Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1668/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X20 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkil X9 iştirakı ilə, xx xxxxxxx 1979-cu il tarixdə Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, Nərimanabad ərazi dairəsi, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3, xx xxx 1996-cı il tarixdə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kirov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman DİN-in X19 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 5:30 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının arxa sol cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,240 qram olmaqla xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə avtomobildə olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını görən zaman qadın olmasına görə üzərində axtarış aparılmayacağını düşünüb saxlayıb gizlətməsi üçün Təqsirləndirilən şəxs2 verdiyi külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda Təqsirləndirilən şəxs1 baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman DİN-nin X19 Alayının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 4:10 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun alt hissəsində gizlətdiyi “Rotmans” siqaret qutusunun içindəki külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il heroin və metafetamindən istifadə etmişdir. Heroini və metafetamini tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Tutulmazdan təxminən 1 həftə əvvəl “İnstagram” sosial şəbəkəsindən tanış olduğu, adını Tahir kimi bildiyi və özünün İran vətəndaşı olduğunu bildirən şəxsdən sosial şəbəkədə əvvəlcədən 400 manat müqabilində razılaşdığı heroin və metafetamini Tahirin ona bildirdiyi Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində keçidin yanında olan daşın altından götürmüşdür. Həmin narkotik vasitə 1 ədəd sellofan paketin içərisində olmaqla təxminən 3 qramdan artıq olmuşdur. Həmin narkotik vasitəyə görə Tahirə 200 manat pul verməli olmuş, lakin ona pulu göndərməmişdir. Həmin narkotik vasitəni cibinə qoyub yaşadığı evə getmişdir. Heroin və metafetaminin bir qismini istifadə etdikdən sonra ayrı-ayrı bükümlərə ayırıb üzərində saxlamışdır. Onunla birlikdə saxlanılan Gülnuru tutulmazdan təxminən 1 ay əvvəl tanımışdır. Gülnur da onun kimi narkotik vasitədən istifadə etdiyindən və Binə qəsəbəsində yaşadığından münasibətləri yaranmışdır. Belə ki, o, bir neçə dəfə Gülnura istifadə etməsi üçün narkotik vasitə olan heroin vermişdir. 18 iyun 2021-ci il tarixdə gecə saat 3 radələrində Gülnur ona zəng edərək onu götürməyini və onun üçün siqaret almağını bildirmişdir. O da özünə məxsus olan “Volkswagen” markalı **- TD-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Gülnuru yaşadığı evdən götürmüşdür. Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda ara küçələrin birində avtomobilini saxlamış və üzərində olan narkotik vasitə heroindən Gülnurla birlikdə istifadə etmək üçün hazırlayan zaman saat 3:30 radələrində polis əməkdaşlarının onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt Gülnur ona qadın olduğu üçün ondan şübhələnməyəcəklərini, üzərindəki narkotik vasitələri ona verməyini bildirmişdir. O da üzərindəki bükümləri polis əməkdaşları onlara yaxınlaşana kimi gizlətməsi üçün Gülnura vermişdir. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra hərəkətlərindən şübhələndiklərini deyib onları Xəzər RPİnin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində olarkən onu və Gülnuru narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün təhqiqatçıya təhvil vermişlər. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarının sol arxa cibinə qoyduğu 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan “kakos”u təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsi ilə adının Tahir olduğunu bildiyi İran vətəndaşından aldığını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Daha sonra onun, hüquqlarını müdafiə edən vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona məxsus olan “Volkswagen” markalı **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobildə axtarış aparılmış, lakin avtomobilindən dövriyyəsi qadağan olunmuş heç nə tapılmamışdır. Həmin gün Gülnuru maşınla evinə aparırmış, yolda maşınla gedərkən polis əməkdaşları ilə qarşılaşmışlar. Narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə narkotik vasitəni “İnstagram” sosial şəbəkəsindən İran vətəndaşı olduğunu bildirən Tahirdən almışdır. Tutulana qədər istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Narkotik vasitəni gizlətməsi üçün Gülnura vermişdir. Heroini Gülnura bir neçə dəfə istifadə etməsi üçün vermiş, ancaq heç vaxt ondan pul almamışdır. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün almışdır. Gülnur qadın olduğu üçün polis əməkdaşlarının ondan şübhələnməyəcəklərini demişdir. Gülnur onda narkotik vasitə olduğunu maşında olan zaman görmüşdür. Gülnurun üzərindən aşkar olunan 10 büküm narkotik vasitə ona məxsus olmuşdur. Gülnura narkotik vasitəni gizlətməyi təklif edib-etmədiyini xatırlamır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il heroindən istifadə etmişdir. Narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. Onunla birlikdə saxlanılan Səyavuşu tutulmazdan 1 ay əvvəl tanımışdır. Səyavuş da onun kimi narkotik vasitədən istifadə etdiyindən və Binə qəsəbəsində yaşadığından birbirini tanımışlar. Həmçinin Səyavuşun narkotik vasitənin “online” olaraq internetdən alışı və satışı ilə məşğul olduğunu bilmişdir. Bir neçə dəfə Səyavuşa 10, 20 manat verərək narkotik vasitə olan “kakos” almışdır. 18 iyun 2021-ci il tarixdə gecə saat 3 radələrində Səyavuşa zəng edib siqaret istədiyini bildirmiş, həmin vaxt ağrıları olduğundan narkotik vasitə qəbul etmək istəmişdir. Səyavuş onun yaşadığı evə gələrək özünə məxsus olan “Volkswagen” markalı **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə onu götürmüşdür. Səyavuş Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda ara küçələrin birində avtomobilini saxlamış və qəbul etmək üçün heroini hazırlamağa başlayarkən saat 3:30 radələrində polis əməkdaşlarının onlara tərəf gəldiyini görmüşlər. Həmin vaxt Səyavuş özündə olan siqaret qutusundakı bükümləri ona verib polislərin qadın olduğu üçün ondan şübhələnməyəcəyini demişdir. O da Səyavuşdan götürdüyü siqaret qutusunu əynində olan qırmızı rəngli gödəkcəsinin bilək hissəsindən içəriyə gizlətmişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onların hərəkətlərindən şübhələndiklərini deyib Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində olarkən onları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün təhqiqatçıya təhvil vermişlər. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun içəri hissəsində gizlətdiyi içərisində 4 büküm “patı”, yəni “şüşə” və 6 büküm “kakos” olan 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı həmin bükümləri Səyavuşun polis əməkdaşları yaxınlaşan zaman gizlətməsi üçün ona verdiyini bildirmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Bükümləri gödəkcəsinin qolunda gizlətmişdir. Səyavuşun ona verdiyi bükümlərin 10 ədəd olduğunu bilməmişdir. Səyavuşdan narkotik vasitəni birdəfəlik şəxsi istifadəsi üçün almışdır. Üzərindən aşkar olunmuş bükümlərin hamısı Səyavuşa məxsus olmuşdur. Əvvəllər 1-2 dəfə metafetamindən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları onları gördükdən sonra dərhal gizlətmişdir. Üzərinə baxış videoçəkilişlə həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə 3:30 radələrində 9644 çağırış avtopatrul ilə Qala-Binə yolunda Bakavtomat yolu deyilən ərazidə xidmət aparan zaman dayanmış vəziyyətdə içərisində biri xanım, digəri oğlan olan qara rəngli “Volkswagen Golf” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşını görüb yaxınlaşmışlar. Həmin vətəndaşlara özlərini təqdim etdikdən sonra verilmiş sorğu-sual zamanı həmin şəxslərin qeyri-səmimi cavab verməsi onlara şübhəli gəlmişdir. Onlar həmin vətəndaşları şübhəli şəxs qismində aidiyyəti üzrə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər 1979-cu il təvəllüdlü X6 və 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2dır. Həmin vətəndaşların barəsində qanuni tədbir görülməsi üçün raportla Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin rəisinə müraciət etmişlər. Bununla bağlı araşdırma aparılması üçün material Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Vüsal Nəsirzadəyə həvalə edilmiş və Səyavuş Səttarzadə ilə Təqsirləndirilən şəxs2 təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı ilk əvvəl Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuş, daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirdilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qırmızı rəngli gödəkcəsinin sol qolunun içəri hissəsinə qoyduğu üzərində “Rotmans” sözü yazılmış içərisində 10 ədəd şəffaf sellofan büküm olan siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı həmin siqaret qutusundakı narkotk vasitə “kakos” və psixotrop maddə olan metafetaminlərin Səyavuş Səttarzadəyə məxsus olduğunu, Səyavuşun saxlaması üçün ona verdiyini, buna görə də onları qolunda gizlətdiyini qeyd etmişdir. Bundan sonra şəffaf sellofanları açıb içərisinə baxan zaman müəyyən olunmuşdur ki, 6 ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan narkotik vasitə heroin, 4 ədədinin içərisində isə kristal formada olan psixotrop maddə metafetamindir. Aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metafetamin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilib iştirakçılara ucadan oxunduqdan sonra heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Vüsal Nəsirzadə şübhəli şəxs qismində tutulmuş Səyavuş Səttarzadənin hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Səyavuş Səttarzadəyə hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edildikdə Səyavuş Səttarzadə əynində olan qara rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin maddəyə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin maddə qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik olan narkotik vasitə heroindir. Şifahi sorğu zamanı Səyavuş Səttarzadə üzərindən aşkar olunmuş 1 büküm heroini və Gülnür Nəmətovadan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu Tahir adlı şəxsin ona dediyi Ramana qəsəbəsində körpünün yaxınlığında daşın altından götürdüyünü bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, həmin bükümlərə görə ümumilikdə Tahir adlı şəxsə 400 manat verməli olduğu puldan 200 manatını vermiş, qalan 200 manatı isə verməmişdir. Həmçinin sonuncu dəfə 1 ay əvvəl tanımadığı şəxsə narkotik vasitə satdığını etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilib iştirakçılara ucadan oxunduqdan sonra heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 bükümləri gödəkcəsinin qoluna gizlətmişdir. Təqsirləndirilən şəxs2 üzərindən 6 ədəd bükümdə narkotik vasitə heroin və 4 ədəd bükümdə psixotrop maddə metafetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan bükümlərin Səyavuş Səttarzadəyə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Səyavuş Səttarzadədən 1 büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxslər tutulan zaman onlara müqavimət göstərməmişlər. X10 Nəmətovanın üzərindən aşkar olunmuş bükümlərin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 149-152). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X5 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 154-155). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X4 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 178). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli 6/2473 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 244” dairəvi möhür əksi olan “... saxlanılan şəxs Təqsirləndirilən şəxs1” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,240 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə olan heroinlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,240 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,190 qram, cild 1, iş vərəqə 52-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2021-ci il tarixli 6/2474 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 244” dairəvi möhür əksi olan “şübhəli şəxs G.Nemətova” yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi çəkisi 2,945 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və X2 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan heroinlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 2,945 qram, tədqiqata sərf olundu 0,12 qram, qalıq 2,825 qram, metafetaminin təmiz çəkisi 1,781 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 1,701 qram, cild 1, iş vərəqə 58-62). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 14 avqust 2021-ci il tarixli 2877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 166-167). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 10 sentyabr 2021-ci il tarixli 3373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 168-169). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işinin materiallarında olan 13 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,701 qram olan psixotrop maddə metafetamin və 2,925 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddı sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 2 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 181-191). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 135-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 137). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 13). Cinayət işinin materiallarında olan 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 123-127). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 18 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 31). İş materiallarında olan Xəzər rayon məhkəməsinin 19 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 128-133). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 iyun 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 5 oktyabr 2021-ci il tarixdən hesablanmalı və onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 177,40 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88,70 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,701 qram olan psixotrop maddə metafetamin və 2,925 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin məhv edilməli; -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 5 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 177,40 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88,70 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,701 qram olan psixotrop maddə metafetamin və 2,925 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,190 qram olan narkotik vasitə heroin məhv edilsin; -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.