Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1670/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Ekol” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1 iştirakları ilə, xx xxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində qaynaqçı ixtisası üzrə 1-ci kurs tələbəsi olmuş, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində təhsil aldığı ünvan 2 ünvanda yerləşən “Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi” adlanan peşə liseyində dərslər arası fasilə zamanı tələbə yoldaşı Zərərçəkmiş şəxs xahişi əsasında özünə məxsus elektron qəlyanı müvəqqəti çəkmək üçün sonuncuya verməsi, dərs saatı başa çatanadək həmin qəlyanı ondan istəməsinə baxmayaraq sonuncunun elektron qəlyanı qaytarmadığını görüb, dərs başa çatdıqdan və məktəbin həyətindən bayıra çıxdıqdan sonra saat 11:40 radələrində peşə liseyinin qapısının qarşısında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirib onu peşə liseyinin həyət qapısından bir neçə metr kənara apararaq ünvan 2 ünvanda yerləşən Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin qarşısında özünə məxsus elektron qəlyanı geri qaytarmasını ondan bir daha tələb etmiş, sonuncunun ona “qaytarmıram“ deməsindən hiddətlənərək qisas almaq və qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi ümumi təyinatlı, qatlanan tipli və soyuq silah hesab edilməyən cib bıçağını əynindəki gödəkcənin sağ yan cibindən çıxararaq sonuncuya 3 zərbə vurub ona sol böyrəyin, nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 (bir) ədəd, sol yarısının bayır divarının 1 (bir) ədəd olmaqla 2 ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, qarının sol yarısının bayır divarının nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, onun bıçaq zərbələri vurmasını davam etdirməsinə həmin vaxt yaxınlıqda olan tələbə yoldaşı Şahid2 hadisə yerinə gələrək onu tutub divara sıxıb saxlamaqla mane olması, bu zaman peşə liseyində gözətçi işləyən Şahid4 hadisə yerinə gəlib cinayətin aləti olan bıçağı onun əlindən alması səbəbindən Zərərçəkmiş şəxs bıçaq zərbələri vurmağı davam etdirə bilmədiyindən, habelə sonuncu təcili tibbi yardım vasitəsilə X8 vaxtında çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olduğundan, iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır. Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. 15 dekabr 2023-cü il tarixdə o dərsdən çıxarkən qəlyan çəkirmiş. Oruc ondan qəlyanı istəmiş və o qəlyanı Oruca vermişdir. Oruc qəlyanı çəkdikdən sonra o Orucdan qəlyanını qaytarmasını tələb etmiş, lakin Oruc qəlyanını qaytarmayacağını, ürəyinin belə istədiyini demişdir. O, məktəbdən bayıra çıxmış və Orucdan bir daha qəlyanını geri istəmişdir. Oruc qəlyanı verməmiş və o da özünü müdafiə etmək üçün və Orucu qorxutmaq üçün onu bıçaqla 3 dəfə vurmuşdur. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, hər zaman üzərində bıçaq gəzdirmir. Oruc bir dəfə “İnformatika” dərsində partaya başını qoyduğu zaman taxta ilə başından vurmuşdur. Oruc həmin vaxt onu durduq yerə vurmuşdur. Oruc demişdir ki, ürəyi onun qəlyanını geri qaytarmaq istəmir. O, Orucu qorxutmaq niyyəti ilə bıçaqlamış, niyyəti onu öldürmək deyilmiş. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun 16 yaşı avqust ayında tamam olacaq. O, Sabunçu qəsəbəsində yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 1-ci kursda təhsil alır. Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır. 15 dekabr 2023-cü il tarixdə Dövlət Peşə Təhsil Mərkəzində olarkən Təqsirləndirilən şəxs qaytarmaq şərti ilə elektron siqaret almışdır. Lakin elektron siqareti qaytarmaq yadından çıxmışdır. 1 dərs sonra Təqsirləndirilən şəxs tələbələrin içində ona qarşı söyüş söymüşdür. O, əsəbləşərək Təqsirləndirilən şəxs elektron siqareti vermiyəcəyini demişdir. Dərs bitəndən sonra çölə çıxmışlar. Təqsirləndirilən şəxs onu 1-2 dəfə çağırsa da o Uğurun yanına getməmişdir. Sonra Təqsirləndirilən şəxs onu söyüş söyərək çağırmışdır. O, geri qayıtmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, kişidirsə təkbətək söhbət etsinlər. O, razılaşmışdır. Onlar kənara çəkilmişlər. Təqsirləndirilən şəxs onunla 1-2 dəfə pis sözlə danışsa da uşaq olduğu üçün ona heçnə deməmiş və sakit dayanmış, ona əl qaldırmaq istəməmişdir. Təqsirləndirilən şəxsla üzbəüz dayanan zaman o böyrək tərəfinə qəfildən nəsə dəydiyini hiss etmişdir. Lakin, o, bıçaqlandığını bilməmiş, Təqsirləndirilən şəxs onu yumruqladığını düşünmüşdür. O, Təqsirləndirilən şəxs əl qaldırmaq istəyən zaman qolu müvazinətini itirərək yerə doğru sallanmışdır. O, təəccüblü qalmışdır. Təqsirləndirilən şəxs onun qışqırdığını görüb qorxaraq ondan uzaqlaşmışdır. O, görmüşdür ki, bıçaqlanmışdır. Təqsirləndirilən şəxs qaçmaq istəyərkən onu tutub saxlamışlar. Belə ki, Qafar, Kamran, Sarıbala uzaqdan onun əlini böyrəyinə tutduğunu görmüşlər. Qafar onu tutmuş, Uğuru isə divara tərəf vurmuşdur. Həmin vaxt Uğurun əlində bıçaq var imiş. Uğur Qafara da bıçaq atacaqmış. Onu 3-cü kurs tələbələri xətəxanaya aparmışlar. O, təqsirləndiirlən şəxslə barışıq əldə etməmiş, şikayətçidir. O, təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, onlar dalaşarkən ətrafdan heç kim onlara müdaxilə etməmişdir. Onlar ikisi dalaşırmış. O, 3 xəsarət almışdır. O, elektron siqareti bir müddətdir ki, istifadə edir. Əvvəllər Uğurla aralarında mübahisə olmamış, o Uğuru əvvəllər vurmamışdır. O, sinifdə sağ tərəfdən arxa partada oturur. Dərsdə olarkən Uğur ondan qəlyan istəmişdir. Uğur dərsdə və həyətdə olarkən ona qarşı söyüş söydüyü üçün qaytarmayacağını demişdir. Müəllim dərs keçdiyindən Uğurun dərsdə ona söyüş söydüyünü eşitməmişdir. O, Uğuru fiziki baxımdan zəif hiss etmir. O, və Uğur Qafar, Kamran, Sarıbaladan 30 metr məsafədə imiş. Onlar Uğurla ətrafdan görünməyən yerdə dayanmışlar. Qafar, Kamran, Sarıbala onları görmürmüş, görsə imişlər qaçıb yanlarına gələrmişlər. Uğur onu vurub arxa-arxaya gedib uzaqlaşmışdır. O, qışqıraraq vurulduğunu deyəndə Qafar, Kamran, Sarıbala qaçaraq yanına gəlmişlər. O, qışqırmış, Uğur qorxusundan qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, “Emal sənayesi üzrə Bakı peşə təhsil mərkəzi” adlanan peşə məktəbində gözətçi işləyir. O, həftənin iki günü səhər saat 08:00-dan saat 20:00-dək, həftənin digər iki günü isə saat 20:00-dan səhər saat 08:00-dək işdə olur və peşə məktəbinin həyətində yerləşən gözətçi məntəqəsində oturur. 15 dekabr 2023-cü il tarixdə o gözətçi məntəqəsində oturarkən məktəbin həyətindən səs eşitmiş və həyətə çıxmışdır. O, şagirdlərdən nə baş verdiyini soruşanda ona demişlər ki, Uğur və Oruc adlı iki şagird dalaşırlar. O, şagirdlərdən dalaşanların onların məktəbinin şagirdləri olub-olmadıqlarını soruşmuş və şagirlər bildirmişlər ki, dalaşanlar onların məktəbinin şagirdləridir. O, dərhal həyətin arxa tərəfinə yaxınlaşmış və Uğurun əlində bıçaq olduğunu görmüşdür. Uğurun əlindən bıçağı alıb onu gözətçi məntəqəsinə gətirmişdir. O, bıçağı ora qoyaraq Uğuru İradə xanımın yanına aparmışdır. O, Oruc adlı şagirdin bıçaqlanmasını görməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Lütfiyar Əhmədov bildirmişdir ki, gözətçi məntəqəsi ilə Uğurgilin dava etdiyi yer arasında 20-30 metr məsafə var imiş. O, gözətçi məntəqəsinin qapısını açıb çölə çıxmışdır. O, istintaq zamanı da məhkəmədə verdiyi məzmunda ifadə vermişdir. Şahid Lütfiyar Əhmədovun istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan X2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub və ifadənin sonunda olan əlyazma ona təqdim edilib. Belə ki, cinayət işinin 186-189-cu vərəqələrində olan ifadəsində X3 aşağıdakıları göstərmişdir: «...Uğurun əlində bıçaqla Orucu yenidən vurmaq istədiyini gördükdə ona yaxınlaşıb üstünə qışqırmış və bıçağı onun əlindən almışdır. Uğurun əlindən bıçağı almasaymış o, Oruca bıçaq zərbələri vurmağa davam edəcəkmiş və onu öldürəcəkmiş. Uğurun əlindən bıçağı alarkən o, bıçağı ona könüllü olaraq təhvil verməmişdir. Bıçağı onun əlindən dartıb məcbur almışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Lütfiyar Əhmədov bildirmişdir ki, imza onun imzasıdır, ola bilər ki, nəyisə xatırlamır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Emal sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi”-nin elektrik-qaz qaynaqçısı ixtisası üzrə 1-ci kursu üzrə təhsil alır. O, Təqsirləndirilən şəxs tanıyır, Uğur onunla Peşə Təhsil Mərkəzində oxuyur. 15 dekabr 2023-cü il tarixdə o digər şagirdlərlə dayanmışdır. O, eşitmişdir ki, Oruc Uğura qəlyanı qaytaracağını demiş, sonra görmüşdür ki, Oruc və Uğur söhbət etmək üçün aşağı düşürlər. Bir qədər sonra o və Kamran məktəbin qapısının digər tərəfindəki qapının önündə olarkən Orucun qışqırdığını eşitmişlər. Onlar Orucun yanına getmişlər. Oruc Uğurun onu bıçaqladığını demişdir. Orucun üzərində qan var imiş. O, arxaya dönəndə Təqsirləndirilən şəxs onu da bıçaqlamaq üçün üstünə cummuş, o Təqsirləndirilən şəxs əlindən tutub divara itələmiş, gözətçi bıçağı Uğurun əlindən almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onu heç kim belə ifadə verməyə məcbur etmir. Orucun yanına gedərkən yanında Kamran da var imiş. Uğur söyüş söyən olmamışdır. Oruc onun uşaqlıqdan dostudur, Uğuru isə məktəbdə tanımışdır. Orucla Uğur arasında söhbətin sinifdə başladığını eşitmişdir. O, hadisəni həyətdə olarkən görmüş, sinifdə olanlardan xəbəri yoxdur. Orucla Uğur arasında söhbət qəlyana görə olmuşdur. Təkcə ikisi söhbət etmək üçün aşağı düşmüşlər. O, və Kamran ilə Orucgilin arasında 50-60 metr məsafə var imiş. O, Orucun yanına gedəndə Uğur əlində bıçaq onun arxa tərəfində təxminən 1 metr yarım məsafədə dayanmışdır. Uğur ona bıçaq atmaq istəyəndə o Uğuru divara itələmiş və gözətçi bıçağı Uğurun əlindən almışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub və ifadənin sonunda olan əlyazma ona təqdim edilib. Belə ki, cinayət işinin 131-135-ci vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... Təxminən 2 dəqiqə sonra Orucun səsini eşitmişdir. Oruc qışqıraraq demişdir “bıçaqladı məni”. Onun səsini eşidən kimi məktəbin böyür hissəsinə tərəf keçib onların yanına qaçmışdır. Ora çatanda görmüşdür ki, Orucun sol böyür hissəsi qana bulaşıb və Uğur onu bıçaqla vurmuşdur. Həmin vaxt Uğur Orucu bıçaqla vurmağa davam etmək istəyərkən Oruc ayağı ilə onu itələmişdir. Ona yaxınlaşıb onun biləyindən tutub Orucu bıçaqla vurmasına mane olmuş və onu divara söykəyib saxlamışdır. Bu zaman hadisə yerinə məktəbin mühafizəçisi Lütviyar adlı şəxs gəlmiş və Orucun əlindən bıçağı almışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Emal sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi”-nin elektrik-qaz qaynaqçısı ixtisası üzrə 1-ci kursu üzrə təhsil alır. O, Uğur və Oruc ilə eyni peşə məktəbində oxuyur. 15 dekabr 2023-cü il tarixdə o Qafar və Oruc söhbət edirmişlər. Uğur yanlarına gələrək Orucu çağırmışdır. Qafar da Orucla getmək istəmiş, lakin Oruc onun gəlməyinin lazım olmadığını bildirmişdir. Oruc və Uğur məktəbin qabaq tərəfindən 15-20 metr məsafədə dayanmışlar. Sonra Uğur qışqıraraq Oruca qəlyanını qaytarmağını demişdir. Oruc isə qaytarmayacağını bildirmişdir. Onlar 1-2 dəfə bir-birlərinə qışqırmışlar. X7rın nahiyəsinə 3 dəfə yumruq vurmuşdur. O, görmüşdür ki, Oruc Uğuru itələmişdir. O, Uğurda bıçaq olduğunu görmüşdür. Yəqinki, Uğur yumruq atanda Orucu bıçaqlamışdır. Yəni dəqiq bıçaqlanma anını görməmişdir. O, Qafargildən 2 metr məsafədə imiş, hadisəyə baxmaq üçün ora yaxınlaşmışdır. Sonra Oruc qışqırmağa başlamış və Qafar qaçaraq ora getmişdir. Uğur bıçağı onlara tərəf tutaraq bildirmişdir ki, ona yaxınlaşsalar, onlara da zərər yetirəcək. Qafar Uğuru zərərsizləşdirmişdir. Bıçaq yerə düşmüş və gözətçi bıçağı götürmüşdür. O, içəri qaçaraq Oruca kömək etmişdir. Elan olunmuş cinayət işinin 125-128-ci vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Uğur bıçağı onlara tərəf tutaraq bildirmişdir ki, ona yaxınlaşsalar, onlara da zərər yetirəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Emal sənayesi üzrə Bakı peşə təhsil mərkəzi” adlanan peşə məktəbində istehsalat təlim ustası müəllim işləyir. Təqsirləndirilən şəxs və Oruc onun şagirdləridir. 15 dekabr 2023-cü il tarixdə o dərs keçirmiş və biraz qaynaq işləri ilə məşğul olmuşlar. O, dərsi bitirib onları evə yola salmışdır. O, otağa qayıdıb jurnalı qoymuş, bu zaman tələbəsi Kamran gələrək Uğur və Orucun dalaşdıqlarını, Uğurun Orucu bıçaqladığını demişdir. O, Orucun ayaqyolu tərəfdə pilləkəndə yaralı vəziyyətdə oturduğunu görmüşdür. O, yod və pambıq gətirmiş, lakin yaranın yodlayaraq dayanmayacağını görmüşdür. Suqra və Xəyalə müəllimə ilə birlikdə pambığı yaranın üstünə qoymuşlar, şagidlər Orucu qucaqlarına götürərək məktəbdən 100 metr məsafədə olan xəstəxanaya aparmışlar. O, hadisəni görməmişdir. Uğur onun ən nümunəvi tələbələrindən biri olmuşdur. O, Uğur və Orucla bağlı heç vaxt problem yaşamamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli Sabunçu RPİ-nin 12-ci PŞ-nin növbətçi polisi Vüqar Mirzəyevin raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 12:32-də 12 saylı TTYdən həkim Allahverdiyev zəng edərək, 16 yaşlı Zərərçəkmiş şəxs sol qarın boşluğundan 2 bıçaq zərbəsi alması barədə məlumat vermişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid4, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı xəsarət yetirdiyi bir ədəd qatlanan tipli bıçağı təqdim etmiş və həmin bıçaq götürülmüşdür. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd gödəkçə, 1 ədəd ağ rəngli mayka və 1 ədəd ağ rəngli qolu qısa köynək götürülmüşdür. Cinayət işinin 32-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi” adlanan peşə liseyi və ətrafıdır. Baxış zamanı hadisə yerindən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 139-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 26 dekabr 2023-cü il tarixli, 3129 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs sol böyrəyin, nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 (bir) ədəd, sol yarısının bayır divarının 1 (bir) ədəd (cəmi 2 ədəd) qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları; qarının sol yarısının bayır divarının nüfuz etməyən l(bir) ədəd deşilmiş-kəsilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol böyrəyin, nazik bağırsağın və böyük piyliyin zədələnməsilə müşayiət olunan qarının ön divarının 1 (bir) ədəd, sol yarısının bayır divarının 1 (bir) ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, qarının sol yarısının bayır divarının nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş səthi yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Vət. Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanıqlı) ola bilərdi. Cinayət işinin 53-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yoxlanılarkən, sonuncu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 18 dekabr 2023-cü il tarixli, 3068 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 194-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 23 yanvar 2024-cü il tarixli 639/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön hissəsində solda 02 (iki) ədəd; köynəyin arxa hissəsində solda 02 (iki) ədəd; maykanın sol yan hissəsində 02 (iki) ədəd; köynək və maykanın ön hissəsində aşağıda ortada 01 (bir) ədəd dəlib-keçən zədələr aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin ucu əyilmiş vəziyyətdə olduğundan, ilkin konstruktiv xüsusiyyətini itirdiyindən eksperiment üçün yararsız hesab edilmişdir. Bu səbəbdən də, Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirirlməməsini təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə əsasən demək olar ki, zədə yetirilən anda bıçaqla zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətdə ola bilərdi, bıçağın ucu zədə mənfəzinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 201-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 23 yanvar 2024-cü il tarixli 867/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/l/-dir (axtarış vəsiqəsinin kserosurətinə əsasən.) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol mayka və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız ” H” antigeni alınmışdır. Aqqlyutinin isə alınmamışdır. Bu qan ləkələri ABO sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş gödekçə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, göstərmişdir ki, Orucu öldürmək niyyəti olmamış, Orucu qorxutmaq üçün vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadələrini ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Letfiyar Əhmədov, Şahid2 ifadələrində göstərmişlər ki, əgər onlar Təqsirləndirilən şəxs yaxınlaşmasalar, o, Oruca bıçaq zərbələri vurmağa davam edəcəkmiş və onu öldürəcəkmiş. Məhkəmə, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 7002 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 yanvar 2024-cü il tarixli, 75 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 114-cü vərəqəsində olan Pirallahı rayon MKTB-nin 153 saylı MKİSdən daxil olmuş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Cinayət işinin 207-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 38 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs «primitiv şəxsdə xasiyyətin psixopatik cizgiləri» müəyyən edilir. Onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkməmişdir. Bu səbəbdən hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 01 may 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını, onun barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, o, xx xxx 2008-ci il təvəllüdlü olmaqla, hadisəni törətdiyi tarixdə yetkinlik yaşına çatmamış, hal-hazırda da yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarının 11-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Həmçinin, həmin qərarın 15-ci bəndinə görə, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki,qanunvericilikdə(CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün(cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur.Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşınaçatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün cəzanın çəkilmə yeri ümumi rejimli tərbiyə müəssisəsi müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Bununla yanaşı məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə görə, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 15 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 62-67-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli, 4(008)- 914/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə və bir ədəd mayka məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarı, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarının və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə və bir ədəd mayka məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1670/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1670/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver