Məhkəmə qərarları › İş №1(101)-1674/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1674/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1674/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X5 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 12 fevral 1990-cı ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdarda ümumi təmiz çəkisi 108,575 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda yerləşən X2 yanına qədər daşımış, xx.xx.2022-ci il tarixində saat 06:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə həmin ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilən zaman şəxsin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan satış məqsədi ilə qanunsuz olaaq əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 108,575 qram külli miqdar kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni ayrı-ayrı vaxtlarda yaşadığı Şəmkir rayonunda tanımadığı şəxslərdən almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini halhazırda təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı o, polis əməkdaşları tərəfindən döyülmüş və həqiqətə uyğun olmayan məzmunda ifadə verməyə məcbur edilmişdir. 06 may 2022-ci il tarixdə o, yaşadığı Şəmkir rayonunda şəxsi istifadə etməsi üçün 0,5 qram narkotik vasitə olan heroin almış və bacısıgilə qonaq getmək üçün Bakı şəhərinə yollanmışdır. 20 Yanvar metrostansiyasının yaxınlığına çatdıqdan sonra o, orada olan taksi avtomobili vasitəsilə bacısının yaşadığı ünvana getmişdir. Yolda olduqları zaman taksi sürücüsü ona Maştağa qəsəbəsinə getməli olduğunu bildirmiş, o da, etiraz etməmişdir. Bundan sonra taksi sürücüsü avtomobili yanacaqdoldurma məntəqəsinə sürmüş, və avtomobildən endikdən sonra iki nəfər polis əməkdaşı onu avtomobildən çıxarmışlar. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün aldığı 0,5 qram miqdarında narkotik vasitə olan heroin olduğuna görə o, polis əməkdaşları tərəfindən tutulacağından qorxaraq qaçmağa başlamış, lakin Olimpiya stadionunun yaxınlığında saxlanılmışdır. Bundan sonra o, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparılmışdır. Polis Bölməsində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirildiyi zaman o, təziq altında olduğuna görə üzərindən aşkar edilmiş artıq miqdarda narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni 05 may 2022-ci il tarixdə, saat 23:00 radələrində internet vasitəsilə tanış olduğu adını bilmədiyi, təxminən 40 yaşlı kişi cinsli şəxsdən Maştağa qəsəbəsində 1500 manat müqabilində satış və şəxsi istifadəsi məqsədiylə aldığını bildirmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində o, polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmiş və həmin şikayət əsasında onun izahatı alınmışdır. Bir daha bildirir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində şəxsi istifadəsi üçün yaşadığı Şəmkir rayonundan tanımadığı şəxsdən aldığı cəmi 0,5 qram miqdarında narkotik vasitə olan heroin olmuşdur. Özünü ona elan olunmuş ittihamda təqsirli bilmir. Himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdur. Hazırda evlidir, bir azyaşlı övladı var,1 ildir ki, narkotik vasitələrdən istifadə edir, işləmir. **********, 055 ******* nömrələrini istfadə edir. 05 may 2022-ci il tarixdə, saat 23 radələrində internet vasitəsilə tanış olduğu adını bilmədiyi, təxmini 40 yaşlı kişi cinsli şəxslə Maştağa qəsəbəsində görüşmüş, ondan 1500 manat müqabilində külli miqdarda bir büküm sellofanda olan heroini satış və öz istifadəsi məqsədiylə ondan almış üzərində saxlamış, sonra elə Maştağa qəsəbəsində olmuş, səhər 06:40 radələrində Maştağa qəsəbəsi, X2 yanında olarkən polis işçiləri ona yaxınlaşmış,o, həyəcanlı olduğundan onlardan qaçmış, lakin onlar onu saxlayıb onu Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdi. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdı. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdu. Bu təklifdən sonra o, 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlə qoyularaq qablaşdırılmışdı. Şəxsi axtarış və baxış keçirilməzdən əvvəl onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. Polis əməkdaşlarrı ona qarşı zorakılıq etməmişdir. Əlavə olaraq qeyd edir ki, o, 06 may 2022-ci il tarixdə gecə radələrində Şəmkir rayonundan Maştağa qəsəbəsinə gəlmiş,həmin zaman üzərində az miqdarda təxmini bir bükümdə 0,5 qram heroin olmuşdur, o, həmin heroini Şəmkir rayonundan anket məlumatını bilmədiyi şəxsdən almışdır, üzərində şəxsi istifadəsi üçün həmin bir büküm heroini gəzdirirmiş.Saat 01 radələrində o, Maştağa Olimpiya kompleksinin yaxınlığında taksidə olarkən ona X7 əməkdaşları yaxınlaşmışdı. Ona şübhəli olmağını demişlər.Onun yanında tanımadığı şəxslər olmasına baxmayaraq onlar yalnız onun üzərinə baxış keçirməli olduqlarını demişlər, o da onlara üzərində olanları çıxarıb təqdim etmiş, lakin heroini təqdim etməmişdir.Sonra həmin polis işçisi onun üzərinə özü də baxış keçirməli olmasını demiş, lakin o, buna icazə verməmiş, sonra onlardan qaçıb yayınmaq istəmiş, lakin onlar onu tutmuşlar, onu döyüb polis bölməsinə gətirmişlər,orada da onu həmin polislər döyüb, onu məcbur etmişlər ki, üzərindən həmin 108 qram olan narkotik vasitə olan heroini ona məxsus olmasını orada bildirsin. Qeyd edir ki, yanında olan digər şəxsləri polis bölməsinə gətirməmişlər. Üzərində 108 qram deyil, təxmini 0,5 qram heroin olub, heç zaman satışıyla məşğul olmamışdır. O, döyülməyiylə bağlı polislərdən şikayətçidir, bu barədə prokrorluğa müraciət etmişdir. Daima nağd olaraq almış , öz istifadəsi üçün üzərində saxlamış, heç kimə satmamış, eləcə də heroini və ya patını pay verməmişdir. O, taksi ilə Maştağaya gəlmiş , həmin sürücünün anket məlumatını bilmir, həmçinin yanındakı şəxsləri də tanımır. Taksiylə yalnız bir dəfə telefon əlaqəsi saxlamış. Avtomobilin markasını və nömrəsini də bilmir. (cild 01, iş vər. 70-73). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirlyinin X8 Alayında xidmət edir, polis nəfəridir. Təqsirləndirilən şəxs sonuncunu 06 may 2022-ci il tarixdə saxladıqdan əvvəl tanımamışdır. 06 may 2022-ci il tarixdə səhər saatlarında Şahid2 ilə birlikdə xidmət etdikləri inzibati ərazinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Olimpiya Kompleksinin yanında “9639” çağırışlı avtopatrulla iş yoldaşıyla xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə edib, dərhal avtopatrulu saxlayaraq, ona yaxınlaşmışlar. Bundan sonra onlar həmin şəxsə özünü təqdim edərək, ondan harada yaşadığını soruşduqda, həmin şəxs onlardan yayınıb, qaçmağa başlamış, lakin Olimpiya stadionunu yaxınlığında saxlanılmışdır. Bundan sonra onlar həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində saxlanılan şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və sonuncuya Polis Bölməsinə gətirilməsinin səbəbini izah edilərək, hüquq və vəzifələrini izah edilmişdir. Bundan sonra onların iştirakı ilə təhqiqatçı təəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşulmuş o da üzərində aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün internet vasitəsilə tanış olduğu şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən Maştağa qəsəbəsində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülən maddə onlar tərəfindən zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddə protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirildiyi zaman sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 əməkdaşı Şahid2 digər şahid X1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 17.15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 17). “Baxış, axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sülofan bükümünü və həmin gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli Nokia markalı mobil telefon təqdim etmiş və həmin selofanın içərisindəki narkotik vasitə heroin olmasını, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən tanımadığı şəxsdən 1500 manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzditdiyini bildirmiş, həmin 01 ədəd bükümdə narkotik vasitə heroin götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır (cild 01, iş vərəqə 26-28, 147-148). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2022-ci il tarixli, 6/2615 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş » yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 108,575 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (cild 01, iş vər. 35-38). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 48-49). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-373/2022 saylı, 07 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqə 68-70). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqə 125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyul 2022-ci il tarixli, 3855 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 136-137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın 20.07. 2022-ci il tarixli, 1900 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 01, iş vər. 139-141). “Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin əldə etmiş şəxsin müəyyən edilməsi üçün hazırki cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 01, iş vərəqə 156-160). Cinayət işinin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı övladı var. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış, axtarış və götürmə aparılması haqqında” 06 may 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, hadisə zamanı piyada deyil, taksi vasitəsilə hərəkət etdiyini, polis əməkdaşlarının taksi avtomobilinin qarşısına keçərək onu saxlayıb 14 saylı Polis Bölməsinə gətirildiklərini, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində ona qarşı elan olunmuş ittihamdaki kimi 108,575 qram deyil, daha az miqdarda narkotik vasitə olan heroin olması, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitəni satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sadalanan mövqeyinə uyğun olaraq Daxili İşləri Nazirliyinin Əlahiddə X7 əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı zorakılığa məruz qalaraq, qeyri-qanuni hərəkətlər edilərək xəsarətlər alması faktına münasibətdə qeyd edir ki, qeyd edilən məsələyə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun böyük köməkçisi X3 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı ilə qiymət verilməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması müəyyən olunduğuna görə rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 may 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 108,475 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntü olan bir ədəd «DVD» disk, “Azercell Telekom MMC tərəfindən təqdim olunmuş bir ədəd CD-R disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 108,475 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntü olan bir ədəd «DVD» disk, “Azercell Telekom MMC tərəfindən təqdim olunmuş bir ədəd CD-R disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlətin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar