Məhkəmə qərarları › İş №1(101)-1674/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1674/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1674/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:00-da ünvan 2 ünvanın qarşısıda saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə 2,179 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Uzun müddətdir ki, narkotik vasitə «kakos» kimi tanınan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində 18 nömrəli məktəbin yanında «Akif» adlı şəxsdən şəxsi istifadəsi üçün 80 manat pul müqabilində 1 ədəd bükümdə narkotik vasitə heroin almış, həmin bükümü cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 1 radələrində ünvan 2 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini ona göstərmişlər. Daha sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində, üzərində qanunsuz gəzdirilməsi şübhəli olduğunu bildirib, onu Nəsimi RPİ-yə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPİ-yə gəlmişdir. Polis İdarəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil seçmə hüququnun olması izah olunmuş və o, ona təqdim olunan siyahıdan hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra vəkil X9 dəvət edilmiş və ona təqdim olunduqdan sonra o, şübhəli şəxs qismində tutularaq hüquqları ona izah olunmuş və üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. O da buna etiraz etməmiş və vəkilinin, həmçinin onu gətirən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, o, əynində olan qara rəngli şalvarın cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş və bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə «kakos», yəni heroin olduğunu həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində 18 nömrəli məktəbin yanında «Akif» adlı şəxsdən şəxsi istifadəsi üçün 80 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra iştirakçılara və ona 1 ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və ona göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 1 ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənərək hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş ona və hər bir iştirakçılara nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPİ-də olan zaman ona qarşı heç fiziki və psixi təzyiq, eləcə zorakı hərəkət edilməmişdir. Nəsimi RPİ-yə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız Nəsimi RPİ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi üzdən tanıyır, adı «Akif»dir, soyadını, ata adını, harada yaşadığını, mobil telefon nömrəsini bilmir, sadəcə olaraq həmin şəxsin narkotik vasitə satdığını bildiyi üçün həmin şəxsə yaxınlaşıb narkotik vasitə almışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Daha sonra özünü təqsirli bilməsini və yaşını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən daxil olmuş məlumata əsasən «Tahir» adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, gəzdirməsi və istifadəsi ilə məşğul olur. Həmin məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və NMB-nin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olarkən şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin üzərində saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs Nəsimi RPİ-yə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Orada olarkən tərəfindən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Z.Hacızadəyə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli şalvarının cibindən 1 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Sonuncu təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində 18 nömrəli məktəbin yanında «Akif» adlı şəxsdən 80 manat pul verərək öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan başqa Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən 1 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükümü çıxarıb, masanın üzərinə qoyaraq, həmin bükümdəki maddənin narkotik vasitə «kakos» deyilən heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində 18 nömrəli məktəbin yanında «Akif» adlı şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təzyiq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-99-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edimiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 58-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6359 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №186 dairəvi möhür əksi», şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,179 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 2,179 qram, tədqiqatlara sərf edildi - 0,1qram, qalıq- 2,079 qram. Cinayət işinin 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8416 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 140-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 3589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Sonuncuda həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, sonuncu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu aşkar olunmayıb. Sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 148-156-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı gedişatının əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, iş üzrə digər maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 2,079 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 108-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə SSR 144-cü maddəsinin 2 və 4-cü hissələri, 226-1-ci madddəsinin 1-ci hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1991-ci ildə Bakı Şəhər Qaradağ Rayon Xalq Məhkəməsinin qərarı ilə 03 il 11 ay 15 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş; 2) Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 2-ci hissəsi və 39-cu maddələri ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə olunmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunmuş; 3) Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1, 226-3, 38 və 55-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə təqsirləndirildiyi maddə tövsif edilərək cəzası 05 il müddətə endirilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 55-ci maddəsi üzərindən götürülmüş və həmin Məhkəmənin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 02 ay 19 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş; 4) Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş; 5) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş; 6) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 02:40-dan 03:20-dək Nəsimi RPİ-nin TŞ-də qeydə alınmışdır. Şöbənin təhqiqatçısı Z.Hacızadə özünü, müdafiəçini və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, ondan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən 1 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükümü təqdim edir. Sonuncu təqdim etdiyi bükümün içərisindəki maddənin “kakos” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində 18 nömrəli orta məktəbin yanında «Akif» adlı şəxsdən 80 manat pul verərək öz şəxsi istifadəsi üçün aldığını və 40 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm kağız zərfə qoyulub bağlanır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənir, üzərində qeydlər aparılaraq iştirakçılar və tərəfindən imzalanır. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki təzyiq, eləcə də zorakı hərəkətlər edilib-edilməməsini soruşduqda sonuncu belə halın baş vermədiyini bildirir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və yaşını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8416 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 138-139). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,079 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,079 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar