Məhkəmə qərarları › İş №1(101)-1667/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1667/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1667/2025 06.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, hakimlər X5 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X2 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan (əvvəllər məhkum olunmamış), ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi ümumilikdə təmiz çəkisi külli miqdar təşkil edən 2,890 qram çəkidə kustar üsulla hazırlanmış pixotrop maddə olan metamfetaminin 2,485 qramını üzərində, 0,405 qramını isə yaşadığı ünvan 2 ünvanında saxlamış, bu fakt o, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 30 aprel 2025-ci il tarixdə, saat 18:37-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yaxalanıb üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarın ön sol cibindən altı ədəd sellofan bükümlərdə 0,318, 0,576, 0,387, 0,285, 0,596 və 0,323 qram çəkilərdə olmaqla ümumilikdə 2,485 qram çəkidə və həmin gün saat 19:00-19:06 müddətində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman yataq otağında olan paltar dolabının üzərindən bir ədəd sellofan bükümdə 0,405 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 30 aprel tarixində 270 nömrəli məktəbin yanında Şahin və yanındakı tanımadığı şəxs tərəfindən saxlanılmış, onu bölməyə aparıb hədə-qorxu gəlmişlər, daha sonra bölmənin arxasında çəkiliş etmişlər, cibinə 6 bükümdə metanfetamin qoymuşlar, bölmənin arxasında o getmiş, polislər də arxasından çəkilişlə gəlmişlər, çəkilişdə səhv olmuş, saat 17:00-17:30 radələri olmuş, daha sonra evə getmişlər, evdən çıxan narkotik vasitə özünün olmuş, narkotik vasitəni 7-8 aydır istifadə etmiş, soruşulduqda da özünün olduğunu demiş, yarım qram metanfetamin onun olmuş qalan 6 büküm olan onun olmamış, həmin 6 büküm narkotik vasitəni ona bölmədə çəkilişdə vermişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, lift ustası işlədiyini, 7-8 aydır narkotik vasitə istifadəçisi olduğunu, kakos və metamfetamin istifadə etdiyini, günlük dozasının yarım qram olduğunu, çəkərək istifadə etdiyini, yarım qram narkotik vasitəni 40 manata aldığını, qanuni maaşının ayda 1500 manat olduğunu, lakin əlavə olaraq 50 dənə obyektlə lift ustası olaraq müqavilə bağladığını və aylıq 4500 manat gəlirinin olduğunu, onu saat 4-5 radələrində 270 nömrəli məktəbin yanında saxladıqlarını, həmin məktəbin hövsan qəsəbəsində yerləşdiyini, küçənin adını bilmədiyini, poliklinikanın yanı olduğunu, Xanməmmədov küçəsinin bölmənin arxasındakı küçə olduğunu, saxlandığı yerlə bölmənin arasında 2 km məsafə olduğunu, evindən çıxan 0,47 metamfetamini polisin götürdüyünü, dəyişdirilib-dəyişdirilmədiyini bilmədiyini, tərəziyə qoyulub, daha sonra paket etdiklərini, özünün heç nəyə imza çəkmədiyini, sonra onu bölməyə apardıqlarını, paketin yenidən orada açıldığını, təhqiqatçının otağında yenidən çəkiliş olduğunu, evindən çıxanla digərlərini bir yerə qoyduqlarını, ayrı-ayrılıqda təqdim etmədiklərini, konvertə qoyduqlarını, özünün isə imza çəkmədiyini, heç kimə narkotik vasitə vermədiyini, birləşib birlikdə aldığı vaxtların olduğunu, belə olan zaman özünün 20 manat verdiyini, pullarını üst üstə qoyub gedib alıb böldüklərini, nömrələrin heç birini xatırlamadığını, video çəkilişdə narkotik vasitəni çıxarıb mənə məxsusdur dediyini, onu tanımadığı iran vətəndaşından aldığını dediyini, çəkiliş olunarkən narkotik vasitəni onun cibinə polisin qoyduğunu, götürməsi üçün ona işgəncə verdiklərini, başını təpiklə əzdiklərini, ananı gətirəciyik dediklərini, anasının xəstə olduğunu, polislərin onu söydüklərini, onu döyərək məcbur etdiklərini danışdığını, xəsarətlərinin hamısının qeyd olunduğunu, bud nayihəsində qaraltı olduğunu, qalan xəsarətlərinin isə gözlə görünən olmadığını, ona təsir olduğu üçün özünü təqsirli bildiyini, bölmədə olan ifadəsini oxuduğunu, onu 30 aprel tarixində, tutulduğu gün 30-cu polis bölməsində döydüklərini, daha sonra 6 büküm metamfetamini cibinə qoyduqlarını, daha sonra onu evində olan narkotik vasitəni gətirməsi üçün buraxdıqlarını, sonra yenidən çəkiliş etdiklərini, ifadəsinin həmin günün axşamı alındığını, özünü yarım qrama münasibətdə günahkar bildiyini, təsir göstərdikləri üçün qəbul etdiyini, yazını gətirib qabağına qoyduqlarını, özünün də qol çəkdiyini, Mətləb müəllim tərəfindən dindirildiyini və özünü təqsirli bildiyini dediyini, Mətləb müəllim tərəfindən dindirilərkən ona heç bir təsirin olmadığını, Mətləb müəllimin ona “mən video əsasında işə baxıram, orda göstərilir ki sən videoda qəbul etmisən”, dediyini, özünün qol çəkdiyini, yanında vəkil olmadığını, anlaqsız vəziyyətdə olduğunu, özünün 234.1-ci maddə ilə təqsirləndirildiyini düşündüyünü, istifadə etdiyini, amma satmadığını, özünü istifadəçi kimi təqsirli bildiyini, videoçəkilişdə şəxsi istifadəsi üçün olduğunu bildirdiyini, ona məxsus olan 0.47 qram metanfetaminlə bağlı heç kimə satış etmədiyini bildirmişdir. Bundan başqa o, onu saxlayanlar arasında Şahid2 olmadığını, bölmədə videoçəkiliş zamanı orada olduğunu, bir Şahini tanıdğını, onu rəisin müavini olan Cəmil adlı şəxsin döydüyünü, məktəbin yanında onu ilkin olaraq saxlayanların Şahid3 və Şahid1 olduğunu, bu şəxsin ona işgəncə verən adamların içində olmadığını, bölmədə olan zaman adamın çox olduğunu, təxminən 5 nəfər olduğunu, polislər onu saxlayan zaman onu yerə yıxarkən telefonunun düşüb qırıldığını, onların telefonu aparıb düzəltdirdiyini, daha sonra onu Cəmilin otağına apardıqlarını, orada onu döydüklərini, telefonun parolunu istədiklərini, rəisin yanında olmadığını, onların özünü təqdim etmədiklərini lakin formada olduqlarını, yerə yıxaraq onun qollarını qandalladıqlarını, özünün müqavimət göstərdiyini, buna görə onu yerə yıxdıqlarını, özünün həmin anda metamfetamin maddəsinin təsiri altında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 aprel 2025-ci il tarixində şəxsin narkotik vasitənin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin gün saat 18:00 radələrində şəxsi Cəbrayıl Xanməmmədov adlanan küçədə saxlamışlar, özlərini təqdim edərək, özünü təqdim etməsini tələb etmişlər, üzərində hər hansı bir qanunsuz predmet və ya əşya olul-olmadığını soruşduqda 6 büküm narkotik vasitəni özü könüllü sürətdə təqdim etmiş, çəkiliş zamanı evində də olduğunu bildirmiş, evinə baxış zamanıda yataq otağında patlar şkafının üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq, şəxsin anket məlumatları olduğunu, şəxsin fiziki görünüşü ilə bağlı məlumatlarının olduğunu, həmçinin şəxsin həmin yerdən keçməsi ilə bağlı məlumatlı olduqlarını və ona uyğun həmin yerdə tədbir gördüklərini, şəxsə özlərini təqdim etdiklərini, onunda özünü təqdim etdiyini, şəxsin Xanməmmədov küçəsində 18:00 radələrində saxlanıldığını, şəxsə bölmədə heç bir fiziki təsir göstərilmədiyini, videoçəkiliş zamanı Vüqarın narkotik vasitənin onun özünə məxsus olduğunu dediyini, onu tanımadığı şəxsdən aldığını bildirdiyini, şəxsi istifadəsi üçün aldığını, üzərindən çıxan 6 bükümün özünə məxsus olduğunu, özünün könüllü olaraq təqdim etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, aprel ayının axırlarında günortadan sonra axşam saatlarında şəxsi Xanməmmədov küçəsində klub adlanan kafenin yaxınlığında saxlamışlar, şəxslə bağlı əməliyyat məlumatı olmuş, Şahin adlı əməliyyatçıya əməliyyat məlumatı daxil olmuş, onlar Şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, videoçəkilişlə bölməyə dəvət etmiş, üzərinə baxış keçirilən zaman 6 büküm narkotikə bənzər maddə aşkar olunmuş, daha sonra özü evində də olduğunu bildirmiş, o evin ünvanını tam xatırlamamış, ev birinci mərtəbədə yerləşmiş, evə baxış keçirilən zaman yataq otağında şkafın üstündə bir büküm aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq, əməliyyat məlumatının əməkdaş Şahinə daxil olduğunu, şəxsi xarakteriska edən məlumatların onlarda olmadığını, şəxsi axşam saatlarında saat 6-7-də saxladıqlarını, saxladıqları ərazinin klub adlanan yerin yaxınlığında yerləşdiyini, klubun yanında küçə olduğunu, məktəbin ora yaxın olduğunu amma yanında olmadığını, orada məktəb var, ama nömrəsini bilmirəm, özünün yeni təyin olunduğunu, şəxsin vizual görüntüləri bağlı məlumatların Şahində olduğunu, özündə bununla bağlı heç bir məlumatın olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 30 aprel 2025-ci ildə şöbənin əməliyyatçısı Şahid1 Təqsirləndirilən şəxs narkotik maddələrinin əldə olunması, saxlanması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında şəxsin Cəbrayıl Xanməmmədov küçəsində saxlamışlar, daha sonra üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər, şəxsin üzərindən bir ədəd mobil telefon və sağ cibində 6 büküm narkotik vasitəsi aşkar olmuş, 6 büküm metanfetaminə bənzər maddəni zərfə qoyduqdan sonra başqa yerdə saxlaması ilə bağlı sual verilmiş, evində də 1 büküm olduğunu bildirmiş, icazəsi əsasında onun evinə baxış keçirilmiş, ünvan ev 21, mənzil 3 olmuş, evə baxış zamanı sağ tərəfdəki otaqdakı şkafın üzərindən aşkar oluna 1 büküm narkotik vasitə zərfləşdirilərək şöbəyə daxil olmuşdur. Şahid ona verilən suallara cavab olaraq, sahə inspektoru olaraq fəaliyyət göstərdiyini, həmin ərazinin özünə təhkim olunmuş əraziyə daxil olmadığını, qonşu ərazi olduğunu, şahin müəllimə daxil olmuş məlumat əsasında saat 6-7 radələrində saxladıqlarını, 270 nömrəli məktəbin öz ərazilərinə aid olduğunu, həmin məktəblə bölmə arasındakı məsafənin 1 km olduğunu, şöbələrində Cəmil adlı şəxsin olduğunu, əməliyyat zamanı yalnız qeyd olunan şəxslərin olduğunu, 3 nəfərdən ibarət olduqlarını, dördüncü bir şəxsin olmadığını, Cəmil tərəfindən heçkimə heç bir hərəkətin olmadığını, tədbir zamanı üzərlərində telefonun olmadığını, 2024-cü ildən etibarən Hövsanda olduğunu, şəxsi əvvəlcədən sakin kimi tanımadığını, sənədləşdirib əvvəlcə təhqiqata, daha sonra istintaqa verdiklərini, təhqiqatçının kim olduğunun yadında olmadığını, şəxsin qeyd etdiyi müəllimin 1-ci mərtəbədə olduğunu, şəxsin onlara müqavimət göstərmədiyini, narkotik vasitəni könüllü təqdim etdiyini, təsir altında olduğunun çox hiss olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair" protokoldan və həmin tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPl-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində Təqsirləndirilən şəxs yaxalanıb üstü yoxlanılan zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın ön sol cibindən altı ədəd sellofan bükümlərdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. (cild 1, iş vərəqi 10-12,17). xx.xx.2025-ci il tarixli “əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin yaşadığı mənzilə baxış keçirilməsinə dair” protokoldan və həmin tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPl-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman yataq otağında olan paltar dolabının üzərindən bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. (cild 1, iş vərəqi 14-17). xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi1’ haqqında protokoldan görünür ki, xx.xx.2025-cİ il tarixdə Bakı şəhəri, Suraxanı RPl-nin 30cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X4 tərəfindən “02” ədəd zərf təhqiqata təqdim edilmiş və həmin zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin olması bildirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs zərflərin içərisində olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirmiş, həmçinin, həmin vaxt Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytanantı Şahid1 tərəfindən təqdim olunmuş 02 ədəd diskə (elektron məlumat daşıyıcısına) baxılmış, bu zaman əməliyyat-axtarış tədbirlərinin əvvəldən sonadək video görüntü ilə qeydə alınmış olması və fasiləsizliyi müəyyən edilmişdir. (cild 1, iş vərəqi 19-20). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin 01 may 2025-ci il tarixli 6/1613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksləri, yazıları olan iki ədəd zərfdə qablaşdırılmış: - üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddi sübut..” yazıları və imzalar olan zərfin içərisində 0 (bir) ədəd bükümdə təmiz çəkisi 0.405 qram ağ rəngli kristailik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut yazıları və imzalar olan zərfin içərisində 6 (altı) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.318 qram, 0.576 qram, 0.387 qram, 0.285 qram, 0.596 qram, 0.323 qram ümumi təmiz çəkiləri 2.485 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponen tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop madəd olan metamfetamindirlər. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddi sübut.” yazıları olan zərfin içərisindəki 1 (bir) ədəd bükümdə olan metamfetaminlə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut..” yazıları olan zərfin içərisindəki ümumilikdə 6 (altı) ədəd bükümlərdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkiləri 2.890 qramdır. (cild 1, iş vərəqi 49-54). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 23 iyun 2025-ci il tarixli 3086 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindorumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 156-157). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in 16 may 2025-ci il tarixli 1583 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyk və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqiı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki pisixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hai-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır. (cild 1, iş vərəqi 152-155). Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şaivarın ön sol cibindən altı ədəd sellofan bükümlərdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsinin öz təsdiqini tapması müəyyən edilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. (cild 1, iş vərəqi 95-96). Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin yataq otağında olan paltar dolabının üzərindən bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsinin öz təsdiqini tapması müəyyən edilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. (cild 1, iş vərəqi 97). 17 iyun 2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə aparılmış danışıqların siyahısı, anten əhatə dairəsi və sms mətnlərinin məzmunu müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC tərəfindən bir ədəd diskə köçürülərək Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Baxış zamanı diskin içərisində olan sms mətnlərinin məzmunundan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsini işlədən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “10m cet lazımdı dash alınar” məzmunlu, ***-***-**-** saylı mobil telefon nömrəsini işlədən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan 050-978- 78-58 saylı mobil telefon nömrəsinə "Salam qaqash torpaq, dash var? Dene ile” məzmunlu sms yazaraq ondan narkotik vasitə və psixotrop maddə istəyirlər. (cild 1, iş vərəqi 144). 17 iyun 2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə aparılmış danışıqların siyahısı, anten əhatə dairəsi və sms mətnlərinin məzmunu müvafiq məhkəmə qərarı əsasında “Azərbaycan Respublikası Daxili İşlər Nazirlinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən” bir ədəd diskə köçürülərək Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Baxış zamanı diskin içərisində olan sms mətnlərinin məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə "Saat 1de gelsem mene tema ver bilersen? Xatyabi falqada lomkadan olurem” məzmunlu, xx.xx.2025-ci il tarixdə 055- ***-**-** saylı mobil telefon nömrəsini istifadə edən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “qaqa 20 torpaq 10 das duzeler” məzmunlu, xx.xx.2025-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edən şəxs “qaqash 1 k 1 p” məzmunlu sms yazaraq ondan narkotik vasitə və psixotrop maddə istəyirlər. (cild 1, iş vərəqi 145-148). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrələrinə dair telefon danışıqları bardə məlumatlar "xxxx" MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən hər biri bir ədəd CD formatlı diskə köçürülmüş, həmin disklərə (elektron məlumat daşıyıcılarına) tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə ayrıayrı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı mesajlar yazılması müəyyən edilmişdir. (cild 1, iş vərəqi 176-184). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqi 149). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin apardığı yazışmaların mövcudluğu, həmin yazışmaların mətni təsdiq edir ki, tərəflər narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və reailzəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Psixotrop maddələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda psixotrop maddələr aşkar edilmədiyini, psixotrop maddələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki təsir göstərildiyini, döyüldüyünü, yalnız evdən aşkar olunan yarım qram psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirərək özünü narkotik vasitənin satışı ilə bağlı təqsirli bilməmiş, öz şəxsi istifadəsi ilə bağlı özünü təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 32, 90-94). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar – Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 2.680 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi). Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 2.680 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar