Məhkəmə qərarları › İş №1(101)-1679/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1679/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1679/2024 29.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2004-cü ildə Rusiya Federasiyası, Velikiy Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Nardaran bağları yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs “Tik-tok” sosial şəbəkəsində sonuncunun tanışının videosu altına yazdığı şərhə onun yazılı rəy bildirməsinə görə aralarında həmin şəbəkədə yaranmış mübahisəyə aydınlıq gətirilməsi üçün razılaşaraq, həmin gün saat 13:00 radələrində ünvan 1 ünvanında yerləşən 261 nömrəli tam orta məktəbin həyətində görüşüb hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən 1 (bir) dəfə vuraraq sifətin sıyrıqları ilə müşayiət olunan və istintaqla müəyyən olunmayan üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən 1 (bir) dəfə vuraraq, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək sağtərəfli pnevmotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarəti yetirməklə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, işdə olduğu zaman “Tik-tok” sosial şəbəkəsində yazılan şərhə cavab vermişdir. Bununla bağlı Zərərçəkmiş şəxs onu görüşə çağırmışdır. O da, Zərərçəkmiş şəxsla sonuncunun dediyi yerə getmişdir. Zərərçəkmiş şəxs görüş yerində onun üzərinə gəlmişdir. Buna görə də o, qorxaraq Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. O, bu əməlindən çox peşmandır. O, hadisədən sonra Zərərçəkmiş şəxsla barışmış, sonuncuya vurulmuş ziyanı ödəmiş və bu səbəbdən də Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Tik-tok” sosial şəbəkəsində şərhdə Zərərçəkmiş şəxs yazmışdır ki, “sən burada olmamısan”, o da, zərərçəkmiş şəxsə cavab olaraq yazmışdır ki, “bəs sən necə, burada olmusan?”, bundan sonra zərərçəkmiş şəxs onu görüşə çağırmış, görüşməyi və görüş yerini zərərçəkmiş şəxs özü ona təklif etmiş, görüş zamanı zərərçəkmiş şəxs onun üzərinə gəlmiş, zərərçəkmiş şəxs onun üzərinə gələrkən əlini gödəkcəsinin cibinə atmış, ona görə də düşünmüşdür ki, zərərçəkmiş şəxs bıçaq çıxarıb onu vuracaq, o da, bundan ehtiyat edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmiş, hadisə yerində ondan və zərərçəkmiş şəxsdən başqa heç kəs olmamış, Ömər ona yaxınlaşan zaman Ömərin üzündə və burnunda xəsarət izi olmuş, hadisədən əvvəl zərərçəkmiş şəxs ona qarşı xoşagəlməz ifadələr işlətmiş, Ömər ondan güclü olduğuna görə düşünmüşdür ki, Ömər onu vuracaq, bu səbəbdən də özünü qorumaq məqsədi ilə özü Öməri bıçaqla vurmuş, hadisədən 1 (bir) gün sonra özü Polis bölməsinə gedərək təslim olmuş, sonra onu Xətai Rayon Polis İdarəsinə aparmışlar, orada ona zorakılıq etmişlər, yəni polis əməkdaşları onu döymüşlər, hadisə vaxtı üzərində olan bıçaq işlədiyi yerdə istifadə etdiyi bıçaq olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə baş verməmişdən əvvəl “Tik-tok” sosial şəbəkəsinə daxil olmuş və orada tanımadığı bir şəxsin səhifəsində şərh yazmış, yəni öz fikrini bildirmişdir. O, əvvəlcə “Tik-tok” sosial şəbəkəsində axtarış hissəsinə “Əhmədlidə ən təhlükəli yerlər yazaraq” axtarış vermişdir. Bu zaman onun qarşısına bir video çıxmışdır. Sonra o, həmin videonun altına şərh yazaraq “bu yeri hər adam görməmişdir”, bura təhlükəli yerdir” kimi fikrini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şərhin yazılmasından xoşu gəlməmişdir. Əmrah onun yazdığı şərhin altından “heç sən özün də bu yeri görməmisən” deyə bir şərh yazmışdır. Yəni Əmrah onun da həmin yeri görmədiyini bildirmişdir. O isə, Əmraha cavab yazaraq demişdir ki, “həmin yeri görmüşəm, gəl görüşək həmin yerin necə bir yer olduğunu, həmin yerdə olub-olmadığımı sənə izah edim”. O, hesab edir ki, özündən asılı olmadan Təqsirləndirilən şəxsla bir qədər aqressiv danışmışdır. Yəqin ki, Əmraha qarşı aqressiyanı məhz o, yaratmışdır. Bundan sonra o, Əmrahı görüşmək üçün məktəbin yanına çağırmışdır. O, Əmraha demişdir ki, “bizim evin yanına gəl”. Əmrah da, ona Əhmədlidə olduğunu bildirib onu metronun yanına çağırmışdır. O da, Əmraha parka tərəf, yəni məktəbin həyətinə gəlməsini demişdir. O, məktəbin həyətinə çatdıqdan bir dəqiqə sonra Əmrah həmin məktəbin həyətinə gəlmişdir. Əmrah məktəbin həyətinə gəldikdən sonra o, Əmrahı vurmaq istəmiş, yəni Əmrahla dalaşmaq istəmişdir. Əmrah da bu zaman ona bıçaqla zərbə vurmuşdur. Hadisədən sonra o, Əmrahla barışmış, ona vurulmuş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Əmrahla onun arasında mübahisənin yaranmasına səbəb sosial şəbəkədəki şərhlə bağlı olmuş, görüş yerini özü təyin etmiş, yəni Əmrahı görüşə dəvət etmiş və öz mobil nömrəsini Əmraha vermiş, Əmrahla məktəbin yanında görüşdükdən sonra Əmrahı döymək istəmiş, buna görə də Əmrah onu bıçaqla vurmuş, Əmrah onu başı ilə vurmamış, onun üzündə sıyrıq olmuş, əksinə kuryer işlədiyinə görə motosikletdən yıxılmış, həmin vaxt qolunda da sıyrıqlar olmuş, Əmrah ona cəmi 1 (bir) dəfə bıçaqla zərbə vurmuş, Əmrah onu 1 (bir) dəfə bıçaqla vurduqdan sonra əlavə zərbə vurmamış, Əmrahla əvvəlcə sosial şəbəkədə yazışmış, sonra isə yazmağa səbri çatmamış, ona görə də Əmraha öz nömrəsini vermişdir ki, Əmrah ona zəng etsin, mübahisənin yaranmasının səbəbkarı özü olmuş, həmçinin Əmrahdakı aqressivliyi özü yaratmışdır. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəx Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Cəfəquluyeviçi əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 15 dekabr 2023-cü il tarixdə, saat 12:00 radələrində o, mobil telefonu ilə özünə məxsus “omar_bagirov”adlı profili ilə “Tik-tok” sosial şəbəkəsinə daxil olmuşdur. O, orada bir nəfər tanıdığı şəxsin videosunun alt hissəsinə mesaj yazmışdır. Həmin vaxt Əmrah özünə məxsus profilindən özünə aid olmadığı halda ona irad bildirmişdir. O da, Əmraha bu söhbətin sonuncuya aidiyyəti olmadığını demişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. O, istifadə etdiyi nömrəni Əmraha vermiş və zəng etməsini tapşırmışdır. Əmrah da, öz nömrəsindən ona zəng etmişdir. Onlar telefonda danışan zaman Əmrah onu görüşə çağırmış və Əhmədli qəsəbəsində olan 261 nömrəli məktəbin həyətinə gəlməyini demişdir. O da, Əmraha razılığını bildirib 15 dekabr 2023cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 261 nömrəli məktəbin həyətinə gəlmişdir. Bu zaman Əmrahla üzbəüz gəlmişdir. Əmrah heç bir şey demədən şalvarının bel nahiyəsində saxladığı bıçağı çıxarıb onu 1 (bir) dəfə sağ döş qəfəsi nahiyəsindən vurmuşdur. O, tez ikinci dəfə zərbə vurmaması üçün Əmrahın əlini tutmuşdur. Bu vaxt onlar bir-birlərini itələməyə başlamışlar. Orada olan bir nəfər şəxs də onları ayırmağa çalışmışdır. Həmin vaxt o, kənardan bir nəfər şəxsin qaçaraq onlara tərəf gəldiyini görmüş və həmin şəxsin Əmrahla bir yerdə olduğunu başa düşüb qaçaraq oradan uzaqlaşmışdır. O, məktəbin həyətindən çıxmış və tanımadığı taksiyə əyləşib yaxında olduğu üçün X7 getmişdir. Şahid qismində dindirilməli olan Şahid hazırda həqiqi hərbi xidmətdə olduğundan onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Şahid məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Əmrah onunla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində dam örtükləri mağazasında işləmişdir. xx.xx.2023cü il tarixdə, saat 13:00 radələrində onlar işdə olan zaman o, Əmrahın bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Əmrah telefonda danışdığı şəxsi görüş üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan 261 nömrəli məktəbin həyətinə çağırmışdır. Əmrah mağazadan çıxıb getmək istədikdə, o, Əmrahla getmək istəmiş, lakin Əmrah ona icazə verməmişdir. O, Əmrahın telefonda danışdığı şəxslə problemi olacağını başa düşüb tanışı Hüseynə zəng edib Əmrahın 261 nömrəli məktəbin həyətinə getdiyini, bir nəfər şəxslə mübahisə etdiyini bildirib Hüseynə Əmrahı sakitləşdirməsini tapşırmışdır. Sonra o, Əmrahın Ömər adlı şəxslə mübahisə etdiyini və Əmrahın Öməri bıçaqla vurduğunu bilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaq xəsarəti alması ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 8-10) görünür ki, həmin gün cinayət hadisəsi baş verdiyi əraziyə, yəni Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 261 saylı orta məktəbin həyətinə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23-24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 45-47) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, törətdiyi cinayətin mexanizmi və üsulu, habelə hadisədən sonra qaçdığı yerin istiqamətini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 48-49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-773/2023 saylı qərarından (cild 1, iş vərəqə 71-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 17 dekabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 81) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 83) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli tibbi arayışdan (cild 1, iş vərəqə 84) görünür ki, Təqsirləndirilən şəxs sağ qulaqda konduktiv tipli ağıreşitmə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-74/2024 saylı qərarından (cild 1, iş vərəqə 85-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli apellyasiya protestindən (cild 1, iş vərəqə 92-96) görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-74/2024 saylı qərarından apellyasiya protesti verilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 99) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-65/2024 saylı qərarından (cild 1, iş vərəqə 149-156) görünür ki, Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-74/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 104) görünür ki, həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 106-107) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 113-114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, lakin o, elan edilmiş ittihamın qərəzli olmasını bildirərək ittihamla razılaşmamışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-74/2024 saylı qərarından (cild 1, iş vərəqə 135-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 159-160) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsin 213 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 169-171) görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək sağtərəfli pnevmotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və sifətin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlərdən döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək sağtərəfli pnevmotoraksa səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti uca və kənara malik əşyanın (bıçağın), sifətin sıyrıqları isə bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 172-178) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 180-181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 2, iş vərəqə 31) görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs tanımamış, yəni onların arasında heç bir münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində onların arasında sonunculara aid olmayan istifadəçi səhifəsində yazılmış şərhlə bağlı narazılıq yaranmış, narazılığa səbəb isə Zərərçəkmiş şəxs üçüncü şəxsin səhifəsində şərh yazması, Təqsirləndirilən şəxs isə həmin şərhə cavab verməsi olmuşdur. Sosial şəbəkədə onların arasında narazılıq yarandıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz mobil nömrəsini yazaraq sonuncudan ona zəng etməsini tələb etmiş, Təqsirləndirilən şəxs da, həmin nömrəyə zəng edərək Zərərçəkmiş şəxsla danışmış, telefon danışığı zamanı onların arasında sözlü mübahisə yaranmış və sözlü mübahisə zamanı X9 rayonu ərazisində yerləşən 261 nömrəli məktəbin qarşısına dəvət etmişdir. Zərərçəkmiş şəxs də, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq həmin yerə getmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək və sualları cavablandıraraq özünün görüş yerini təklif etdiyini bildirsə də, ibtidai istintaq zamanı bunun əksinə ifadə verərək iddia etmişdir ki, o, əvvəlcə görüş yerini təyin etsə də, Təqsirləndirilən şəxs onunla razılaşmayaraq onu 261 nömrəli məktəbin yanına çağırmış və o da, bununla razılaşmışdır. Bu hissədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin qardaşı Şahid da, ibtidai araşdırma zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində o, qardaşı Əmrahla birlikdə işdə olan zaman Əmrahın bir nəfər şəxslə mübahisə etdiyini görmüş və Əmrah telefonda danışdığı şəxsi görüş üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan 261 nömrəli məktəbin həyətinə çağırmışdır. Həmçinin ibtidai araşdırma zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs da, ifadəsində göstərmişdir ki, onlar telefonda danışan zaman Əmrah onu görüşə çağırmış və Əhmədli qəsəbəsində olan 261 nömrəli məktəbin həyətinə gəlməyini demişdir. O da, Əmraha razılığını bildirib 15 dekabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən 261 nömrəli məktəbin həyətinə gəlmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında barışıq əldə edildiyindən Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərilən hissədə işin həqiqi hallarını təhrif edərək Təqsirləndirilən şəxs xeyrinə ifadə vermiş, bunu edərkən də Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. Bu səbəbdən də qeyd edilən hissədə məhkəmə Zərərçəkmiş şəxs məhkəmədə göstərilən hissədə verdiyi ifadəsini mötəbər hesab etmir və belə nəticəyə gəlir ki, “haqqhesab” etmək məqsədi ilə görüş yeri Təqsirləndirilən şəxs tərəfindən təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində onlar Təqsirləndirilən şəxs təklif etdiyi ünvanda görüşmüşlər və onlar üz-üzə gələrkən Əmrah buna heç bir əsas olmadan əvvəlcədən özü ilə gətirdiyini və həmin vaxt üzərində olan bıçaqla 1 (bir) dəfə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bu hissədə həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən sonuncu Təqsirləndirilən şəxs üçün təhlükəli olmamış, yəni Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxs heç bir qanunsuz və əxlaqsız hərəkət etməmiş, həmin vaxt Zərərçəkmiş şəxs üzərində bıçaq, digər silah və ya silah qismində istifadə edilə biləcək predmet olmamışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üçün təhlükəli olmadığı halda Əmrah Ömərə heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs görüş yerini təyin etməsi və bıçaqla silahlanaraq təyin etdiyi yerə getməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs bir qədər əvvəl aralarında yaranmış narazılıq səbəbindən “cəzalandırmaq” istəmiş və bu məqsədlə bıçaqla silahlanaraq təyin etdiyi yerə getmiş, Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman isə heç bir səbəb olmadan bıçaqla sonuncuya xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra oradan qaçaraq çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən getmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən buna heç bir əsas olmamışdır. Onu da qeyd etmək zəruridir ki, ibtidai araşdırma keyfiyyətsiz həyata keçirilmişdir. Belə ki, cinayət hadisəsi xx.xx.2023-cü il tarixdə baş versə də, zərərçəkmiş şəxsin barəsində canlı şəxsin ekspertizası rəyi 29 mart 2024-cü il tarixdə verilmişdir. Hadisədən kifayət qədər uzun müddət sonra iş üzrə əhəmiyyət kəsb edən ekspertizanın keçirilməsi məhkəmə üçün başa düşülən deyil. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cavan olmasıını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və bir qulağının ağır eşitməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli 17 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar