Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1671/2024 13.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:15 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Mazakhır Goııusubovun, müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 avqust 1987-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Mazakhır Goııusubova Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 103 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasının 13-cü mərtəbəsində yerləşən həmin Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 06 iyun 2017-ci il tarixli 41 nömrəli müqavilə sənədi əsasında öz atası X2 adına rəsmiləşdirilmiş ümumi sahəsi 63,81 kvadratmetr olan 2 otaqlı yaşayış sahəsini satın almasına köməklik göstərəcəyini yalan vəd etməklə Mazakhır Goııusubovu aldadaraq, onun inam və etibarını qazandıqdan sonra bu adla 24 iyul 2019cu il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül” tikinti bazarı adlanan ərazidə 25000 manat, 28 iyul 2019-cu il tarixdə həmin ərazidə 5000 manat, 30 iyul 2019cu il tarixdə həmin ərazidə 15000 manat, 01 sentyabr 2019-cu il tarixdə həmin ərazidə 5000 manat, 02 sentyabr 2019-cu il tarixdə həmin ərazidə 6000 manat, 06 sentyabr 2019cu il tarixdə həmin ərazidə 7000 manat, 17 sentyabr 2019-cu il tarixdə həmin ərazidə 4000 manat, 20 sentyabr 2019-cu il tarixdə həmin ərazidə 9000 manat, 22 oktyabr 2019-cu il tarixdə həmin ərazidə 9000 manat və 2021-ci ilin iyul ayında Sabunçu rayonu ərazisində yerləşən “ASAN xidmət” mərkəzinin yaxınlığında 4000 manat olmaqla Mazakhır Goııusubovdan ona məxsus ümumilikdə 89000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib Mazakhır Goııusubova külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Mazakhır Goııusubovu uzun müddətdir tanıyır, onunla dostluq münasibəti olub. X6 adına olan yaşadıqları ünvan 1 ünvanı 2017-ci ildə pilot layihə əsasında sökülmüş və həmin ünvanda "xxxx" MMC tərəfindən hündür mərtəbəli bina inşa edilmişdir. Sökülən evin əvəzində ailəsinə həmin binadan dörd ədəd mənzil, üç ədəd iki otaqlı və bir ədəd üç otaqlı mənzil verilmiş və mənzillər atasının adına sənədləşdirilmişdir. 2019-cu ilin yay aylarında borcu olduğu üçün atasına müraciət edib həmin mənzillərdən birini satmaq istədiyini bildirmiş və razılıq aldıqdan sonra binanın 13-cü mərtəbəsində yerləşən sahəsi 64 kvadrat metr olan iki otaqlı mənzili 85000 manata satmağı qərarlaşdırmışdır. Bu barədə tanışlarına və eyni zamanda söhbət əsnasında Ceyhuna da mənzil satmaq istəməyi barədə məlumat vermişdir. 2019cu ilin iyul ayının ortalarında Ceyhun Məzahirlə birlikdə işlədiyi mağazaya gəlmişdir. Ceyhun Məzahirin Bakı şəhərində mənzil almaq istədiyini demiş, o da həmin mənzili Məzahirə satmağı təklif etmişdir. O, Məzahirlə söhbət edib mənzilin Nəsimi rayonu, Azadlıq prospektində Nəsimi rayon Polis İdarəsinin inzibati binası ilə üzbəüz yolun sağ tərəfində pilot layihə əsasında "xxxx" MMC tərəfindən inşa edilən hündür mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşdiyini və mənzilin ümumi sahəsinin 64 kvadratmetr olduğunu bildirmişdir. O, mənzilin layihəsini vərəqin üzərində çəkib Məzahirə göstərmiş, mənzilin şirkət tərəfindən tam şəkildə təmir ediləcəyini və mənzili 85000 manata satdığını bildirmişdir. Bundan sonra Məzahir Ceyhunla birlikdə həmin binanın inşa edildiyi əraziyə getmişlər və bir neçə saatdan sonra qayıdıb yenidən onun yanına gəlmişər. Məzahir həmin mənzilin yerləşdiyi binaya baxdığını və mənzili almaq istədiyini bildirmişdir. Mənzilin 85000 manata satılması ilə bağlı Məzahirlə onun arasında şifahi şəkildə razılıq əldə edilmiş və Məzahir mənzilin pulunu 2-3 ay ərzində hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra 2019-cu ilin iyul ayının sonlarında Məzahir Ceyhunla birlikdə “Dərnəgül” tikinti bazarına gəlib işlədiyi mağazada onunla görüşmüşlər. Məzahir mənzilin pulundan 25000 manatı ona ödəmişdir. Bundan bir neçə gün sonra Məzahir əlavə olaraq mənzilin pulundan 5000 manat, bir neçə gündən sonra isə əlavə olaraq 15000 manat pul vermişdir. Sonra Məzahir mənzilin qalan pulunu 2019-cu ilin oktyabr ayının sonlarına kimi hissəhissə olmaqla gətirib işlədiyi mağazada ona ödəmişdir. Məzahir sonuncu dəfə 2019-cu ilin oktyabr ayının sonlarında mağazada ona 9000 manat ödəməklə mənzilin 85000 manat pulunu tam şəkildə ödəyib başa çatdırmışdır. Məzahir hər dəfə pulu Ceyhunla birlikdə gətirib ona vermiş və hər dəfə pulu verdikdən sonra Məzahir Ceyhunun mobil telefonundan “WhatsApp” proqramı vasitəsi ilə onun mobil telefonuma verilən pulun məbləğini yazmışdır. Sonuncu dəfə 9000 manat pulu verdikdən sonra Məzahir yenə də Ceyhunun mobil telefonundan “WhatsApp” proqramı vasitəsi ilə onun telefonuna mənzilin pulunun tam şəkildə verməsi ilə bağlı mesaj yazmış, o da mənzilin pulunun tam şəkildə ödənilməsi ilə bağlı cavab yazmışdır. O, mənzilə görə Məzahirdən aldığı pullarla öz borclarını ödəmişdir. Məzahir mənzilin pulunu tam şəkildə ödəyib qurtardığı günü o, Məzahir və Ceyhunu ailəvi olaraq həmin dövrdə yaşadığı qayınatasıgilə qonaq dəvət etmişdir. Həmin məclisdə o, Məzahiri öz ailə üzvləri ilə tanış etmiş və mənzili Məzahirə satdığını bildirmişdir. Mənzili satanda Məzahirlə aralarında mənzilin pulunu tam şəkildə aldıqdan sonra şirkətə gedib mənzili Məzahirin həyat yoldaşının adına sənədləşdirəcəyi barədə razılaşma olmuşdur. Lakin həmin binanın inşa edən şirkətin nümayəndəsi bildirmişdir ki, mənzil tam şəkildə təhvil verildikdən sonra həmin mənzil sonradan başqa bir şəxsə satıla bilər. Buna görə də mənzilin Məzahirin adına sənədləşdirilməsi mümkün olmamışdır. O, bu barədə Məzahirə məlumat vermiş və sonuncu da onunla razılaşmışdır. Bundan sonra 2020-ci ilin mart ayında pandemiya olmuş və həmin yaşayış binasında tikinti işləri zəif aparıldığı üçün mənzilin təhvil verilməsi gecikmişdir. Məzahir hər dəfə tikinti materialları almaq üçün onun işlədiyi mağazaya gələndə mənzillə bağlı ümumi söhbətlər etmişlər. O, hər dəfə Məzahirə narahat olmamağını, mənzil təhvil verilən kimi sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayında Məzahir işlədiyi mağazaya gəlib ona satdığı mənzilin yerləşdiyi binaya getdiyini və artıq mənzillərdə təmir işlərinin başlandığını, lakin şirkətin nümayəndələri tərəfindən binaya buraxılmadığı üçün mənzilə baxa bilmədiyini bildirmişdir. O isə atasıyla danışıb Məzahirlə birlikdə gedib mənzilə baxmağını xahiş etmişdir. Atasının mobil telefon nömrəsini Məzahirə vermiş, həmin günün səhərisi Məzahir atası ilə birlikdə gedib mənzilə baxmışlar və sonra Məzahir ona zəng edib mənzildən xoşunun gəldiyini bildirmişdir. Sonra atası onkoloji xəstə olduğu üçün müalicə olunmuş və maddi vəziyyətləri çətinləşmişdir. Buna görə də o, həmin dövrdə Məzahirə mənzili ucuz qiymətə satdığını bildirib ondan əlavə olaraq 4000 manat pul istəmişdir. Məzahir və Ceyhun birlikdə gəlib onunla görüşmüşlər və əlavə pul istəməyi ilə bağlı öz narazılıqlarını bildirmişlər. Aralarında narazılıq yaranmasına baxmayaraq Məzahir əlavə 4000 manat pulun verilməsinə razı olmuşdur. 2021-ci ilin təxminən iyul ayının sonlarında Məzahir Sabunçu rayonu ərazisində yerləşən “ASAN xidmət” mərkəzinin qarşısında onunla görüşmüş və mənzilə görə ona əlavə olaraq 4000 manat pul vermişdir. Bununla da Məzahir mənzilə görə ona ümumilikdə 89000 manat pul vermişdir. Sonrakı dövrdə atasının səhhəti daha da pisləşmiş və müalicə olunması üçün pula ehtiyacı yarandığına görə məcbur olub atasına yalandan “Məzahirlə danışıb vəziyyəti ona izah etdim və Məzahirdən həmin mənzilin satılması üçün icazə aldım” demişdir. O, atasına həmin mənzili başqa bir şəxsə satıb müalicə olunmağını bildirmiş, mənzilə görə Məzahirdən aldığı pulu isə özü hissə-hissə qaytaracağını demişdir. Bundan sonra 89000 manata Məzahirə satdığı həmin iki otaqlı mənzil atası Rəşid Abdullayev tərəfindən 2021-ci ilin oktyabr ayında 120000 manata başqa bir şəxsə satılmışdır. O, bu barədə Məzahirə heç bir məlumat verməmişdir. O, sonradan başqa bir yerdən pul tapıb Məzahirin pulunu qaytaracağını, mənzili isə ona satmaq istəmədiyini deyəcəyini, bu şəkildə Məzahirlə məsələni həll edəcəyini düşünmüşdür. Amma sonrakı dövrdə imkanı olmadığı üçün Məzahirə hər hansı bir məbləğdə pul verə bilməmişdir. Hər dəfə mənzildən söz düşdükdə isə yalandan Məzahirə işlərin öz qaydasında getdiyini, şirkət mənzili tam şəkildə təhvil verdikdən sonra mənzili onun adına sənədləşdirəcəyini bildirmişdir. Artıq 2022-ci ildə Məzahir özü gedib mənzillə maraqlanmış və sakinlərin mənzillərə köçdüyünü bildirib, sənədləşmə işlərinin nə yerdə olduğunu ondan soruşmuşdur. O isə hər dəfə Məzahirə yalandan atasının onkoloji xəstə olduğu üçün xəstəxanada müalicə olunduğunu, ona görə də gəlib sənədləşmə işlərində iştirak edə bilmədiyini demişdir. Bu adla Məzahiri aldatmış, mənzilin başqa şəxsə satılması barədə ona məlumat verməmiş, Məzahir isə ona inandığı üçün razılaşmışdır. 2023-cü ilin mart ayında Məzahir özü gedib ondan xəbərsiz mənzillə maraqlanmış və mənzilin başqa şəxsə satılmasını bilmişdir. Bundan sonra Məzahir və Ceyhun gəlib onunla görüşmüş və Məzahirlə aralarında ciddi şəkildə narazılıq olmuşdur. Məzahir ondan mənzili tələb etmiş, o isə mənzilin artıq başqa şəxsə satıldığını və mənzili ona verə bilməyəcəyimi bildirmişdir. Həmin vaxt onun böyük qardaşı Arastun onların yanına gəlmiş, mənzilin 89000 manat pulunu və əlavə olaraq 10000 manat pulu Məzahirə qaytarmaqla məsələni həll eləməyi bildirmişdir. Məzahir sonradan razılaşdığı üçün pulun qaytarılması ilə bağlı üç ay vaxt istənilmişdir. Deyilən müddət başa çatdıqdan sonra o, pulu qaytara bilmədiyim üçün Məzahir onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Hal-hazırda həmin məbləği tam ödəmişdir. Himayəsində 3 azyaşlı uşaqlarının olmasının, əməlindən səmimi peşmançılıq çəkməsinin, bütün ziyanı tam ödəməsinin, ona qarşı heç bir tələb və şikayətin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Mazakhır Goııusubov göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 8 ilə yaxın müddətdir ki, tanıyır. Onunla dostu Şahid vasitəsilə tanış olmuşdur. Belə ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, 2008ci ildən etibarən Bakı şəhərində yaşayır və uzun illərdir Şahidla birlikdə fərdi qaydada Bakı şəhərində təmir-tikinti işləri ilə məşğul olurlar. Təxminən 2019-cu ilin iyul ayında o, özünə Bakı şəhərində mənzil almaq qərarına gəlmişdir. Bu barədə Ceyhunla söhbət edəndə sonuncu ona Seymurun Nəsimi rayonu, Azadlıq prospektində inşa edilən yeni binada iki otaqlı mənzil sahəsi olduğunu və həmin mənzili satmaq istədiyini bildirmişdir. O, Ceyhunla birlikdə “Dərnəgül” tikinti bazarına gedib Seymurla görüşmüşlər. Seymur mənzilin Nəsimi rayonu, Azadlıq prospektində Nəsimi rayon Polis İdarəsinin inzibati binası ilə üzbəüz yolun sağ tərəfində "xxxx" MMC tərəfindən inşa edilən hündür mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşdiyini və mənzilin ümumi sahəsinin 64 kvadratmetr olduğunu bildirmişdir. Seymur həmin binanın onlara məxsus olan həyət evinin ərazisində pilot layihə əsasında inşa edildiyi üçün onların ailəsinə həmin binadan dörd ədəd mənzil, üç ədəd iki otaqlı və bir ədəd üç otaqlı mənzil verildiyini və mənzillərin X6 adına sənədləşdirildiyini bildirmişdir. Seymur həmin mənzilin layihəsini vərəqin üzərində çəkib ona göstərmiş və mənzili 85000 manata satdığını demişdir. Bundan sonra o, Ceyhunla birlikdə Seymurun işlədiyi mağazadan çıxıb həmin binanın inşa edildiyi əraziyə getmişlər. Bundan sonra o, Seymura məxsus olan həmin iki otaqlı mənzili 85000 manata almaq qərarına gəlişdir. Ceyhunla birlikdə yenidən Seymurun işlədiyi “Dərnəgül” tikinti bazarına gedib sonuncu ilə görüşmüşlər və o, Seymura həmin mənzili almaq istədiyini bildirmişdir. O, Seymurdan mənzilin pulunu 2-3 ay ərzində hissə-hissə ödəməyi xahiş etmiş, Seymur da razılaşmışdır. Seymur satdığı həmin mənzilin sənədlərinin atasının adına olduğunu və pulu tam verib qurtardıqdan sonra atası ilə birlikdə binanı inşa etdirən “Gold Construction" MMC-nin ofisinə gedib mənzili onun adına sənədləşdirəcəyini bildirmişdir. O da Seymura inandığı üçün mənzilin sonradan onun adına sənədləşdirilməsinə razılıq vermişdir. Bundan sonra o, hissə-hissə olmaqla Seymura mənzillə bağlı 85000 manat pul vermişdir. Seymur hər dəfə mənzili adına sənədləşdirəcəyinə söz versə də bunu etməmişdir. Bundan sonra 2021-ci ilin iyul ayının əvvəllərində mənzil aldığı həmin yaşayış binasının qarşısından keçərkən maraqlanmış və binada son tamamlanma işlərinin aparıldığını öyrənmişdir. Sonradan Seymur ona zəng edib mənzili ucuz qiymətə satdığını bildirmiş və ondan mənzilə görə əlavə olaraq 4000 manat pul istəmişdir. O da ciddi şəkildə narazılığını bildirmiş və aralarında mübahisə yaranmışdır. O, məcbur olub əlavə olaraq Seymura 4000 manat pulu vermişdir. Bundan sonra o, tez-tez Seymura zəng edib sənədləşmə işləri ilə maraqlanmış, Seymur atasının onkoloji xəstə olduğunu və xəstəxanada yatmasını səbəb gətirib mənzilin sənədləşmə işlərini gecikdirməyə başlamışdır. Sonradan o, mənzilin başqa şəxsə satıldığını öyrənmişdir. Həmin müddətdə Seymura pulu ödəməsi üçün vaxt da vermiş, amma Seymur ödəmədiyi üçün məcburiyyət qarşısında qalıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Hazırda ona vurulmuş zərər tamamilə ödənilib. Onun Seymura qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Mazakhır Goııusubovu 2008-ci ildən tanıyır və aralarında dostluq münasibətləri vardır. Məzahirlə birlikdə şərikli olaraq fərdi qaydada Bakı şəhərində təmir-tikinti işləri ilə məşğul olurlar. Təqsirləndirilən şəxs təxminən 8 ilə yaxın müddətdir ki, tanıyır. Seymur “Dərnəgül” tikinti bazarında tikinti materiallarının satışı ilə məşğul olur, əvvəllər tez-tez Seymurdan tikinti materialları almışdır. Hər dəfə Məzahirlə birlikdə Seymurun yanına gedib tikinti materialları aldıqları üçün Məzahirin də Seymurla münasibəti yaranmışdır. Təxminən 2019-cu ilin iyul ayında Məzahir özünə Bakı şəhərində ev almaq istədiyi ona bildirmiş, o da Seymurun Nəsimi rayonu, Azadlıq prospektində inşa edilən yeni binada iki otaqlı mənzili satmaq istədiyini demişdir. Məzahirlə birlikdə “Dəməgül” tikinti bazarına gedib Seymurla görüşmüşlər. Seymur binanın 13-cü mərtəbəsində yerləşən satdığı iki otaqlı mənzilin layihəsini vərəq üzərində çəkib Məzahirə göstərmiş və mənzili 85000 manata satdığını bildirmişdir. Məzahir onunla birlikdə Seymurun işlədiyi mağazadan çıxıb həmin binanın inşa edildiyi əraziyə getmişlər. Bundan sonra Məzahir Seymura məxsus olan Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 13-cü mərtəbəsində yerləşən iki otaqlı mənzili 85000 manata almağı qərarlaşdırmışdır. Məzahir Seymurdan mənzilin pulunu 2-3 ay ərzində hissə-hissə ödəyəcəyini xahiş etmiş, Seymur da razılaşmışdır. Seymur satdığı mənzilin sənədlərinin atasının adına olduğunu və pulu tam verib qurtardıqdan sonra mənzili Məzahirin adına sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra o, hissə-hissə olmaqla Seymura mənzillə bağlı 85000 manat pul vermişdir. Lakin sonradan Seymur "xxxx" MMC tərəfindən onlara verilmiş dörd ədəd mənzilin hamısının onun X6 adına sənədləşdirildiyini, həmin mənzillər tam şəkildə onlara təhvil verildikdən sonra atasının adından digər şəxsin adına sənədləşdirilə biləcəyini bildirmişdir. Seymur özünün də "xxxx" MMC-nin nümayəndəsi ilə görüşüb Məzahirə satdığı mənzili onun adına sənədləşdirmək istədiyini, lakin şirkətin buna icazə vermədiyini onlara bildirmişdir. O və Məzahir həmin dövrdə "xxxx" MMC-nin ofisinə gedib mənzilin sənədləşdirilməsi məsələsi ilə bağlı maraqlanmışlar və dörd mənzil tam şəkildə Rəşid Abdullayevə təhvil verildikdən sonra mənzil sahibi tərəfindən başqa bir şəxsə satıla biləcəyini bildirmişlər. Bundan sonra Məzahir də Seymura inanmış və onunla razılaşmışdır. Bundan 4-5 ay sonra 2020-ci ilin mart ayında pandemiya olmuş, bütün iş yerləri bağlanmış və həmin yaşayış binasında da tikinti işləri əvvəlki kimi sürətlə aparılmamışdır. Onlar Seymurla hər dəfə görüşəndə bu barədə söhbət etmişlər, Seymur yaşayış binasında pandemiya ilə bağlı işlərin zəif aparıldığını və binanın əvvəlcədən deyildi kimi vaxtında təhvil verilməyəcəyini bildirmişdir. Bundan sonra Məzahir bir neçə dəfə Seymurun atası Rəşid Abdullayevlə birlikdə gedib aldığı mənzilə baxmışlar və Məzahir mənzildən xoşu gəldiyini bildirmişdir. Həmin günlərdə Məzahir ona zəng edib Seymurun mənzilə görə ondan əlavə olaraq 4000 manat pul tələb etdiyini demişdir. Sonra onlar birlikdə “Dərnəgül” tikinti materialları satılan bazara gedib Seymurla görüşmüşlər, Məzahir Seymura mənzilə görə əlavə 4000 manat pul istəməsi ilə bağlı ciddi şəkildə öz narazılığını bildirmişdir. Seymur isə mənzili ona ucuz qiymətə satdığını, hazırda mənzildə həqiqətən də bahalı materiallardan və keyfiyyətli təmir işlərinin görüldüyünü bildirib mənzilə görə ona əlavə olaraq 4000 manat pul verilməsini bildirmişdir. Məzahir də razılaşıb Seymura əlavə olaraq 4000 manat pul vermişdir. Bundan sonra Məzahir tez-tez Seymura zəng edib sənədləşmə işləri ilə maraqlanmış, Seymur isə atasının onkoloji xəstə olduğunu və xəstəxanada yatmasını səbəb gətirib mənzilin sənədləşmə işlərini gecikdirmişdir. Onlar Seymurun atasının xəstə olduğunu və xəstəxanada yatdığını bildikləri üçün Seymura inanmışlar. Bundan sonra Məzahirin pula ehtiyacı yarandığı üçün Seymurdan aldığı mənzili satmaq qərarına gəlmiş və bu barədə Seymurun özünə də məlumat vermişdir. Seymur da Məzahirə müştəri tapıb mənzili satmağını və sonra da mənzili birbaşa Məzahirin satacağı şəxsin adına sənədləşdirməklərini bildirmişdir. 2023-cü ilin mart ayının sonlarında Məzahir ona zəng edib həyəcanlı şəkildə Seymur tərəfindən ona satılan mənzilə getdiyini və mənzilin 120000 manata başqa bir şəxsə satıldığını öyrəndiyini bildirmişdir. Həmin gün onlar Seymurla əlaqə saxlayıb görüşmüşlər və Məzahirlə Seymurun arasında ciddi şəkildə narazılıq olmuşdur. Seymur isə mənzilin satılmasından məlumatı olmadığını, mənzilin atası tərəfindən ondan xəbərsiz satıldığını bildirmişdir. Onlar mübahisə edən zaman Seymurun böyük qardaşı Arastun da onların yanına gəlmiş, Arastun həmin mənzilin başqa şəxsə 120000 manata satıldığını bildirmişdir. Arastun Məzahirdən vaxt istəyib 3 ay müddətində ona 100000 manat pul qaytaracaqlarını demiş, Məzahir də razılaşmışdır. Amma 3 ay müddət tamam olduqdan sonra Seymur Məzahirin pulunu qaytarmamışdır. Buna görə də Məzahir Seymurun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Mazakhır Goııusubov arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Mazakhır Goııusubov ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 135-144). Sənədin götürülməsi haqqında 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Mazakhır Goııusubov mənzilin alınması məqsədilə Təqsirləndirilən şəxs hissə-hissə verdiyi pulların məbləğini hər dəfə Şahid mobil telefonundan “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs mobil telefonuna yazmışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 97-100). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il, xx.xx.2015-ci il və xx.xx.2021-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 184-186). Zərərçəkmiş şəxs Mazakhır Goııusubov 20 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, Təqsirləndirilən şəxslə barışdığı üçün ona qarşı heç bir şikayətinin, iddia və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 163). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Həmin Qərarın 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri, 09 fevral 2024-cü il tarixdə isə ibtidai istintaq orqanı tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 113, 151-155, 169-173, 179-180). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı araşdırmanın müəyyən hissəsində Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1671/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1671/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver