədirmişlər. O universitetdə müəllim olduğuna görə ora nəzarət etmək üçün az vaxtı olurmuş. Əsasən Nural özü bütün işlərlə maraqlanıb, nəzarət edirmiş. Yanvar ayının 24-25-i aralığı o da obyektdə imiş, içəridə kabinetdə oturubmuş. Birdən zaldan səs-küy gəlməyə başlamışdır. O zala çıxıb nə olduğunu soruşmaq istədikdə Nuralın qoluna 2 nəfərin girdiyini görmüşdür. Ddüz qapının qarşısında imişlər, hələ çölə çıxmamışlar. Kim olduqlarını soruşduqda tanımadığı şəxs onu sinəsindən itələmişdir. Obyektin qabağında qara rəngli maşın var imiş və Nuralı o maşına mindirib aparmışlar. Nural “Əmi məni apardılar” deyə qışqırırmış. Daha sonra 2 nəfər geriyə qayıdıb obyektin kameralarının işləyib-işləmədiyini soruşmuşdur, ümumilikdə 4 və ya 5 nəfər imişlər. Nuralı tutan zaman həmin şəxslərdən kim olduqlarını soruşmuş, ancaq onlar ehtiyac olmadığını bildirmişlər. Bununla yanaşı həmin ərazinin sahə müvəkkilinin nəzarət kameraları da onların obyektində yerləşirmiş. O sahə müvəkkilinə xəbər vermək istədikdə onlar demişdir ki, heç kimə məlumat verməyin, onlar özü ailəsinə də xəbər edəcək. 2 gün heç kimə Nural barədə məlumat verməmişdir. Sahə müvəkkilinə həmin gün məlumat vermişdir, axşam gəlib obyektə baxmışdır. Üstündən 2 gün keçdikdən sonra Nuralın qardaşı ilə əlaqə saxladıqdan sonra xəbər gəlmişdir ki, Nural BMCMİ-də saxlanılır. Hələ də devuarlar onlara qaytarılmayıb. Nuralın narkotiklə bağlı heç bir hərəkətini görməmişdir, nə istifadə, nə də satış. Hadisə olan zaman çay evini 5-6 ay imiş ki, işlədirmiş, hazırda da fəaliyyət göstərir. Nural içəri girən zaman sağ tərəfdə zalda 2-ci stolda hay-küy qopmuş, o sol tərəfdəki kabinetdə imiş, oradan çıxanda Nuralı barın qarşısında qoluna girib saxlayibmışlar. Nural 4 və ya 5 nəfər tərəfindən saxlanılıbmış. Nural küçədə yox, obyektin içərisində saxlanılmışdır. İsmayıl Məmmədov küçəsinin hansı ünvan olduğunu bilmir. Kameralar işlək vəziyyətdə olmuşur, çünki sahə müvəkkilinin də kameraları orada imiş. Nuralı öz avtomobili ilə deyil, başqa qara maşınla aparmışlar. Nuralı nə üçün apardıqlarını bilməmişdir. Nural narkotik vasitələrə meylli deyilmiş. Nuralın aparıldığı maşının nömrəsi görünmürmüş, onu çölə buraxmırmışlar. Saxlanılan zaman obyektdə müştərilər də var imiş. Nural şəxsi avtomobili ilə işə gəlib-gedirmiş. Həyəcanlandığı üçün heç kəsə xəbər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yanvar ayının 25-i imiş. Axşama doğru 4-5 nəfər birdən içəri girmişlər, o barın qarşısında dayanmışdır. Nuralın qolundan tutub onu çölə çıxartmışlar, maşına mindirmişlər. O Arifə tez xəbər vermişdir. O nə olduğunu soruşduqda onlar özləri məlumat verəcəklərini demişlər. O Nuralı axtarırmış. Özlərini təqdim etməmişlər. Daha sonra kameranı soruşmuşlar, yerini soruşub özləri ilə götürmüşlər. 2 gündən sonra xəbər gəlmişdir ki, Nural polislər tərəfindən saxlanılıb. Nuralın narkotiklə bağlı heç bir hərəkətini görməmişdir. Kameralar zaldan içəri girən kimi sağ tərəfdə kabinetin içərisində imiş. Kameralar işlək vəziyyətdə olmuşdur.Obyekt yeni tikili binanın altında yerləşir. Nuralı 4 nəfər saxlamışdır. Nuraı polislərin avtomobili ilə aparmışlar. Nuralın avtomobili isə orada qalmışdır. Polislərdən kim olduqlarını soruşduqda heç bir şey deməmişdir. Oradakı monitordan kameraların çəkdiyi görünürmüş. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitəni satmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarında izah edilmişdir ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il). Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 təqsirləndirilən şəxslə yaxın münasibətdə olduqları üçün maraqlı şəxslər sayıldıqlarından onların ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün yuxarıda qeyd olunduğu kimi ifadə vermişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 07 ədəd “1” manatlıq, 01 ədəd “5” manatlıq əskinaz və 03 ədəd "20” qəpiklik dəmir pul olmaqla ümumilikdə 12 manat 60 qəpik pulu təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin 01 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddəni iki gün əvvəl, yəni 23 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda parkın yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin maddənin adını “kakos” olaraq bildiyini, bu məddəni heç kimə satmaq, hədiyyə və pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadəsi üçün bu maddəni üzərində saxladığını, əvvəllər narkotik vasitələrdən bir neçə dəfə istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/545 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 7,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: 1) Heroinin təmiz çəkisi: 7,305 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,255 qram. (Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-115/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan müəyən olunur ki, 29 yanvar 2024-cü il tarixdə şəxsi axtarış və götürmənin aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 12 manat 60 qəpik pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik olmasını bildirmiş, daha sonra şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman oradan 01 bükümdə qəhvəyi rəngli, tozşəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm 01 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini saxlanılmazdan 02 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkının yaxınlığından tapdığını, həmin maddənin adını “kakos” olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X2 tərəfindən toplanmış material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilmədiyi müəyyən edildiyindən CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 2026 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan və qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1666/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1666/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver